Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-417/2022 07.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Rizvanova (Salamova) Saliyə Babək qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
2. İddia tələbinin əsaslarına görə, iddiaçılara Oğuz Rayon Aqrar İslahat Komissiyasının 03 iyul 1999-cu il tarixli 85/99 nömrəli qərarı ilə 5 nəfər ailə üzvlərinə 4,97 hektar kənd təsərrüfatı təyinatlı pay torpağı sahəsi ayrılmış, lakin ayrılmış torpaq sahəsi barədə heç bir rəsmi sənəd, dövlət aktı verilməmişdir. İslahat komissiyasından ayrılmış torpaq sahəsinin yerini tələb etsələr də, iddiaçılara Şəki rayonu ilə həmsərhəd, Şəkinin Aydınbulaq kəndinin torpaqları ilə həmsərhəd olan Muxas kəndindən 25 km aralı məsafədə bir sahə göstərilmişdir. İddiaçılar 2004-cü ildə əkinə yararlı torpaq sahəsinin ayrılması üçün Muxas kənd Bələdiyyəsinə və Oğuz Rayon Aqrar İslahat Komissiyasına müraciət etmişlər. Muxas kənd Bələdiyyəsi əkinə yararlı torpaq sahəsindən Malıx yolunun kənarından iddiaçılara torpaq ayrılması barədə qərar verilmişdir. Qərar və torpağın ayrılması ilə bağlı tələb olunan digər sənədlər İddiaçı1 tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bazaya vurulmuş həmin torpaq sahəsilə bağlı DTXK Oğuz rayon Torpaq şöbəsi tərəfindən Dövlət aktı qeydiyyat kitabında 8280 nömrə ilə qeydiyyata alınmış 15 sentyabr 2004-cü il tarixli JN 178 (KOD ********) nömrəli 5 nəfər ailə üzvünə mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi) göstərilməklə 4,97 ha sahə üçün torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Dövlət Aktına əlavə edilmiş torpaq sahəsinin planında (cizgisində) torpaq sahəsinin qonşu sərhədlərinin koordinatları metr dəqiqliyi ilə qonşuların soyadı, adı və atasının adı qeyd edilməklə əks etdirilmişdir. Bundan əlavə JN 178 torpağa mülkiyyət hüququna dair Dövlət aktına DTXK Oğuz rayon Torpaq şöbəsinin və Dövlət Yerquruluşu Layihə İnstitutunun birgə təsdiq etdikləri Torpaq sahəsinin qaiməsi (sertifikatı) təsdiq edilərək torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilmişdir. DTXK Oğuz rayon Torpaq şöbəsinin mütəxəssisləri tərəfindən JN 178 torpağa mülkiyyət hüququna dair Dövlət aktına əlavə edilmiş mülkiyyətlərinə verilmiş torpaq sahəsinin planı (cizgisi) üzrə konturları əkin sahəsində İddiaçı1 göstərilərək 4,97 hektar torpaq sahəsi təhvil verilmişdir. İddiaçılar mülkiyətlərinə verilmiş 4,97 hektar əkinə yararlı pay torpaq sahəsini 2004-cü ildən hal-hazıradək 17 ildir əkib becərirlər. JN 178 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı iddiaçılara təhvil verildikdən sonra əvvəl onlar üçün ayrılmış torpaq sahəsi Muxas Bələdiyyəsinin balansına verilmiş və iddiaçılar həmin torpaqdan istifadə etməmişlər. İddiaçı4 cavabdehə hazırkı tələblə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2020-ci il tarixli **********57 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən iddiaçının iştirakı ilə ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün onunla əlaqə yaradılmış, lakin hal-hazırda gələ bilmədiyini bildirmişdir. Bu səbəbdən ərizənin qanunvericilikdə müəyyən olunmuş vaxt ərzində icrası mümkün olmamış və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən ərizənin icrasına 1 (bir) ay müddətinə dayandırılma verilmişdir. Bu müddət ərzində ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün şərait yaradılmasa ərizənin icrasından imtina ediləcəkdir.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********70 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçılar İddiaçı1 və qeyriləri Oğuz rayonu Muxas kəndində yerləşən 0,9664 ha torpaq sahəsinə plan və ölçü sənədinin hazırlanması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişlər. İddiaçı1 müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-179 nömrəli Dövlət Aktında göstərilən yerlə elektron baza xəritəsində öz əksini tapmış tamamilə fərqli yerlərdir. İddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsindən Oğuz- Qəbələ-Bakı su kəməri, 2 ədəd 30000 KV və 2 ədəd 10000 KV yüksək gərginlikli elektrik xətti keçir, faktiki iddia edilən torpaq sahəsinin 0,92 ha hissəsi qorunma zolaqlarına düşür.
5. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərardadı ilə Oğuz Rayon Muxas Bələdiyyəsi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur.
7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçılar, onların nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 müraciəti əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-179 nömrəli Dövlət Aktında göstərilən yerlə elektron baza xəritəsində öz əksini tapmış yer tamamilə fərqli yerlərdir. JN-178 nömrəli Dövlət Aktında göstərilən torpaq sahəsinin 0.0457 ha və 1.49 ha hissəsi faktiki torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsindən Oğuz-Qəbələ-Bakı su kəməri, 2 ədəd 30000 KV və 2 ədəd 10000 KV yüksək gərginlikli elektrik xətti keçir. Faktiki iddia edilən torpaq sahəsinin 0.92 ha hissəsi qorunma zolaqlarına düşür. İddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsinin 1.87 ha hissəsi Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşür. Faktiki torpaq sahəsinin 3.4307 ha hissəsi Oğuz Rayon Muxas Bələdiyyəsinin mülkiyyətinə aid olan uqodiyası əkin olan ehtiyat fond torpaqları kateqoriyasına aiddir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, İddiaçı4 və iddiaçıların nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı2, İddiaçı3 və Rizvanova (Salamova) Saliyə Babək qızı məhkəmə iclasına gəlməmişdir.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdeh tərəfindən verilmiş JN-0178 kod 40503028 nömrəli dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 85/99 nömrəli qərarı ilə 4,97 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçılara verilmişdir. Sənəd Oğuz rayon Torpaq şöbəsində xx.xx.2004-cü il tarixdə qeydiyyata alınmışdır. - Cavabdeh tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Oğuz rayon Muxas kəndində yerləşən 4,9664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir. - 2020-ci ilin iyul ayında tərtib olunmuş müayinə (baxış) aktının surətindən görünür ki, iddiaçılara verilmiş torpaq sahəsi sənəd üzrə 4,9664 ha, faktiki 4,97 ha-dır. Torpaq sahəsində su kəməri (Oğuz-Qəbələ-Bakı), 2 ədəd 30000 kVt-luq, 2 ədəd 10000 kVt-luq yüksək gərginlikli elektrik xəttləri, həmçinin, artezian quyusu yerləşir. Ərazinin 0,92 ha hissəsi həmin xəttlərin mühafizə zolağına düşməklə beş hissəyə bölünüb. Ərizəçi bildirir ki, ona əvəzləmə ilə başqa ərazidən torpaq sahəsi verilməyib. - Oğuz RİH başçısının Muxas İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 10-20/14 nömrəli məktubunda qeyd olunur ki, iddiaçıların mülkiyyətində olan 31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışla göstərilən torpaq sahəsinin Oğuz-Bakı su kəmərinə düşən hissəsinin əvəzinə iddiaçılara heç bir torpaq sahəsi verilməmişdir. - Muxas Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 22 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı1 və ailə üzvlərinə aid Muxas Bələdiyyəsi ərazisində olan pay torpaqdan 1,87 ha torpaq sahəsi Oğuz-Bakı su kəmərinin mühafizə zolağına düşməsinə baxmayaraq istər Dövlət fondu olmaqla, istərsə də bələdiyyənin ehtiyat fondu torpaqla əvəz edilməmişdir. - Oğuz RİH-nin xx.xx.2021-ci il tarixli 6/4-874 nömrəli məktubunda qeyd olunur ki, hazırda icraatda olan məhkəmə işi üzrə iddiaçılar İddiaçı1 və onun ailə üzvlərinə, mülkiyyətlərində olan sözügedən torpaq sahəsinin "Oğuz-Qəbələ-Bakı su kəməri"nin mühafizə zolağına düşən hissəsinin əvəzinə başqa ərazidən torpaq sahəsi verilməmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********19 nömrəli məktubunda qeyd olunur ki, Xidmətin 9 saylı Qəbələ Ərazi İdarəsində İddiaçı1 və ailə üzvlərinə məxsus 4,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin (JN-0178 kod 40503028 olan “torpağa mülkiyyət hüququna dair dövlət aktı”) Oğuz-Bakı su kəmərinə düşən hissəsinin əvəzinə ayrılmış torpaq sahəsi barədə məlumat hər hansı bir hüquqmüəyyənedici və texniki sənəd aşkar edilməmişdir. - Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı1 DƏDRX tərəfindən verilmiş 31 yanvar 2015-ci il tarixli ******* nömrəli çıxarışın plan-ölçü sənədi təqdim olunmadığından torpaq sahəsinin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. İddiaçı1 və ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsi 5,26 hektar təşkil edir. Həmin torpaq sahəsinin 1,87 hektarı Oğuz-Bakı su kəmərinin mühafizə zolağına düşür. 3,39 hektar torpaq sahəsi isə təsərrüfatın DWG faylına (Mülkiyyətə verilmiş torpaqların kompleks yerqurluşu layihəsinə) əsasən Oğuz rayonu Muxas Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, uqodiyası əkin olub ehtiyat fond torpaqlar kateqoriyasına aiddir. İddiaçıların istifadəsində olan torpaq sahələrinin coğrafi yerləşməsi, həndəsi ölçüləri və döngə nöqtələrinin koordinatları göstərilməklə sxem tərtib olunmuşdur. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********30 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, işin araşdırılması məqsədi ilə DƏDKR PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Muxas kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********60 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilən mübahisəli torpaq sahəsinin koordinatları ilə JN-0178 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda verilmiş torpaq sahəsinin koordinatları 0,0457 və 1,49 hektar hissədə üst-üstə düşür.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.
19. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 26 . Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, cavabdeh apellyasiya şikayətini mübahisəli torpaq sahəsinin su kəməri və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağına düşməsi ilə əsaslandırmışdır. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, torpaq sahəsi iddiaçıların adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli, **********83 reyestr nömrəli çıxarış verilmişdir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinin də tələbindən göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar.
27. Cavabdeh iddiaçının müraciətindən imtinanı iddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsindən Oğuz-Qəbələ-Bakı su kəməri, 2 ədəd 30000 KV və 2 ədəd 10000 KV yüksək gərginlikli elektrik xəttinin keçməsi, faktiki iddia edilən torpaq sahəsinin 0.92 ha hissəsinin qorunma zolaqlarına düşməsi, iddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsinin 1.87 ha hissəsinin Oğuz-Qəbələ-Bakı su kəmərinin mühafizə zolağına düşməsi ilə əsaslandırmışdır. Halbuki, məhkəmə kollegiyası bununla baglı qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının qeyd edilən əsaslara görə imtinası nəzərdə tutulmamışdır.
28. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, qаnunvericilikdə etimаd hüququnun yаrаnmаsının iki müxtəlif əsаsı nəzərdə tutulmuşdur ki, onlаrdаn biri inzibаti orqаnlаrın inzibаti prаktikаsı, digəri isə müəyyən inzibаti аktın sonrаdаn qəbul ediləcəyi və yа qəbul edilməyəcəyi bаrədə inzibаti orqаnlаrın vəd və bəyаnаtlаrıdır. İnzibаti prаktikаyа etimаd o hаldа yаrаnır ki, bu prаktikа dаvаmlı və ümumi xаrаkter dаşısın və inzibаti orqаnın hərəkətlərinin gedişi əvvəlcədən bilinsin. Mаrаqlı şəxs inzibаti orqаnın prаktikаsınа əsаslаnаrаq təxminən bilməlidir ki, onun işi həmin prаktikаyа uyğun şəkildə və həll edilmiş oxşаr işlərə аnаloji qаydаdа həll ediləcəkdir. İnzibаti orqаnın bəyаnаt və vədlərinə gəldikdə isə, bu bəyаnаt və vədlər mütləq konkret inzibаti icrааtlа bаğlı olmаlı və mаrаqlı şəxs bilməlidir ki, həmin bəyаnаt və vədlər məhz onun hüquq və qаnunlа qorunаn mаrаqlаrı ilə bаğlıdır. Bəyаnаt və vədin etibаrlı təminаt hesаb olunmаsı üçün onun yаzılı formаdа ifаdə olunmаsı vаcibdir. Eyni zаmаndа, bu dа qeyd edilməlidir ki, şəxs inzibаti аktın qəbul edilməsi üçün konkret bir inzibаti orqаnа mürаciət edərkən etimаd hüququnа istinаd edirsə, bu etimаd digər inzibаti orqаnlаrın deyil, məhz mürаciət etdiyi inzibаti orqаnın inzibаti prаktikаsınа, yаxud dа vəd və bəyаnаtınа əsаslаnmаlıdır.
29. İddiaçıların mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.
30. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, 31 yanvar 2015-ci il tarixli ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətlərində olan, Oğuz rayonu Muxas kəndində yerləşən, kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı həmin 4,9664 ha torpaq sahəsinə iddiaçıların adına “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli 2-1(116)-33/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.