Məhkəmə qərarları › İş №2-1(107)-411/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-411/2022

15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-411/2022 15.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı “Göyçay Rayon Çayarxı bələdiyyəsinin X2 olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarından üçüncü şəxs X5 hüquqi varisi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəl ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bundan sonra Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə X7 0.08 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 439 nömrəsi ilə qeydiyyata alınmışdır. Həmçinin, Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə X7 0.22 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Çayarxı Bələdiyyəsi ilə Məmməd Səfərov arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 438 nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X6 adına həmin torpaq sahələri ilə bağlı A seriyalı 212168 və A212167 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədləri tərtib edilmiş və X12 kitabında uçota alınmışdır. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.22 ha torpaq sahəsinə X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0.0801 ha torpaq sahəsinə X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı ASC cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çayarxı bələdiyyəsinin (hazırda Qarabaqqal bələdiyyəsi) X2 olduğu ümumilikdə 0.30 ha torpaq sahəsinin 2013-cü il tarixli qərarlarının etibarsız hesab edilməsini” xahiş etmişdir. Daha sonra birinci instansiya məhkəməsinin hüquqi yardımı əsasında iddiaçı, tələbini dəqiqləşdirərək cavabdehin X2 olduğu ümumilikdə 0.30 ha torpaq sahələrinin xx.xx.2007ci il tarixli 17 saylı qərarlarının ləğv edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-361/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi tələbini dəqiqləşdirərək cavabdehin X2 olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarla X1 torpaq sahələri uzun illərdir ki, iddiaçının qanuni istifadəsindədir. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir. Üçüncü şəxsin hüquqi varisi birinci instansiya məhkəməsinə ünvanladığı yazılı münasibətində iddianın mümkün sayılmamsını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - İşdə olan, Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəllər ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. İşdə olan, Göyçay Rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarından görünür ki, X7 0.08 ha və 0.22 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" lardan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,08 ha və 0.22 ha torpaq sahələri X6 adına qeydiyyata alınmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-24/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Göyçay Rayon Çayarxı bələdiyyəsinin X2 olduğu 0.08 ha və 0.22 ha torpaq sahələrinə dair xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Üçüncü şəxs X5 hüquqi varisi X4 İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs X5 hüquqi varisi X8 apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçıya müvafiq bələdiyyə qərarlarının mövcud olması uzun müddətdir ki, bəllidir və başqa məhkəmə proseslərində başqa iddialar ilə məhkəməyə müraciət edilmişdir və iddia tələbləri təmin edilməmişdir. Belə olan halda məhkəmə iddia müddətinin ötürülməklə verildiyindən hazırkı iddianı mümkünsüz saymalı idi. Həmçinin iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Məhkəmə iddiaçının iddiasının əsaslı olması ilə bağlı heç bir sübutu olmamağına, eyni zamanda iddianın verilməsi üçün iddia müddəti ötürülməyinə və iddianı verməkdə subyektiv hüquq olmamasında baxmayaraq iddianın təmin edilməsinə dair əsassız qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinin nümayəndəsi və üçüncü şəxs X5 hüquqi varisi X8 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası mübahisələndirmə haqqında iddia (İPM-in 2.2.1 və 32.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Cavabdeh birinci instansiya məhkəməsinə vermiş olduğu ərizədə və apellyasiya şikayətində iddianın əsassız olduğunu bildirsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini və subyektiv hüququnun olmamasını əsas gətirərək iddianın məhkəmə tərəfindən baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfin nümayəndəsi ərizə təqdim edərək Göyçay Rayon Çayarxı bələdiyyəsinin mübahisələndirilən 23 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarını hal-hazıra kimi almadığını bildirmişdir. Cavabdeh orqan isə həmin qərarın iddiaçı tərəfə təqdim edilməsini və ya göndərilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İşdən görünür ki, Göyçay Rayon Çayarxı bələdiyyəsinin mübahisələndirilən 23 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarı nəticə etibarı ilə İddiaçı ASC-nin maraqlarına toxunur. Bu isə onun iddia qaldırmaq üçün subyektiv hüququnun olduğunu əsaslandırır. Odur ki, məhkəmə kollegiyası cavabdeh tərəfin iddianın mümkün sayılmaması haqqında dəlilləri ilə razılaşmır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı hallara görə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı əsaslı hesab etmişdir. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin ikinci hissəsində deyilir ki, bələdiyyə ərazisinin hüdudları "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinin 9-cu bəndinə görə, dövlət müəssisə, idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılır. Həmin Qanunun 7-ci maddəsinin 1-ci hissəsində deyilir ki, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə, müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Sadalanan normalardan görünür ki, dövlət müəssisələrinin daimi istifadəsində olan torpaqlar dövlət mülkiyyətində saxlanılır və bələdiyyə mülkiyyətinə verilmir. İşdən göründüyü kimi, iddiaçı "xxxx" ASC-yə Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə 5 ha, xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarı ilə isə əlavə olaraq 1,33 ha torpaq sahəsi ayrılmışdır. X11 Rayonu Çayarxı Bələdiyyəsi tərəfindən satılmış torpaq sahələrinin həmin torpaq sahəsinin ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilmiş, cavabdeh tərəfindən təqdim edilmiş, xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarı ilə satılmış 0,08 və 0.22 ha torpaq sahələri ha torpaq sahələri elektron bazada 6.4 ha Dövlət mülkiyyətinə məxsus torpaq sahələrinin hüdudları daxilində yerləşir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsində deyilir ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə görə, qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.8-ci maddəsinə görə, başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Məhkəmə kollegiyası hesab edir ki, sadalanan normalara istinadən, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları X7 münasibətdə əlverişli inzibati aktlar olsalar da, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyündən qanunsuz olmaqla iddiaçının hüquqlarına, eləcə də dövlət maraqlarına ziyan vurur. Ona görə də iddia təmin edilərək, Göyçay Rayon Çayarxı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 nömrəli qərarları ləğv edilməlidir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır, üçüncü şəxsin hüquqi varisinin isə apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, üçüncü şəxsin hüquqi varisi apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X5 hüquqi varisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli, 2-1(116)-24/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar