Məhkəmə qərarları › İş №2-1(107)-41/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-41/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-41/2024 23.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “2ci dərəcə “Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1534/2023 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İİ dərəcə “Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2018- ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı eyni zamanda xx.xx.2022-ci il tarixdə eyni tələblə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1056/2023 saylı qərardadı ilə iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1782/2023 saylı qərardadı ilə, 2-1(116)-1782/2023 saylı inzibati iş 2-1(116)-1534/2023 saylı inzibati işə birləşdirilmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. xx.xx.1993-cü ildə aldığı xəsarətlərlə bağlı xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik Qərarı ilə təmin edilmişdir. Bir çox vaxtlarda o, tibb müəssiəbrində müayinə və müalicələrdə olmuşdur, səhətində olan ağır xəstəliklərlə bağlı ona əlillik təyin edilməsi üçün tibb müəssiəsinin xx.xx.2018-ci il tarixli göndərişi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə müraciət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona İİ dərəcə müddətsiz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik təyin edilmişdir. Bu məqsədlə ona xx.xx.2018-ci ildən etibarən pensiya və təqaüd təyin edilmiş və ödənilmişdir. Lakin, xx.xx.2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspet Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron sistemə baxarkən ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən ona təyin edilmiş müddətsiz əlillik müdaxilə edilərək xx.xx.2023-cü ilədək təyin edilməsi göstərilmişdir. Onun əlilliyinin müddəti əsassız olaraq dəyişdirilmişdir, çünki, o, əvvəl qiymətləndirilmiş və ona müddətsiz əlillik təyin edilmişdir, hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin ona qarşı etdiyi haqsızlıq tam əsassızdır

5. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı 39 nömrəli şəhər poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” Gözdən əlilliyi olan şəxs; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J95- J99 - Tənəffüs orqanlarının digər xəstəlikləri => J96 - Başqa rubrikalarda təsnif edilməyən tənəffüs çatmamazlığı => J96.1 - Xroniki respirator çatmamazl...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Qarnın və döş qəfəsinin dəlib keçən,sol ss idin kor güllə yaralanmasından vəziyyət, Döş qəsinin yaralanmasından sonra ağciyərlərə nifuz edən güllə yaralanması,sol saidin arxa səthinin və döş qəfəsinin yad cismi. Üzvi mənşəli emosional labil [astenik] pozuntu, Kəskin asteno nevrotik sindrom. Xroniki respirator çatmamazlıq, Ağ ciyərlərin funksiyasının əhəmiyyətli dərəcədə pozulması.Tənəffüs çatmamazlığı İİ dərəcə ,xroniki obstruksiya xəstəliyi. İkincili hipertenziya, Arterial hipertenziya İİİ mərhələ əlavə risk faktoru İV. Fon retinopatiyaları və retinal damar dəyişiklikləri, OU hipertonik angiopatiya. Ürəyin xroniki işemik xəstəliyi, Ü.İ.X. Stenokardiyanın digər formaları, Gərginlik stenokardiyası F.S-İİİ. Ürək çatmamazlığı, Xroniki koronar çatmamazlıq İİİ. Ürəyin aterosklerotik xəstəliyi, Aterosklerotik kardioskleroz; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9J35-J37.1 J41...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2018-ci il tarixdə olmuş və ona 5 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2023-cü il tarixdə əliliik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 31 oktyabr 2023-cü il tarixli 2- 1(116)-1534/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-1534/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-1534/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin tərkibində fəaliyyət göstərən Həkim Məsləhət Komissiyasına müraciət edən vətəndaşların qeydiyyatı aparılan jurnalda İddiaçı 2018-ci ildə müraciəti ilə bağlı heç bir qeydiyyat aşkar edilməmişdir. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 4326003AAA44 nömrəli Tibbi Sosial Ekspert Komissiyasına Göndəriş vərəqəsində qeyd edilmiş HMK-nın həkimləri “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində çalışmamışdırlar. - Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş İddiaçı üçün ətraflı qiymətləndirmə məlumatından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - Məhkəmə kollegiyasının 18 mart 2024-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 6 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaşa məxsus müayinə məlumatları arasında ziddiyətin mövcud olması e-sosial platformasında əlillik təyinatı ilə bağlı bildiriş alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin: 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “ Elektron sənədlərin mübadiləsi” Qaydası : 5.1. Elektron sənədin yoxlanılması elektron imza vasitələrindən istifadə edilməklə, aşağıdakı mərhələlər üzrə aparılır: 5.1.1. elektron sənədin müəyyən olunmuş formaya uyğunluğu və zəruri rekvizitlərə malik olmasının yoxlanılması; 5.1.2. elektron sənəddəki elektron imzanın həqiqiliyinin yoxlanılması. 5.2. Elektron imzanın həqiqiliyi “Elektron imzanın yoxlanılma Qaydası” na uyğun olaraq yoxlanılır. 5.3. Elektron sənədin yoxlanılmasının müsbət nəticələndiyi halda o, icraya qəbul edilir və ya əlavə emala verilir. 5.4. Elektron sənədin yoxlanılmasının mənfi nəticəsi münaqişəli hal hesab olunur və tərəflər arasında razılaşdırılmış qaydada həll edilir.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı mübahisə iddiaçının ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcə müddətsiz əlilliyin cavabdeh tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində müddətli olaraq dəyişdirildiyinə dair iddiası əsasında yaranmışdır. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində ona qeyd olunan tarixdə təyin olunmuş İİ dərəcə əlilliyin müddətsiz təyin olunduğu halda sonradan cavabdeh tərəfindən ALTsistemə müdaxilə edilərək beş illik müddətlə, yəni xx.xx.2023-cü il tarixində başa çatmaqla məhdudlaşdırıldığını bildirmişdir.

25. Birinci instansiya məhkəməsi mübahisələndirilən göndərişi təqdim edən Bakı şəhəri 39 nömrəli şəhər poliklinikasına sorğu verilmişdir. Sorğu nəticəsinədə iddiaçının müraciəti əsasında poliknlinakada,cərarahi kabinetdə, HMK-nin qeydiyyat jurnalında və arxivdə hər hansı qeydiyyat aparılmadığı bildirilmişdir.Məhkəməyə əlillik altsistemindən hazırkı vəziyyətə dair çıxarış göndərilmişdir.

26. Verilmiş sorğuya əsasən “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərdən də iddiaçıya xx.xx.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcə əlilliyin xx.xx.2023-cü il tarixində başa çatdığı qeyd olunan məlumat göndərilmişdir.

27. Cavabdeh inzibati orqana verilmiş sorğulara əsasən TSERA-nın TSEK-in xx.xx.2018-ci il tarixli xxxxxxx0003 saylı qərarı məhkəməyə təqdim edilmişdir.Həmin qərarda iddiaçıya xx.xx.2018-ci il tarixdə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcə əlilliyin təyin edildiyi, xx.xx.2023-cü il tarixinədək qüvvədə olduğu əks olunmuşdur.

28. Məhkəmə araşdırması zamanı iddiaçının təqdim etdiyi əlillik altsistemindən çıxarışın mötəbərliyini sübut edən sənəd aşkar olunmamış,həmin sənədin həqiqiliyinin yoxlanılması mümkün olmamışdır. Əldə olunan çıxarışlar əliliyin beş il müddətinə təyin olunmasını sübut etmişdir.

29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən ona “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” xx.xx.2018-ci il tarixdə təyin edilmiş İİ dərəcə müddətsiz əlilliyin cavabdeh tərəfindən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində müddətli olaraq dəyişdirilməsi faktını araşdırılmaması təşkil edir.

30. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu edilmiş və 6 aprel 2024-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, vətəndaşa məxsus müayinə məlumatları arasında ziddiyətin mövcud olması e-sosial platformasında əlillik təyinatı ilə bağlı bildiriş alan vətəndaşların şəxsi kabinetlərində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydinin düşməsi sistemdə mövcud olan texniki qüsur səbəbi ilə əks olunmaqda idi və vətəndaş İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin sistemdən çıxarıldığı dövr qeyd edilmiş problemin davam etdiyi müddəti əhatə etmişdir.

31. Göründüyü kimi iddiaçının əlillik vəziyyəti 39 nömrəli şəhər poliklinikasının 4326003AAA44 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2023-cü ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır.

32. Əlillik təyinatının aparıldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin edildiyi halda əlillik müddətsiz müəyyən edilir. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 4.2-ci bəndinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 (on) il müddətində müəyyən olunduğu halda, həmçinin fərqli faiz aralıqları üzrə həmin Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya dair aparılmış əlillik təyinatı ilə bağlı müddətlər qanunvericilikdə müddətsiz əlilliyin təyin edilməsi ilə bağlı müəyyən edilən yuxarıdakı şərtlərə uyğun gəlməmişdir. Yalnız texniki nöqsan nəticəsində iddiaçının esosial platformasında əlillik təyinatı ilə bağlı şəxsi kabinetində “Əlillik müddəti” bölümündə “Müddətsiz” qeydi əks olunmuşdur.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

35. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya X2rşı “2-ci dərəcə “Azərbaycan Respublikasının Ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” müddətsiz əlilliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemində xx.xx.2018-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli 2-1(116)-1534/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar