Məhkəmə qərarları › İş №2-1(107)-414/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-414/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-414/2023 13.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 saylı qərarına əsasən iddiaçıya verilmiş Zərdab rayon, “Qumlu” adlanan ərazisində yerləşən 600 kv.m həyatyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)- 678/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 saylı qərarına əsasən iddiaçıya verilmiş Zərdab rayon, “Qumlu” adlanan ərazisində yerləşən 600 kv.m həyatyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-678/2023 nömrəli qərardadı ilə Zərdab bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 nömrəli qərarı ilə iddiaçıya Zərdab rayon “Qumlu” adlanan ərazidən müddətsiz istifadə etmək üçün aldığı 600 kv.m torpaq sahəsi ayrılmışdır. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının Rusiya Federasiyası vətəndaşı olduğu bildirilərək tələbin icrasından imtina etmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya münasibətində bildirmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina dəlillərinə uyğun əsaslandırmışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Üçünçü şəxs iddia ərizəsinə münasibətində bildirmişdir ki, iddia olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla faktiki olaraq iddiaçının istifadəsindədir, iddia tələbinin təmin edilməsinə etiraz etmir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 3 may 2023-cü il tarixli 2- 1(116)-678/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 saylı qərarına əsasən iddiaçıya verilmiş Zərdab rayon ərazisində yerləşən 600 kv.m həyatyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq (mülkiyyətçi tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə) Çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

9. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixili 5 nömrəli protokolunun qərarı. Layihə Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Zərdab şəhəri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı aşkar edilməmişdir. İslahat aparılan zaman iddiaçının adına heç bir sənəd tərtib edilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-678/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-678/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. 13 Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 nömrəli protokolunun qərarından görünür ki, iddiaçıya 0.06 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. - 50 14 277663 nömrəli pasportdan görünür ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Zərdab şəhəri üzrə həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarında İddiaçı adı aşkar edilməmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-855/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 saylı qərarı ilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin koordinatları əks olunmuş torpaqayırma sxemi mövcud olmadığı üçün torpaq sahəsinin təyinatı, uqodiyası, mülkiyyətçiləri, istifadəçiləri və başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahəsləri haqqında məlumat vermək mümkün olmadı. Əlavə olaraq qeyd edilir ki, iddiaçının nümayəndəsi tərəfindən idarənin mütəxəssislərinə göstərilən 0,06 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən Zərdab bələdiyyəsinin mülkiyyətində olmaqla yaşayış məntəqələrinin torpaqları, kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalıdır .

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir.

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

19. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır.

20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 nömrəli qərarı ilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmış, lakin torpaq islahatı aparılan zaman iddiaçının adına hər hansı sənəd tərtib edilməmişdir. Ayrılmış torpaq sahəsinin sxemi mövcud olmasa da, məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda subyektlərə torpaq sahəsinin ayrılmasını və qanuni istifadəsində olmasını təsdiq edən bir çox sənədlər (...təsərrüfatbaşına kitablardan çıxarış, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, qaytanlanmış torpaq kitablarından çıxarış və s.) sadalanmışdır ki, həmin sənədlərin mövcudluğu daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müstəqil əsasdır. Yəni, müvafiq “Siyahıda” şəhər xalq deputatları sovetləri tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qəbul edilmiş qərarların həmin torpaq sahəsinin sxemi ilə birlikdə təqdim olunduqdan sonra mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsas olması barədə hər hansı göstəriş yoxdur.

27. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması barədə dəlilini əsassız hesab edərək qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyatını istisna etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər.

28. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı halda iddiaçı torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt qanuni əsaslarla əldə etmişdir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsini əldə etdikdən sonra mülkiyyət hüququnun qeydiyyata alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir.

29. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanı veribverməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 №-li qərarı ilə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuş, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

31. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zərdab rayon X4 İcraiyyə Komitəsinin 25 may 1991-ci il tarixli 5 saylı qərarına əsasən iddiaçıya verilmiş Zərdab rayon, “Qumlu” adlanan ərazisində yerləşən 600 kv.m həyatyanı torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 may 2023-cü il tarixli 2-1(116)-678/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar