Məhkəmə qərarları › İş №2-1(107)-408/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-408/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-408/2024 17.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X7 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və İddiaçı2 Cavabdehnə qarşı “Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanda yerləşən 0,75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamının etibarsız sayılması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2024cü il tarixli 2-1(116)-115/2024 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyinin ünvan 1 ünvanda yerləşən 0,75 ha torpaq sahəsinə mülkiyyət hüquqlarını məhdudlaşdıran Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamının etibarsız sayılması barədə qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Ağsu rayonu XDS İcraiyyə Komitəsinin xx.xx.1967-ci il tarixli 09 saylı qərarına əsasən Ağsu Rayon milis şöbəsinə inzibati bina tikmək üçün qəsəbənin K.Marks küçəsində (ünvan 1) 0.75 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində 1970-ci ildə xidməti ev inşa edilmişdir. Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamına əsasən Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi 23 ünvanında yerləşən Ağsu RPŞ-yə məxsus mənzillər heç bir əsas olmadan pulsuz olaraq həmin dövrdə Ağsu RPŞ-nin rəisi vəzifəsində çalışan X1 mülkiyyətinə keçirilmişdir. Sərəncamın 1-ci bəndində göstərilmişdir ki, “Azərbaycan Respublikası mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa və təqdim edilmiş sənədlərə əsasən Ağsu RPŞ-nin balansında olan mənzillər şəxsi mülkiyyətə keçirilmişdir. Sərəncamda sənədlər təqdim edildiyi qeyd edilsə də, bu sənədlərin hansı hüquqmüəyyənedici sənədlər olduğu göstərilmir. Daha sonra Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı əsasında Ağsu rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı 32,3 kv/m yaşayış sahəsini Ağsu Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən Ağsu RPŞ-nin sabiq rəisi X1 adına qeydiyyata alaraq reyestr kitabına daxil etmişdir. Uzun müddət həmin yaşayış sahəsi mərhum polis rəisi Z.Babayev tərəfindən istifadə olunsa da, həmin mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyində hər hansı məlumat olmamışdır. 2021-ci ildə X3 vəfat etdikdən sonra Ağsu RPŞ-nə yeni təyin olunan rəhbərlik tərəfindən xidməti mənzil kimi istifadə edilmişdir. Daha sonra mərhum X2 Babayev Daxili İşlər Nazirliyinə müraciət etmiş və ünvan 1 ünvanında yerləşən mənzilin atası dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında ona keçdiyini bildirmiş və mülkiyyətə dair Çıxarışının olduğunu qeyd etmişdir. Bundan sonra, Daxili İşlər Nazirliyi tərəfindən Ağsu RPŞ-nə məxsus torpaq sahəsindəki xidməti mənzilin ilkin torpaq ayırma sənədlərinin müəyyən olunması üçün müvafiq qurumlara sorğular ünvanlanmışdır. Aparılan araşdırma nəticəsində, Ağsu RPŞ-nin mülkiyyətində olan torpaq sahəsinin Ağsu RİH tərəfindən subyektiv hüququ olmadan sərəncam verilərək, üzərindəki tikilinin özgəninkiləşdirilməsi üçün əsas olan xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı əldə edilmişdir. Ağsu RİH tərəfindən Ağsu RPŞ-nin mülkiyyətində olan əmlaka sərəncam verilməsi və üzərindəki tikilinin özgəninkiləşdiriməsi xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamın ləğv edilməsi üçün əsasdır. Belə ki, həmin sərəncam nəticəsində Ağsu RPŞnin mülkiyyət hüquqları pozulmuşdur.

4. Cavabdeh iddiaya münasibət bildməmişdir.

5. Üçüncü şəxs elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək iddia ərizəsi üzrə olan mülki işin hallarına iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 8 may 2024-cü il tarixli 2- 1(116)-115/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

8. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan sərəncamın qəbul olunma tarixinə nəzər yetirildikdə məlum olur ki, həmin sərəncam bundan 30 il əvvəl qəbul olunmuşdur. Uzun müddət həmin yaşayış sahəsi mərhum polis rəisi Z.Babayev tərəfindən istifadə olunsa da, həmin mülkiyyətin özgəninkiləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyində hər hansı məlumat olmamışdır. 2021-ci ildə X3 vəfat etdikdən sonra Ağsu RPŞ-nə yeni təyin olunan rəhbərlik tərəfindən xidməti mənzil kimi istifadə edilmişdir. Daha sonra mərhum X2 Babayev Daxili İşlər Nazirliyinə müraciət etmiş və ünvan 1 ünvanında yerləşən mənzilin atası dünyasını dəyişdikdən sonra vərəsəlik qaydasında ona keçdiyini bildirmiş və mülkiyyətə dair Çıxarışının olduğunu qeyd etmişdir. Bundan sonra, Daxili İşlər Nazirliyi tərəfindən Ağsu RPŞ-nə məxsus torpaq sahəsindəki xidməti mənzilin ilkin torpaq ayırma sənədlərinin müəyyən olunması üçün müvafiq qurumlara sorğular ünvanlanmışdır. Aparılan araşdırma nəticəsində, Ağsu RPŞ-nin mülkiyyətində olan torpaq sahəsinin Ağsu RİH tərəfindən subyektiv hüququ olmadan sərəncam verilərək, üzərindəki tikilinin özgəninkiləşdiriməsi üçün əsas olan xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı əldə edilmişdir. Göründüyü kimi, mübahisələndirilən sərəncamın mövcudluğu iddiaçıya sonradan məlum olmuş və bundan sonra hüquqlarının müdafiəsi üçün müddət ötürülmədən məhkəməyə müraciət etmişdir. Məhkəmənin “Ağsu RPŞ-nin ərazisində inşa olunan fərdi yaşayış evindən iddiaçıların məlumatlı olmaması ağlabatan deyildir” mövqeyi subyektiv yanaşmadır, ehtimallara söykənir və onunla əsaslandırılır ki, həmin xidməti ev illər boyu istifadə edilib. Bildiririk ki, həmin mənzildən hazırda da polis şöbəsi tərəfindən xidməti ev kimi istifadə edilir. İnzibati qurumun faktiki istifadəsində olan həmin mənzilin özəlləşdirilməsi ilə bağlı məlumatlı olmaması ağlabatandır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-115/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-115/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı2, Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs X4 məhkəmə iclasına gəlməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Ağsu Rayon İcra Hakimiyyətinin xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı.

2. Şamaxı rayon dövlət arxivinin xx.xx.2022-ci il tarixli 331 nömrəli arxiv çıxarışından görünür ki, Ağsu rayonu XDS İcraiyyə komitəsinin xx.xx.1967-ci il tarixli 09 saylı ilə Ağsu Rayon Milis ZDS-nin milis şöbəsinə inzibati bina tikməkdən ötrü qəsəbənin K.Marks küçəsində 0,75 hektar torpaq sahəsi ayrılmışdır.

3. 2768 inventar nömrəli Ağsu Rayon Texniki İnventarlaşdırma Bürosunun qeydiyyat vəsiqəsindən görünür ki, Ağsu rayonu M.Ə.Rəsulzadə küçəsində yerləşən bir mərtəbəli, iki otaqlı 32,3 kv/m yaşayış sahəsi Cavabdeh xx.xx.1994cü il tarixli, 91 nömrəli sərəncamı əsasında X1 adına qeydə alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin, başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda haqlı olmuşdur.

21. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinə (vəkili) şifahi şəkildə hüquqi yardım göstərilərək məhkəmənin iddianın mümkünlüyünə dair hüquqi mövqeyi izah olunmuş, tərəflərin iştirakı ilə müzakirə edilərək iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddiaçı məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamış, mübahisəyə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

22. İddia ərizəsinə əsasən iddiaçıların hüquqi marağı Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamının ləğv edilməsindən ibarətdir. İddiaçı iddia tələbində həmin sərəncamın etibarsız hesab edilməsini xahiş etsə də, onun hüquqi marağı və məqsədi həmin qərarın ləğv edilməsinə yönəlmişdir. Hazırkı iş üzrə mübahisə predmeti qismində Cavabdeh xx.xx.1994-cü il tarixli, 91 nömrəli sərəncamı qərarı çıxış etmişdir. Həmin sənəd inzibati aktdır və onun mübahisələndirilməsi imkanı artıq itirilmişdir.

23. Məhkəməyə təqdim olunan “müddətin bərpası” barədə ərizədə qeyd edilir ki, həmin sərəncam bundan 30 il əvvəl qəbul olunmuşdur. Uzun müddət həmin yaşayış sahəsi mərhum polis rəisi Z.Babayev tərəfindən istifadə olunsa da, həmin mülkiyyətin özgəninkiləşdirilməsindən DİN-in məlumatı olmamışdır. Göründüyü kimi xidməti yaşayış sahəsi olmuş mənzilin uzun illərdir Z.Babayev tərəfindən istifadə olunması iddiaçılar tərəfindən etiraf edilir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Ağsu RPŞ-nin ərazisində inşa olunan xidməti mənzildən 30 il ərzində istifadə edilmədiyi halda mənzilin özəlləşdirilməsi barədə iddiaçıların məlumatlı olmaması ağlabatan deyildir.

24. Belə ki, inzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

25. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.

26. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.

27. Beləliklə, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

28. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)- 115/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 may 2024-cü il tarixli 2-1(116)-115/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar