Məhkəmə qərarları › İş №2-1(107)-408/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-408/2020

17.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-408/2020 17.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional X6nin cavabdeh Zaqatala rayonu Muxax Bələdiyyəsinə qarşı “Zaqatala rayon Muxax Bələdiyyəsinin istifadə etdiyi 39 ha torpaq sahəsinin meşə fonduna aid olması və həmin torpağın Zaqatala Regional X6nin balansında saxlanılması barədə qərar çıxarılması və göstərilən 39 ha sahənin Zaqatala Regional X6nin xidməti ərazisinə aid olan meşə fondu torpağı olduğuna görə Muxax bələdiyyəsinin xəritələrindən çıxarılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il il tarixli 2-1(116)-335/2020 nömrəli qərardadından X4 X6 tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional X6 (bundan sonra iddiaçı və ya Zaqatala Regional X6) cavabdeh Zaqatala rayon Muxax Bələdiyyəsinə (bundan sonra cavabdeh və ya Muxax Bələdiyyəsi) qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Zaqatala rayonu Muxax bələdiyyəsinin istifadə etdiyi 39,0 hektar sahənin meşə fonduna aid olması və həmin torpağın Zaqatala Regional X6nin balansında saxlanılması barədə qərar çıxarılması və göstərilən 39,0 hektar sahənin Zaqatala RMTM-nın xidməti ərazisinə aid olan meşə fondu torpağı olduğuna görə Muxax bələdiyyəsinin xəritələrindən çıxarılması” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Zaqatala Regional X6nin xidməti ərazisində Azərbaycan Respublikası Baş Nazirliyinin xx.xx.2019cu il tarixli 16/572-13 saylı tapşırığına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 387/ü saylı əmrinə əsasən yaradılmış işçi qrupu komissiyası tərəfindən Xüsusi mühafizə olunan təbiət əraziləri və meşə fondu torpaqlarının təyinatdan kənar istifadəsi hallarının müəyyənləşdirilməsi və istifadəsi vəziyyətinə yerində baxış keçirilmişdir. Ərazilərə baxış zamanı Zaqatala RMTM-nın Əliabad meşəbəyliyinin ərazisinə aid olan meşə fondu sahələrinin bir hissəsindən Muxax kənd sakinləri tərəfindən təyinatdan kənar istifadə edildiyi müəyyən edilmişdir. Belə ki, Əliabad meşəbəyliyinin 4 saylı dolayının 5 saylı kvartalının 8-ci bölməsində 5.0 ha fındıq bağından: 6 saylı kvartalının 1-ci bölməsində 21.0 hektar fındıq bağından: 3-cü bölməsində 4,6 ha və 4-cü bölməsində 8.4 hektar meşə ağacları və qoz bağından ibarət cəmi 39.0 hektar sahədən təyinatdan kənar istifadə edilir. Göstərilən 39,0 hektar torpaq sahəsi X7 X1 meşəbəyliyinin 2003-cü ildə tərtib olunmuş meşə ərazilərinin planında və taksasiya təsviri kitabında 1968-ci ildə salınmış fındıq və qoz bağı kimi öz əksini tapmasına baxmayaraq hal-hazırda Muxax kənd bələdiyyəsi tərəfindən istifadə edilir. Bu sahənin 1962, 1973, 1983 və ən sonuncu 2003-cü ildə aparılmış bütün meşə quruluşu sənədlərinin xəritələrində meşə fondu olduğu öz təsdiqini tapmışdır. Lakin Zaqatala rayonunda aparılan torpaq islahatı zamanı həmin sahə səhvən Muxax bələdiyyəsinin torpaqlarına aid edilmişdir. Bu məsələ xx xxxxxx 2000-ci il tarixli Muxax kənd X10 Komissiyasının iclasında müzakirə olunmuş və Muxax kəndi ərazisində torpaq islahatlarının aparılması ilə əlaqədar Baş sxemdə yol verilən qüsurlara görə Bələdiyyənin ehtiyat fondu kimi göstərilən 39.0 hektar (o cümlədən Zaqatala Regional X6 tərəfindən 1976-cı ildə salınmış, istifadə və mühafizə olunan 26.0 hektar qarışıq bağ) sahənin meşə fonduna aid olmaqla dövlət mülkiyyətində saxlanılmaqla bölgü layihəsində və bələdiyyə torpaqlarına dair hazırlanmış xəritədə müvafiq düzəliş aparılması barədə qərar çıxarılmışdır. Həmin iclas protokolu ilə əlaqədar Zaqatala Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 2000-ci il tarixli iclasında (protokol №86) qeyd olunan 37,0 hektar torpaq sahəsinin meşə fondunda saxlanılmasını və bununla əlaqədar baş sxemdə aparılacaq düzəlişlərin təsdiq edilməsi barədə qərar çıxarılmışdır. Beləliklə, Zaqatala rayon Muxax kənd X10 Komissiyası və Zaqatala Rayon AİK qeyd olunan 37.0 hektar sahənin meşə fonduna aid olduğunu təsdiq etmişlər. Bundan sonra Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2000-ci il tarixli sərəncamı ilə 37.0 hektar sahənin meşə fondunda saxlanılması və bununla əlaqədar torpaq islahatının baş sxemində müvafiq düzəliş aparılması qərara alınmışdır. Beləliklə, göstərilən sənədlərdən göründüyü kimi meşə fonduna aid olan 37,0 hektar torpaq sahəsi torpaq islahatı zamanı səhvən bələdiyyə torpağı kimi qeydə alınmış və baş sxemə işlənilmişdir. Lakin, onlara yeni məlum olmuşdur ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx xxxxxx 2003-cü il tarixli 33 nömrəli sərəncamının 3-cü bəndinə əsasən, Zaqatala RİH başçısının X10 Komissiyasının qərarının təsdiq edilməsi barədə xx xxxxxx 2000-ci il tarixli sərəncamı ləğv edilmiş və həmin sərəncama əsasən dövlət mülkiyyətində saxlanılaraq meşə təsərrüfatına verilmiş 37,0 ha torpaq sahəsinin Muxax kəndinə verilməsi qərara alınmışdır. Hazırda isə bunu əsas tutan Zaqatala rayonu Muxax bələdiyyəsi həmin torpaq sahəsini başqa-başqa şəxslərin istifadəsinə vermək istəyir. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli yardım məktubu göndərilərək bildirilmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı əslində Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 33 nömrəli sərəncamını qanunsuz hesab edir. Tələbin birinci hissəsi ilə bağlı qeyd olunmalıdır ki, torpağın meşə fonduna aid olması və iddiaçının balansında saxlanılması tələbinin kimə qarşı yönəldiyi məlum deyil və müəyyən olunmur. Tələbin ikinci hissəsi ilə bağlı da qeyd olunmalıdır ki, tələbin kimə yönəldiyi məlum deyil. Ümumiyyətlə, cavabdeh qeyd olunan tələblər üzrə cavab verən orqan deyil. Yuxarıda qeyd olunanlarla bağlı münasibət bildirməyi və çatışmazlıqları aradan qaldırmağı üçün birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 10 gün vaxt verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim edərək “Zaqatala RMTM-nin Əliabad meşəbəyliyinin 4 saylı meşə dolayının ərazisində yerləşən 39 hektar meşə fondu torpağına hazırlanmış çıxarışlar və həmin çıxarışların verilməsi üçün əsas olmuş sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətlərinin alınması üçün DƏDRX-in 18 saylı Ərazi İdarəsinə sorğu verilməsi, DƏDRX-in 18 saylı Ərazi İdarəsinin 3-cü şəxs qismində cəlb edilməsi və Zaqatala RMTMin Əliabad meşəbəyliyinin 4 saylı meşə dolayının ərazisində yerləşən 39 hektar meşə fondu torpağına hazırlanmış çıxarışların etibarsız hesab edilməsi” barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-335/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. X8 Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-335/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 33 nömrəli sərəncamının Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8 və 11-ci maddələrinə, “Torpaq islahatı haqqında” q Azərbaycan Respublikası Qanunlarına uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbini tədbiq etməmişdir. Bundan başqa məhkəmə həqiqətin ortaya çıxarılmasında maraqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Zaqatala Rayon İHB-ın xx.xx.2003-cü il tarixli 33 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsi rəhbər tutularaq heç bir torpaqayırma sənədləri olmadığına görə Rayon İHB-ın xx xxxxxx 2000-ci il tarixli 257 saylı sərəncamı ləğv edilib dövlət mülkiyyətində saxlanılaraq meşə təsərrüfatına verilmiş 37,0 hektar torpaq sahəsindən 1,8 hektarı akasiyalıq meşə təsərrüfatında saxlanılmaqla yerdə qalan 35,2 hektar, yəni 19,7 hektar fındıq bağı, 1,5 hektar əkin, 9,3 hektar qoz bağı və 4,7 hektar örüş öz əvvəlki istifadəsinə, Muxax kəndinə qaytarılmışdır. Sərəncamda göstərilir ki, qeyd edilən sərəncamın icrası ilə əlaqədar araşdırma aparılarkən Muxax kəndində torpaq islahatı aparılarkən "Torpaq islahatı haqqında” Qanunun 6, 7 və 8-ci maddələrinin tələblərinin pozulması hallarına yol verildiyi aşkar edilmişdir. Bundan başqa sərəncamda təsərrüfatın yerquruluşu baş sxemi onun istifadə hüququna dair dövlət aktına istinad edilmədən hazırlandığından əsasən Yevlax-Balakən dəmir yolunun cənub hissəsində xüsusi mülkiyyətə verilən əkin sahələri süni azaldılaraq 170.0 metr qısa çəkilmişdir ki, bu da 40,0 hektara yaxın ərazinin gizlədilməsinə gətirib çıxarmışdır. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli 33 nömrəli sərəncamının Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci və 11-ci maddələrinə, “Torpaq islahatı haqqında” qanunlara uyğunluğunun yoxlanılması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi zərurəti yaranır. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən X4 X6nin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-335/2020 nömrəli qərardadının ləğv edilməsi və işin Şəki İnzibati Məhkəməsinin icraatına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Zaqatala rayonu Muxax Bələdiyyəsinin nümayəndəsi X3 apelyasiya şikayətinin əsassız olduğu üçün təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-335/2020 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, “iddia ərizəsinin məzmunundan və iş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 33 nömrəli sərəncamının surətindən görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyəyə icra hakimiyyətinin sərəncamı ilə verilmişdir. Qeyd olunan sərəncam ləğv olunmadan həmin torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş hər hansı qərar da iddiaçı tərəfindən subyektiv hüququ olmadığı üçün mübahisələndirilə bilməz. İddiaçı hətta qeyd olunan sərəncamı mübahisələndirsə belə, qeyd olunan məsələyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz.”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 saylı qərarında isə qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Baxılan işin hallarından görünür ki, inzibati orqan kimi bir dövlət orqanı tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı qəbul edilmiş müxtəlif aktların inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməsinə dair başqa bir dövlət orqanına qarşı iddia qaldırılmalıdır. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, bir dövlət hakimiyyət orqanının hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi nəticəsində qəbul etdiyi qərarın, sərəncamın, digər aktın, eləcə də faktiki xarakterli fəaliyyətin və s. başqa bir dövlət orqanı tərəfindən mübahisələndirilməsi qanunvericiliyə görə inzibati məhkəmə icraatı qaydasında baxılan işlərin dairəsinə aid deyildir. Mövcud qanunvericilik Azərbaycan Respublikasında dövlət hakimiyyətinin Konstitusiyaya görə hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsini müəyyən etmişdir. Buna görə, inzibati orqan hesab edilsələr də, icra hakimiyyətinə aid olan qurumların öz aralarında yarana biləcək aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr məhkəmə qaydasında həll edilə bilməz. Belə ki, bu orqanların hər biri icra hakimiyyəti orqanı olmaqla, eyni vaxtda və ya ayrı ayrılıqda dövlətin onlara həvalə etdiyi funksiyaları (vəzifələri) icra edir, bu zaman onların hər biri dövlətin (hakimiyyətin bölünməsi prinsipinə uyğun olaraq icra hakimiyyətinin) adından çıxış edir. Bu orqanların hüquqları dövlətin qanunla onlara həvalə etdiyi vəzifələrdir. Bu orqanların, pozulduğunu iddia etdikləri “subyektiv hüquqlar” onların bilavasitə özlərinə deyil, dövlətə məxsusdur. Bu hüquqların (eyni zamanda, vəzifələrin) həyata keçirilməsində hansı orqanın səlahiyyətli olduğuna dair məsələni də həll etmək səlahiyyəti həmin inzibati orqanların tabe olduqları yuxarı icra hakimiyyəti orqanına məxsusdur. Başqa sözlə, icra hakimiyyətinə mənsub olan inzibati orqanlar arasındakı ixtilaf/mübahisə (o cümlədən, qərar, sərəncam qəbul etmək və ya icra hakimiyyətinin funksiyalarına aid hər hansı məsələni həll etmək səlahiyyəti ilə bağlı) icra hakimiyyəti daxilində baş verdiyindən, bu, ümumi (publik) hüquq sahəsinə aid olsa belə, inzibati məhkəmə həmin mübahisəni həll etmək səlahiyyətinə malik deyil. Belə mübahisələr “İnzibati icraat” haqqında Qanunun 4.3-cü maddəsində müəyyən olunmuş qaydada həll olunmalıdır. Həmin normaya görə inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 dekabr tarixli 345 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 484 nömrəli, xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə müəyyən edilmişdir ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Həmin Qanunun 4.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş komissiyanın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası həyata keçirir. Beləliklə, dövlət orqanlarının aralarında yaranmış aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan inzibati (publik) hüquq münasibətlərindən irəli gələn mübahisə kimi qiymətləndirilə bilməz. Bu halda, sərəncamın mübahisələndirilməsi barədə iddia inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmayan iddiadır. Bu qənaət, habelə aşağıdakılardan irəli gəlir. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.3-cü maddəsinə əsasən, maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.4-cü maddəsinə əsasən, ərizə - maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin bax: 2.0.3) inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. 2.0.5-ci maddəsinə görə, inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin (yəni hüquqi və ya fiziki şəxsin - bax: 2.0.3) inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir. 2.0.6-cı maddəsinə görə, inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hazırkı halda iddiaya baxılması üçün iddianın mümkünlük şərtləri mövcud olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mümkün saymamışdır. İPM-in 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-335/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X4 X6 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-335/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar