Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-416/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2-1(116)-209/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işlədiyi, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş övladına qulluq etdiyi xx.xx.2005-xx.xx.2015-ci il və xx.xx.2019-cu ildən sonrakı dövr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, onun kolxozda işlədiyi müddət 9 il 10 ay 6 gün və oğluna qulluq etdiyi müddət 15 il 6 ay 22 gün olmaqla ümumi sosial sığorta stajı 25 ildən artıqdır. Odur ki, cavabdeh orqanın imtina cavabı ilə razılaşmayaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh orqan məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, iddiaçının ümumi stajı 25 ildən azdır. Zaqatala rayonu “Nizami” adına kolxozun 1982-1987-ci illərə və 1988-1993-cü illərə aid əmr kitablarında vətəndaşın adı “Xuzeymat” olduğu halda “Xozeymat” olaraq qeyd edilmişdir. Həmçinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək övladı X4 qulluq etdiyi müddət nəzərə alınmaqla 4 il 26 gün təşkil edir. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 122 saylı arayışı, - DSMF PHŞ-nin SÖTMF-nın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubları, - XX ЖГ 359804 saylı doğum haqqında şəhadətnamə, - xx.xx.2015-ci il tarixli Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyin təyin edilməsi barədə qərarı, - TSEK müayinələrinə dair aktlardan çıxarışlar (055843, 019138, 027519).
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 fevral 2025-ci il tarixli 2- 1(116)-209/2025 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Həmin tarixdə qadınlar üçün pensiya yaşı 63 il 6 ay olmuşdur (1 iyul 2023 - 30 iyun 2024). İddiaçı isə həmin yaş həddinin 5 il azaldılması ilə tələb olunan 58 yaş 6 aya (iddiaçı xx.xx.1964-cü ildə doğulub) xx.xx.2023-cü il tarixdə çatmışdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və xx.xx.2017-ci ilədək qüvvədə olmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.2-ci bəndinə əsasən sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır. Qeyd olunan norma onu nəzərdə tutur ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlərin nəzərə alınması üçün iddiaçı məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmuş olmalıdır. Yəni, heç bir əmək fəaliyyəti olmayan şəxslərə münasibətdə həmin norma tətbiq edilmir. - İddiaçı, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işləmişdir. 1985, 1987-1993-cü illərdə minimum əmək normasını yerinə yetirmiş, 1982-1984 və 1986cı illərdə minimum adam günü normasından az işləmişdir. Bütövlükdə iddiaçının kolxozda işlədiyi müddətin cəmi 9 il 9 ay 28 günə bərabərdir. Zaqatala rayonu “Nizami” adına kolxozun əmr kitablarında iddiaçının adında olan uyğunsuzluğa (adının “Xozeymat” qeyd edilməsi ilə bağlı) münasibətdə məhkəmə qeyd etmişdir ki, bu hal yalnız adın orfoqrafik baxımdan düzgün yazılmaması ilə əlaqədardır. Yəni, mövcud uyğunsuzluq iddiaçının adının qarşısında icra edilmiş qeydlərin hər hansı başqa şəxsə aid olması kimi yox, məhz adın düzgün yazılış qaydalarına riayət olunmaması kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə hesab etmişdir ki, adın tərkibində bir hərfin düzgün yazılmaması iddiaçının ziyanına şərh olunmamalı və bütövlükdə onun kolxozda qazandığı sosial sığorta stajının mötəbərliyini şübhə altına almamalıdır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduğundan və iddiaçının məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması (9 il, 9 ay, 28) iş materialları ilə sübut olunduğundan, iddiaçı, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs hesab edilməlidir. - Cavabdeh orqan - iddiaçının övladı X4 qulluq etdiyi xx.xx.2005-xx.xx.2007, xx.xx.2007-xx.xx.2009, xx.xx.2009-xx.xx.2011, xx.xx.2011- xx.xx.2015 və xx.xx.2019xx.xx.2023-cü illəri mübahisəsiz sosial sığorta stajı kimi qəbul edir. İddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2005-xx.xx.2023-cü illər üzrə mübahisəsiz sosial sığorta stajı 15 ildir. Bununla yanaşı, Kənan Aslanlı 18 yaşına çatdıqdan sonra, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövrdə notarial qaydada təsdiq olunmuş qulluq edən və qulluq olunan barədə ərizə təqdim edilmədiyindən həmin müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2019-cu il tarixdən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi tarixədək müddət 4 il 5 ay 27 günə bərabərdir. Eyni zamanda, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək olan dövrlərin onun sığorta stajına aid edildiyi və sosial sığorta stajı kimi qəbul edildiyi qeyd olunmuşdur. Həmin müddətlər toplandıqda (9 il 9 ay 28 gün + 10 il 10 ay 22 gün + 4 il 5 ay 27 gün) iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2-1(116)-209/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Məhkəmənin nəzərinə çatdırılır ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və “Sosial ödənişlər" altsistemində olan məlumatlara əsasən ümumilikdə sosial sığorta stajı 15 il təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Həmçinin bildirilir ki, Fondun 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Zaqatala rayonu “Nizami" adına kolxozun 1982-1987-ci illərə və 1988-1993-cü illərə dair əmr kitablarında vətəndaşın adı Xuzeymat olduğu halda Xozeymat olaraq qeyd edilmişdir. Buradan göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi qeyd edilən mübahisə ilə bağlı ehtimallara əsaslanaraq adın fərqli formada yazılması onun nadirliyi, müvafiq qeydləri icra edən şəxsin yazı vərdişləri və ya həmin şəxsin adının düzgün yazılış qaydasını bilməməsini əsas götürərək bununla bağlı hər hansı bir araşdırma aparmadan qərar qəbul etmişdir. Həmçinin zəruri olaraq qeyd edilir ki, “Nizami” adına kolxozun 1982-1987-cı illərə və 1988-1993-cü illərə dair əmr kitablarında vətəndaşın adının Xuzeymat əvəzinə Xozeymat göstərilməsinə birinci instansiya məhkəməsi tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymət verilməsi qanunvericiliyin tələblərinə ziddir. Mülki Prosessual Məcəllənin 25.2-ci maddəsinə əsasən ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Qeyd olunanları nəzərə alaraq, vətəndaşın ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində cavabdeh, iddiaçının kolxoz dövründəki iş stajının təsdiqi ilə bağlı sənədlərdə onun adının “Xozeymat” göstərilməsi səbəbi ilə qəbul edilməməli olduğunu bildirmişdir. İlk növbədə bildirilməlidir ki, iş materiallarında iddiaçının adının “Xozeymat” qeyd olduğu hər hansı sənəd yoxdur və cavabdeh tərəfindən birinci instansiya məhkəməsində belə bir sənəd təqdim olunmamış, iş materiallarına əlavə edilməmişdir. Şikayətdə Fondun 2 saylı Şəki Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmr kitablarında vətəndaşın adının “Xozeymat” olaraq qeyd edildiyi göstərilmişdir. Həmin əmr kitabları məhkəməyə təqdim olunmamış və məzmunu ilə bağlı hər hansı məlumat məhkəməyə və tərəflərə təqdim olunmamışdır. Göstərilən səbəbdən həmin sənədə istinad mümkün deyildir. Eyni zamanda bildirilir ki, tərəflərindən təqdim olunan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışında vətəndaşın adı “Xuzeymat” olaraq göstərilmiş, həmçinin vətəndaşın “Nizami” adlı kolxozdakı iş stajı barədə ətraflı məlumat verilmişdir. Şikayətdən də göründüyü kimi cavabdehin istinad etdiyi 2 saylı Şəki Zaqatala regional filialının aktı əgər mövcud olsa belə cavabdehə tabe filial tərəfindən, yəni mahiyyət üzrə cavabdehin özü tərəfindən hazırlanmışdır. Cavabdehin özünün hazırladığı sənəddə vətəndaşın adını səhv qeyd etməsi onun məsuliyyət dairəsinə daxil olan məsələdir. Beləliklə, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar əsaslı deyildir və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün hər hansı əsas mövcud deyildir. Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2-1(116)-209/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2-1(116)- 209/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
15. İnzibati Prosessual Məcəllə: Maddə 14.3 inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüş): Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ... d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: ... 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1. Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi olan uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. (əvvəlki redaksiyaya əsasən) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti.
18. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” xx.xx.1992-ci il tarixli 284 nömrəli Qanunun (13.06 2008-ci il tarixli 648-İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (xx.xx.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq - orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır.
19. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018- ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs nəzərdə tutulur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
21. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.
22. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
29. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və “Sosial ödənişlər" altsistemində olan məlumatlara əsasən ümumilikdə sosial sığorta stajı 15 il təşkil edir və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır.
30. Eyni zamanda, Fondun 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Zaqatala rayonu “Nizami" adına kolxozun 1982-1987-ci illərə və 1988- 1993-cü illərə dair əmr kitablarında vətəndaşın adı Xuzeymat olduğu halda Xozeymat olaraq qeyd edilmişdir.
31. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri etiraz ərizəsi ilə eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən dəlilə qiymət verilmişdir. Əlavə olaraq apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
32. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işləmişdir. 1985, 1987-1993-cü illərdə minimum əmək normasını yerinə yetirmiş, 1982-1984 və 1986-cı illərdə minimum adam günü normasından az işləmişdir. Bütövlükdə iddiaçının kolxozda işlədiyi müddətin cəmi 9 il 9 ay 28 günə bərabərdir.
33. Bundan başqa, cavabdeh orqan birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2005xx.xx.2023-cü illər üzrə mübahisəsiz sosial sığorta stajı 15 ildir. Bununla yanaşı, iddiaçının oğlu-Kənan Aslanlı 18 yaşına çatdıqdan sonra, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövrdə notarial qaydada təsdiq olunmuş qulluq edən və qulluq olunan barədə ərizə təqdim edilmədiyindən həmin müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır.
34. Həmçinin, xx.xx.2019-cu il tarixdən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi tarixədək müddət 4 il 5 ay 27 günə bərabərdir. Eyni zamanda, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək olan dövrlərin onun sığorta stajına aid edildiyi və sosial sığorta stajı kimi qəbul edildiyi qeyd olunmuşdur.
35. İş materiallarından görünür ki, həmin müddətlər toplandıqda iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
36. Digər dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışında vətəndaşın adı “Xuzeymat” olaraq göstərilmişdir.
37. Eyni zamanda, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışında və iddiaçıya məxsus şəxsiyyət vəsiqəsində onun adı “Xuzeymat” olaraq qeyd edildiyindən əlavə olaraq həmin arayışın iddiaçıya məxsus olması barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etməsinə də zərurət yoxdur.
38. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır.
39. Göründüyü kimi, cavabdeh tərəfindən həmin arxiv arayışının mötəbərliyini istisna edən hər hansı əsas təqdim edilməmiş, məhkəmə araşdırması zamanı da belə hallar müəyyən edilməmişdir. Həmin sənədin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur. Sonuncu qeyd edilənlər isə daha mötəbər hesab olunmaqla cavabdeh orqanın tərtib etdiyi, mötəbər sənədlərə əsaslanmayan və ümumiyyətlə məhkəməyə təqdim edilməyən aktı təkzib edir.
40. Odur ki, cavabdehin istinad etdiyi Zaqatala rayonu “Nizami" adına kolxozun 1982-1987-ci illərə və 1988-1993-cü illərə dair əmr kitablarında vətəndaşın adının tərkibində bir hərfin düzgün yazılmaması iddiaçının ziyanına şərh olunmamalı və bütövlükdə onun kolxozda qazandığı sosial sığorta stajının mötəbərliyini şübhə altına almamalıdır.
41. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
42. İş materiallarında olan sübutlar iddiaçının iş stajının mövcud olduğunu sübut edir, həmin sənədlərin mötəbər sübut hesab olunmaması barədə isə cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
43. Beləliklə, inzibati orqan, göstərilən məlumatların yalnız həqiqətə uyğun olmadığı sübuta yetirildiyi halda, həmin staj dövrünü qəbul etməyə bilərdi.
44. Göründüyü kimi, iş materialları iddiaçının qeyd olunan işdə və müddətlərdə işləməsini müəyyən etməyə imkan verir, hazırki araşdırma isə iddiaçının həqiqətən sosial sığorta stajı nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini mötəbər qaydada müəyyən edir.
45. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamış və onun Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
48. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 fevral 2025-ci il tarixli 2-1(116)-209/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.