Məhkəmə qərarları › İş №2-1(107)-403/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-403/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-403/2022 29.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “2013-2017-ci illər ərzində ödədiyi 103.10 manat məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(116)-1121/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2013-2017-ci illər ərzində ödədiyi 103.10 manat məcburi dövlət sosial sığorta haqqı nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı, tələbini və cavabdeh orqanı dəyişərək cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə “2013-2017-ci illər ərzində ödədiyi 103.10 manat məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, torpaq mülkiyyətçisi olaraq DSMF-nun Balakən rayon şöbəsinə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə xx.xx.2013, xx.xx.2014, xx.xx.2015, xx.xx.2016 və xx.xx.2017-ci il tarixlərdə cəmi, 103.10 manat məcburi dövlət sosial sığorta haqqı olaraq ödənişlər etmiş, lakin, ödənilən vəsait iddiaçının fərdi hesabında əks olunmamışdır. İddiaçı, ödədiyi vəsaitin fərdi hesabında qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan, iddia tələbinə münasibətinə qeyd etmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyetsri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölməsində iddiaçının, “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota məlumatları öz əksini tapmamışdır. İddiaçının, MEİS-in “Sığorta” (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığortası üzrə rüblk (illik) hesabat”lar və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” ları aşkar edilmədiyindən xeyrinə ödədiyi vəsait fərdi hesabında qeyd olunmamışdır. Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və “Sosial sığorta haqqında" Qanunda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin, torpaq mülkiyyətçisi olan iddiaçı, müvafiq Dövlət Aktı almasına baxmayaraq, Fondun yerli orqanında uçota durmamış, Kapital bankın Balakən filialına 2013-2017-ci illərdə ödəniş tapşırığının təyinatında “torpağın mdss” ifadəsini qeyd edərək 103.10 manat ödəniş etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını “Sosial sığorta haqqında" Qanunun 13.1, 13.2, 13.3, 14.5-ci maddələri ilə əsaslandıraraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. - JN-328 Kod 40103018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Balakən Rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 06 №-li qərarı ilə X1 5 nəfər ailə üzvü ilə birlikdə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 1.42 ha torpaq sahəsi ayrılmışdır. - xx.xx.2013, xx.xx.2014,xx.xx.2015,xx.xx.2016 və xx.xx.2017-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçı MDSSH qeyd edilməklə cəmi 103.10 manat pul məbləği ödənilmişdir. - AZE 0******* nömrəi şəxsiyyət vəsiqəsindən görünr ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 02 avqust 2022-ci il tarixli, 2- 1(116)-1121/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə İddiaçı torpaq mülkiyyətçisi kimi 2013- 2017-ci illər ərzində ödədiyi 103.10 manat məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeyd edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə X6 İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(116)-1121/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (Bundan sonra - MEİS) Sığorta (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi İddiaçı uçot məlumatları öz əksini tapmamışdır. Əlavə olaraq, MEİS-in “Sığorta” (Hesabat) altsistemində “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat”lar (Forma B2) və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaoiunanlar haqqında məlumatları (Forma B3) aşkar edilmədiyindən İddiaçı xeyrinə ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi şəxsi hesabında qeyd olunmamışdır. "Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarfnda və “Sosial sığorta haqqında” Qanunda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin, torpaq mülkiyyətçisi İddiaçı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını almasına baxmayaraq Fondun yerli orqanında uçota durmamışdır. İddiaçı M.X3 Balakən filialına 2013-2017-ci illərdə ödəniş tapşırığının təyinatında “torpağın mdss” ifadəsini qeyd edərək 103,10 manat ödəniş etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(116)-1121/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(116)-1121/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır. Maddə 22-1.2.1. 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Həmin Qanunun 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Həmin qaydaların 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir (8 may 2020-ci il tarixli 89-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.5.6-cı maddə ləğv edilmişdir). İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınmasına və bununla da yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı tərəfindən xx.xx.2013-cü il tarixdə 18.30 manat, xx.xx.2014-cü ildə 20.60 manat,xx.xx.2015-ci ildə 21.60 manat, xx.xx.2016-cı ildə 21 manat, xx.xx.2017-ci il tarixdə 22.60 manat torpaq mülkiyyətçisi kimi məcburi dövlət sosial sığorta haqqı DSMF-nun Balakən rayon şöbəsinin hesabına ödənilmişdir. Cavabdeh orqan, iddiaçının “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığını bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nun Balakən rayon şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMF-nun Balakən rayon şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmiş, əksinə, iddiaçıya **********917 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsi vermişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Buna görə də birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh orqan, iddiaçının 2013-2017-ci ildə torpaq mülkiyyətçisi kimi ödədiyi 103.10 manat sosial sığorta ödənişlərinin, onun fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(116)-1121/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar