Məhkəmə qərarları › İş №2-1(107)-41/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-41/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-41/2025 15.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-430/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “iddiaçı 60 yaş tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının əmək pensiyasının xx.xx.2022-ci il tarixdən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə qəbul edilmişdir.

3. İddia ərizəsinə əsasən iddiaçı xx xxx 1961-ci ildə Yevlax rayonu Havarlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra xx.xx.1979-cu il tarixdən “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda formasız texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexində zərərli iş şəraitində işləməklə şpris maşının köməkçisi şagirdi qəbul edilmişdir. xx.xx.1979-cu ildə Sovet Ordusu sıralarına xidmətə çağırıldığı üçün işdən azad olunmuş, ordu sıralarından təxris olunduqdan sonra xx.xx.1981-ci il tarixdən həmin zavodun Mexaniki Təmir Sexinin ventilyasiya sahəsinə zərərli iş şəraitində işləməklə təmirçi çilingər işinə qəbul edilmişdir. xx.xx.1981-ci il tarixdən 2 dərəcə, xx.xx.1982-ci il tarixdən 3 dərəcə, xx.xx.1982-ci il tarixdən 4 dərəcə almaqla iş fəaliyyətini davam etdirmişdir. xx.xx.1982-ci ildə öz ərizəsi ilə həmin zavoddan işdən çıxmışdır. “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunun bazasında 2001-ci ildə “X6” ASC yaradılmışdır. “X6” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 303 saylı arayışdan görünür ki, iddiaçı həmin müəssisədə 09 ay 18 gün güzəştli iş stajı əldə etmişdir. 1982-ci ildən 1993-cü ilə kimi əmək failiyyətini dayandırmamış, müəyyən işlərdə işləmişdir, ancaq güzəştli iş stajına aid deyil. xx.xx.1993-cü ildə "xxxx" Müəssisəsinin Gəncə sahəsində Yüksək Gərginlikli 1 lava açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı ildə X5 və Avtomatikasının təmiri və quraşdırılması sahəsinə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir.

4. xx.xx.2002-ci ildə "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X2 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmiş və xx.xx.2008-ci ildə əmək müqaviləsinə xitam verilib. xx.xx.2010-cu ildən "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X8 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmiş, xx.xx.2012-ci ildə Sumqayıt Texnologiyaları Parkında Ağır Maşınqayırma Departamentinin 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş və xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi zərərli iş şəraitində işlədiyi üçün İddiaçı xx.xx.1993-cü ildən xx.xx.2012ci ilədək işlədiyi müddətdə Əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Bundan sonra xx.xx.2012-ci il tarixdən Sumqayıt Texnologiyaları Parkı MMC-də Ağır Maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir şöbəsinin X8 açarları bölməsinə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə təyin edilmişdir. xx.xx.2013-cü il tarixdən peşəsi və dərəcəsi saxlanılmaqla həmin sahənin elektrik mühərrikləri, generator və hava açarlarının təmiri sahəsini keçirilmişdir. xx.xx.2015ci il tarixədək həmin sahədə işləmiş, xx.xx.2015-ci il tarixdən “Azərbaycan İES-nin MMCnin Elektrik sexinin APQ-330-500 kv-luq paylayıcı qurğunun avadanlıqlarına xidmət və təmir edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğunun avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsinə təyin edilmişdir, xx.xx.2022-ci il tarixdən hal-hazıradək yeni təşkilatı struktura əsasən həmin sexin “330, 500 kv-luq APQ-də paylayıcı qurğuların avadanlıqlarına və 20÷500 kv gərginlikli avadanlıqlara xidmət edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğuların avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləyir. Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina etmişidir.

5. Cavabdeh orqan birinci instansiya məhkəməsinə təqdim olunmuş iddia tələbinə etirazı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifələri nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları tutduğu, vəzifəyə və malik olduğunuz peşəyə görə gördüyünüz işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yeri arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 9 sentyabr 2020-ci il tarixli 01- 7P/525 nömrəli arayışında xx.xx.1993-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2008-ci il və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində iddiaçının elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla müəyyən edilmiş Siyahı üzrə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyil. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsinə və iş materiallarına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 may 2024-cü il tarixli 2- 1(116)-430/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 01-7P/525 nömrəli arayışında xx.xx.1993-xx.xx.2002ci il, xx.xx.2002-xx.xx.2008-ci il və xx.xx.2010-xx.xx.2012-ci il tarixləri arasındakı dövrlər ərzində "Azərenerjisazlama” X1 Hava Açarlarının təmiri sahəsinin Gəncə sahəsində, "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin Mingəçevir qrupunun Bölüşdürücü qurğularında və "xxxx" ASC-nin Energetik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir Sahəsində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyil. Həmçinin bildirilmişdir ki, qeyd edilən dövrlərin güzəştli iş stajına daxil edilməməsi ilə bağlı Azərbaycan Respbulikasının Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli 2-1(112)-4050/2021 nömrəli qərarı mövcuddur. Bundan başqa “Azərbaycan İstilik Elektrik Stansiyası"nın xx.xx.2021-ci il tarixli 07-36 nömrəli arayışında xx.xx.2015-ci il tarixdən bugünədək “Azərbaycan İES”nın Elektrik Sexində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının işlədiyi Elektrik Sexi yuxarıda qeyd olunan qazanxana, turbin (buxar-qaz turbini) avadanlanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət sahəsinə uyğun deyil. Əlavə olaraq bildirilmişdir ki, "X6” ASC-nin xx.xx.2020-ci il tarixli iddiaçıya dair arayışında xx.xx.1981-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması barədə məlumatlar əks olunmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-430/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-430/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)- 430/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. ИТ seriyalı ******* nömrəli Əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçı 1979-ci ildə əmək fəaliyyətinə başlamış, müxtəlif müəssisələrdə işləmişdir.Onun işlədiyi müəssisələr aşağıdakı kimidir: a. xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexində şpris maşının köməkçisi şagirdi vəzifəsində işləmişdir. b. xx.xx.1981-ci il tarixdən xx.xx.1982-il tarixədək“Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda Mexaniki Təmir Sexinin ventilyasiya sahəsinə təmirçi çilingər vəzifəsinin müxtəlif dərəcələrində çalışmışdır. c. xx.xx.1993-cü ildən xx.xx.2002-ci il tarixdək "xxxx" Müəssisəsinin Gəncə sahəsində Yüksək Gərginlikli 1 lava açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü və 4-cü dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. d. xx.xx.2002-ci ildən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X2 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. e. xx.xx.2010-cu ildən xx.xx.2012-ci il tarixədək "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X8 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. f. xx.xx.2012-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Sumqayıt Texnologiyaları Parkı MMC-də Ağır Maşınqayırma zavodunun Turbin təmiri sexinin Mingəçevir təmir şöbəsinin X8 açarları bölməsinə 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləmişdir. g. xx.xx.2015-ci il tarixdən hal-hazıradək Yeni təşkilatı Struktura əsasən həmin sexin “330, 500 kv-luq APQ-də paylayıcı qurğuların avadanlıqlarına və 20÷500 kv gərginlikli avadanlıqlara xidmət edən briqadasında” 6-cı dərəcəli Paylayıcı qurğuların avadanlıqlarına xidmət edən elektrik çilingəri vəzifəsində işləyir.

2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu;

3. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.

4. "xxxx" ASC-nin xx.xx.2020-cİ il tarixli tarixli işin xarakteri haqqında arayışı.

5. xx.xx.2020-ci il tarixli Güzəştli Arayış.

6. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli işin xarakteri haqqında arayışı,

7. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışı.

8. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı,

9. İddiaçıya məxsus sosial arayış. 10.НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti; 11.Azərbaycan Respublikası Səfərbəqlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsi tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli 402 nömrəli arayış.

12. xx.xx.2009-cu il tarixli Əmək şəraiti üzrə iş yerinin atesstasiya xəritəsi TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

17. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

18. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-430/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır:

1. iddiaçı 60 yaşına çatmalıdır.

2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır.

3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

27. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir.

28. xx.xx.1979-cu il tarixdən iddia olunan xx.xx.2022-ci il tarixinədək müxtəlif müəssisələrdə çilingər, elektrik çilingəri vəzifəsində işləmişdir (güzəştli şərtlərlə iş stajı 20 ildən çoxdur).

29. İddiaçının xx.xx.1993-cü il tarixindən işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının Qərarının 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (2290000a—14612) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsində qeyd edilmişdir.

30. Həmçinin, iddiaçının xx.xx.2015-ci il tarixindən işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin qazanxana, turbin (buxarqaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri peşəsində nəzərdə tutulmuş və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)- 4050/2021 nömrəli qərarından görünür ki, həmin iş üzrə iddiaçının hüquqi marağı 57 yaşa çatması ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət olmuşdur. Hazıkı iddia tələbi isə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmasından ibarətdir. Göründüyü kimi hər iki iş üzrə iddiaçının tələbinin əsası fərqli olduğundan məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

32. Bununla yanaşı cavabdeh apellyasiya şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-669/2024 nömrəli qərarına istinad edərək göstərmişdir ki, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər.

33. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı Ali Məhkəmənin aşağı instansiya məhkəmələrinə göndərdiyi icmal məktubda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.

34. Belə ki, iş materiallarına əlavə edilən iddiaçının işlədiyi müəssisələrdən verilmiş iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu əks etdirən iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri haqqında güzəştli arayışlar icmal məktubda qeyd olunan tələblərə cavab vermişdir.

35. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli iş stajına daxil edilməli olan müddət 20 ildən çoxdur və bu müddət qanunvericilikdə tələb olunan 12 il 06 ay müddətdən artıq olduğundan digər dövrlərə münasibət bildirilməsinə zərurət qalmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçı 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olduğundan, həmçinin, tələb olunan yaş həddinə çatdığından iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2022-ci ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1961-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

37. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan dövrlər üzrə İddiaçı güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının hesablanmasından imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli 2-1(116)-430/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar