Məhkəmə qərarları › İş №2-1(107)-406/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-406/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-406/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin X2rşı “işlədiyi illərin sığorta stajı kimi nəzərə alınması, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1029/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin X2rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “1992, 1994, 2005-ci illərdə “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialında işlədiyi illərin sığorta stajı kimi nəzərə alınması, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddətlərini nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının 19 il 5 ay sığorta stajının olmasını və bu müddətin tələb olunan 25 ildən az olmasını, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.2005-ci illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmasını, 1992, 1994-1996, 1999-2005-ci illərin əməkhaqqı kitabları arxivdə saxlanılmadığından həmin dövrlərdə iddiaçının əmək haqqı alıb-almamasının məlum olmamasını, 1997-1998-ci illərə aid əməkhaqqı kitabları arxivdə olsa da, iddiaçıya əmək haqqı hesablanmaması və ödənilməməsinin aşkar edildiyini bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olumuşdur. Onlar birinci instansiya məhkəməsinin araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1973-xx.xx.1975-ci illərdə (2 il 3 gün) hərbi xidmətdə olmuşdur. - iddiaçıya məxsus, xx.xx.1973-cü ildə tərtib edilmiş əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1972 – xx.xx.1973 (4 ay, 9 gün), xx.xx.1978 – xx.xx.1979 (10 ay, 26 gün). xx.xx.1979 – xx.xx.2005 (26 il, 9 ay 8 gün) - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1955-cı ildə doğulmuşdur. - Э 000458 №-li nömrəli diplomdan görünür ki, iddiaçı, xx.xx.1975 – xx.xx.1978-ci illərdə (2 il 5 ay 26 gün) Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Zaqatala politexnik Texnikumunda təhsil almışdır. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 1606 saylı arayışından görünür ki, iddiaçı, Zaqatala rayonu S.Vurğun adına kolxozda 1996-cı ildə 328 gün, 1997ci ildə 235 gün işləmişdir, həmin illər üzrə adamgünü minimumu 200 günə bərabər olmuşdur. - Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialı Zaqatala 74 №-li Təsərrüfatlararası Səyyar mexanikləşdirilmiş Dəstənin bazasında “Azəraqrartiknti” ATSC-nin İdarə Heyətinin xx.xx.1998-ci il tarixli qərarı ilə yaradılmış və 13 saylı Ərazi Vergilər İdarəsində xx.xx.1998-ci il tarixdə 9 rəqəmli (5********) VÖEN almışdır. 10 rəqəmli VÖEN-lərə keçidlə müəssisəyə xx.xx.2005-ci il tarixdə ********** №-li VÖEN verilmişdir. Hazırda müəssisənin fəaliyyəti aktivdir. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1029/2022 saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Sosial Ödənişlərin X8 Filialının üzərinə İddiaçı - 1992, 1994-2005-ci illərdə “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialında işlədiyi illəri sığorta stajı kimi nəzərə alaraq, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisəlri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1029/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi öz qərarını maddi hüquq normalarının düzgün tətbiq edilməməklə qəbul etmişdir. İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 16 saylı regional ərazi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********1 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, təqdim etdiyi xx.xx.1973-cü il tarixli əmək kitabçasının, diplomunun və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək əyani təhsil dövrü) 19 il 05 ay təşkil edir Eyni zamanda 01.01,2006-cı il tarixdən 01 07.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin xx.xx.1973-cü il tarixli əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmış, qeyd olunan dövrlər Fondun 16 saylı regional ərazi filialının xx.xx.2021-ci ıl tarixli aktına əsasən araşdırılmış, xx.xx.1979-cu il tarixdən xx.xx.2005-ci il tarixədək “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialında işlədiyi dövrdə 1992, 1994, 1995, 1996, 1999, 2000, 2001, 2002, 2003, 2004 və 2005-ci illərin əməkhaqqı kitabları arxivdə saxlanılmadığından həmin dövlərdə əməkhaqqı alıb-almadığının mümkün olmadığı qeyd olunmuşdur. Bundan başqa 1997 və 1998-ci illərdə əməkhaqqı kitabları arxivdə olsa da, İddiaçı əməkhaqqı hesablanmadığı və ödənilmədiyi aşkar edilmişdir. İddiaçı 1996-1997-ci illərdə “Səməd Vurğun” adına kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyinin tələbləri baxımından mümkün deyildir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1029/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1029/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1029/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2019-cu il tarixdə yaranır (iddiaçı xx.xx.1955-cı ildə doğulub). Cavabdehin iddia tələbinə etirazının dəlilləri aşağıdakılardan ibarətdir: - iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. - iddiaçının 19 il 5 ay sığorta stajı var və bu müddət tələb olunan 25 ildən azdır. iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1973-xx.xx.2005-ci illər üzrə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Müəyyən edilmişdir ki, 1992, 1994- 1996, 1999-2005-ci illərin əməkhaqqı kitabları arxivdə saxlanılmadığından həmin dövrlərdə iddiaçının əmək haqqı alıb-almadığını məlum deyil. Bundan başqa 1997-1998-ci illərdə əməkhaqqı kitabları arxivdə olsa da, iddiaçıya əmək haqqı hesablanmadığı və ödənilmədiyi aşkar edilmişdir. - iddiaçının 1996-1997-ci illərdə “Səməd Vurğun” adına kolxozda işlədiyi dövr əmək kitabçasında qeyd olunmadığından həmin dövrün sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmasa da, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddətləri nəzərə alındıqda, onun ümumi sosial sığorta stajı tələb olunan 25 ildən çox olur ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının 1996-1997-ci illərdə “Səməd Vurğun” adına kolxozda işlədiyi dövr – onun “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialında işlədiyi dövrlələ üst-üstə düşdüyündən nəzərə alınmır (ƏPHQ 22.2.m.).. “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialın 1992, 1994-1996, 1999- 2005-ci illərin əməkhaqqı kitablarının arxivdə saxlanılmamasına və 1997-1998-ci illərdə əməkhaqqı kitabları arxivdə olsa da, iddiaçıya əmək haqqı hesablanmaması və ödənilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe).. Azərbaycan Respublikası “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, xx.xx.2002-ci ildən sonrakı dövrdə iddiaçının əmək haqqı alıb-almamasının, əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilib-ödənilməməsinin araşdırılmasına heç bir lüzum yoxdur. “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialın 1992, 1994-1996, 19992005-ci illərin əməkhaqqı kitablarının arxivdə saxlanılmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq kitabların saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Yəni, cavabdeh orqan həmin müddətin əmək stajına hesablanmalı olmadığını bildirirsə, əmək kitabçasındakı qeydlərin mötəbərliyi ilə razılaşmadığını əsaslandırmalı və buna dair sübutlar təqdim etməlidir. İşin hallarından görünüdüyü kimi, cavabdeh orqan tərəfindən bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur”. Digər tərəfdən işdə olan Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə müəyyən edilir ki, “Azəraqrartikinti” ATSC-nin Zaqatala “Aqrartikinti” filialı Zaqatala 74 №-li Təsərrüfatlararası Səyyar mexanikləşdirilmiş Dəstənin bazasında “Azəraqrartiknti” ATSC-nin İdarə Heyətinin xx.xx.1998-ci il tarixli qərarı ilə yaradılmış, xx.xx.1998-ci il tarixdə 9 rəqəmli, xx.xx.2005-ci il tarixdə 10 rəqəmli ********** №-li VÖEN verilmişdir və müəssisənin fəaliyyəti aktivdir. Beləliklə, iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.İddiaçının birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1029/2022 nömrəli nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar