Məhkəmə qərarları › İş №2-1(107)-41/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-41/2021

15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-41/2021 15.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1976-cı ildən 1986-cı ilədək, eyni zamanda 1993-cü ildən 1997-ci ilə kimi Qax rayonu Tasmalı kənd Kuybişev adına kolxozda, 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd “Ukrayna” adına kolxozda, 1992-ci ildə Qax rayonu Turaclı kənd S.Vurğun adına kolxozda işlədiyi illərin iş stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1146/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1954-cü ildə Qax rayonu Tasmalı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1973-cü ildə Sumqayıt şəhərində başlamışdır. xx.xx.1973-cü ildə hərbi xidmətə çağrıldığına görə işdən azad olunmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1976-cı ildə Kuybişev kolxozunda zootexnik kimi işə qəbul olunmuş və 1986-cı ilə kimi həmin kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd Ukrayna adına kolxozda, 1993-1997-ci illərdə isə yenə də, Kuybişev adına kolxozda işləmişdir. Qax rayon Dövlət Arxivinin arayışına əsasən Qax Rayonu Tasmalı kənd S.Vurğun adına sovxozda 1992-ci ildə işlədiyi aylar və aldığı əmək haqqı öz əksini tapmışdır. Bundan əlavə Kuybişev və Ukrayna adına kolxozlarda işlədiyi əmək günləri və aldığı əmək haqqı da, arxiv arayışında təsdiq olunmuşdur. Yaşa görə pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nin Qax rayon şöbəsinə müraciət etsə də, pensiya təyinatından imtina haqqında məktubla bildrilmişdir ki, qüvvədə olan “Əmək Pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyası, sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğndən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğundan, eyni zamanda 25 il sosial sığorta stajı olmadığına görə ona pensiya təyin edilməsində imtina edilmişdir. Cavabdeh etirazında bildirmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixində qanunvericiliklə müəyyən olunmuş 63 yaş 6 ay pensiya yaşına çatmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən (bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci ilin 1 iyul tarixindən 110 manat məbləğində, xx.xx.2018-ci il tarixdən “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli Sərəncami ilə 116,27 manat məbləğində, xx.xx.2019-cu il tarixdən “Əmək pensiyasının sığorta hissəsinin 2018-ci il üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Sərəncamına əsasən 119,76 manat məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2019-cu il tarixdən 160 manat, xx.xx.2019-cu il tarixdən 200 manat məbləğində müəyyən olunur) az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Əmək pensiyası hüququnun müəyyən olunması zamanı vətəndaşın sosial sığorta stajı 17 il 02 ay 1976-cı ildən 1986-cı ilədək, eyni zamanda 1993-cü ildən 1997-ci ilədək Qax rayonu Tasmalı kənd Kuybışev adına kolxozda və 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd Ukrayna adına kolxozda işlədiyi dövrlərə görə hesablanan, 02 il 04 gün xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək hərbi xidmətdə olduğu müddət və 1992-ci ildə Qax rayonu Turaclı kənd S.Vurğun adına kolxozda işlədiyi 08 ay nəzərə alınmaqla ümumilikdə 19 il 10 ay 04 gün müəyyən edilmiş, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin pensiya təyin edən komissiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə əmək pensiyası hüququnun olmadığına görə pensiyanın təyin olunmasından imtina edilmişdir. İmtinanın səbəbləri barədə şöbənin xx.xx.2018-ci il tarixli 32/113 nömrəli məktubu ilə İddiaçı müvafiq məlumat verilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1146/2020 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1976-cı ildən 1986-cı ilədək, eyni zamanda 1993-cü ildən 1997-ci ilə kimi Qax rayonu Tasmalı kənd Kuybişev adına kolxozda, 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd “Ukrayna” adına kolxozda, 1992-ci ildə Qax rayonu Turaclı kənd S.Vurğun adına kolxozda işlədiyi illərin iş stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1146/2020 nömrəli qərarı qanunsuz və əsassızdır. Həmin qərarda birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş və iş üçün əhəmiyyətli olan hallar sübut olunmamışdır. Belə ki, o, əmək fəaliyyətinə xx.xx.1973-cü ildə Sumqayıt şəhərində başlamışdır xx.xx.1973-cü ildə hərbi xidmətə çağrıldığına görə işdən azad olunmuşdur. xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilə kimi hərbi xidmətdə olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra 1976cı ildə Kuybişev kolxozunda zootexnik kimi işə qəbul olunmuş və 1986-cı ilə kimi həmin kolxozda əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1986-ci ildən 1989-cu ilə kimi Zəyəm kənd Ukrayna adına kolxozda. 1993-1997-ei illərdə isə yenə də, Kuybişev adma kolxozda işləmişdir. Qax rayon Dövlət Arxivinin arayışına əsasən Qax Rayonu Tasmalı kənd S.Vurğun adına sovxozda 1992-ci ildə işlədiyi aylar və aldığı əmək haqqı öz əksini tapmışdır. Bundan əlavə Kuybişev və Ukrayna adına kolxozlarda işlədiyi əmək günləri və aldığı əmək haqqı da. arxiv arayışında təsdiq olunmuşdur.Yaşa görə Pensiya təyin edilməsi üçün ərizə ilə cavabdeh DSMF-nın Qax rayon şöbəsinə müraciət etsəmdə pensiya təyinatından imtina haqqında məktubla bildirilmişdir ki. Qüvvədə olan “Əmək Pensiyaları haqqında “ Azərbaycan Respublikası qanununa əsasən əmək pensiyası, sığortaolunan fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumuın məbləğndən az olmavan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda təyin edilir. Fərdi hesabımın sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olduğundan, eyni zamanda 25 il sosial sığorta stajı olmadığına görə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş pensiya təyinatı üyün əmək stajının təsdiq edilməsi barədə əsasnaməyə əsasən iş stajını təsdiq edən əmək kitabçasını, eyni zamanda arxiv arayışlarını ərizəsinə əlavə etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara hüquqi qiymət verilməmiş, əsassız qərar qəbul edilmişdir. . Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1146/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1146/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1146/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 09066679 nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Qax rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu, xx.xx.1973-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surəti, DSMF-nin Qax rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli **********0 nömrəli etirazı aiddir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1146/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1976-cı ildən 1986-cı ilədək, eyni zamanda 1993-cü ildən 1997-ci ilə kimi Qax rayonu Tasmalı kənd Kuybişev adına kolxozda, 1986-cı ildən 1989-cu ilə kimi Zəyəm kənd “Ukrayna” adına kolxozda, 1992-ci ildə Qax rayonu Turaclı kənd S.Vurğun adına kolxozda işlədiyi illərin iş stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, SHXÇDX-nin Qax rayon bölməsinin xx.xx.2020-ci il tarixli 289 nömrəli Arayışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. İş materiallarına əlavə edilən Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 118 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı 1976-1986, 1993-1997-ci illərdə Kuybişev adına kolxozda, 1986-1989-cu il tarixlərdə Ukrayna adına kolxozda işləmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 118-1 nömrəli Arxiv Arayışından görünür ki, İddiaçı Qax rayonu Turaclı kənd S.Vurğun adına sovxozda işləmişdir. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı 1976-1986, 1993-1997-ci illərdə Kuybişev adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı 1986-1989-cu il tarixlərdə Ukrayna adına kolxozda işləməsi öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF-nin Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli Aktından görünür ki, İddiaçı Qax rayonu Turaclı kənd S.Vurğun adına sovxozda işləməsi öz təsdiqini tapmışdır. x xxxxxx 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib müəyyən edir ki, cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli məktubuna əsasən iddiaçının cəmi 20 il 02 ay stajı olduğu qeyd edilmiş və həmin stajın 14146.47 manat pensiya kapitalına bərabər olduğu müəyyən olunmuşdur. İddiçının pensiya hüququ yaranan vaxt isə pensiya təyin olunması üçün minimum kapitalın məbləği 16742.88 manat olmuşdur. (gözlənilən pensiya ödənişi müddəti 144 ay*minimum pensiya=16742.88 manat). Həmçinin məhkəmə kollegiyası iş materiallarına əlavə edilən cavabdeh inzibati orqanın imtina məktubundan iddiaçının qeyd olunan stajından daha az stajı olmasını müəyyən edir.(imtinada qeyd olunan 20 il 02 ay əvəzinə 19 il 10 ay 04 gün) bu da iddiaçının imtina məktubunda qeyd olunandan da az kapitalı olmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1146/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı vermiş olduğu apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(116)-1146/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar