Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-403/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərarı ləğv edərək əsassız hesablanmış 19.980 manat vergi borcunun silinməsi" tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:
1. Fiziki şəxs İddiaçı (FİN: xxxxxxx) (VÖEN: **********) xx.xx.2012-ci il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İddiaçı, "xxxx" MTK-da olan payının idarə olunması üçün xx.xx.2020-ci il tarixdə anası – X2, sonuncu isə X4 etibarnamə vermiş, Elvin Ağalarov iddiaçının "xxxx" MTK-da olan payını digər şəxsə xx.xx.2020-ci il tarixli müqavilə ilə 100 manata satmışdır
2. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/782 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən vergi ödəyicisi İddiaçı (VÖEN: **********) xx.xx.2020-ci il tarixdə nominal dəyəri 100,0 manat olan təsisçi (iştirak) payını faktiki olaraq 100000,0 manata təqdim etdiyi müəyyən edilmiş, həmin fakta və Vergi Məcəlləsinin 96.5-ci maddəsinə və 37.4-cü maddəsinə əsasən 2020-ci il üzrə 19980,0 manat ((100000,0 -100,0) x 20%) gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir.
3. Vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə **********795300 saylı qərar qəbul edilərək iddiaçıya 2020-ci il üzrə 19980,0 manat ((100000,0 -100,0) x 20%) gəlir vergisi hesablanmışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərarı ləğv edərək əsassız hesablanmış 19.980 manat vergi borcunun silinməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhərində yerləşən "xxxx" MTK-da 10 faiz payı olmuşdur. Həmin pay təxminən 3 il iddiaçıya məxsus olmuşdur. Daha sonra o işləri ilə əlaqədar ölkə xaricinə getmək məcburiyyətində qaldığından, həmin payın idarə olunması, həmçinin digər məsələlər üçün mərhum anası-X1 etibarnamə vermişdir. Bir müddət keçdikdən sonra şəriki olan Hüseyn adlı şəxs zəng edərək "xxxx" MTK-nın sənədləşmə işlərində problemlər olduğunu, həmin problemlərin aradan qaldırılması üçün qohumu olan Elvin adlı şəxsə etibarnamə verilməsi zərurəti olduğunu bildirmişdir. O da, Hüseyn şəriki olduğundan, həmçinin uzun müddətdir ki, həmin şəxsi tanıdığından onun təklifi ilə razılaşıb, mərhum anasına Elvin adlı şəxsə etibarnamə verməsini bildirdi. Daha sonra gedən proseslərinin heç birindən məlumatı və xəbəri olmamışdır. Sonra Azərbaycana gələndən sonra Elvinin onun adına olan payı başqa şəxsə satmasını bilmişdir. Bundan dərhal sonra iddiaçı notariusa gedərək anası tərəfindən verilmiş etibranaməni ləğv etdirmişdir. Daha sonra 2023-cü ilin noyabr ayının 11-də İstanbul şəhərində polis tərəfindən saxlanılmış və Azərbaycan Respublikasına gətirilmişdir. 2024cü ilin iyul ayının 24 də Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılmış və Bakı Apellyasiya Məhkəməsində barəsində aparılmış cinayət işinə xitam verilmişdir. Həmin müddətdə barəsində vergilər orqanında aparılan icraatdan məlumatı olmamış və iddiaçının iştirakı və izahatı olmadan əsassız və qanunsuz qərar qəbul edilmişdir. Daha sonra iki gün öncə Türkiyə Respublikasına gedərkən dövlət sərhəd xidmətində iddiaçıya ölkədən çıxmağına vergi oranı tərəfindən məhdudiyyət qoyulduğu bildirilmişdir. İddiaçı dərhal bununla bağlı 11 saylı ərazi vergilər idarəsinə gedərək, onun barəsində məlumatı olmadan nə qərar qəbul edildiyini və iddiaçıya nəyə görə ölkədən çxmağına məhdudiyyət qoylduğunu öyrənmişdir. Onlar iddiaçı barəsində qərar qəbul edildiyini bildirmiş və iddiaçı rəsmi şəkildə ərizə verərək barəsində qəbul edilmiş qərarın surətini almışdır. Qərarla tanış olanda ona məlum olmuşdur ki, 11 saylı ərazi vergilər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə **********795300 nömrəli qərar qəbul edilmişdir. Barəsində qəbul edilmiş qərarı tam qanunsuz və əsassız hesab edir. Ona görə də həmin qərardan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/782 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən vergi ödəyicisi İddiaçı (VÖEN:**********) xx.xx.2020-ci il tarixdə nominal dəyəri 100,0 manat olan təsisçi (iştirak) payını faktiki olaraq 100000,0 manata təqdim etdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən 2020ci il üzrə 19980,0 manat ((100000,0 -100,0) x 20%) gəlir vergisinin hesablanması qanunamüvafiq hesab edilmişdir. Odur ki, iddiaçının bildirdiyi fikirlər məsuliyyətdən yayıma xarakteri daşıdığı təqdim olunan sənədlərlə sübuta yetirilir və tələb əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi xx.xx.2023-cü il tarixli **********795300 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: - Qanunvericilik kameral vergi yoxlamasının keçirilməsi müddətini vergi bəyannaməsinin təqdim edilməsi ilə əlaqələndirmişdir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən vergi bəyannaməsinin təqdim edilməməsi işin mübahisəsiz halıdır.Cavabdeh iddiaçı barəsində mübahisələndirilən qərarı qəbul edilməsini Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərara və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 9/782 nömrəli məhkəmə mühasibatlıq ekspertizası rəyinə əsasən qəbul etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki,cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli **********795300 nömrəli qərarı prosessual və maddi baxımdan qanunvericiliyin pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki,mübahisələndirilən qərardan görünür ki,bəyənnamə və hesabat dövrü 2020ci ili əhatə edir. Vergi ödəyicisi 2020-ci il üçün gəlir vergisi bəyannaməsi təqdim etmədiyi halda cavabdeh inzibati orqan tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində kameral vergi yoxlaması keçirilməmiş, bununla da Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələbləri pozulmuşdur. Mübahisələndirilən qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar : kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Bununla yanaşı, vergi orqanı bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulan müddəaların tələblərinə əməl etməlidir. Cavabdeh Vergi Məcəlləsinin 85.4-cü maddəsinə istinadən 3 il ərzində vergiləri ödəmək hüququ olduğunu bildirsə də, bununla bağlı qeyd edilməlidir ki, kameral vergi yoxlaması metodu ilə 3 il ərzində o halda vergi hesablana bilər ki, iddiaçı bəyannamə təqdim etsin və həmin bəyannamədən 30 iş günü müddəti keçməmiş olsun. Hazırkı halda, iddiaçı tərəfindən bəyannamə təqdim edilmədiyindən kameral vergi yoxlaması aparılmaqla vergi hesablanması Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərinə ziddir (qeyd edildiyi kimi kameral yoxlamanın aparılması bəyannaməyə əsaslandığından). Belə ki, kameral vergi yoxlamasını tənzimləyən normaların birgə təhlili onu deməyə əsas verir ki (Vergi Məcəlləsinin 37.3 və 37.4-cü maddələri), vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə uyğunsuzluq aşkar edildiyi halda bu barədə ödəyiciyə məlumat verilir və əlavə sənədlər tələb edilir, bundan sonra bəyannamənin düzgünlüyünə qiymət verilir. Göründüyü kimi, bəyannamə təqdim edilmədiyi halda kameral vergi yoxlamasının proseduru qaydasında vergi hesablanması Vergi Məcəlləsinin 37-ci maddəsində nəzərdə tutulmamışdır. Bununla belə qeyd edilməlidir ki, məhkəmə tərəfindən kameral vergi yoxlaması qaydasında vergilərin hesablanmasının qanunsuz hesab edilməsi vergi orqanının Vergi Məcəlləsinin 85.4-cü maddəsində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Cavabdeh səyyar vergi yoxlaması keçirməklə 2020-ci ilin gəlir vergisi ilə bağlı hesablama apara bilərdi, lakin bu hüququndan istifadə etməmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddənin 1-9-cu bəndlərində göstərilən əlaqəli məlumatlardan istifadə etməklə vergi orqanlarının ödənilməli olan verginin məbləğini hesablamaq hüququ vardır. Həmin maddədən göründüyü kimi qanunvericilik əlaqəli məlumatların dairəsini konkret olaraq müəyyən etmişdir. Vergi orqanı vergi məbləğini yalnız həmin maddədə qeyd olunan əlaqəli məlumatlardan istifadə etməklə hesablaya bilər. Hazırki iş üzrə mübahisələndirilən qərarın qəbul edilən zamanı hansı əlaqəli məlumatlara istinad edilməsi məhkəmə araşdırılması zamanı müəyyən edilməmiş, həmçinin cavabdeh inzibati orqan tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir
9. Cavabdeh orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayətinin dəlillərinə görə birinci instansiya məhkəməsi özünün qərarında istinad etdiyi Vergi Məcəlləsinin 37.4-cü maddəsinin tələblərini düzgün şərh etmədiyindən belə qənaətə gəlmişdir ki, kamreal qaydada vergilərin hesablanması yalnız vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamənin kameral qaydada yoxlanması nəticəsində aparla bilər. Halbuki vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edilmədiyi halda vergi orqanları tərəfindən vergilərin əlaqəli məlumatlara əsasən hesablamaq hüquqnun olması Vergi Məcəlləsinin 37.4-cü maddəsinin ikinci abzasında təsbit edilmişdir. Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Göründüyü kimi vergi ödəyicisi tərəfindən vergi bəyannaməsi təqdim edilmədikdə vergilərin Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulan əlaqəli məlumatlara əsasən kameral qaydada hesablanması Vergi Məcəlləsinin 37.4-cü maddəsində birbaşa nəzərdə tutulmuşdur. Ümumiyyətlə vergilərin kameral qaydada əlaqəli məkumatlara əsasən hesablanmasının yalnız vergi bəyannaməsi təqdim edildiyi halda mümkün olması barədə məhkəmənin gəldiyi mövqe bütünlüklə vergi qanunvericiliyinin tələblərinə zidd olan və vergidən yayınmaq niyyəti olan vergi ödəyicilərini bəyannmə təqdim etməməyə təşviq edən yanaşmadır. Vergi qanunvericiliyində vergi orqanlarının bəyannamə təqdim etməyən vergi ödəyicilərinə əlaqəli məlumatlara əsasən vergilərin hesablanması hüququ 2004-cü ilə qədər ayrıca qanunvericilik aktı formasında 2004-cü ildən isə Vergi Məcəlləsinin 37.4-cü maddəsində müəyyən edilmişdir. Belə ki, 2004-cü ilədək vergi bəyannaməsi təqdim edilmədiyi halda vergilərin əlaqəli məlumatlara əsasən hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisi tərəfindən verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının verilmədiyi hallarda verginin əlaqəli məlumata əsasən hesablanması” Qaydası ilə tənzimlənmişdir. 28 noyabr 2003-cü il tarixli 519-İİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Vergbi Məcəlləsinin 37.4- cü madəsinə ikinci abzas əlavə edilmiş və həmin abzasda kameral yoxlama aparmaq üçün zəruri olan vergi bəyannaməsi üzrlü əsas olmadan bu Məcəllədə müəyyən olunmuş müddətdə təqdim edilmədikdə, bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergilərin hesablanması təsbit edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisi tərəfindən verginin hesablanması üçün zəruri olan hesabat məlumatlarının verilmədiyi hallarda verginin əlaqəli məlumata əsasən hesablanması” Qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 aprel 2004-cü il tarixli 47 nömrəli qərarı ilə qüvvədən düşmüşdür. Cavabdeh orqan apellyasiya şikayətini əsaslandırarkən Vergi Məcəlləsinin 67.1, 13.2.12, 96.5, 103-ci maddələrinə istinad etmiş, həmçinin qeyd etmişdir ki, qanunvericilik normalarının tələblərinə əsasən hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq gəlir vergisinin vergitutma obyektidir. Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur. Beləliklə, işin faktiki hallarından və yuxarıda göstərilən qanunvercicilik normalarının tələblərindən göründüyü kimi mövcud inzibati mübahisə üzrə işin faktiki halları birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş və tətbiq ediməli maddi hüquq normaların yanlış şərh edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etdiyini bildirərək cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1816/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının dəyişdirmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.
tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 96.5. Kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi istisna olmaqla, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır. Bu zaman iştirak payı və ya səhmlərin təqdim edilməsi əməliyyatı ilə bağlı əldə olunan gəlirdən həmin gəlirin əldə olunması ilə bağlı çəkilən digər xərclər də çıxılır. 101.3. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulur.
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
16. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
17. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman iddianın əsaslılığı ilə bağlı gəlinən nəticə düzgün olsa da, məhkəmə qərarının əsaslandırması işin hallarına uyğun olmamışdır. Bununla belə hər bir halda mübahisələndirilən qərar Vergi Məcəlləsinin tələblərinin pozulması ilə qəbul edildiyindən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
19. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması yalnız vergi ödəyicisinin təqdim etdiyi bəyannamə əsasında aparıla bilər. Halbuki, iddiaçı 2020-ci il üzrə gəlir vergisi bəyannaməsi təqdim etməmişdir. Bu halda kameral vergi yoxlaması metodu ilə vergi hesablanması qanunsuz sayılır.
21. Apellyasiya şikayətinin ümumiləşmiş dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 37.4-cü maddəsini yanlış şərh etmiş və bəyannamə təqdim edilmədiyi halda vergi orqanının 67-ci maddəyə əsasən əlaqəli məlumatlar üzrə kameral qaydada vergi hesablaması hüququnu nəzərə almamışdır. VM-nin 37.4-cü maddənin ikinci abzası belə hallarda vergi orqanına hesablama aparmaq səlahiyyəti verir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, kameral vergi yoxlamaları üzrə hesablamaların spesifik tərəfi ondan ibarədir ki, vergi ödəyicisi 3 il ərzində hesablama aparılan dövrə münasibətdə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim etməklə, əvvəlki inzibati aktın ləğvinə və yeni inzibati aktın qəbul edilməsinə nail ola bilər. Belə vəziyyətlərdə iddiaçının dəqiqləşdirilmiş bəyannamənin təqdim olunması imkanından yararlandığı təqdirdə, cavabdehin həmin bəyannaməyə 30 iş günü (mənfəət və gəlir vergisinə münasibətdə 60 iş günü) ərzində münasibət bildirmək öhdəliyi yaranır (Vergi Məcəlləsinin 37.2-ci maddəsi). Nəticədə, ya iddiaçının təqdim etdiyi bəyannamə qəbul olunur və mübahisə aradan qalxır, ya da həmin dövr üzrə yeni inzibati akt qəbul edilir. Nəzərə alınmalıdır ki, 30 iş günü müddəti vergi ödəyicisi bəyannamə təqdim etdiyi halda keçərlidir. Yoxlanılan dövr üzrə bəyannamə təqdim edilməyibsə, vergi orqanı əlavə izahat, məlumat tələb etməklə analoji qaydada hesablama aparmaq hüququna malikdir.
23. İş materiallarından görünür ki, vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixdə **********795300 saylı qərar qəbul edilərək VM-nin 96.5 və 37.4-ci maddələrinə əsasən iddiaçıya 19980 manat gəlir vergisi hesablanmışdır. Cavabdeh orqanın mövqeyinə görə iştirak paylarının və ya səhmlərin təqdim edilməsi Vergi Məcəlləsinin 99.3-cü maddəsində qeyd edilən qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərə aid olmadığından, əldə edilmiş gəlir sahibkarlıq fəaliyyətindən gəlir kimi qiymətləndirilmişdir.
24. İddiaçının "xxxx" MTK-da təsisçi payı — 10%, "xxxx" MTK-nın nizamnamə kapitalı — 1000 manat, iddiaçının nominal təsisçi payı: 1000 x 10% = 100 manat olmuşdur.
25. İddiaçıya hesablanmış gəlir vergisinə münasibətdə hesabat dövrü təqvim ilidir. (2020-ci il.) Hesabat dövrünün sonu xx.xx.2020-ci il olduğundan vergi orqanı 3 illik müddətin sonuna - xx.xx.2023-cü il tarixədək müvafiq qərar qəbul edə bilərdi. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir.
26. Vergi orqanının qənaətinə görə iddiaçı, "xxxx" MTK-dakı 10 faiz iştirak payını faktiki olaraq 100 000 manat məbləğində satdığından, onun bu əməliyyat nəticəsində 19 980 manat məbləğində gəlir vergisi öhdəliyi yaranmışdır. Bununla belə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edilmişdir ki, vergi orqanı gəlir məbləğini hesablayarkən Vergi Məcəlləsinin 96.5-ci maddəsində nəzərdə tutulan zəruri şərtlərə əməl etməmişdir.
27. VM-nin 96.5-ci maddəsi vergitutma obyektinin münasibətdə iki hesablama metodu müəyyən etmişdir: - Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə, faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (Satış qiyməti xalis aktivlərin mütənasib dəyərindən çoxdursa: vergiyə cəlb edilən gəlir = satış qiyməti − nominal dəyər). - Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə, alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (Satış qiyməti xalis aktivlərin mütənasib dəyərindən azdırsa: vergiyə cəlb edilən gəlir = xalis aktivlərin mütənasib dəyəri − nominal dəyər).
28. Odur ki, iddiaçıya gəlir vergisi yalnzı satış qiyməti ilə xalis aktivlərin mütənasib dəyəri arasında müqayisə aparılmaqla hesablana bilərdi. Yəni, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payının təqdim edilməsindən əldə edilən gəlirin müəyyən edilməsi üçün əvvəlcə həmin payın xalis aktivlərə mütənasib dəyəri müəyyən edilməli idi. Vergiyə cəlb edilən gəlir yalnız satış qiyməti ilə bu dəyər arasındakı fərqdən ibarət olacaqdı. Xalis aktivlərin dəyəri isə müəssisənin mühasibat balansı, aktiv və öhdəlik göstəriciləri əsasında müəyyən olunur və nominal payın dəyəri ilə eyniləşdirilə bilməz.
29. İş materiallarından görünür ki, vergi orqanında "xxxx" MTK-nın 2020-ci il üzrə balans hesabatı və ya aktiv-öhdəliklərə dair hər hansı mühasibat sənədi mövcud deyil. Cavabdeh orqan bildirmişdir ki, müəssisə həmin il üzrə bəyannaməni “boş” təqdim etmişdir. Belə vəziyyətdə, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən, vergi orqanı 67ci maddəyə uyğun olaraq əlaqəli məlumatlardan istifadə etməklə hesablama aparmalı idi.
30. VM-nin 67-ci maddəsi vergi ödəyicisinin sənədləri təqdim etmədiyi və ya vergitutma obyektinin müəyyən edilməsinin mümkün olmadığı hallarda, verginin əlaqəli məlumatlar – yəni əvvəlki bəyannamələr, gəlir və xərclər, bank hesabları, əmlak məlumatları və digər rəsmi mənbələr – əsasında hesablanmasını nəzərdə tutur.
31. Hazırkı iş üzrə vergi orqanı 96.5-ci maddənin tələb etdiyi qaydada araşdırma aparmamış, iştirak payının xalis aktivlərə mütənasib dəyərini müəyyən etməmiş, lakin bu dəyər müəyyən edilmədən sanki satış qiymətinin xalis aktivlərin mütənasib dəyərindən yüksək olması ehtimalından çıxış edərək hesablama aparmışdır. Bu hesablamanın hansı ilkin məlumatlara əsaslandığı, xalis aktivlərin dəyərinin hansı metodla müəyyən edilməsi və ümumiyyətlə bu dəyərin müəyyən edilib-edilməməsi tamamilə qeyri-müəyyəndir.
32. Vergi orqanının istinad etdiyi gəlir vergisinin hesablanmasına dair ekspert rəyi də natamamdır. Belə ki, rəyin tədqiqat hissəsində iştirak payının xalis aktivlərə mütənasib dəyərinin hansı metodla müəyyən edilməsi göstərilməmiş, hesablamanın əsası kimi yalnız satış qiymətinin 100 000 manat olmasına istinad edilmişdir. Ekspert rəyi də, satış qiymətinin xalis aktivlərin mütənasib dəyərindən yüksək olması ehtimalına əsaslanmışdır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, gəlirin faktiki əldə olunması ilə həmin gəlirin vergi tutulan obyekt kimi tanınması eyni anlayış deyil. İstintaq orqanı tərəfindən müəyyən edilmiş gəlirin vergitutma obyektinə çevrilməsi üçün üçün vergi orqanı VM-nin 96.5-ci maddəsinin tələbinə uyğun yuxarıda qeyd edilən qaydada araşdırma aparmalı idi.
34. Göründüyü kimi vergi orqanı apellyasiya şikayətində Vergi Məcəlləsinin 67-ci maddəyə əsasən əlaqəli məlumatlar üzrə kameral qaydada vergi hesablaması hüququnun olmasını və gəlir vergisi bəyannaməsi təqdim edilmədiyinə görə iddiaçıya əlaqəli məlumatlara əsasən gəlir vergisi hesablanmasını bildirsə də, faktiki olaraq gəlir vergisi hesablanarkən istinad olunan normaya uyğun ümumiyyətlə araşdırma aparmamışdır.
35. Beləliklə, vergi orqanı iddiaçı tərəfindən bəyannamənin təqdim edilməməsi halında VM-nin 37.4 və 67-ci maddələrdə nəzərdə tutulan hesablama qaydasına əməl etmədən, həmçinin 96.5-ci maddənin tətbiqi üçün zəruri olan xalis aktiv dəyərini müəyyən etmədən gəlir vergisi hesabladığından, iddiaçı, həmin qərarın ləğv edilməsi ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur (Mübahisələndirilən qərar hər bir halda qanunsuz olduğundan, əldə edilmiş gəlirin Vergi Məcəlləsinin 99.3.6-cı maddəsinə əsasən qeyrisahibkarlıq fəaliyyəti üzrə gəlirə aid edilməsi və bu halda Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə nəzərdə tutulmuş 14 faiz vergi dərəcəsinin tətbiqi məsələləri üzrə əlavə araşdırma aparılmasına zərurət yaranmamışdır).
36. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1816/2025 nömrəli, xx.xx.2025-nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılır. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.