Məhkəmə qərarları › İş №2-1(107)-405/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-405/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-405/2023 05.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hüquq və azadlıqları pozan və məhdudlaşdıran halların aradan götürülməsi və yerli Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarına və Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının 30 may 2005-ci il tarixli 19 saylı qərarına əsasən X4 İslahat Komissiyasının 5 aprel 1999-cu il tarixli 02 saylı və 30 mart 2000-ci il tarixli 04 saylı qərarına əsasən əkin üçün ayrılmış 5.85 hektar torpaq sahəsinin naturada ayrılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2023cü il tarixli 2-1(116)-1874/2023 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi, hüquq və azadlıqları pozan və məhdudlaşdıran halların aradan götürülməsi və yerli Aqrar İslahat Komissiyasının 1999-cu il tarixli qərarına və Oğuz rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasının 30 may 2005-ci il tarixli 19 saylı qərarına əsasən X4 İslahat Komissiyasının 05 aprel 1999-cu il 02 saylı və 30 mart 2000-ci il tarixli 04 saylı qərarına əsasən əkin üçün ayrılmış 5.85 hektar torpaq sahəsinin naturada ayrılması və təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin araşdrıması zamanı məlum olmuşdur ki,eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, Şəki İnzibati Məhkəməsinin 07 may 2019-cu il tarixli 2-1(84)-68/2019 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz rayonu Böyük Söyüdlü kəndində yerləşən 5,85 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.

3. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən 10 may 2023-cü il tarixli hüquqi yardım məktubu iddiaçılardan İddiaçı1 məxsus elektron kabinetə yerləşdirilərək izah olunmuşdur ki, Şəki İnzibati Məhkəməsinin 07 sentyabr 2020ci il tarixli 2-1(116)-1020/2020 nömrəli qərarı ilə hazırkı iddia tələbi ilə eyni məzmunlu iddia ərizəsi təmin edilməmişdir. İddiaçı hüquq yardım məktubuna münasibət bildirməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 may 2023-cü il tarixli 2- 1(116)-1874/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 həmin qərardaddan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçılar apellyasiya şikayətini bunun əsaslandırmışlar ki, əvvəl DƏDRX-in 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsi ilə hazırkı iddia ərizəsinin oxşar elementləri yoxdur. Fərqli iddia ərizələridir. İddia ərizəsinin əsası, predmeti və tərəflər başqadır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-1874/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-1874/2023 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etdilər.

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar X2, İddiaçı3 və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

11. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 iyul 2016-cı il tarixli Plenum Qərarında qeyd olunur ki, prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar

13. "C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyinə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

17. Birinci instansiya məhkəməsinin araşdrıması zamanı məlum olmuşdur ki, eyni tərəflər arasında eyni predmet üzrə və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Belə ki, Şəki İnzibati Məhkəməsinin 07 may 2019-cu il tarixli 2-1(84)-68/2019 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı5, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "Oğuz rayonu Böyük Söyüdlü kəndində yerləşən 5,85 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınaraq dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə iddiası təmin edilməmişdir. Həmin qərar qanuni qüvvəyə minmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddia ərizəsindən və əlavə edilən sənədlərdən müəyyən edilir ki,iddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi marağı 5.85 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.Həmin iddia tələbinə cavab verməli orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia tələbi ilə müraciət edilmiş,iddia tələbi təmin edilməmişdir.İddiaçıların ifadə formasını və cavabdeh inzibati orqanı fərqli təqdim etməsinə baxmayaraq nail olmaq istədiyi hüquqi nəticə eyni qalmaqdadır.

19. Məhkəmə kollegiyasının qənaətinə görə yuxarıda qeyd olunan halları və iddiaçının hüquqi marağını, nail olmaq istədiyi hüquqi nəticəni nəzərə almaqla birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı iddia tələbinə müvafiq dəqiqləşdirmə aparılmasına zərurət mövcud olmamış, belə dəqiqləşdirmənin aparılması iddianın mümkünlük şərtlərinə təsir göstərməyəcəyindən hazırkı iddia ərizəsi çərçivəsində iddianın mümkünlüyünə hüquqi qiymət verilməlidi.

20. Yuxarıda qeyd olunanlardan göründüyü ki, hazırkı iddia ilə eynilik təşkil edən əvvəlki iddiaya artıq mahiyyəti üzrə baxılaraq qərar qəbul edilmişdir. Belə olan halda, göstərilən tələbə yenidən məhkəmədə baxıla bilməz.

21. İnzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

22. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

23. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

24. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)- 1874/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 may 2023-cü il tarixli 2-1(116)-1874/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar