Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-408/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X22 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı X15 və digərlərinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, onun və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə X4, X7 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində “**********78” reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2020ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi üzərində onun ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2- 1(116)-107/2025 nömrəli qərarından iş üzrə üçüncü şəxs X5 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, onun və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə X4, X7 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində “**********78” reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2020-ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və JN- 0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi üzərində onun ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(116)-2968/2023 nömrəli qərardadı ilə X4, X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-107/2025 qərardadı ilə iş üzrə İddiaçı prosessual hüquq varisləri X15, X17, X18, X24, X16, X19, X13 ilə əvəz edilmişdir.
4. İddiaçının vəkili (nümayəndəsi) xx.xx.2024-cü il tarixdə iddiaçının hüquqi marağını dəqiqləşdirərək irəli sürülmüş tələbə torpaq sahəsindən faktiki istifadə vəziyyəti yox, sənəd üzrə yerləşmə vəziyyəti nəzərə alınmaqla hüquqi qiymət verilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddiaçının hüquqi marağının dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır:
6. Balakən Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən iddiaçı X25 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Balakən rayonu, Hənifə kəndində 4 hissədə olmaqla ümumilikdə 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində iddiaçı X25 və ailə üzvlərinin mülkiyyət hüququ JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ilə rəsmiləşdirilmişdir.
7. Balakən Rayon Məhkəməsinin icraatında olmuş mülki işin tədqiqi zamanı məlum olmuşdur ki, JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən 0,63 ha torpaq sahəsinin bir hissəsi üzərində **********78 reyestr nömrəsi ilə X3 və ailə üzvlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
8. Balakən Rayon Məhkəməsinin icraatında olmuş mülki işlə ilə bağlı iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdən də aydın göründüyü kimi, X3 və ailə üzvlərinin mülkiyyətindən olan Balakən rayonu, Hənifə kəndində yerləşən 0,69 ha torpaq sahəsinin məkan göstəriciləri tam fərqlidir.
9. Odur ki, iddiaçı, hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. Lakin, iş üzrə cavabdeh orqan 15 sentyabr 2023-cü il tarixli, 3-21-3-47/2-T-0017-8/2023 nömrəli məktubla ərizənin icrasından imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır:
10. İddiaçı X25 JN-0778 kod 40102018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın 778R nömrəli planşetində qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsinin X6 və ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində **********78 reyestr nömrəsi ilə aparılmış qeydiyyatın, həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair ********** nömrəli dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi və qeyd olunan torpaq sahəsi üzərində iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.
11. Müraciətdə qeyd olunan məsələnin həlli iddiaçının ərizəsinə əsasən ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığı üçün onun ərizənin icrası mümkün olmamış və məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi barədə xx.xx.2023-ci il tarixli, 3-21-3- 47/2-T-0017-8/2023 (**********49) nömrəli məktub ünvanlanmışdır.
12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
13. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia ərizəsinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
14. Üçüncü şəxs məhkəmə iclasında izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 03 aprel 2025-ci il tarixli 2- 1(116)-107/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
16. Üçüncü şəxs X5 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. Üçüncü şəxs X5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə kifayət qədər araşdırma aparmamışdır. Eyni zamanda iddiaçının mülkiyyətində olan torpaq sənədlərini bərpa etmək istəyərkən onun, yəni üçüncü şəxsin mülkiyyət hüququnun pozulması ilə müşayiət olunan qərar qəbul etmişdir. Məhkəmə qərar qəbul edərkən iş üzrə alınmış mütəxəssis rəylərinə istinad etmişdir. Halbuki, mütəxəssis rəyi mübahisəli işlər üzrə yekun qərar qəbul edilməsi üçün əsas hesab edilə bilməz. İş üzrə ekspertiza təyin olunaraq mütəxəssis rəyinin ekspert rəyi ilə təsdiq olunub-olunmaması məsələsi araşdırılmamışdır. Mütəxəssis rəyi alınarkən mütəxəssis qarşısında işin tam araşdırılması ilə əlaqədar kifayət qədər suallar qoyulmamışdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, üçüncü şəxs və onun ailə üzvlərinin mülkiyyətinə dair JN672 nömrəli dövlət aktında qeyd edilmiş 6900 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. Həmin torpaq sahəsi DWG məlumatlarına əsasən 67 cizgisində göstərilən 0,69 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli Çıxarışda qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Deməli buradan görünür ki, ona verilmiş çıxarış TEKUİS məlumat bazasına uyğun hazırlanmamışdır. Eyni zamanda ekspert rəyində qeyd olunur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hazırlanmış JN0778 nömrəli Dövlət aktında qeyd edilmiş 6300 kv.m torpaq sahəsi də yerləşmə vəziyyəti TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. Deməli yeni hazırlanmış TEKUİS məlumat bazası torpaqların yerləşmə vəziyyətinə uyğun hazırlanmamışdır. 20 il bundan əvvəl verilmiş torpaq sahəsinin ona verildiyi qaydada istifadə etdikdən sonra torpaq sahələrinin yerləri dəyişdirilərək hazırlanmış TEKUİS məlumat bazasına uyğunlaşdırılması bir çox torpaq mülkiyyətçilərinin hüquqlarının pozulması ilə nəticələnir. Bu da o deməkdir ki, mülkiyyətə verilmiş torpaq sahələri istifadə olunduqları yer ilə sənədlərdə uyğunsuzluq olduğu halda torpağın yeri deyil, sənədlər dəyişdirilməlidir. Yəni, üçüncü şəxs 20 il istifadə etdiyi torpaqdan orada əkdiyi çoxillik əkmələrə dair ağaclardan məhrum olunaraq başqa əraziyə köçürülməli deyildir. 20 il istifadə etdiyi torpaq sahəsi ölçüləri koordinatları müəyyənləşdirilərək ona uyğun DƏDKR-də qeydiyyat aparılmalı və çıxarış verilməlidir. Məlumat bazası da ona uyğun hazırlanmalıdır. Məhkəmə isə yuxarıda qeyd olunan qaydaları pozaraq 20 il istifadə etdiyi torpaq sahəsi üzərində hazırlanmış çıxarışı ləğv edərək onun torpağının başqa ərazidə olduğuna əsaslanmışdır. Göründüyü kimi məhkəmə qərarı ilə vətəndaşların mülkiyyətində olan torpaq sahələrinə dair sənədlər ləğv olunduğu halda bütün torpaq mülkiyyətçilərinin hüquqlarına toxunur. Beləliklə də Balakən rayon ərazisində bütün torpaq mülkiyyətçiləri torpaqlarının mülkiyyət hüququnu təsdiq edən sənədlərin düzəldilməsi üçün məhkəməyə müraciət etməyə məcbur edilirlər. Halbuki yeni hazırlanmış TEKUİS məlumat bazasının torpaq sahələrinin mülkiyyətçiləri tərəfindən torpaqdan istifadə etdikləri yerdə, ölçü hazırlanması ilə əlaqədar qərar qəbul olunaraq TEKUİS məlumat bazasında düzəlişlərin edilməsi daha doğru ola bilərdi. Üçüncü şəxs hesab edir ki, şikayətində göstərdiyi faktlar apelyasiya məhkəməsi tərəfindən müzakirə olunaraq düzgün hüquqi qiymət veriləcəkdir. Qeyd olunanlara və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81-87-ci maddələrinə əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-107/2025 saylı qərarının ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisləri X20 və X26 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2- 1(116)-107/2025 saylı qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 üçüncü şəxsin torpaq sahəsinin yerləşdiyi hissədə icra edilərək üçüncü şəxsə verildiyini və ləğv olunma hissəsində toqquşma olmadığını bildirmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)- 107/2025 saylı qərarının ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Bundan əlavə üçüncü şəxs sədirlik edənin suallarına cavab olaraq sözügedən torpaq sahəsinin 2001-ci il tarixdən iddiaçı tərəfin istifadəsində olduğunu və qeyd edilən torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir.
21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının digər prosessual hüquqi varisləri məhkəmə iclasına gəlməmişdirlər.
22. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
23. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina cavabı, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, JN-0778, JN-672 və JN-0779 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları, AA544981 Torpaq sahəsinin planı və ölçüsü sənədi, xx.xx.2024-cü il tarixli yerquruluşu planı, X30 Xidmət Mərkəzi Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışı, AZ-İ 394371 nömrəli Ölüm haqqında şəhadətnamə, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə olunmuş mütəxəssis rəyi, xx.xx.2024-cü il tarixli yerquruluşu planı.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
26. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 07 saylı qərarına əsasən X21 Balakən rayonu Hənifə kəndində 4 nəfər ailə üzvü ilə birlikdə 1,71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və JN778 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir.
34. Hazırda mübahisənin olduğu ərazi sözügedən Dövlət Aktının 778R planşetindəki 0,63 ha torpaq sahəsidir (islahat xəritəsinə uyğun yerləşmə vəziyyəti nəzərə alınmaqla).
35. Belə ki, Balakən rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 07 saylı qərarına əsasən X2 Balakən rayonu Hənifə kəndində 4 nəfər ailə üzvü ilə birlikdə 1,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və JN-672 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X35 672R planşetində qeyd edilmiş 0,69 ha torpaq sahəsi iddiaçıya məxsus Dövlət Aktının 778R planşetindəki 0,63 ha torpaq sahəsi ilə qonşu torpaq sahəsidir.
36. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi və yerquruluşu planı əldə edilərək öyrənilmişdir. Mütəxəssis rəyində qeyd edilmişdir ki, JN672 №-li Dövlət Aktının 672R planşetındə qeyd edilmiş 6900.0 kv.m torpaq sahəsinin yerləşmə vəziyyəti TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. Həmin torpaq sahəsinin DWG məlumatlarına əsasən 672 cizgisində göstərilən 0.69 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.69 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
37. DWG məlumatlarına əsasən JN-672 №-li Dövlət Aktının 672R planşetində qeyd edilmiş 6900.0 kv.m torpaq sahəsinin bir hissəsi və xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd edilmiş 0.69 ha torpaq sahəsinin də müəyyən hissəsi iddiaçının naturada istifadə etdiyi 1.20 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
38. JN-0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsi nin yerləşmə vəziyyəti TEKUİS məlumat bazasında öz əksini tapmamışdır. JN0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsinin tərtib edimiş yerquruluşu planında göründüyü kimi az bir hissəsi DWG məlumatlarına əsasən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı 0.69 ha torpaq sahəsinin müyyən bir hissəsi ilə üst-üstə düşür. Sözügedən 0,63 ha torpaq sahəsi iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin hüdudlarından kənarda başqa vətəndaşların istifadəsində olan ərazidə yerləşir.
39. Mütəxəssis rəyindən və ona əlavə edilmiş yerquruluşu planından müəyyən edilir ki, iddiaçıya məxsus JN-0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsi ilə üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı 0.69 ha torpaq sahəsinin bir hissəsi üst-üstə düşür.
40. Hazırkı iddia tələbində də, iddiaçı, JN-0778 №-li Dövlət Aktının 778R planşetində qeyd edilmiş 6300.00 kv.m torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti nəzərə alınmaqla həmin torpaq sahəsi ilə üst-üstə düşən hissədə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvini və özünün ümumibirgə mülkiyyət hüququna dair çıxarışın verilməsini tələb edir.
41. Tədqiq edilən yerquruluşu planından görünür ki, üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı torpaq sahəsi ümumiyyətlə ilkin sənəd olan JN-672 №-li Dövlət Aktının 672R planşetində qeyd edilmiş 6900.0 kv.m torpaq sahəsinin islahat xəritəsində yerləşmə vəziyyətinə uyğun deyil. Mübahisələndirilən çıxarışdakı torpaq sahəsinin qalan hissəsi də, JN-779 nömrəli Dövlət Aktının R planşetindəki torpaq sahəsi ilə üst-üstə düşür. Dövlət Aktlarının cizgilərinə və yerquruluşu planlarına nəzər yetirildikdə aydın olur ki, JN-0778 №-li Dövlət Aktının 778R planşetində (0,63 ha) və JN-672 №-li Dövlət Aktının 672R planşetində (0,69 ha) qeyd edilmiş torpaq sahələri qonşu ərazilər olsalar da, yanaşı deyillər və həmin torpaq sahələri arasında JN-779 nömrəli Dövlət Aktının R planşetindəki torpaq sahəsi yerləşir.
42. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3.2-ci bəndinə əsasən görə torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi... 2.3.5-ci bənddə ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi qeyd olunmuşdur.
43. İstinad olunan Fərmanın tələbləri baxımından iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə müvafiq sənədlərin hazırlanması üçün onun yazılı razılığı olmalıdır.
44. İşdə olan sənədlərlə müəyyən edilir ki, cavabdeh orqan üçüncü şəxslərin ümumi birgə mülkiyyət hüquqlarını iddiaçılara məxsus torpaq sahəsi ilə eyni ərazidə dövlət qeydiyyatına alarkən həmin torpaq sahəsi üzrə hüquq subyektlərinin razılığını almamışdır.
45. Odur ki, üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdakı torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeydiyyat orqanın səhvi olduğundan, iddiaçı, müvafiq qeydiyyatın üst-üstə düşən hissədə ləğvini tələb etməkdə haqlı olmuşdur.
46. İddiaçıların ümumi birgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı tələbə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi üzərində JN-778 saylı Dövlət Aktı ilə X25 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, faktiki olaraq iddiaçıların nail olmaq istədiyi hüquqi nəticə sözügedən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququna dair yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə nail olmaqdır.
47. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
48. Odur ki, məhkəmə kollegiyası iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmadığından iddiaçıların nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq sözügedən torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququna dair yeni nümunəli çıxarışın verilməsinin qanunvericiliyin tələblərinə uyğunluğu baxımından hüquqi dəyərləndirmə aparmışdır.
49. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
50. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.
51. Odur ki, iddiaçılar JN-0778 №-li Dövlət Aktının islahat xəritəsində yerləşmə vəziyyəti (sənəd üzrə) nəzərə alınmaqla həmin torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququna dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşlar.
52. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
53. Bununla yanaşı kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X27 izahatında üçüncü şəxs X1 tələb etdiyi torpaq sahəsinin sənəd üzrə harada yerləşirsə üçüncü şəxsə təqdim olunduğunu təsdiq edərək, ləğv olunma hissəsində hal-hazırda toqquşmanın olmadığını bildirmişdir. Üçüncü şəxs X5 isə izahatında qeyd olunan torpaq sahəsinin yerləşdiyi yer üzrə ona təqdim olunduğunu və sədirlik edənin suallarına cavab olaraq sözügedən torpaq sahəsinin 2001-ci il tarixdən iddiaçı tərəfin istifadəsində olduğunu və qeyd edilən torpaq sahəsindən istifadə etmədiyini bildirmişdir.
54. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, onun və ailə üzvlərinin ümumibirgə mülkiyyətinə verilmiş JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə X4, X7 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində “**********78” reyestr nömrəsi ilə aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair xx.xx.2020ci il tarixli, ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və JN-0778 kod 40102018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan 778R planşet nömrəsi ilə qeyd edilən Balakən rayonu, Hənifə kəndində yerləşən 0,63 ha torpaq sahəsi üzərində onun ümumibirgə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla” rəsmiləşdirilməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
55. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-107/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.