Məhkəmə qərarları › İş №2-1(107)-409/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-409/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-409/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ilkin yerquruluşu sənədi, yəni faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla Qax rayonu X3 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2- 1(116)-751/2022 nömrəli qərardadından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “ilkin yerquruluşu sənədi, yəni faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla Qax Rayon X3 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Cavabdehin nümayəndəsi xx.xx.2022-ci il tarixli məhkəmə iclasında vəsatət təqdim edərək, Qax Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəsatətini yazılı olaraq təqdim etmiş, lakin əsaslandırmamışdır.

3. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin nümayəndəsinə İPM-in 13-cü maddəsinə əsasən izah edilmişdir ki, Qax Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı vəsatət əsaslandırılmalı və bununla bağlı sübutlar təqdim edilməlidir.

4. Cavabdehin nümayəndəsi şifahi izahatında bildirmişdir ki, Qax Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilməsini sonuncunun, tikintisi başa çatmış obyektin istismara icazə sənədi verməsi, o cümlədən tikintinin inşası ilə əlaqədar zəruri olan sənədləri tərtib və təsdiq etməsinə görə zəruri hesab edir. Buna görə də hesab edir ki, iş üzrə qəbul ediləcək məhkəmə qərarı Qax Rayon İcra Hakimiyyətinin maraqlarına toxunduğundan sonuncu, icraata cəlb edilməli və münasibəti öyrənilməlidir.

5. İddiaçı və üçüncü şəxsin nümayəndəsi vəsatətin qanunamüvafiq qaydada həll edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 sentyabr 2022-ci il tarixli 2- 1(116)-751/2022 nömrəli qərardadı ilə Qax Rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməmişdir.

7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon İcra Hakimiyyəti tərəfindən tikintisinə icazə verilmiş, istismara qəbul edilmiş və layihəsi təsdiq olunmuş qeyri-yaşayış obyektinin sahəsi ilə iddiaçı tərəfindən üzərində mülkiyyət hüquqlarının tanınması tələb olunan qeyri-yaşayış binasının ölçüləri, layihəyə uyğunluğu fərqlidir və sözügedən qeyri-yaşayış binasına mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə mübahisə predmeti olan və faktiki 18.4 kv.m sahəsi olan tikinti obyektinin tikintisinə və istimarına icazə vermiş yerli icra hakimiyyətinin aktlarında fərqli ölçüdə tikintiyə münasibət bildirilməsi ilə bağlı hüquqları hüquqi mənada qorunmalıdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs Qax Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən kommersiya mağazasının eskizlayihəsindən görünür ki, müvafiq qeyri-yaşayış sahəsinin layihəsi Qax Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq möhürlə təsdiq edilmişdir. - Qax Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya Qax şəhərində A№025147 kadastr planı ilə 17 kv.m torpaq sahəsində layihə-smeta sənədləri əsasında yeni tikəcəyi ümumi sahəsi 17 kv.m 1 mərtəbəli mağaza binasının tikintisinə başlanılmasına icazə verilmişdir. - xx.xx.2011-ci il tarixli tikintisi başa çatmış obyektin istismara verilməsi barədə aktdan və Qax RİHB-nın xx.xx.2011-ci il tarixli, 104 nömrəli sərəncamından görünür ki, iddiaçıya məxsus Qax şəhəri, V.Eyvazov küçəsində olan X5 xx.xx.2008-ci il tarixdə 316 saylı, seriya A №025147 nömrə ilə qeydiyyata alınmış 17 kv.m torpaq sahəsində layihəsmeta sənədləri əsasında yeni tikdiyi ümumi sahəsi 17 kv.m 1 mərtəbəli 1 otaqlı kommersiya mağazasının istismara qəbuluna icazə verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 17 fevral 2022-ci il tarixli, 01/2022 №-li Qərardadının 38-ci bəndində qeyd edilmişdir ki, cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir

39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.

40. Adi cəlbetmə zamanı üçüncü şəxs bir qayda olaraq, mübahisə tərəflərindən birinin yanında, yəni iddiaçının yaxud cavabdehin tərəfində icraatda iştirak edir. Bu halda, onun hüquqi marağı da daha çox yanında iştirak etdiyi tərəfin (iddiaçı və ya cavabdehin) mübahisədə qalib gəlməsi ilə bağlı yaranır. Lakin üçüncü şəxs həmişə prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak etməyə bilər, onun həm də tərəflərə aid olmayan öz maraqlarının müdafiəsi məqsədilə də icraata qoşulması mümkündür. Adi cəlbetmədə üçüncü şəxsin hüquqi marağı birbaşa iddia predmeti ilə əlaqəli olmur. Çıxarılacaq məhkəmə qərarının cəlb ediləcək şəxsin maraqlarına təsir etmə (toxunma) ehtimalı varsa, adi cəlbetmə həyata keçirilməlidir. Sözügedən təsir (toxunma) ehtimalı isə o zaman mövcud olur ki, məhkəmə qərarından asılı olaraq şəxsin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olur. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində üçüncü şəxsin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verir. Beləliklə, adi cəlbetmə üçün şərtlərin mövcud olub-olmadığını müəyyən etmək üçün məhkəmə qərarının üçüncü şəxsin maraqlarına toxunmasının mümkün olub-olmamasını qiymətləndirmək lazımdır. Əgər bu cür toxunma ehtimalı mümkün hesab olunursa, bu zaman adi cəlbetmə üçün şərtlər formalaşmış olur.

16. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir”.

43. Vahid qərardan isə o zaman söz edilə bilər ki, çıxarılmış qərar üçüncü şəxsin hüquqi statusuna birbaşa təsir edə bilsin. Əgər məhz məhkəmə qərarının çıxarılması nəticəsində hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verirsə, hüquqi statusa həmin qərarla birbaşa təsir edilmiş olur....

48. Beləliklə, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Əgər vəsatətlər verilərkən bu tələblərə riayət olunmursa, o halda, məhkəmə İPM-in 48-ci maddəsinə uyğun olaraq xidməti vəzifəsinin tələb etdiyi yardım etməni həyata keçirməlidir. Belə yardım etmə vəsatətlə bağlı yuxarıda qeyd edilən halların müəyyənləşdirilməsini təmin etməyə yönəlməlidir.

58. Cəlbetmənin həyata keçirilməsi yalnız qanunvericilikdə təsbit olunmuş müvafiq əsasların mövcudluğu müəyyən olunduğu halda mümkündür. Buna görə, mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz. Məhkəmələr işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılmasını zəruri hesab edirlərsə, bunu, üçüncü şəxs qismində cəlbetmə aparmaqla deyil, prosessual qanunvericilikdə kifayət qədər geniş həcmdə təsbit olunmuş digər müvafiq imkanlardan – zəruri sənədləri toplamaq, inzibati orqanlardan və digər təşkilatlardan rəy və mülahizələr almaq, tələb olunan sənədlərin təqdim olunması barədə sərəncam vermək, ekspert və mütəxəssis rəyləri almaq, yerində baxış keçirmək və.s istifadə etməklə həyata keçirməlidirlər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normaları Qax Rayon İcra Hakimiyyətinin mənafeyini bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdmür. Buna görə də hazırkı icraatın nəticəsində qəbul ediləcək qərarın sonuncunun maraqlarına toxunması halı da mövcud ola bilməz. Qax Rayon İcra Hakimiyyəti iddia tələbində qeyd edilən qeyri-yaşayış binasının inşası ilə əlaqədar sənədləşmə işlərinin hazırlanmasında səlahiyyətli orqan olaraq iştirak etmiş və mübahisə predmeti ilə bağlı inzibati icraat çərçivəsində göstərdiyi fəaliyyətə görə əlaqədə olmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Qax Rayon İcra Hakimiyyətinin həyata keçirdiyi inzibati icraat artıq başa çatmışdır və hazırkı hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın Qax Rayon İcra Hakimiyyəti ilə iddiaçı arasında yaranmış həmin əlaqəyə hər hansı potensial təsiri yoxdur. Yəni, məhkəmə qərarından asılı olaraq Qax Rayon İcra Hakimiyyətinin hüquqi statusunun mövcud hüquqi statusu ilə müqayisədə pis və ya yaxşıya doğru dəyişməsi halı yaranmış olmayacaqdır. Başqa sözlə, iddiaçının və ya cavabdehin xeyrinə məhkəmə qərarının qəbul edilməsi nəticəsində Qax Rayon İcra Hakimiyyətinin hüquqi vəziyyətinin yaxşılaşdırılması, yaxud pisləşməsi baş verməyəcəkdir.

20. Eyni zamanda hazırkı iş üzrə qəbul ediləcək qərarın Qax Rayon İcra Hakimiyyətinin hüquqi statusuna birbaşa təsir etməsi də müəyyən edilmir. Yəni, məhkəmə qərarının çıxarılması nəticəsində Qax Rayon İcra Hakimiyyətinin hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi baş verməyəcəyindən, sonuncunun hüquqi statusuna həmin qərarla birbaşa təsir edilmiş olmur.

21. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qax Rayon İcra Hakimiyyəti mübahisə predmeti olan tikintinin inşası ilə əlaqədar zəruri olan sənədləri tərtib və təsdiq etdiyinə görə iddia tələbinə münasibət bildirməlidir. Göründüyü kimi, cavabdehin mövqeyi Qax Rayon İcra Hakimiyyəti tərəfindən aparılmış inzibati icraatla bağlı məsələlərin aydınlaşdırılmasına yönəlmişdir və müvafiq icraatı aparan orqan olaraq Qax Rayon İcra Hakimiyyətinin hazırkı mübahisəyə formal aidiyyətinə istinad edilir. Lakin yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 01/2022 №-li Qərardadında qeyd edildiyi kimi mübahisə üzrə əhəmiyyət kəsb edən sırf hansısa halları aydınlaşdırmaq üçün, eləcə də yalnız baxılan məsələyə formal aidiyyətinin olduğuna istinadla üçüncü şəxs qismində cəlbetmə həyata keçirilə bilməz (58).

22. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçı tərəfindən Qax Rayon İcra Hakimiyyətinin tikilinin inşası ilə əlaqədar tərtib etdiyi inzibati icraat materiallarının əsli məhkəməyə təqdim edilmiş və həmin sənədlərin mötəbərliyinə heç bir şübhə yoxdur. Cavabdeh orqan özü də həmin sənədlərin mötəbərliyinə hər hansı şübhəsinin olmasını bildirməmişdir. Odur ki, təkrarən həmin sənədlərin Qax Rayon İcra Hakimiyyətindən toplanmasına və mülahizəsinin istənilməsinə zərurət qalmamışdır. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi Qax Bələdiyyəsinin mülkiyyətində olduğundan və hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarının sonuncunun hüquqlarına potensial təsiri nəzərə alınaraq, Qax Bələdiyyəsi inzibati məhkəmə icraatında üçüncü şəxs qismində zəruri cəlb edilmiş və iddia tələbinə münasibəti öyrənilmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 01/2022 №-li Qərardadını, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2017-ci il tarixli qərarını və Azərbaycan Respublikası İPM-in 28-ci maddəsinin müddəalarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir.

24. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

25. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2- 1(116)-751/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar