Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-410/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “torpaq islahatı zamanı İddiaçı Zaqatala rayonunun Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olması üçün həmin torpaq sahələrinə çıxarışların tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)- 108/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq islahatı zamanı İddiaçı Zaqatala rayonunun Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının mümkün olması üçün həmin torpaq sahələrinə çıxarışların tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə, torpaq islahatı zamanı iddiaçı və ailə üzvlərinin adına Zaqatala rayonu Uzunqazmalar kəndindən 3166 kv.m, 2701 kv.m, 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahələri və 0,28 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2009-cu il tarixdə 50 nömrə ilə uçota alınmış A seriyalı 208488 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 3166 kv.m torpaq sahəsi ayrılmışdır. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala Rayon Şöbəsindən İddiaçı adına verilmiş Dövlət torpaq kadastrı kitabında xx.xx.2011-ci il tarixdə 325 nömrə ilə uçota alınmış A seriyalı 372925 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli 110 nömərli qərarı ilə ona kənd təsərrüfatı məhsullarının istehsalı üçün Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 2701 kv.m torpaq sahəsi ayrılmışdır. Belə ki, torpaq sahələrinə çıxarış əldə etmək istəyərkən müəyyən olundu ki, Zaqatala rayonu Uzunqazmalar kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə və 0,28 ha həyətyanı torpaq sahəsinə dair iddiaçının adına qanunvericiliklə nəzərdə tutulmuş müvafiq sənəd (torpaq sahəsinin planı və ölçüsü və yaxud torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) tərtib edilməmişdir. Məlumat üçün bildirilir ki, torpaq islahatından hal-hazıradək həmin torpaq sahələri iddiaçının istifadəsindədir. Torpaq sahələrinin vergisini ödəyir.
3. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********62 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsinin 18 saylı Zaqatala ərazi idarəsində Zaqatala rayonu, Uzunqazmalar kəndində aparılmış torpaq islahatı nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş torpaq sahələrinə dair siyahılarda (DBF siyahısı) Zaqatala rayonu, Uzunqazmalar kəndində yerləşən iddiaçının istifadəsində olan pay torpaq sahəsinin (fındıq bağı) iddiaçı və ailə üzvlərinə verilməsi barədə hər-hansı bir məlumat aşkar edilməmişdir. Ərizəyə əlavə edilmiş “Təhkim aktı” qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədlər deyildir. Odur ki, ərizəyə əlavə etdiyi “Təhkim aktı” torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd olmadığından və X1 qərarı ilə təsdiq edilmiş torpaq sahəsi almış şəxslərin siyahısında qeyd olunan torpaq sahələrinin iddiaçı və ailə üzvlərinə verilməsi barədə hər-hansı bir məlumat aşkar edilmədiyi üçün sözügedən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması mümkün olmamışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək iddianı geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişd.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs Zaqatala rayonunun Aşağı Çardaxlar bələdiyyəsinin sədri X5 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxslər X2 və X3 ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 may 2023-cü il tarixli 2- 1(116)-108/2023 nömrəli qərardadı ilə iddia geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ərizənin mahiyyəti ona aydın olmamışdır. O, iddia ərizəsinin baxılmasını istəyir. Uzun illərdir ki, bu işin dalınca düşmüşdür. Məhkəmədə ona ərizəsinin (məhkəmədə tərtib edilmiş) mahiyyəti açıq formada izah olunmamışdır. Ərizəsi onun iradəsinə zidd yazılmışdır. Onun iddia ərizəsinə dair nə geri götürülməsi, nə də ki iş üzrə icraata xitam verilməsi barədə fikri olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)-108/2023 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
13. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Maddə 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3- cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir.
15. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X4 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır.... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir.
18. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edərək göstərmişdir ki, iddiaçı müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir.
19. İddiaçı isə apellyasiya şikayətində qeyd etmişdir ki, onun ərizəsi məhkəmədə tərtib edilmişdir. Həmçinin, məhkəmədə ona ərizəsinin mahiyyəti açıq formada izah olunmamış, onun iradəsinə zidd yazılmışdır. Onun iddia ərizəsinin geri götürülməsi və ya iş üzrə icraata xitam verilməsi barədə fikri olmamışdır.
20. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə prossesual normaların tətbiqində səhvə yol verildiyinə görə məhkəmə qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
21. Belə ki, iş materiallarından müəyyən olunur ki, hazırkı iş üzrə araşdırılma aparılmış, mütəxəssis rəyi verilmiş, həmin mütəxəssis rəynin verilməsi üçün nəzərdə tutulmuş xidmət haqqı olan 570 manat iddiaçı tərəfindən ödənilmişdir.
22. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində iddianı geri götürülməsi ilə bağlı ərizənin mahiyyətinin ona aydın olmaması, ərizənin mahiyyətinin açıq formada ona izah olunmaması, həmçinin, məhkəmə tərəfindən iş üzrə təyin olunmuş mütəxəsis rəyinin alınması və rəynin verilməsi üçün nəzərdə tutulmuş xidmət haqqı olan 570 manat pulun iddiaçı tərəfindən ödənilməsi onun iş üzrə icraatın davam etdirilməsində israrlı olmasına və marağının olmasına dəlalət edir.
23. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə İPM-in 13-cü, 12-ci və 48-ci maddələrinin tətbiqində səhvə yol verilmişdir.
24. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.
25. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)-108/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.