Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-409/2021 22.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X3 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,1120 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 121,7 kv.m, 3 otaqlı fərdi yaşayış evinə dair tərtib olunmuş 1448 inventar nömrəli texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikilməsi ilinin 2008-ci il kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2- 1(116)-464/2021 nömrəli qərarından iş üzrə üçüncü şəxs X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixli 04 nömrəli qərarına əsasən, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üçüncü şəxs X3 mülkiyyətinə verilmiş və onun adına bu barədə 04.03.2006-cı il tarixli JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" tərtib edilmişdir. X8 19.07.2007-ci ildə X1 ilə nikaha daxil olmuş və həmin vaxt sonuncuya Mustafayeva soyadı verilmişdir. Onların nikahından 20.02.2009-cu il təvəllüdlü X11 və 14.03.2010-cu il təvəllüdlü X9 adlı uşaqları doğlmuşdur. İddiaçı üçüncü şəxs X8 ilə nikahda olduğu dövrdə 2008-ci ildə həmin 0,12 ha torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi AR ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün üçüncü şəxs X4 14.02.2014cü il tarixli 422 nömrəli arayış verərək bildirmişdir ki, Aşağı Tala kənd inzibati ərazi dairəsinin 10 təsərrüfatbaşına kitabın 126 səhifəsində X3 adına 1998 ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı 140 kv.m ümumi, 70 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Həmin arayış və JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X3 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,1229 ha, faktiki sahə 1,1120 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur. Üçüncü şəxs X3 0,1120 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ 18.02.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Üçüncü şəxs X8 18.02.2014-cü il tarixli "Ev və torpaq bəxşişi müqaviləsi" ilə həmin fərdi yaşayış evini və 0,1120 ha torpaq sahəsinin 802 kv.m hissəsini X14 bağışlamışdır. Fərdi yaşayış evinə və 0,0802 ha torpaq sahəsinə X12 mülkiyyət hüququ 22.02.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Bununla yanaşı, X12 adına Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi 0,0802 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur. Bundan sonra Zaqatala Rayon Məhkəməsinin 24.11.2014-cü il tarixli 2(033)- 912/2014 nömrəli qətnaməsi ilə X3 iddiası təmin edilərək onunla X20 arasında bağlanmış 4-Ə-67 reyestr nömrəsi ilə qeydiyyata alınmış 18.02.2014-cü il tarixli "Ev və torpaq bəxşişi müqaviləsi" etibarsız hesab edilmişdir. Daha sonra X3 adına cavabdeh tərəfindən 29.07.2015-ci il tarixli 1448 inventar nömrəli Texniki pasport tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,1229 ha, faktiki sahə 1,1120 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur. Həmçinin, 0,1120 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə üçüncü şəxs X3 mülkiyyət hüququ 30.07.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı ilə üçüncü şəxs X8 arasında olan nikah pozulmuş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16.06.2017-ci ildə qeyd aparılmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək üçüncü şəxs X3 adına qeydiyyata alınmış, Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən fərdi yaşayış evinə dair texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikinti ilinin 2008-ci il kimi qeyd edilməsini xahiş etmiş, lakin cavabdeh 22.10.2020-ci il tarixli **********77 nömrəli məktubla bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evinin texniki pasportunun tərtibi üçün əsas olmuş sənədlərdə düzəliş və həmin texniki pasport ləğv olunmadığı, həmçinin həmin əmlak üzərində iddiaçının hüququnun olmasını təsdiq edən sənəd olmadığı təqdirdə, həmin sənədlər əsasında tərtib edilmiş texniki pasportda düzəlişin edilməsi Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Məktubda iddiaçıya məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "üçüncü şəxs X3 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,1120 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 121,7 kv.m, 3 otaqlı fərdi yaşayış evinə dair tərtib olunmuş 1448 inventar nömrəli texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikilməsi ilinin 2008-ci il kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddianı belə əsaslandırılmışdır ki, sözügedən fərdi yaşayış evi 1998-ci ildə deyil, o, X8 ilə ailə qurduqdan sonra 2008-ci ildə inşa edilmişdir. Cavabdeh iddiaya qarşı 26.02.2021-ci il tarixli **********74 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Üçüncü şəxs X8 iddiaya qarşı 17.02.2021-ci il tarixli etiraz ərizəsində bildirmişdir ki, JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpaq sahəsinin sərhədləri daxilində 177AJ nömrəsi altında yaşayış evinin olması göstərilmiş, həmçinin şəhadətnamənin sonuncu səhifəsində yaşayış evinin sahəsi qeyd olunmuşdur. Buradan görünür ki, 1996-cı ildə torpaq islahatı zamanı həmin torpaq onun mülkiyyətinə verilərkən hazırkı ev mövcud olmuşdur. Üçüncü şəxs Zaqatala Rayon İcra Hakimiyyətinin Aşağı Tala inzibati ərazi dairəsi üzrə nümayəndəliyi iddiaya rəsmi münasibət (etiraz) bildirməmişdir. Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-464/2021 nömrəli qərarı ilə, iddia təmin edilmiş, üçüncü şəxs X3 mülkiyyətində olan Zaqatala rayonu Aşağı Tala kəndində 0,1120 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 121,7 kv.m, 3 otaqlı fərdi yaşayış evinə dair tərtib olunmuş 1448 inventar nömrəli texniki pasportda düzəliş edilərək fərdi yaşayış evinin tikilməsi ilinin 2008-ci il kimi qeyd olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan üçüncü şəxs X8 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X8 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onun mülkiyyət hüququnu pozmuşdur. İddiaçı onun mülkiyyətində olan ev üzərində mülkiyyət hüququ yaratmaq, təklif etmək şansı yaratmışdır. Heç bir mötəbər sübut olmadan belə bir qərarın qəbul edilməsində məqsədin nə olduğu məlum deyildir. Belə ki, 1996-cı ildə aparılmış torpaq islahatı zamanı onun mülkiyyətinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində 1998-ci ildə fərdi yaşayış evi tikmişdir. Bundan sonra 2011-2014-cü illərdə həmin torpaq sahəsində onun razılığı ilə bibisi tərəfindən 2-ci yaşayış evi inşa edilmişdir. Torpağın mülkiyyət şəhadətnaməsi 2006-cı ildə hazırlanmışdır. 2006-cı ildə hazırlanmış Torpaq şəhadətnaməsi Dövlət Yerquruluşu Layihə İnstitutu və X15 Komitəsinin Zaqatala rayon Şöbəsi tərəfindən hazırlanmışdır. Həmin şəhadətnamənin həyətyanı torpaq sahəsinin qaiməsi səhifəsində qeyd olunmuşdur ki, torpaq sahəsində tikinti altı sahə 110.6 kv.m, tikinti isə yaşayış evindən ibarətdir. İkinci ev isə şəhadətnamədən sonra tikildiyinə görə şəhadətnamədə görünmür və evin texniki pasportunda görünür. Evin texniki pasportu ilk dəfə 2014-cü ildə hazırlanmışdır və onun tərəfindən həmin ev satılmışdır. Evi ona görə satmışdır ki, qardaşı oğurluq cinayəti törətmişdi, vurulmuş ziyan əvəzinə evi zərər çəkmişə bağışlamışdır. Lakin zərərçəkmiş hökmdən apelyasiya şikayəti verərək, şikayətdə ziyanın ödənilmədiyini qeyd etdiyinə görə, məhkəməyə müraciət edərək bağışlanma müqaviləsini ləgv etdirmişdir. Həmin vaxtlarda İddiaçı ilə birgə nikahda idi. Onunla nikahı 2007-ci il baglanmışdır. 2014-cü ildə evi bağışlayarkən Ayzanat heç də ev barədə mübahisə etmədi və demədi ki, evi birgə nikahda tikmişlər. Sonradan mübahisələr yarandıqdan sonra, onlar ayrilmış, nikah pozulmuşdur. Bundan sonra iddiaçı müxtəlif iddialarla məhkəməyə müraciət etmiş lakin bütün mübahisələri uduzmuşdur. Məhkəmə qərarında heç bir maddi hüquq normasına, prosessual hüquq normasına istinad etməmiş, mötəbər olmayan, sübut sayılmayan faktlara əsaslanaraq onun mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə fikir verməmişdir ki, iddiaçı Ali Məhkəmənin icraatında olan mülki işdə uduzacağını görərək hazırki iddianı qaldırmışdır. Əgər o iddiaçını kompensasiya ödəməklə evdən istifadə hüququna xitam verilməsinə dair iddia qaldırmamış olsaydı, iddiaçı hazırki iddianı qaldırmayacaqdı, buradan görünür ki, iddianın əsasını təşkil edən şey digər mülki işin nəticələrinə təsir göstərməkdir. Bundan başqa 2017-ci ilin mart ayında onun nikahı pozulmuş, lakin 2016-cı ildən münasibətləri pozulmuşdur. Sual olunur ki, iddiaçı nəyə indiyə qədər hazırki mübahisəni qaldırmırdı? Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-464/2021 nömrəli qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X8 və onun vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-464/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə qanuni və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hazırki məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 04.12.1997-ci il tarixli 04 nömrəli qərarına əsasən, 0,12 ha torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən AR ƏMDK yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsinə təqdim etmək üçün üçüncü şəxs X4 verilmiş 14.02.2014-cü il tarixli 422 nömrəli arayışdan görünür ki, Aşağı Tala kənd inzibati ərazi dairəsinin 10 təsərrüfatbaşına kitabın 126 səhifəsində X3 adına 1998 ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı 140 kv.m ümumi, 70 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Texniki pasportdan görünür ki, həmin sənəd yuxarıda qeyd olunan arayış və JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" əsasında cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən üçüncü şəxs X3 adına tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,1229 ha, faktiki sahə 1,1120 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur. RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,1120 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə üçüncü şəxs X3 mülkiyyət hüququ 18.02.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 18.02.2014-cü il tarixli "Ev və torpaq bəxşişi müqaviləsi"ndən görünür ki, üçüncü şəxs X8 həmin fərdi yaşayış evini və 0,1120 ha torpaq sahəsinin 802 kv.m hissəsini X14 bağışlamışdır. RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, fərdi yaşayış evinə və 0,0802 ha torpaq sahəsinə X12 mülkiyyət hüququ 22.02.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Texniki pasportdan görünür ki, həmin sənəd X12 adına tərtib edilmiş, sənəddə torpaq sahəsi 0,0802 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur. Zaqatala Rayon Məhkəməsinin 24.11.2014-cü il tarixli 2(033)- 912/2014 nömrəli qətnaməsindən görünür ki, X3 iddiası təmin edilərək onunla X20 arasında bağlanmış 4-Ə67 reyestr nömrəsi ilə qeydiyyata alınmış 18.02.2014-cü il tarixli "Ev və torpaq bəxşişi müqaviləsi" etibarsız hesab edilmişdir. 29.07.2015-ci il tarixli 1448 inventar nömrəli Texniki pasportdan görünür ki, həmin sənəd X3 adına cavabdeh tərəfindən tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,1229 ha, faktiki sahə 1,1120 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1998-ci il qeyd olunmuşdur. RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,1120 ha həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə üçüncü şəxs X3 mülkiyyət hüququ 30.07.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə üçüncü şəxs X3 mülkiyyət hüququ 30.07.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə üçüncü şəxs X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ilk dəfə 18.02.2014-cü ildə qeydiyyata alınmış və həmin vaxt tərtib edilən Texniki pasportda evin tikildiyi il kimi 1998-ci il yazılmışdır. Bundan sonra həmin evlə bağlı bir neçə dəfə yeni Texniki pasportlar tərtib edilsə də, evin 1998-ci ildə tikilməsi hər dəfə qeyd olunmuşdur. İddiaçı hazırkı iddianı məhkəməyə verdikdən sonra məlum olmuşdur ki, üçüncü şəxs X8 mülkiyyətində olan 0,1120 ha torpaq sahəsinin 0,0318 ha hissəsini 27.10.2020-ci il tarixli alqısatqı müqaviləsi ilə X2 və üçüncü şəxs X3 adına tərtib edilən 14.12.2020-ci il tarixli sonuncu Texniki pasportda evin tikilməsi ili ilə bağlı yenə də eyni məlumat qeyd olunmuşdur. İddiaçı öz iddiasında üçüncü şəxs X3 adına olan 29.07.2015-ci il tarixli 1448 inventar nömrəli Texniki pasportda düzəliş aparılmasını xahiş etsə də, işdən görünür ki, sonuncu alqı-satqı müqaviləsi cavabdeh tərəfindən iddiaçıya imtina məktubu verildikdən sonra bağlanmışdır. Həm də ki, alqısatqıdan sonra tərtib edilmiş sonuncu Texniki pasportda evin tikilməsi ili barədə məlumat məhz həmin 29.07.2015-ci il tarixli 1448 inventar nömrəli Texniki pasportdan götürülmüşdür. Digər tərəfdən, evin 2008-ci ildə tikilməsi müəyyən ediləcəyi təqdirdə, iddiaçının həmin evlə bağlı əmlak hüquqları yaranacaq. Belə olan halda, onun hazırkı iddianı verməyə subyektiv hüququ vardır. İşdən görünür ki, cavabdeh fərdi yaşayış evinin Texniki pasportunda evin tikildiyi il kimi 1998-ci il kimi göstərərkən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.02.2014-cü il tarixli 422 nömrəli arayışa əsaslanmışdır. Həmin arayışda göstərilir ki, Aşağı Tala kənd inzibati ərazi dairəsinin 10 təsərrüfatbaşına kitabın 126 səhifəsində X3 adına 1998 ildə tikilmiş 1 mərtəbəli 3 otaqlı 140 kv.m ümumi, 70 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0,12 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Bu məsələnin araşdırılması üçün məhkəmənin 29.01.2021ci il tarixli məktubu ilə Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu edilərək evin məhz 1998-ci ildə tikilməsi barədə arayışın verilməsinə əsas verən sənədin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Aşağı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi 12.02.2021-ci il tarixli 07 nömrəli cavab məktubunda bildirmişdir ki, Aşağı Tala kəndində X3 mülkiyyətində olan 0,11 ha torpaq sahəsində 121,7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi vardır. Azərbaycan Respublikası Statistika Komitəsi tərəfindən təsdiq olunmuş təlimata əsasən, təsərrüfatbaşına kitablar hər 5 ildən bir yanvar ayının 1-i vəziyyətinə tərtib olunur. X3 evi də şifahi sorğu yolu ilə soruşularaq 1998-ci ildə tikildiyi qeyd olunmuşdur. Həmin ailə Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olmadığına görə evin və torpağın uçotu təsərrüfatbaşına kitablarda deyil, ayrıca kitabda qeydiyyatı aparılır. Belə ailələrin sayı 100-dən artıqdır. Göstərilən kitabdan çıxarış məhkəməyə təqdim olunmuşdur. Həmin çıxarışda olan cədvəlin 71-ci sətrində X3, İddiaçı, X5 və X7 adlarının qarşısında onların təvəllüdü, yaşadıqları ünvanlar, evin 3 otaqlı olması və s. yazılsa da, evin neçənci ildə tikilməsi barədə nə müvafiq qrafa, nə də ayrıca yazı yoxdur. Deməli, evin məhz 1998-ci ildə tikilməsi barədə arayış vermək üçün icra nümayəndəliyində heç bir yazılı əsas mövcud olmamışdır. Bu məlumatın yalnız şifahi sorğu əsasında arayışa daxil edilməsi isə aşağıdakılara görə əsaslı və obyektiv sayıla bilməz. Üçüncü şəxs X8 iddiaya qarşı etiraz ərizəsində bildirmişdir ki, JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də torpaq sahəsinin sərhədləri daxilində 177AJ nömrəsi altında yaşayış evinin olması göstərilmiş, həmçinin şəhadətnamənin sonuncu səhifəsində yaşayış evinin sahəsi qeyd olunmuş, buradan görünür ki, 1996-cı ildə torpaq islahatı zamanı həmin torpaq onun mülkiyyətinə verilərkən hazırkı ev mövcud olmuşdur. Həmin xüsusat araşdırılarkən müəyyən olundu ki, şəhadətnamədə 177AJ nömrəli obyekt təsvir edilmiş, X3 adına olan 29.07.2015-ci il tarixli texniki pasportda isə 2 yaşayış evi təsvir olunmuşdur. Ona görə də məhkəmənin 05.03.2021-ci il tarixli məktubu ilə cavabdehə sorğu edilərək, şəhadətnamədə təsvir olunmuş 177AJ nömrəli obyekt evdirsə, həmin evin texniki pasportda göstərilən evlərdən hansı ilə üst-üstə düşməsi barədə arayış tələb olunmuşdur. Lakin cavabdehin 02.04.2021-ci il tarixli cavab məktubundan məlum olmuşdur ki, şəhadətnamədə təsvir olunmuş 177AJ tikili 29.07.2015-ci ildə tərtib edilmiş Texniki pasportda göstərilən tikililərlə üst-üstə düşmür. Cavab məktubuna əlavə olunmuş sxemdən də görünür ki, Texniki pasportda göstərilən ev və JN-177A kod 40200028 nömrəli şəhadətnamədə 177AJ nömrəsi altında təsvir olunmuş obyekt həyətyanı torpaq sahəsinin ayrı-ayrı hissələrində yerləşir. Bu isə onu deməyə əsas verir ki, Texniki pasportda göstərilmiş ev 2006-cı ildə hazırlanmış JN-177A kod 40200028 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də əks olunmamışdır, yəni 2006cı ildə şəhadətnamə tərtib olunarkən həmin ev mövcud olmamışdır. Digər tərəfdən, işdə olan, Zaqatala Rayonu Aşağı Tala Bələdiyyəsinin 01.07.2021-ci il tarixli 181 nömrəli və "Azəriqaz" İB-nin Zaqatala RQİİ-nin 10.03.2021-ci il tarixli arayışlarından məlum oldu ki, X4 məxsus olan fərdi yaşayış evinə içməli su xətti 2011-ci ildə çəkilmiş, qaz abunəçisi kimi isə o, 31.12.2011-ci ildə qeydiyyata alınmışdr. Göründüyü kimi, evə su və qaz xəttinin 1998-ci ildə çəkilməsi barədə məlumat yoxdur. Məhkəmənin 16.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspertiza qarşısında aşağıdakı sual qoyulmuşdur: - Zaqatala rayonu Aşağı Tala kəndində yerləşən, 14.12.2020-ci il tarixli 1448 inventar nömrəli, **********962-10301 reyestr nömrəli "Texniki pasport"da göstərilən və daşınmaz əmlakın dövlət reyestrində X3 adına ********** qeydiyyat nömrəsi, **********62-10301 inventar nömrəsi ilə qeydiyyatda olan fərdi yaşayış evi neçənci ildə tikilmişdir? Lakin ekspert məhkəməyə 08.05.2021-ci tarixli "Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat" verərək bildirmişdir ki, qoyulmuş sual xüsusi bilik tələb etmədiyindən və konkret məlumatın əldə edilməsinə aid olduğundan ekspertiza tədqiqatı aparılmır. Bundan sonra iddiaçının vəsatəti əsasında şifahi məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, o, Zaqatala rayonu Aşağı Tala kəndində iddia ərizəsində göstərilmiş evlə qonşuluqda yaşayır. İddiaçı ailə qurduğu vaxt qayınatasına məxsus evə gəlin gəlmişdir. O, bunu, üçüncü şəxs X3 atası ilə əvvəldən tanışlığı olduğuna görə bilir. Evin tikintisi 2005-2006-cı illərdə başlamış və X8 ilə İddiaçı ailə qurduğu vaxt evin yalnız beton bloklarla qoyulmuş bönövrəsi mövcud olmuş, hörgü işləri isə aparılmamışdı. Ailə evə 2008-ci ilin dekabr ayında köçmüşdür. Bundan başqa Məhkəmə kollegiyasının DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə verilmiş sorğusuna cavab məktubunda qeyd etmişdir ki, 1) X3 adına verilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə dair JN-177A, KOD- 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də göstərilən torpaq sahəsinin planı və sərhədlərini əks etdirən cizgisində 177AJ nömrə kimi qeyd olunan həmin torpaq sahəsində yerləşən yaşayış evidir. Bu barədə məlumat JN-177A, KOD-40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin “X16 (Sertifikatı)” hissəsində olan cədvəlin 3-cü xanasında “Yaşayış evi (kv.m) 110.6' kimi göstərilmişdir. 2)X3 adına verilmiş Zaqatala rayonu, Aşağı Tala kəndində yerləşən torpaq sahəsinə dair JN-177A, KOD- 40200028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə “də göstərilən torpaq sahəsinin planı və sərhədlərini əks etdirən cizgisində 177AJ nömrəsi kimi qeyd olunan yaşayış evindən başqa hər-hansı tikilinin nömrəsi qeyd edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şahid X10 ifadəsinin həqiqiliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Ona görə həmin ifadə sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəldi ki, üçüncü şəxs X3 adına olan Texniki pasportda göstərilmiş ev 2008-ci ildə tikildiyinə görə cavabdeh evin tikildiyi il kimi 1998-ci ili göstərməkdə haqlı olmamışdır. Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 2-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. (2.1-ci maddə) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (2.2-ci maddə) Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. (2.3-cü maddə) Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. (2.4-cü maddə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-464/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə iddiaçı X18 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X8 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03.08.2021-ci il tarixli, 2-1(116)-464/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-409/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-409/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver