Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-402/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, iddiaçının cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2-1(116)-739/2021 nömrəli qərarından İddiaçı tərəfindən apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, 15.04.1994-cü il tarixdən 02.05.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyindən, ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci ildə Ağdaş rayonunun Orta Ləki kəndində anadan olmuşdur. İddiaçı 01.01.1994-cü il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsi (keçmiş Ağdaş rayon Hərbi Komissarlığı) tərəfindən həqiqi hərbi xidmətə çağrılmış və 04.01.1994- cü il tarixdə N saylı hərbi hissəyə göndərilmişdir. Həmin hərbi hissə komandirinin N nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, sıravi hərbi rütbəsi verilmişdir. N saylı hərbi hissə komandirinin 09.03.1995-ci il tarixli 54 nömrəli əmri ilə hərbi xidmətini davam etdirmək üçün iddiaçı bütün növ təminatlardan və qazan təminatlarından çıxarılaraq N saylı hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N saylı hərbi hissə komandirinin 10.03.1995-ci il tarixli N nömrəli əmrinə əsasən hərbi hissənin 2-ci motoatıcı taborunun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 26.09.1997-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiq hərbi xidmətdən ehtiyata buraxılmış və N saylı hərbi hissə komandirinin 08.10.1997-ci il tarixli 281 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Ağdaş rayon Hərbi Komissarlığına göndərilmişdir. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi Bakı şəhəri ərazisində yerləşirdi. İddiaçı N aya yaxın həmin hərbi hissənin tərkibində kəşfiyyat bölüyündə tədris keçmiş, təlimdə olmuşdur. 1994-cü ilin mart ayının sonlarında hərbi hissə Şamaxı rayonunun Pirqulu kəndi yaxınlığında yerləşən təlim mərkəzində (poliqonda) taktiki təlimdə olan vaxt aprel ayının əvvəlində verilmiş həyəcan siqnalı əsasında gecə ilə Ağdam rayonunun Orta Qərvənd kəndinə ezam olunmuşdur. Həmin kənddə yerləşəndən bir neçə gün sonra Ağdam rayonu ərazisində və Ağdərə istiqamətində gedən döyüşlərə cəlb olunmuşdur. 1994-cü ilin may ayının 25-nə kimi həmin hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Atəşkəs elan olunduqdan sonra, 25.05.1994-cü ildə hərbi hissənin sağ qalmış heyəti yenidən Bakı şəhərinə qaytarılmışdır və 1995-ci ilin mart ayında hərbi hissənin şəxsi heyəti az olduğundan heyətin bir neçə üzvü, o cümlədən iddiaçı N saylı hərbi hissənin sərəncamına göndərilmiş və yuxarıda göstərdiyi tarixdə ehtiyata buraxılmışdır. Həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan bir müddət sonra iddiaçının adına verilmiş hərbi bilet naməlum yerdə itmişdir. Bu barədə Ağdaş hərbi komissarlığı tərəfindən 1997-ci ilin oktyabr ayında verilmiş 47 saylı “hərbi bilet əvəzi” arayışda onun 15.04.1994- cü il tarixdən 02.05.1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində döyüşlərdə iştirak etməsi qeyd edilmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh orqan tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Belə ki, ona Müharibə veteranı və müvafiq vəsiqənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 17.02.2021-ci il tarixli 1/Ə-3502 nömrəli məktubu ilə iddiaçıya bildirilmişdir ki, ona Müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi məsələsinə baxılmış Nazirliyin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 30.08.2019-cu il tarixli qərarı ilə həqiqi hərbi xidmət keçdiyi N saylı hərbi hissə döyüş zonasında yerləşmədiyi əsas göstərilməklə ona veteran adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Halbuki, hərbi xidmətdə olduğu və Qarabağın və ətraf rayonların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdiyi dövrdə cinayət məsuliyyətinə cəlb olunmamışdır. Barəsində hər hansı təqsirləndirici material olmamışdır və bununla bağlı barəsində əfv və ya aministiya aktı tətbiq edilməmişdir. Cavabdeh məhkəmənin sərəncamına cavab olaraq iddiaya 29.04.2021-ci il tarixli 11/2024 nömrəli etirazında göstərmişdir ki, iddiaçının atəşkəsə kimi xidmət keçdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etmədiyindən ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mavin 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçun ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Şəki İnzibati Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2-1(116)-739/2021 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh orqanın tabeliyində olmuş Ağdaş rayon Hərbi Komissarlığı tərəfindən 1997-ci ilin oktyabr ayında verilmiş 47 saylı “hərbi bilet əvəzi” arayışla həmin orqan tərəfindən verilmiş 1187 saylı 06 noyabr 1997-ci il tarixli “hərbi bilet əvəzi” arayışlarının bir-birinə ziddiyyət təşkil etməsini tam və obyektiv araşdırmamış, düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 47 saylı arayışda onun 15 aprel 1994-cü il tarixdən - 02 may 1994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində Ağdam rayonu ərazisində döyüşlərdə iştirak etdiyi, 1187 saylı arayışda isə “döyüşlərdə, döyüş əməliyyatlarında iştirakı” qrafasının qabağının boş olması və həmin qrafa arayış dolduran zaman qarşısına xətt çəkilməklə boş saxlanılması qeyd edilmişdir. Məhkəmə cavadehdən bu məsələlərə aydınlıq gətirilməsini tələb etməmiş, 47 saylı arayışı sübut kimi qəbul etməməsini əsaslandırmamışdır. Bundan başqa onunla birlikdə N saylı hərbi hissədə onunla xidmət keçmiş Məzahir Qasımov, Şakir Səlimov və Firqət adlı hərbi xidmət yoldaşlarına müharibə veteranı adı və vəsiqəsi verildiyinə görə həmin şəxslərin sənədlərinin surətlərini iddia ərizəsinə əlavə etmişdir. Həmin şəxslərin məhkəmə iclasında dindirilməsi üçün məhkəməyə müraciət də etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsini təmin etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2-1(116)-739/2021 nömrəli qərarının ləğv edilməsi və iddanın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 14.07.2021-ci il tarixli, 2-1(116)-739/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, İş materiallarında olan cavabdehin 17.02.2021-ci il tarixli 1/Ə-3502 nömrəli imtina məktubunda göstərmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 30.08.2019-cu il tarixli iclasında baxılmış və 624 nömrəli protokol ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. Həmçinin cavabdehin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış 03.06.2020ci il tarixli 1/Ə-8156 nömrəli məktubunda da eyni məzmunlu cavab verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 12.06.2019cu il tarixli 9/2-7892 nömrəli arxiv arayışına əsasən, N №-li hərbi hissə komandirinin 06.01.1994-cü il tarixli 3 №-li əmrində (əsas: §1, sıra-3; qeyd: əmrdə adı Ehtiram, atasının adı Məhəmmədəli yazılmışdır) Ağdaş RHK-dan çağırılmış, 1975-ci il təvəllüdlü X1 şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “sıravi” hərbi rütbəsi verilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 09.03.1995-ci il tarixli 54 №-li əmrində (əsas: səh.-165, sıra-27; qeyd: əmrdə adı Ehtiram, atasının adı Məhəmmədəli yazılmışdır) hərbi xidmətini davam etdirmək üçün iddiaçının bütün növ təminatlardan və qazan təminatından çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin 10.03.1995-ci il tarixli 19 №-li əmrində (əsas: yoxlama əmri, səh.- 12; qeyd: əmrdə adı Ehtiram, atasının adı Məhəmmədəli yazılmışdır) hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, sıravi İddiaçı 2-ci motoatıcı taborun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26.09.1997-ci il tarixli müvafiq əmrinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuş, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 08.10.1997-ci il tarixli 281 №-li əmrilə (əsas: səh.-31, §2; qeyd: əmrdə adı Etiram yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Ağdaş RHK-ya göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin məhkəmənin 05.04.2021-ci il tarixli sorğusuna 20.04.2021-ci il tarixli 445 nömrəli cavab məktubunda göstərilmişdir ki, iddiaçının şöbədə şəxsi işi yoxdur. Məktuba əlavə edilmiş iddiaçının xidməti kartasının təsdiq olunmuş surətində iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə dair heç bir qeyd aşkar olunmamışdır. Xidməti kartanın xüsusi qeydlər bölməsində iddiaçının hərbi bileti olmadığı üçün (itdiyi üçün) yeni hərbi bilet verilmişdir qeydi vardır. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında hərbi biletini itirdiyini bildirmişdir. Məhkəmə iddiaçının “dublikat” qeydi olan SX №052771N nömrəli, 29.07.2019-cu il tarixdə verilmiş hərbi biletinin əslinə baxış keçirərək müəyyən etmişdir ki, hərbi biletdə də iddiaçının döyüş əməliyyatlarında və xüsusi təyinatlı bölmələrdə iştirakı barədə heç bir qeyd yoxdur. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbini əsaslandırmaq üçün istinad etdiyi və iddia ərizəsinə əsli əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Ağdaş Hərbi Komissarlığının 4-cü şöbəsinin 1187 nömrəli 06.11.1997-ci il tarixli arayışında (hərbi bilet əvəzi) “döyüşlərdə, döyüş əməliyyatlarında iştirakı” qrafasının qabağı boşdur və həmin qrafa arayış doldurulan zaman qarşısına xətt çəkilməklə boş saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı olmuşdur. Belə ki, «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinə görə, aşağıdakılar müharibə veteranları sayılırlar; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci bəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Prezidentinin «Veteranlar haqqında» AR Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə» AR Qanununun tətbiq edilməsi haqqında» 25.04.2006-cı il tarixli 396 nömrəli Fərmanının 1.3-cü bəndi ilə AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, bir ay müddətində «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçı «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, həmçinin hərbi döyüşlərdə, ümumiyyətlə döyüş əməliyyatlarında iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Bu məqsədlə iddiaçı hərbi biletini hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim etməli olduğu halda, həmin sənədləri cavabdehə və Məhkəməyə təqdim etməmişdir. İddiaçı tələbin faktiki əsası kimi formal olaraq iş materiallarına istinad etmiş, lakin iş materialları və təqdim etdiyi sənədlərdə onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən məlumat aşkar edilməmiş, əksinə belə qeydlərin olmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2-1(116)-195/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-402/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-402/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver