Məhkəmə qərarları › İş №2-1(107)-415/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-415/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-415/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı X2 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2023-cü il tarixdən müddətsiz OFP-nin 1-ci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-120/2025 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X2 Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “xx.xx.2023-cü il tarixdən müddətsiz OFP-nin 1-ci dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - o, 2011-ci ildə ağır yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı bədən xəsarətləri almışdır. Hadisədən sonra o, koma vəziyyətində ilkin olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmiş, oradan isə təcili qaydada Bakı şəhərində yerləşən Travmatologiya İnstitutuna göndərilmişdir. Travmatologiya İnstitutunda ay yarım stasionar müalicə almış, bir neçə dəfə cərrahi əməliyyat olunmuşdur. Xəsarətlər aşağıdakılardan ibarət olmuşdur: kəllə-beyin travması, sağ bazu sümüyünün sınığı, hər iki baldır sümüyünün və topuq nahiyəsinin sınıqları.

5. Hazırda bədənində cərrahi yolla yerləşdirilmiş metal implantlar (boltla sabitlənmiş dəmir materiallar) vardır. Sol ayağının uzunluğunda təxminən 4 sm fərq var və bu, onun hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırır. O, davamlı və şiddətli ağrılardan əziyyət çəkir, daim iynə və dərmanlarla həyatını davam etdirməyə məcburdur. Əmək qabiliyyəti praktik olaraq mövcud deyil. Bir neçə dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasında stasionar şəraitdə müalicə almışdır. 2012-ci ildən etibarən Tibbi-Sosial Ekspert Komissiyasının qərarı ilə ona İİ qrup əlillik dərəcəsi təyin olunmuş və həmin qərar əsasında müvafiq təqaüd almışdır. Lakin son üç ilə yaxın müddətdə əlillik təqaüdü dayandırılmış və yenidən əlillik dərəcəsi təyin olunmasından imtina edilmişdir. Hazırda o, maddi və fiziki baxımdan olduqca ağır vəziyyətdə yaşayır. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmışdır. Göndərişdə qeyd edilən diaqnozlar - “M24.5-Oynaqların kontrakturası. Sol bud-çanaq oynağının kontrakturası (bükülmə 95°, açılma tamdır).Sol diz oynağının kontrakturası (açılma 145°, bükülmə 50°). Sağ bazu oynağının kontrakturası (uzaqlaşma 90°). M16.5-Digər posttravmatik koksartrozlar. Sol bud-çanaq oynağının posttravmatik koksartrozu, İİ dərəcəli” olmuş və mərkəzə göndərilməmənin və əlillik dərəcəsinin təyin edilməməsinin səbəbi kimi “Əlavə müalicəyə ehtiyacın olması – müalicə potensialı tükənməyib, müayinə və müalicəni davam etdirməlidir” qeyd edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 mart 2025-ci il tarixli 2- 1(116)-120/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qeyd edirik ki, İddiaçı barədə göndərişlərin rəsmiləşdirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətdə ambulator və stasionar müayinələr yetərli olmalıdır. Belə müayinələr yetərli olmadığı təqdirdə göndərişdə qeyd olunan diaqnozun yarımaq olduğu qənaətinə gəlinərək əlavə müalicələrin aparılması və yalnız bu müalicələr aparıldıqdan sonra qiymətləndirmənin aparılması lazım olduğu bildirilir. Belə ki, şəxsin eyni xəstəliklə son 6 (altı) av müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) avdan çox ambulator və ya stasionar müalicədə olmasına baxmaqyaraq orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması halında onun barəsində müvafiı tibb müəssisəsi tərəfindən göndəriş rəsmiləşdirilməlidir. Odur ki, Agentliyin iddiaçı barəsində apardığı inzibati icraatda heç bir qanunsuzluğa və ədalətsizliyə yol verilməmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qarnına zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Şəki İnzibat Məhkəməsinin 2-1(116)-120/2025, saylı. 12 mart 2025ci il tarixli qərarım ləğv edərək, idianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)- 120/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0006, xxxxxxx0007, xxxxxxx0008), Göyçay rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli məktubu.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.

19. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2-ci . İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-120/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

23. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

24. Məhkəmə kollegiyası, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin, göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

25. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.

26. Məhkəmə kollegiyası işin faktiki hallarına qanunvericilik normalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır.

27. Belə ki,iş materiallarından görünür ki, cavabdeh orqan sonuncu dəfə xx.xx.2023cü il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən “əlavə müalicəyə ehtiyacının olması” əsası ilə imtina etmişdir.

28. Müvafiq imtina qərarının hansı tarixdə iddiaçıya təqdim edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən məhkəmə kollegiyasına hər hansı sübut təqdim edilməmiş, eyni zamanda imtina qərarında hüquqi müdafiə vasitələri göstərilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir.

29. Nəzərə alınmalıdır ki, diaqnozun əlillik əlaməti təyin edib-etməməsinə hüquqi qiymət verilməsi üçün ilk növbədə qoyulmuş diaqnozun düzgünlüyü və iddiaçının sağlamlıq vəziyyətinə uyğunluğu müəyyən edilməlidir. Məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əlavədə nəzərdə tutulmuş diaqnoza uyğunluğu sübuta yetirildiyi halda onun “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nin xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin hansı məhdudlaşması halına uyğun olması müəyyən oluna bilər.

30. İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə X3 və Ortopediya İnstitutunda ixtisaslı həkim müayinəsindən almış olduğu №********** №AB2641/2023 saylı arayışa müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarının 13.4.31 bəndinə uyğun olaraq “Sol aşağı ətrafın 4sm qısalığı” qiymətləndirmə 40% müddətsiz səbəbi ilə forma 88 yazılaraq TSEK-na göndərilmişdir. xx.xx.2023-cü il tarixdə TSEK tərəfindən əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İddiaçı əlavə müalicə aldığı təqdirdə qismən sağala bilər

31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin, tibbi göndəriş tərtib edilərkən və cavabdeh orqan tərəfindən iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən qüvvədə olan redaksiyasının 13.4.31-ci bəndində ayağın 4–7 sm qısalması diaqnozu üzrə orqanizmin funksional pozuntusunun (OFP) dərəcəsi müddətsiz olaraq 40% həcmində müəyyən edilmişdir.

32. Hazırda həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 13.4.32- ci bəndində nəzərdə tutulmuşdur. Sözügedən diaqnozun tam reabilitasiyasının mümkün olmaması işdə olan tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi xx.xx.2025-ci il tarixli məktubu ilə sübut olunur.

33. İş materiallarından və cavabdeh orqanın imtina cavabının məzmunundan görünür ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnozların düzgünlüyünü cavabdeh orqan özü də mübahisələndirmir, lakin imtina cavabında müalicə potensialının tükənməməsi, müayinə və müalicənin davam etdirilməli olması qeyd edilmişdir.

34. Göründüyü kimi imtina qərarının əsası qeyri-müəyyəndir. Belə ki, “müalicə potensialı tükənməyib, müayinə və müalicəni davam etdirməlidir” ifadəsi ilə əsaslandırılan qərarda müalicə potensialının konkret olaraq nədə ifadə olunması, əlavə müalicəyə ehtiyac meyarının nə olması və bu ehtiyacın hansı qaydada qiymətləndirilməsi göstərilməmişdir. Nəzərə alınmalıdır ki, əlilliyin qiymətləndirilməsi zamanı əsas meyar kimi “müalicə potensialı” deyil, faktiki sağlamlıq vəziyyəti – yəni davamlı funksional pozuntular və orqanizmin itirilmiş funksiyaları nəzərə alınmalıdır.

35. Belə olan halda məhkəmə kollegiyyası hesab edir ki, aradan qalxması mümkün olmayan diaqnoza münasibətdə iddiaçının faktiki sağlamlıq vəziyyəti nəzərə alınmadan “əlavə müalicəyə ehtiyacın olması” əsası ilə verilmiş imtina cavabı tamamilə əsassız olmuşdur.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.

37. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddiaçıya ümumi xəstəlik səbəbli əlaqəsi nəzərə alınmaqla xx.xx.2023-cü il tarixdən 2-il müddətinə OFP-nın 2-ci dərəcəli məhdudlaşma halının təyin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-120/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar