Məhkəmə qərarları › İş №2-1(107)-41/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-41/2022

26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-41/2022 26.01.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" ASC) "ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 m2 olan 5 otaqdan ibarət 11 və 12 nömrəli) mənzillər üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(116)-946/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: "xxxx" ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 m2 olan 5 otaqdan ibarət 11 və 12 nömrəli) mənzillər üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 20.05.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı “Alfa Construktion" MMC ilə aralarında bağlanmış 03 fevral 2010-cu il tarixli, 01 saylı müqaviləyə əsasən, “Alfa Construktion" MMC-yə məxsus olmuş ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala şəhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 m2 olan 5 otaqdan ibarət Vİ və 12 nömrəli) mənzilləri dəyərini ödəməklə almışdır. "xxxx" MMC-nin mülkiyyətində olan Zaqatala şəhəri, Azərbaycan prospekti-142 (keçmiş - Zaqatala şəhəri, Azərbaycan prospekti-108) ünvanında yerləşən həmin bina daha sonra "X1" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azerbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, "Aqrarkredit QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi əmlak olaraq qiymətləndirilmiş və "X1" Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə verilmişdir. Lakin, "xxxx" MMC-nin 03 fevral 2010-cu il tarixli, 01 saylı müqaviləyə əsasən İddiaçı satmış olduğu ünvan 1 ünvanında 7-ci mərtəbədə yerləşən - ümumi sahəsi 90,45 m2 olan 3 otaqlı 23 nömrəli və həmin ünvanda yerləşən ümumi sahəsi 110,67 m2 olan 3 otaqlı 24 nömrəli (keçmiş ünvan - Zaqatala səhəri, Azərbaycan prospekti-108 ünvanında yerləşən çoxmərtəbəli yasavıs binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 207,44 m2 olan 5 otaqdan ibarət 11 və 12 nömrəli) mənzillər "xxxx"xxxx"Aqrarkredit QSC BOKT-nın nümayəndələrindən ibarət birgə Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə İddiaçı satılması təsdiq edilmişdir. Cavabdeh orqana müraciət edilərək, qeyd olunan mənzillər üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmiş, lakin müraciət təmin edilməmişdir. Cavabdeh orqan 04.11.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə qeyd olunan mənzillərin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əlavə olunmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 22.06.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, X3 etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı tərəfindən "xxxx" MMC-dən əldə etdiyi mənzillər üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan mənzillərin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əlavə olunmamışdır. Qeyd olunanlara əsasən ərizənin icrası tərəfimizdən mümkün olmamış və bu barədə ərizəçiyə 04.11.2020-ci il tarixli, **********50 nömrəli məktub ünvanlanmışdır. Zaqatala şəhəri, Azərbaycan prospekti, 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr 2017-ci il tarixli, 792s saylı Sərəncamına əsasən (Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanı qüvvəyə mindikdən sonra "xxxx" QSC-nin "xxxx" ASC-dən alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi onun mülkiyyətinə veriləcəyi əmlakı "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir) iddia ərizəsində göstərilən mənzillər də daxil olmaqla "xxxx" ASC-nin mülkiyyətinə verilmiş və həmin binalar üzərində "xxxx" ASC-nin mülkiyyət hüququları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və 23.05.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Buna görə də tələbdə göstərilən mənzillər ayrıca mənzil kimi vətəndaşların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və həmin mənzillərə dair ayrıca arxiv qovluğu yoxdur. İş üzrə üçüncü şəxs Azərbaycan Sənaye Korporasiyası ASC-nin məhkəməyə ünvanladığı 16.06.2021-ci il tarixli məktubunda qeyd edilir ki, sözügedən iddia tələbinə üçüncü şəxs olaraq etiraz etmir və iddiaya dair aşağıdakı mülahizələrimizi təqdim edirlər. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən yaradılmış Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə Zaqatala şəhəri, Azərbaycan prospekti 142 ünvanında, bina B, 7ci mərtəbədə yerləşən ümumi sahəsi 110.67 kv.m. olan 3 otaqlı 24 nömrəli və 90.45 kv.m. olan 2 otaqlı 23 nömrəli mənzillərin "xxxx" MMC tərəfindən vətəndaş İddiaçı satılması təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq, sözügedən çoxmərtəbəli yaşayış binasına dair dövlət reyestrdən yeni çıxarışların təqdim edilməsi ilə əlaqədar 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə (bundan sonra Xidmət) müraciət edilmişdir. Xidmətin 24 noyabr 2020-ci il tarixli **********71 nömrəli cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə istinad gedilərək ərizə təmin edilməmiş, mənzillərin özgəninkiləşdirilməsi barədə notarial qaydada təsdiqlənmiş müqavilə ilə yenidən müraciət olunduğu təqdirdə, məsələnin müsbət həlli məsələsinə baxılmasının mümkünlüyü bildirilmişdir. Əlavə olaraq onu da bildirilir ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərə əsasən İddiaçı mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaq istədiyi mənzillərin alqı-satqısına dair "xxxx" MMC ilə 3 fevral 2010-cu il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsi bağlamış, həmin tarixdə mənzillərin dəyərinin tam ödənilməsi barədə maliyyə arayışı almışdır. Göründüyü kimi iddiaçı mənzilə dair hüquqlarının dövlət qeydiyyatına alınması üçün zəruri olan sənədləri əldə etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmirlər. Şəki İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(116)-946/2021 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2- 1(116)-946/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə kollegiyasına teleqram ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(116)-946/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Zaqatala rayonu İH başçısının 12.05.2008-ci il tarixli, 75 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMC Zaqatala RİH-nə müraciət edərək, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında mülkiyyətində olan torpaq sahəsində 7 mərtəbəli yaşayış kompleksinin tikintisinə razılıq verilməsini xahiş etmişdir. Qeyd olunan sərəncamla "xxxx" MMC-nin mülkiyyətində olan torpaq sahəsində yüksəkmərtəbəli yaşayış kompleksinin tikintinə icazə verilməsi barədə RİH-nə daxil olmuş müraciəti və təqdim etdiyi sənədlər nəzərə alınmış, MMC-nin mülkiyyətində olan ünvan 9 ünvanda 2.67 ha torpaq sahəsinin olduğu edilmiş, MMCnin mülkiyyətində olan torpaq sahəsində 7 mərtəbəli yaşayış kompleksinin layihələndirilməsinə və tikintisinə ilkin razılıq verilmişdir. 03.02.2010-cu il tarixli “Maliyyə arayışı”nın təsdiq edilmiş surətində qeyd edilir ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 ünvanında "xxxx" MMC tərəfindən ona məxsus 26700 m2 torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4 saylı blokunda, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 207,44 kv.m olan 5 otaqlı 11-12 saylı mənzilin dəyərini İddiaçı 155580 saylı müqaviləyə əsasən 100 faiz ödəmiş və onun "xxxx" MMC-yə heç bir borcu yoxdur. Mənzilin alqı-satqısı tikinti başa çatdıqdan sonra müvafiq qaydada rəsmiləşəcək. 03.02.2010-cu il tarixli, 01 nömrəli müqavilənin surətindən görünür ki, satıcı "xxxx" MMC tərəfindən ona məxsus 26700 m2 torpaq sahəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının 4 saylı blokunda, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 207,44 kv.m olan 5 otaqlı 11-12 saylı mənzilin alıcı İddiaçı ilə alqı-satqı müqaviləsini (sonradan “Əsas müqavilə” adlanacaq) bağlamağa razılaşmışlar. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-2(84)-39/2017 nömrəli 09.06.2017-ci il tarixli qətnaməsi ilə həmin iş üzrə cavabdeh "xxxx" MMC-dən cəmi 27.908.455.36 manat kredit borcunun tutularaq "xxxx" QSC BOKTnin xeyrinə ödənilməsi, borc tələbinin cavabdehə məxsus olan 11544.000.0 manat məbləğində qiymətləndirilmiş, Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında yerləşən, ümumi sahəsi 15226.19 kv.m olan 95 ədəd mənzilllərə, ümumi sahəsi 2.747.52 kv.m olan qeyri-yaşayış sahələrinə və 96 ədəd yeraltı dayanacaqlara yönəldilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilən 19.04.2018-ci il tarixli, **********22-05301 reyestr nömrəli “Texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, Zaqatala RİH başçısının 14.05.2008-ci il tarixli, 75 nömrəli sərəncamı, təsdiq edilmiş eskiz layihə, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-2(84)-39/2017 nömrəli 09.06.2017-ci il tarixli qətnaməsinə əsasən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" QSC BOKT-nin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilən 19.04.2018-ci il tarixli, **********22-05301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasport”unun təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 04.12.2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 (yeni qaydalarla: Zaqatala şəhəri, Azərbaycan prospekti 140, 142) ünvanında yerləşən çoxmənzilli yaşayış binası "xxxx" ASC-nin mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 24.04.2018-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" ASC BOKT-nin xüsusi mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 (yeni qaydalarla: AZ 6202 Zaqatala şəhəri, Azərbaycan prospekti, 140, 142) ünvanında 0.984 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5540.20 kv.m olan çoxmərtəbəli yaşayış binası Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 23.05.2018-ci il qeydiyat tarixli, ********** qeydiyyat nömrəli, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»ın təsdiq olunmuş surətindən müəyyən olunur ki, "xxxx" ASC-nin xüsusi mülkiyyətinə verilmiş Zaqatala şəhəri, Azərbaycan prospekti, 108 (yeni qaydalarla: AZ 6202 Zaqatala şəhəri, Azərbaycan prospekti, 140, 142) ünvanında 0.984 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 5540.20 kv.m olan çoxmərtəbəli yaşayış binası Daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Sənaye Korporasiyası ASC-nin və "xxxx" QSC BOKT-nin nümayəndələrindən ibarət Təhvil-Təslim Komissiyasının 04.09.2020-ci il tarixli, 28 nömrəli iclas protokolunun surətindən görünür ki, həmin iclasda seriya RX ******* nömrəli çıxarışa əsasən Zaqatala rayonu, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan Azərbaycan prospekti 140, 142) yerləşən ümumi sahəsi 5540.20 kv.m çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 11 nömrəli və ümumi sahəsi 110.67 kv.m olan, 3 otaqlı 12 nömrəli mənzilllər istisna olmaqla həmin bina üzrə qalan 5339.08 kv.m sahənin Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətinə verilməsi təsdiq edilmişdir. Qeyd olunan qərarla Zaqatala rayonu, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan Azərbaycan prospekti 140, 142) yerləşən ümumi sahəsi 5540.20 kv.m çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 90.45 kv.m olan 2 otaqlı 11 nömrəli və ümumi sahəsi 110.67 kv.m olan, 3 otaqlı 12 nömrəli mənzilllər istisna olmaqla həmin bina üzrə qalan 5339.08 kv.m sahə üzərində "xxxx" ASC-nin mülkiyyət hüququnun rəsmiləşdirilməsi və bununla bağlı yeni çıxarışların verilməsi üçün "xxxx" ASC tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməsi qərara alınmışdır. "xxxx" ASC-nin cavabdeh orqana ünvanladığı 28.09.2020-ci il tarixli məktubda qeyd edilir ki, Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 nömrəli Fərmanına əsasən, “Aqrarkredit" QSC-nin "xxxx" ASC-dən aldığı problemli aktivlərin əvəzində əldə etdiyi, Azərbaycan Respublikası ərazisində yerləşən və onun balansında olan əmlakın “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin (bundan sonra "xxxx" ASC) mülkiyyətinə verilməsinin təmin edilməsi üçün bu Fərmanın 9.1-ci bəndinə uyğun olaraq "xxxx" ASC-nin mülkiyyətinə veriləcək əmlakın müvafiq qaydada dövlət qeydiyyatının təmin edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə tapşırılmışdır. Eyni zamanda, sözügedən Fərmanın 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının “ASK ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədilə ASKASC-nin və “Aqrarkredit" QSC BOKT-nın nümayəndələrindən ibarət birgə Təhvil-Təslim Komissiyası yaradılmışdır. Təhvil-Təslim Komissiyasının 4 sentyabr 2020-ci il tarixli 28 nömrəli iclas protokolu ilə Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında yerləşən yaşayış binasının 6-cı blokunun 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv. m. olan 3 otaqlı 72 nömrəli mənzilin, hazırkı Azərbaycan prospekti 132, bina D, blok 7 ünvanında 7-ci mərtəbədə yerləşən ümumi sahəsi 110.67 kv.m. olan 3 otaqlı 12 nömrəli mənzilin 5 fevral 2011-ci il tarixli 2 nömrəli müqavilə əsasında "xxxx" MMC tərəfindən vətəndaş X2, o cümlədən Zaqatala şəhəri, Azərbaycan prospekti 108 ünvanında (yeni ünvan - Azərbaycan prospekti 142) yerləşən yaşayış binasının 4-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 207.44 kv.m. olan 5 otaqdan ibarət 11 və 12 nömrəli, hazırkı ünvan 15 ünvanında 7-ci mərtəbədə yerləşən, ümumi sahəsi 90.45 kv.m olan, 3 otaqlı 23 nömrəli mənzilin və ümumi sahəsi 110.67 kv.m. olan 3 otaqlı 24 nömrəli mənzilin 3 fevral 2010-cu il tarixli 1 nömrəli müqaviləyə əsasən İddiaçı satılması təsdiq edilmişdir. Qeyd olunanları nəzərə alaraq, Zaqatala şəhəri, Azərbaycan prospekti 132 və 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarına dair müvafiq qeydiyyatlar aparıldıqdan sonra “ASK" ASC-nin mülkiyyət hüququna dair yeni reyestrdən çıxarışların təqdim edilməsi xahiş edilir. Cavabdeh orqanın "xxxx" ASC-yə ünvanladığı 24.11.2020-ci il tarixli məktubda qeyd edilir ki, Zaqalala şəhəri, Azərbaycan prospekti, 132 və 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarında yerləşən “Alfa Construction“ MMC tərəfindən satılmış mənzillər çıxıldıqdan sonra yerdə qalan yaşayış binası üzərində “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışların verilməsinə köməklik göstərilməsi barədə 28 sentyabr 2020-c» il tarixli, 01-05-2020-0523 nömrəli məktuba Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Zaqatala şəhəri, Azərbaycan prospekti, 132 və 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08 dekabr 2017-ci il tarixli, 792s saylı Sərəncamına əsasən (Azerbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 nömrəli Fərmanı qüvvəyə mindikdən sonra “Aqrarkredit" QSC-nin “X4” ASC-den alınacaq problemli aktivlərin (borcların) əvəzində əldə edəcəyi onun mülkiyyətinə veriləcəyi əmlakı “ASK" ASC-nin mülkiyyətinə verilmişdir) (müraciətinizdə qeyd olunar) mənzillər də daxil olmaqla “Azərbaycan Sənaye Korporasiyası" ASC-nin mülkiyyətinə verilmiş və həmin binalar üzərində “X1” ASC-nin mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin, məktubunuza Zaqatala şəhəri, Azərbaycan prospekti, 132 və 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarının tərkibində yerləşən (müraciətinizdə qeyd olunan) mənzillərin özgəninkiləşdirilməsi barədə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, mehdudlaşdırılmasımn (yüklülüyünün və xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş sənədlərdən biri (notana qaydada təsdiqlənmiş müqavilə) əlavə olunmamışdır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudiaşdırıimasım (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, daşınmaz əmlakın dövlət reyestrində "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmış Zaqatala şəhəri, Azərbaycan prospekti, 132 və 142 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binalarında yerləşən (müraciətinizdə qeyd olunan) mənzillərin tərəfinizdən özgəninkiləşdirilməsi barədə notarial qaydada təsdiqlənmiş müqavilə ilə yenidən müraciət etdiyiniz təqdirdə məktubunuzda qeyd olunan məsələnin müsbət həlli məsələsinə baxıla bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilən 03.02.2010-cu il tarixli, 01 saylı müqavilədən tərəflər arasında tələbdə qeyd olunan mənzillərin alqı-satqısı aparıldığı görünsə də, qeyd olunan müqavilə ilkin müqavilə olmuş, həmin müqavilənin şərtlərinə görə "xxxx" MMC qeyd olunan bina və mənzillər üzərində mülkiyyət hüququnu qeydə aldırdıqdan sonra mənzillərin iddiaçının mülkiyyətinə verilməsinə dair öhdəlik götürmüşdür. Həmin müqavilə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsində qeyd olunan tələblərə cavab vermir. Belə ki, tərəflər arasında alqı-satqı notariat qaydasında aparılmamış, həmçinin 03.02.2010-cu il tarixli, 01 nömrəli müqavilə də notariat qaydasında təsdiqlənməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. Həmin Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə əsasən müqavilə bağlanan zaman qüvvədə olmuş daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Bundan başqa oxşar analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qərarında da kassasiya instansiyasının mövqeyi bu əsasda olmuşdur. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas ola bilməz. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(116)-946/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli, 2-1(116)-946/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar