Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-414/2022 21.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işlədiyi müddət nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2-1(116)-1579/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işləməsi barədə sosial sığorta stajının müəyyən edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işləmişdir. O, cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim edilən əmək kitabçasının, təhsil haqqında attestatın və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 15 il 11 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Ağsu rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 14 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" ASC-nin xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədləri Ağsu rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən 180 manat məbləğdə yaşa görə sosial müavinət təyin edilmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli **********7 nömrəli etiraz məktubunda imtina ilə eyni məzmunlu məlumatları göstərərək qeyd etmişdir ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 regional filialına müraciət etmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna olmaqla) təhsil haqqında attestata və hərbi biletə əsasən 15 il 11 ay mübahisələndirilməyən sosial sığorta stajı mövcuddur.
5. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
6. Həmin Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. Bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır. Bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir.
7. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.
8. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia tələbinin “onun xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işlədiyi müddət nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi icraata qəbul olunmasını xahiş etmişdir.
10. xx.xx.2022-ci il tarixli birinci instansiya məhkəməsinin iclasının qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 6 oktyabr 2022-ci il tarixli 2-1(116)-1579/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, təqdim edilən əmək kitabçasının, təhsil haqqında attestatın və hərbi biletin surətlərinə əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 15 il 11 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Ağsu Rayon Dövlət Arxivinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 14 nömrəli cavab məktubunda iddiaçının əmək kitabçasında qeyd edilmiş "xxxx" ASC-nin xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədlərinin arxivə təhvil verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də iddiaçının həmin dövrdəki əmək fəaliyyətinin araşdırılması mümkün olmamış və həmin dövr sığorta stajına əlavə edilməmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna olmaqla) təhsil haqqında attestata və hərbi biletə əsasən 15 il 11 ay mübahisələndirilməyən sosial sığorta stajı mövcuddur. Ona görə də Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1579/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2-1(116)-1579/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1579/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. İddiaçının 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. Ağsu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 161 nömrəli məktubundan görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixli 01 saylı rəyə əsasən soyadının sonluğunu “Orucov”dan “Oruclu” soyadına dəyişdirmişdir. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 47 nömrəli arxiv arayışında qeyd olunur ki, Ağsu rayon 1 nömrəli Konserv zavoduna aid sənədlər Arxivə təhvil verilməmişdir. Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1991-ci il tarixli 137k nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə Ağsu rayonunda yeni yaradılmış konserv zavoduna direktor təyin edilmişdir. "xxxx" ATSC-nin sədrinin xx.xx.2003-cü il tarixli 2 nömrəli əmrindən görünür ki, həmin əmrlə istehsal zərurəti ilə əlaqədar iddiaçı icraçı direktor təyin edilmişdir. 964530 nömrəli diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək təhsil almışdır. 771 nömrəli attestatın surətindən görünür ki, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976cı ilədək Zərdab peşə məktəbində buldozer, skreyper, qreyder ixtisası üzrə peşə təhsili almışdır. (11 ay 22 gün) 3356528 nömrəli hərbi biletin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir. (2 il 13 gün) X2 Komitəsinin xx.xx.1991-ci il tarixli 286 nömrəli əmrində qeyd olunur ki, rayonun 2 nömrəli üzüm emalı zavodunun tabeliyində olan konserv məhsulları istehsalı sexinin ayrılaraq müstəqil fəaliyyəti təmin edilsin və Ağsu konserv zavodu yaradılsın. İddiaçıya məxsus xx.xx.1974-cü ildə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının iş illəri aşağıdakı kimidir: xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Ağsu Baş Süd zavodunda fəhlə işləmişdir (8 ay 12 gün); xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək texniki peşə məktəbində təhsil müddəti; xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək 2 nömrəli xüsusi mağazada işçi (20 gün) xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Ağsu təmir-tikinti sahəsində fəhlə 8 ay 25 gün); xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “M.Ə.Sabir” adına sovxozun 6 nömrəli briqadasında fəhlə işləmişdir (1 ay 13 gün); xx.xx.1979-cu il tarixdə ərizəsinə əsasən həmin tarixdən sovxozun 6 nömrəli briqadasının fəhləliyindən azad edilib, 3 nömrəli briqadaya fəhlə keçirilmişdir; xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “M.Ə.Sabir” adına sovxozun 3 nömrəli briqadasında fəhlə işləmişdir (1 il 8 ay 4 gün); xx.xx.1981-ci il tarixdən Şərab zavoduna laborant keçirilmişdir, xx.xx.1982-ci il tarixdə ərizəsinə əsasən laborant vəzifəsindən azad edilərək Şərab zavoduna böyük texnoloq keçirilmişdir (10 ay 3 gün); xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək Şərab zavodunda baş texnoloq işləmişdir (7 il 1 ay 27 gün); xx.xx.1989-cu ildə X2 Komitəsinin xx.xx.1989-cu il tarixli 767 nömrəli əmrinə əsasən baş texnoloq vəzifəsi ixtisara düşdüyü üçün ərizəsinə əsasən zavoda mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.1990-cı ildə 2 nömrəli üzüm emalı zavodunun nəzdində yaradılmış sexə sex rəisi təyin olunmuşdur (1 il 26 gün baş texnoloq vəzifəsində, 7 ay 1 gün sex rəisi vəzifəsində işləmişdir); xx.xx.1991-ci ildə köçürmə yolu ilə yeni yaradılmış Ağsu rayon Konserv zavoduna direktor təyin edilmiş, xx.xx.2003-cü il tarix zavodun səhmdar cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Ağsu Konserv-1 ATSC-yə icraçı direktor vəzifəsinə təyin edilmişdir. (direktor vəzifəsində iş stajı 12 il 5 ay 18 gün) xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Ağsu Konserv 1 ATSC-də icraçı direktor işləmişdir. (xx.xx.2006-cı il tarixədək iş stajı 2 il 3 ay 11 gün)
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.
21. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
23. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18 noyabr 2014-cü il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığorta haqqının toplanması" Qaydaları: Maddə 1.2.1. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçı təşkilata ödənilən pul vəsaitidir; Maddə 1.2.2. Sosial sığortanın iştirakçıları - sığortaçı, sığortaedənlər və sığortaolunanlardır; Maddə 1.2.3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası üzrə fəaliyyəti həyata keçirən sığortaçı hüquqi şəxsdir; Maddə 1.2.4. Sığortaedənlər - Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, habelə özünü və ya başqasını sosial sığortaedən digər şəxslərdir; Maddə 1.2.5. sığortaolunan– xeyrinə sığorta fəaliyyəti həyata keçiriləndir.
24. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 8. Sığortaolunanın sığorta stajı - sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. Maddə 9. Sığortaçının hüquqları aşağıdakılardır: bütün sığortaedənlərdən məcburi dövlət sosial sığortası üzrə işçilərin sığorta edilməsini tələb etmək; sosial sığorta ödəmələrinin həcmi və verilmə əsasları barədə sığorta edənlərdən arayış almaq; məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək; könüllü (əlavə) sosial sığorta müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Sığortaçının vəzifələri aşağıdakılardan ibarətdir: özünün müntəzəm ödəmə qabiliyyətini təmin edən tədbirlər görmək; sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək; könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Maddə 10. Sığortaedənlər aşağıdakı hüquqlara malikdirlər: - sosial sığortanın bütün formalarında iştirak etmək; könüllü (əlavə) sosial sığortanı həyata keçirmək üçün sığortaçı təşkilatı müstəqil seçmək; sosial sığorta qaydalarına və könüllü (əlavə) sosial sığorta üzrə müqavilələrə əməl edilməsini tələb etmək. Maddə 11. Sığortaedənlərin vəzifələri aşağıdakılardır: məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaçı təşkilatda uçota durmaq (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla); müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək; hesabat dövründə fəaliyyət göstərmədiyi halda sığortaçıya hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək; qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2-1(116)-1579/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. İş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, Ağsu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli 161 nömrəli məktubuna əsasən, iddiaçı xx.xx.1991-ci il tarixli 01 saylı rəyə əsasən soyadının sonluğunu “Orucov”dan “Oruclu” soyadına dəyişdirmişdir. Ağsu rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 47 nömrəli arxiv arayışında qeyd olunur ki, Ağsu rayon 1 nömrəli Konserv zavoduna aid sənədlər Arxivə təhvil verilməmişdir. Dövlət Aqrar-Sənaye Komitəsinin xx.xx.1991-ci il tarixli 137k nömrəli əmrindən görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixdən köçürmə yolu ilə Ağsu rayonunda yeni yaradılmış konserv zavoduna direktor təyin edilmişdir. "xxxx" ATSC-nin sədrinin xx.xx.2003-cü il tarixli 2 nömrəli əmrindən görünür ki, həmin əmrlə istehsal zərurəti ilə əlaqədar iddiaçı icraçı direktor təyin edilmişdir. 964530 nömrəli diploma əsasən, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1985-ci ilədək təhsil almışdır. 771 nömrəli attestata əsasən, iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976cı ilədək Zərdab peşə məktəbində buldozer, skreyper, qreyder ixtisası üzrə peşə təhsili almışdır (11 ay 22 gün). ******* nömrəli hərbi biletə əsasən, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmət keçmişdir (2 il 13 gün). İddiaçıya məxsus xx.xx.1974-cü ildə doldurulmuş əmək kitabçasına əsasən iddiaçının iş illəri aşağıdakı kimidir: xx.xx.1974-cü ildən xx.xx.1975-ci ilədək Ağsu Baş Süd zavodunda fəhlə işləmişdir (8 ay 12 gün); xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək texniki peşə məktəbində təhsil müddəti; xx.xx.1976-cı ildən xx.xx.1976-cı ilədək 2 nömrəli xüsusi mağazada işçi (20 gün) xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək Ağsu təmir-tikinti sahəsində fəhlə 8 ay 25 gün); xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilədək “M.Ə.Sabir” adına sovxozun 6 nömrəli briqadasında fəhlə işləmişdir (1 ay 13 gün); xx.xx.1979-cu il tarixdə ərizəsinə əsasən həmin tarixdən sovxozun 6 nömrəli briqadasının fəhləliyindən azad edilib, 3 nömrəli briqadaya fəhlə keçirilmişdir; xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək “M.Ə.Sabir” adına sovxozun 3 nömrəli briqadasında fəhlə işləmişdir (1 il 8 ay 4 gün); xx.xx.1981-ci il tarixdən Şərab zavoduna laborant keçirilmişdir, xx.xx.1982-ci il tarixdə ərizəsinə əsasən laborant vəzifəsindən azad edilərək Şərab zavoduna böyük texnoloq keçirilmişdir (10 ay 3 gün); xx.xx.1982-ci ildən xx.xx.1989-cu ilədək Şərab zavodunda baş texnoloq işləmişdir (7 il 1 ay 27 gün); xx.xx.1989-cu ildə X2 Komitəsinin xx.xx.1989-cu il tarixli 767 nömrəli əmrinə əsasən baş texnoloq vəzifəsi ixtisara düşdüyü üçün ərizəsinə əsasən zavoda mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.1990-cı ildə 2 nömrəli üzüm emalı zavodunun nəzdində yaradılmış sexə sex rəisi təyin olunmuşdur (1 il 26 gün baş texnoloq vəzifəsində, 7 ay 1 gün sex rəisi vəzifəsində işləmişdir); xx.xx.1991-ci ildə köçürmə yolu ilə yeni yaradılmış Ağsu rayon Konserv zavoduna direktor təyin edilmiş, xx.xx.2003-cü il tarix zavodun səhmdar cəmiyyətə çevrilməsi ilə əlaqədar olaraq Ağsu Konserv-1 ATSC-yə icraçı direktor vəzifəsinə təyin edilmişdir (direktor vəzifəsində iş stajı 12 il 5 ay 18 gün). xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək Ağsu Konserv 1 ATSC-də icraçı direktor işləmişdir. (xx.xx.2006cı il tarixədək iş stajı 2 il 3 ay 11 gün).
33. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Ağsu Rayon Dövlət Arxivinə verilmiş sorğuya xx.xx.2022-ci il tarixli 14 nömrəli cavab məktubunda iddiaçının əmək kitabçasında qeyd edilmiş "xxxx" ASC-nin xx.xx.1991ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan arxiv sənədlərinin arxivə təhvil verilmədiyi məlum olmuşdur. Bu səbəbdən də iddiaçının həmin dövrdəki əmək fəaliyyətinin araşdırılması mümkün olmamış və həmin dövr sığorta stajına əlavə edilməmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə (xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək qeydlər istisna olmaqla) təhsil haqqında attestata və hərbi biletə əsasən 15 il 11 ay mübahisələndirilməyən sosial sığorta stajı mövcuddur.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.
35. Belə ki, xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən əmək kitabçasında göstərilən müddətlərin iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır.
36. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının ümumi iş stajı 29 il 10 ay 12 gün təşkil edir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçası ilə öz təsdiqini tapan əmək stajının müddətləri müxtəlif dövrlərə aid olan hissədə mübahisələndirilsə də, iddiaçının həmin illərə dair əmək stajını təkzib edən və ya işləməməsini təsdiq edən mötəbər dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe, həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-45/2021 nömrəli qərarı).
37. Cavabdehin istinad etdiyi iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müəssisənin sənədlərinin arxivdə mövcud olmamasına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin sənədlərin arxivə təhvil verilməsi və lazımi qaydada saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından qeyd edilən hal iddiaçının ziyanına şərh edilə bilməz.
38. Bununla belə, cavabdeh orqan əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması və əmək kitabçasının mötəbərliyinin şübhəli olması ilə bağlı hər hansı sübut təqdim edə bilmir. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçasında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur.
39. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Ağsu 1 nömrəli “Konserv zavodu”nda direktor və "xxxx" ATSC-də icraçı direktor işlədiyi müddət nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.
40. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 oktyabr 2022-ci il tarixli 2-1(116)-1579/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.