Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-414/2021 28.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı hüquqi varisi X2, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1, Üçüncü şəxs Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Şəki Bələdiyyəsinin 30.05.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarına əsasən, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 178/30 nömrəli ünvanda yaşayan İddiaçı stomatoloji kabinet tikmək məqsədilə yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmışdır. Şəki Bələdiyyəsi ilə İddiaçı arasında 60 kv.m torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamışdır. İddiaçı stomatoloji kabinet tikmək üçün satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına A seriyalı 075433 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X13 kitabında 25.08.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır. "X16" MMC tərəfindən 15.05.2019-cu ildə "xxxx" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin direktoru M.Xəlilov tərəfindən imzalanmışdır. Göstərilən sənəd Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı Taleh Alxasov tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Sənəddə baş memarın imzalamasının və möhürlə təsdiq etməsinin tarixi yazılmamışdır. Bundan sonra, A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini 02.06.2020-ci ildə İddiaçı satmışdır. İddiaçı "Şəki Bələdiyyəsindən aldığı torpaq sahəsində 10 il əvvəl tikdiyi stomatoloji kabinetə dövlət reyestrindən çıxsrış verilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Bundan sonra, o, cavabdehə ərizə ilə müraciət edərək Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən 178 nömrəli binaya yaxın ərazidə inşa edilən stomatoloji kabinetin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 03.07.2020-ci il tarixli **********12 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. Daha sonra iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə 30.07.2020-ci il tarixli ərizə göndərərək, 90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, stomatoloji kabinet tikmək üçün 2007-ci ildə Şəki Bələdiyyəsindən 60 kv.m torpaq sahəsi almış və orada 90 kv.m torpaq sahəsində stomatoloji kabinet tikmişdir. Lakin indiyədək həmin tikilini sənədləşdirə bilməmişdir. Cavabdeh iddiaya qarşı 12.08.2020-ci il tarixli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmışdır. Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “90 kv.m torpaq sahəsi üzərində inşa etdiyi stomatoloji kabinetə olan mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. İş üzrə qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)1070/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2021-ci il tarixli, 2- 1(107)-159/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-1070/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2021-ci il tarixli, 2-1(107)-159/2021 saylı qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1304/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 may 2021-ci il tarixli, 2-1(107)- 159/2021 saylı qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. İş üzrə yuxаrıdа göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi Şəki Bələdiyyəsinin 30.05.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarına əsasən stomatoloji kabinet tikmək məqsədilə ona yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin satılması qərara alınmışdır. Şəki Bələdiyyəsi ilə aralarında 60 kv.m torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Ona satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına A seriyalı 075433 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X13 kitabında 25.08.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır. "X16" MMC tərəfindən 15.05.2019-cu ildə "xxxx" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin rəhbəri tərəfindən imzalanmışdır. Göstərilən sənəd Şəki Şəhər İcra Hakimiyyətinin baş memarı tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Bundan sonra A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini 02.06.2020-ci ildə ona satmışdır. Şəki Bələdiyyəsindən aldığı torpaq sahəsində 10 il əvvəl tikdiyi stomatoloji kabinetə olan hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh 03.07.2020-ci il tarixli **********12 nömrəli məktubla imtina edərək "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar olmadığına görə ərizənin icrasının mümkün olmadığını bildirmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. X17 Məhkəməsi də işə birtərəfli baxaraq yalnız cavabdeh tərəfin arqumentlərini əsas götürərək tələbini təmin etməmişdir. Qeyd etmək istəyir ki, işə birinci instansiya məhkəməsində baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunmamış və onun qanunla qorunmalı olan hüquqları pozulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının 29 oktyabr 2021-ci il tarixli qərardadı ilə X6 vəfat etmiş İddiaçı hüquqi varisi kimi tanınmışdır. Məhkəmə kollegiyasının 23 noyabr 2021-ci il tarixli qərardadı ilə Şəki şəhər İcra Hakimiyyəti iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı hüquqi varisi X6 apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X4 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)- 1070/2020 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şəki şəhər İcra Hakimiyyətinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsinə və iddia tələbinin təmin olunmasına heç bir etirazının olmadığını bildirdi. Əsaslandırma hissəsi: İPM-in 82-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, mahiyyət etibarı ilə əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Qeyd edildiyi kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası tərəfindən dəyişdirilmədən qüvvədə sаxlаnılmış, Ali Məhkəmənin İnzibati Kollegiyası isə iddiaçının kassasiya şikayəti əsasında apellyasiya kollegiyasının qərarını ləğv edərək işi təkrar apellyasiya baxışına qaytarmışdır. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Hazırkı iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2- 1(102)-1304/2021 saylı qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi tərəfindən iş üzrə araşdırma obyektiv araşdırma prinsipinin tələblərinə uyğun aparılmamış, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Apellyasiya məhkəməsi tərəfindən mübahisəyə dair qərarın qəbulu üçün ilkin şərtlər, yəni iddianın mümkünlük şərtləri tam yoxlanılmamışdır. Belə ki, iddianın mümkünlük şərtləri yoxlanılarkən apellyasiya məhkəməsi iddianın mümkünlüyünə dair bütün meyarların mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Konkret mübahisəyə münasibətdə apellyasiya məhkəməsi tərəfindən iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olub-olmaması araşdırılmalı idi. Konkret halda cavabdeh tərəfindən qeydiyyatdan imtina olunması ilə ən azı onun subyektiv hüququnun pozulması imkanı mövcud olmalıdır. Subyektiv hüquq şəxsin qanundan, qanun əsasında qəbul olunmuş inzibati aktdan və ya müqavilədən irəli gələn və başqalarından, o cümlədən inzibati orqandan nəyisə tələb etmək imkanını özündə ehtiva edən hüququdur. İddiaçı ərizəsində məhz həmin tələb hüququna istinad etməlidir. Baxılan mübahisədə tikinti obyektinin (qeyri-yaşayış binasının) tikinti qanunvericiliyi ilə müəyyən olunmuş müvafiq icazə alınmadan inşa olunduğunu və rəsmiləşdirilmədiyini, onun istismarına icazə verilmədiyini nəzərə alaraq, apellyasiya məhkəməsi digər mümkünlük şərtləri ilə yanaşı iddiaçının həmin tikinti obyektinin dövlət qeydiyyatına alınmasını tələb etmək hüququna malik olmasını araşdırılmadır. Həm də bu zaman nəzərə alınmalıdır ki, iddiaçının tikinti obyekti üzərində hər hansı hüququnun yaranması yalnız həmin obyekt tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq tikildiyi təqdirdə mümkündür. Bu səbəbdən, iddiaçının qaldırdığı iddia vasitəsi ilə özünün hüquqi vəziyyətini yaxşılaşdırmaq imkanı da qiymətləndirilməli və bununla bağlı hüquqi müdafiə ehtiyacının mövcud olması yoxlanılmalı idi. ...İddiaçı tərəfindən cavabdehə Şəki şəhər İcra Hakimiyyətinin baş memarı tərəfindən imza və möhürlə təsdiq olunmuş tikinti obyektinin layihəsinin, eyni zamanda tikinti obyektinin istismara yaralılığı barədə Şəki şəhər İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən tərtib olunmuş 25.01.2021-ci il tarixli aktın təqdim edildiyini nəzərə alaraq, Apellyasiya məhkəməsi mübahisə üzrə məhkəmə icraatı çərçivəsində mövcud tikinti obyektinin şəhərsalma və tikinti hüququ normalarına uyğun tikilib-tikilmədiyini, istismara yararlı olduğunu müəyyən etmək, habelə onu leqallaşdırmaq, həmin tikintiyə dair hüquqmüəyyənedici sənədlərin verilməsi imkanlarını araşdırmaq üçün tikintiyə və tikintinin istismarına icazə vermək səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanına sorğu verməli, onu dinləməli və onun həmin məsələ ilə bağlı mövqeyini öyrənməli idi. Qeyd edilən halların müəyyən olunması həmçinin növbəti məhkəmə mübahisəsinin qarşısının alınması və məhkəmə qənaəti prinsipi məqsədlərinə də xidmət edir. İddiaçının iddia ərizəsində tikinti obyektinin 2007-ci ildə, yəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edildiyini qeyd etməsinə rəğmən, qeydiyyata alınması tələb edilən həmin obyektin tikildiyi tarixi əks etdirən hər hansı bir sənəd mübahisə ilə bağlı işin materiallarında müəyyən edilməmişdir. Qeyd edilən xüsusat da apellyasiya məhkəməsi tərəfindən tətbiq olunan maddi hüquq normalarının zamana görə qüvvəsi baxımından araşdırılmalı idi. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 8.0.9.2 və 15.1.1-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən, iddiaçı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazə verilməsi barədə qərarı, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni və tikintinin istismara qəbul aktını təqdim etməlidir. Bundan əlavə, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanununun 15.1.1-ci maddəsinə əsasən qeydiyyata alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır. - İşdə olan, Şəki Bələdiyyəsinin 30.05.2007-ci il tarixli iclasının 07 nömrəli protokol qərarından görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 178/30 nömrəli ünvanda yaşayan İddiaçı stomatoloji kabinet tikmək məqsədilə yaşadığı binanın həyətində özünün uzun müddət bağ kimi istifadə etdiyi 60 kv.metr torpaq sahəsinin ona satılması qərara alınmışdır; - İşdə olan, Torpaq sahəsinin alqı-satqısına dair aktdan görünür ki, Şəki Bələdiyyəsi ilə İddiaçı arasında 60 kv.m torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir (tarixi göstərilməmişdir).Həmin sənəd Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsində qeydiyyata alınmamışdır; - İşdə olan, A seriyalı 075433 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına stomatoloji kabinet tikmək üçün satılmış 60 kv.m torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X13 kitabında 25.08.2008-ci il tarixdə 686 nömrə ilə uçota alınmışdır; - İşdə olan, X11 Şəbəkəsi tərəfindən iddiaçıya verilmiş 06.10.2009-cu il tarixli 3/185a nömrəli arayışda deyilir ki, İddiaçı yaşadığı binanın həyətində yerləşən stomatoloji kabinetin elektrik təchizatı üçün 30.09.2009-cu ildə verilmiş 1/281 nömrəli şərtin 2-ci bəndində mövcud şəbəkənin gücləndirilməsi haqqında qoyulmuş tələb tələbatçı tərəfindən yerinə yetirilmişdir; - İşdə olan, "xxxx" adlanan sənəddən görünür ki, həmin sənəd "X16" MMC tərəfindən 08.04.2019-cu ildə tərtib edilmişdir; - İşdə olan, Şəki Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən iddiaçıya yazılmış 30.10.2019-cu il tarixli 364 nömrəli məktubda deyilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində inşa etdiyi 0,0074 ha sahədə yerləşən qeyri-yaşayış obyektinə sanitar baxış keçirilmiş, obyekt sanitar-gigiyenik tələblərə uyğun inşa edilib, açılıb istifadəyə verilməsinə Şəki GEM etiraz etmir; - İşdə olan, A-0810420 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Şəki Bələdiyyəsi 0,003 ha torpaq sahəsini 02.06.2020-ci il tarixdə İddiaçı satmışdır; - İşdə olan, cavabdehin 03.07.2020-ci il tarixli **********12 nömrəli imtina məktubundan görünür ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində göstərilən əsaslar - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, mavafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazəsi barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə və ya qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyinə görə ərizənin icrası mümkün olmamışdır. İş materiallarından görünür ki, 2007-ci ildə Şəki bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 178/30 nömrəli ünvanda yaşayan mərhum İddiaçı mülkiyyətinə yaşadığı binanın həyətində stomatoloji kabinet tikmək məqsədilə 60 kv.m torpaq sahəsi verilmişdir. İddiaçı həmin torpaq sahəsindən uzun müddət bağ kimi istifadə etmişdir. Həmin torpaq sahəsinə sonuncunun adına “Torpaq sahəsinin planı və ölçüsü" sənədi verilmişdir. Sonradan Şəki bələdiyyəsi tərəfindən İddiaçı daha 30 kv.m (60 kv.m torpaq sahəsinə bitişik) torpaq sahəsi satılmışdır. İddiaçı həmin torpaq sahəsində 2007- 2008-ci illərdə stomoloji kabinet inşa etmişdir. Lakin sonuncu həm torpaq sahəsinin, həm də torpaq sahəsi üzərində inşa etdiyi qeyri-yaşayış sahəsinin lazımi qaydada sənədləşdirilməsini başa çatdırmamışdır. Göründüyü kimi, mübahisəli tikinti Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edildiyindən hazıırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Tikilinin inşa edildiyi 2007-2008-ci illərdə qüvvədə olan Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İş materiallarında görünür ki, İddiaçı üzərində tikili inşa etdiyi torpaq sahəsinin mülkiyyət hüququna dair sənədləşməsini başa çatdırmasa da, həmin torpaq sahəsinə onun qanuni istifadəsində olmuşdur. Bununla bağlı, Konstitusiya Məhkəməsinin “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19.11.2004-cü il tarixli qərarında təsbit etdiyi hüquqi mövqeyinə əsaslanaraq, məhkəmə kollegiyasının qənayətinə görə, İddiaçı mübahisəli torpaq sahəsi üzərində qanuni əsasla sahiblik və istifadə hüquqları, habelə gözlənilən yəni qanuni gözləntiyə əsaslanan mülkiyyət hüquqları olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ və İV hissələrinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan huquqlarının və əsas azadlıqlarının mudafiəsi haqqında Konvensiyaya dair 1 nömrəli Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn “mülkiyyət” və “əmlаk” аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. “X12rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Deməli, mərhum İddiaçı tikilini öz mülkiyyətində olan torpaq sahəsi üzərində inşa etdiyindən onun sözü gedən tikiliyə mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüququ marağı olmuşdur. Ona görə də onun hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmışdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. İşdən göründüyü kimi, iddiaçı məhkəməyə iddia ərizəsi verməzdən əvvəl qeyriyaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə yazılı müraciət etməmişdir. Lakin bu çatışmazlıq birinci instansiya məhkəməsinin 18.06.2020-ci il tarixli məktubu ilə iddiaçının diqqətinə çatdırıldıqdan sonra o, cavabdehə ərizə ilə müraciət etmiş və cavabdehdən aldığı 03.07.2020-ci il tarixli imtina məktubunu məhkəməyə təqdim etmişdir. İddia mahiyyət etibarilə əsaslıdır və buna görə də təmin edilməlidir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Mübahisələndirilən inzibati akt qanuna ziddir və iddiaçı cəmiyyətin hüquqlarını pozur (İPMin 70.1-ci maddəsi). Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs qismində cəlb edilmiş Şəki Şəhər İcra Hakimiyyəti başçısının etibarnamə üzrə nümayəndəsi göstərmişdir ki, mərhum İddiaçı stomoloji kabineti ona Şəki bələdiyyəsi tərəfindən satılmış 90 kv.m torpaq sahəsi üzərində inşa tmişdir. Həmin tikili tikinti norma və qaydalarına uyğun tikilmiş, həmin tikili heç kimin hüquqlarını və qanuni mənafelərini pozmur, şəhərin memarlıq üslubuna xələl gətirmir. Həmin tikilinin qeydiyyata alınmasına icra hakimiyyətinin heç bir etirazı yoxdur. Şəki şəhər İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin müdiri- baş memar Taleh Alxasovun məhkəmə kollegiyasına ünvanlamış 28 dekabr 2021-ci il tarixli, 8/1837 saylı məktubunda da mübahisəli tikilinin şəhərin memarlıq görünüşünə xələl gətirmədiyini və qanuna müvafiq qaydada sənədləşməsinə etiraz etmədiyini bildirmişdir. İşdə olan "X16" MMC tərəfindən tərtib edilmiş "xxxx" adlanan sənədin baş memar Taleh Alxasov tərəfindən imzalanması və möhürlə təsdiq etməsi və Şəki Gigiyena və Epidemiologiya Mərkəzinin tikilinin sanitar-gigiyenik tələblərə uyğun inşa edildiyindən onun açılıb istifadəyə verilməsinə etiraz etməməsi də tikilinin şəhərsalma və tikinti norma və qaydalarını pozmadan inşa olunduğuna dəlalət edir. “Dаşınmаz əmlаkın dövlət reyestri hаqqındа” Аzərbаycаn Respublikаsı Qаnunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-1070/2020 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində 178 nömrəli yaşayış binasına yaxın ərazidə yerləşən 90 kv.m torpaq sahəsində tikilmiş qeyri-yaşayış binası (stomatoloji kabinet) üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyi qoyulsun. Qərardan qərarın tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2-1(107)-414/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-414/2021
28.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver