Məhkəmə qərarları › İş №2-1(107)-410/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-410/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-410/2024 02.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)- 1250/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1250/2024 saylı qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 29 noyabr 1990-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X1 vərəsəsi X6 mülkiyyətinə keçmişdir. 03 noyabr 1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 fərdi yaşayış evini X2. Vəfa Əliyeva isə 07 may 1997-ci il tarixdə Göyçay rayon 1 saylı DNK-da təsdiq edilmiş 3m/25 saylı alqı-satqı müqaviləsi əsasında sözügedən fərdi yaşayış evini iddiaçıya satmışdır. Həmin fərdi yaşayış evini aldıqdan sonra təmir-bərpa işləri aparılmış və yeni görkəm verilmişdir. Bundan sonra Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə mülkiyyətinə verilmiş 543,22 kv.metr torpaq sahəsinin plan və ölçüsünü əks etdirən kadastr planı, fərdi yaşayış evində aparılmış dəyişikliklərin rayon İcra Hakimiyyəti başçısının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış layihəsi, Göyçay rayon icra Başçısının Göyçay şəhəri üzrə inzibati ərazi nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 157 saylı arayışı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nın 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilərək, çıxarış verilməsi xahiş edilmişdir. Müraciəti əsasında yeni çıxarış və plan ölçü sənədi verilmişdir. Sözügedən fərdi yaşayış evini 1997-ci ildə aldıqdan sonra, ailə üzvləri ilə (övladları ilə) birlikdə həmin evə köçərək, hal-hazıradək yaşayır. X4 3-cü şəxs X10 ilə ailə qurmuşdur. Onlar bir müddət onun mülkiyyətində olan evdə birgə yaşamışlar. 3-cü şəxsi evinə qeydiyyata saldırmışdır. Oğlu Fərhadla 3-cü şəxs Gülşən Məmmədovanın birgə nikahından 1 övladı doğulmuşdur. 3-cü şəxslə oğlunun xasiyyətləri uyğun gəlmədiyindən, nikahları məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra 3-cü şəxs Gülşən Məmmədova şəxsi və cehiz əmlaklarını götürərək, yaşamaq üçün valideynlərinə məxsus evə getmişdir. Bir müddət valideynləri ilə yaşayan Gülşən, sonradan başqa şəxslə ailə həyatı quraraq, ərinin yaşadığı ünvana köçmüşdür. Lakin bu günədək evindən qeydiyyatdan çıxmamışdır və qeydiyyatı formal olaraq qalmışdır. 3-cü şəxs ona məxsus yaşayış sahəsində qeydiyyatda olsa da, onun həmin daşınmaz əmlaka istifadə hüququ yaranmamışdır, qeydiyyatı formal xarakter daşıyır və onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur. Mülkiyyətində olan mənzildən üçüncü şəxs X5 pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasından imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu barədə xx.xx.2023-cü il tarixli imtina xarakterli məlumat məktubu göndərmişdir. Üçüncü şəxs Gülşən Məmmədova onun xüsusi mülkiyyətində olan Göyçay şəhəri Ş.Qurbanov küçəsi əvvəl 24, hazırda 14 ünvanda qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır. Göründüyü kimi, üçüncü şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması üçün qanuni əsas mövcuddur ki, cavabdeh üçüncü şəxs Gülşən Məmmədovanı qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərini pozmuşdur.

4. Üçüncü şəxs iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tələbini onu evinə qeydiyyata saldırması, ona məxsus yaşayış sahəsində qeydiyyatda olsa da, daşınmaz əmlaka istifadə hüququnun yaranmaması, qeydiyyatının formal xarakter daşıması və onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozması ilə əsaslandırmış, tələbinin hüquqi əsası kimi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə istinad etmişdir. Halbuki o, oğlu Aqşinlə birlikdə iddiaçının mülkiyyətində olan evə məhkəmə qətnaməsi əsasında yaşayış sahəsindən istifadə huququ verilməklə köçürüldükdən sonra qeydiyyata alınmışdır. Belə ki, o 12 iyun 2001-ci il tarixdə iddiaçının X4 ilə Göyçay rayon qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş və həmin vaxt iddiaçının istifadəsində olan ünvan 3 ünvanda yerləşən evə köçmüşdür. Uzun illər həmin evdə yaşasa da, qeydiyyatda valideynlərinin Göyçay şəhəri Z.Tağıyev küçəsi 72 saylı binada yerləşən 30 saylı mənzilində olmuşdur. İddiaçı 2008-ci ildə onu və oğlunu yaşadığı evdən çıxarmış və o, oğlu X16 ilə birlikdə İddiaçı mülkiyyəti kimi 02 dekabr 2011-ci il tarixdə qeydə alınmış ünvan 4 ünvanda yerləşən evə köçürülməyinə və həmin evin yaşayış sahəsindən onlara istifadə hüququnun verilməsinə dair iddia ilə Göyçay rayon Məhkəməsinə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsi 03 may 2012-ci il tarixli qətnaməsi ilə iddianı rədd etsə də, Şəki Apellyasiya Məhkəməsi 30 avqust 2012-ci il tarixli qətnamə ilə iddianı təmin etmiş, ona və oğluna İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ vermiş və onların həmin evə köçürülməsi barədə qətnamə çıxarmışdır. Həmin qətnamə icra olunmuş və onlar 08 fevral 2013-cü il tarixdə İddiaçı mülkiyyətində olan evə köçmüşlər. Şəki Apellyasiya Məhkəməsinin 30 avqust 2012-ci il tarixli 2(107)-534/2012 saylı qətnaməsinin təsdiq olunmuş surətini Cavabdehnə göndərərək oğlu ilə özünün onlara yaşayış sahəsindən istifadə hüququ verilmiş evə qeydiyyata alınmasını xahiş etmiş və bundan sonra iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınmışlar. Lakın, iddiaçı onlara mübahisəli evdə yaşamağa imkan verməmişdir və o, həmin vaxt azyaşlı oğlu ilə birlikdə kirayə yaşamağa məcbur olmuşdur. Göründüyü kimi, iddiaçı ilə onların arasında mənzil münasibətləri mövcud olmuşdur və onunla oğlunun iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ var.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il tarixli DƏDRX-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının tam xüsusi mülkiyyətindədir. - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(107)- 534/2012 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X13 və nümayəndəsi X7 apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçı X13 və uşağı X14 Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280,8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ verilmiş və onların həmin evə köçürülməsi barədə yeni qətnamə çıxarılmışdır.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 aprel 2024-cü il tarixli 2- 1(116)-1250/2024 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxs X5 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, üçüncü şəxsin sözügedən yaşayış sahəsində əmlak hüququ mövcuddur. Odur ki, iddiaçı, arzuladığı məqsədə nail olmaq üçün özünə məxsus yaşayış sahəsindən üçüncü şəxsin istifadə hüququnun itirilməsinə (xitam verilməsinə) dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etməlidir. Müraciəti müsbət həll olunduğu halda üçüncü şəxslər həmin qətnamə əsasında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılacaqlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən (Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2023-cü il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilmiş və iddiaçının dinlənilmə hüququ təmin edilmişdir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(116)-1250/2024 nömrəli qərardadının ləğv edilməsi, iddia tələbinin mümkün sayılması və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(116)-1250/2024 saylı qərardadını qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, işə baxan məhkəmə maddi hüquq normalarını pozmuş, hüquq normalarını işin hallarına uyğun olaraq düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci i! tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında' Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İşin faktiki hallarından görünür ki, 29 noyabr 1990-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X1 vərəsəsi X6 mülkiyyətinə keçmişdir. 03 noyabr 1992-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 fərdi yaşayış evini X2. Vəfa Əliyeva isə 07 may 1997-ci il tarixdə Göyçay rayon 1 saylı DNK-da təsdiq edilmiş 3m/25 saylı alqı-satqı müqaviləsi əsasında sözügedən fərdi yaşayış evini ona satmışdır. Həmin fərdi yaşayış evini aldıqdan sonra tərəfindən təmir-bərpa işləri aparılmış və yeni görkəm verilmişdir. - Bundan sonra tərəfindən - Göyçay rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə mülkiyyətinə verilmiş 543,22 kv.metr torpaq sahəsinin plan və ölçüsünü əks etdirən kadastr planı, fərdi yaşayış evində aparılmış dəyişikliklərin rayon İcra Hakimiyyəti başçısının Memarlıq və Tikinti Şöbəsi ilə razılaşdırılmış layihəsi, Göyçay rayon icra başçısının Göyçay şəhəri üzrə inzibati ərazi nümayəndəliyinin xx.xx.2011-ci il tarixli 157 saylı arayışı əsasında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nın 16 saylı Ucar Ərazi idarəsinə müraciət edilərək, çıxarış verilməsi xahiş edilmişdir. Müraciəti əsasında xx.xx.2011-ci il tarixdə yeni çıxarış və plan ölçü sənədi verilmişdir. Sözügedən fərdi yaşayış evini 1997-ci ildə aldıqdan sonra, ailə üzvləri ilə (övladları ilə) birlikdə həmin evə köçərək, hal-hazıradək yaşayır. X4 3-cü şəxs X10 ilə 2001-ci ildə ailə qurmuşdur. Onlar bir müddət onun mülkiyyətində olan evdə birgə yaşamışlar. Oğlu Fərhadla 3-cü şəxs Gülşən Məmmədovanın birgə nikahından 1 övladı doğulmuşdur. 3-cü şəxslə oğlunun xasiyyətləri uyğun gəlmədiyindən, nikahları məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan sonra 3cü şəxs Gülşən Məmmədova şəxsi və cehiz əmlaklarını götürərək, yaşamaq üçün valideynlərinə məxsus evə getmişdir. Gülşən Məmmədova sonradan mənzildən istifadə hüququnun tanınması və azyaşlı övladı ilə mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə mahiyyəti üzrə baxılaraq iddia rədd edilmiş, G.Məmmədova birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş, nəhayət Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 30 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 3-cü şəxsə və oğluna onun mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ verilmiş və onların həmin evə köçürülməsi qət edilmişdir. Apellyasiya Məhkəməsinin qətnaməsi icra edilməsi üçün Cavabdehnə göndərilmiş, 3-cü şəxs və oğlu onun mülkiyyətində olan mənzilə qeydiyyata alınmışlar. Lakin, 3-cü şəxs və övladı məhkəmə qətnaməsi qəbul olunandan sonra da mübahisəli evdə yaşamamışlar. Belə ki, bir müddət valideynləri ilə yaşayan Gülşən, sonradan başqa şəxslə ailə həyatı quraraq, yeni ərinin yaşadığı ünvana köçmüşdür. Lakin bu günədək 3-cü şəxs evindən qeydiyyatdan çıxmamışdır və qeydiyyatı formal olaraq qalmışdır. 3-cü şəxs ona məxsus yaşayış sahəsində qeydiyyatda olsa da, qeydiyyatı formal xarakter daşıyır və onun mülkiyyət hüququnu əhəmiyyətli dərəcədə pozur. Mülkiyyətində olan fərdi yaşayış evindən üçüncü şəxs X5 pasport qeydiyyatından çıxarılması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh inzibati orqan üçüncü şəxsin ona məxsus evdən qeydiyyatdan çıxarılmasından imtina edərək məhkəməyə müraciət etmək hüququnun olmasını izah etmiş, bu barədə xx.xx.2023-cü il tarixli imtina xarakterli məlumat məktubu göndərmişdir. İşin hallarından göründüyü kimi, 3-cü şəxslə arasında mübahisəli fərdi yaşayış evi ilə bağlı hüquq münasibəti xx.xx.2011-ci il tarixdə yaranmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi üçüncü şəxs Gülşən Məmmədovanın 2012-ci ildən, yəni Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2012-ci il tarixli qətnaməsi ilə mübahisəli fərdi yaşayış evinə istifadə hüququnun tanındığı vaxtdan hazırki vaxtadək 1 gündə olsun həmin evdə yaşamamasını, eləcə də 2016-cı il tarixdə Xəyal adlı şəxslə rəsmi nikaha daxil olaraq, həmin ildən hazırki vaxtadək sonuncuya məxsus evdə yaşamasını, yəni, yeni yaşayış sahəsinin olmasını, eləcə də yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasların olmasını nəzərə almamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə istinad edərək qəbul etdiyi qərardadı əsaslandırmağa çalışsa da nəticədə düzgün qənaətə gəlməmiş və nəticə də yuxarıda istinad olunan normativ hüquqi aktların tələblərini pozmuşdur. Beləliklə işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunvericiliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Üçüncü şəxs X10 apellyasiya şikayətinə qarşı etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddiaçının apellyasiya şikayətini qəbul etmir. Belə ki, o, 12 iyun 2001-ci il tarixdə iddiaçının X4 ilə Göyçay rayon qeydiyyat şöbəsində nikah qeyd etdirməklə evlənmiş və həmin vaxt iddiaçının istifadəsində olan ünvan 3 ünvanda yerləşən evə köçmüşdür. Uzun illər həmin evdə yaşasa da qeydiyyatda valideynlərinin Göyçay şəhəri Z.Tağıyev küçəsi 72 saylı binada yerləşən 30 saylı mənzilində olmuşdur. İddiaçı 2008-ci ildə onu və oğlunu yaşadıqları evdən çıxarmış və o, oğlu X16 ilə birlikdə İddiaçı mülkiyyəti kimi 02 dekabr 2011 -ci il tarixdə qeydə alınmış ünvan 4 ünvanda yerləşən evə köçürülmələrinə və həmin evin yaşayış sahəsindən onlara istifadə hüququnun verilməsinə dair iddia ilə Göyçay rayon Məhkəməsinə müraciət edib. Göyçay rayon məhkəməsi 03 may 2012-ci il tarixli qətnaməsi ilə iddiasını rədd etsə də, Şəki Apellyasiya Məhkəməsi 30 avqust 2012-ci il tarixli qətnamə ilə iddiasını təmin etmiş, ona və oğluna İddiaçı mülkiyyətində olan Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280.8 kv.m, yaşayış sahəsi 70.5 kv.m olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ vermiş və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarmışdır. Həmin qətnamə icra olunmuş və o, oğlu ilə birlikdə 08 fevral 2013-cü il tarixdə İddiaçı mülkiyyətində olan evə köçmüşlər. Şəki Apellyasiya Məhkəməsinin 30 avqust 2012-ci il tarixli 2(107)-534/2012 saylı qətnaməsinin təsdiq olunmuş surətini Cavabdehnə göndərərək oğlu ilə özünün onlara yaşayış sahəsindən istifadə hüququ verilmiş evə qeydiyyata alınmasını xahiş etmişdir və bundan sonra iddiaçının mülkiyyətində olan evə qeydiyyata alınmışlar. Göründüyü kimi, iddiaçı ilə onların aralarında mənzil münasibətləri mövcud olmuşdur və onunla oğlunun iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqları var. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. O və oğlu iddiaçının ərizəsi əsasında deyil, məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququ verildikdən sonra mübahisəli evə qeydiyyata düşdükləri üçün onların mübahisələrinə inzibati icraat qaydasında deyil, mülki icraat qaydasında baxılmalıdır. Yəni onunla oğlunun yaşayış sahəsindən istifadə hüquqları yalnız mülkiyyətçi tərəfindən kompensasiya verilməklə xitam verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmədən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(116)-1250/2024 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası da onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının: 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı).

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır, 27.2-ci maddəsinə görə isə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

15. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarda qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

18. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür.

20. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

21. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

22. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

23. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

24. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq.

25. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

26. İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı - keçmiş gəlini X5 həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır.

27. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(107)-534/2012 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X9 və uşağı X14 Göyçay şəhəri Şakərəm Qurbanov küçəsində yerləşən ümumi sahəsi 280,8 kv.metr, yaşayış sahəsi 70,5 kv.metr olan 3 otaqlı evə yaşayış sahəsindən istifadə hüququ verilmiş və onların həmin evə köçürülməsi barədə yeni qətnamə çıxarılmışdır.

28. Göründüyü kimi iddiaçının hazırkı iş üzrə iddia tələbi də “üçüncü şəxs X5 onun mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020ci il tarixli Qərarı ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirək qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdən qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir.

31. Hazırki iddianın mahiyyətindən də görünür ki, iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb edir. Birinci instansiya məhkəməsi isə iddia tələbini istifadə hüququnun itirilməsi (istifadə hüququna xitam verilməsi) əsası ilə qiymətləndirərək iddianı mümkün saymamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçının üçüncü şəxsin istifadə hüququna xitam verilməsi və ya həmin hüququn itirilmiş hesab edilməsi məzmununda tələbi olmamışdır. Məhkəmə də iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. Qanunvericiliyin tələbindən də görünür ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır. Həmçinin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

34. İddiaçının hazırki tələbi isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisə deyil. Eyni zamanda məhkəmə tərəfindən üçüncü şəxsin iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə əmlak hüquqlarının mövcud olması qənaətinə gəlinərsə onda bu hallar iddianın mümkün sayılmaması üçün deyil, iddianın rədd olunması üçün əsas olacaqdır.

35. Həmçinin qanunvericilikdə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslar konkret şəkildə müəyyən olunaraq bunun üçün altı hal nəzərdə tutulmuşdur.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

37. Məhkəmə kollegiyasi hesab edir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

38. Məhkəməyə müraciət etmək hüququ da bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.

39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tərəflər arasındakı münasibətinin mülki xarakterli mübahisə predmeti olması əsası ilə hazırkı iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, iddianın yenidən mümkünlüyü əsasları yoxlanılaraq müvafiq prosessual hərəkətlər həyata keçirilməlidir.

40. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

41. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

42. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

43. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1250/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apellyasiya şikayəti “iddianın mümkün sayılması” hissəsində təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar