Məhkəmə qərarları › İş №2-1(107)-417/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-417/2024

31.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-417/2024 31.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “01 sentyabr 2023-cü il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 may 2024-cü il tarixli 2-1(116)-817/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “01 sentyabr 2023-cü ildə 60 yaşı tamam olduğu üçün həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “01 sentyabr 2023-cü il tarixdən güzşətli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə təmin edilmişdir.

3. İddia ərizəsinə əsasən İddiaçı xx xxxxxxxx 1960-cı ildə Füzuli rayonu Qacar kəndində doğulmuşdur. Orta məktəbi bitiridikdən sonra əmək fəaliyyətinə başlamışdır. Belə ki, xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixinədək “Qafqazenerjiquraşdırma” Trestində (hazırda Mingəçevir Enerjiquraşdırma ATSC) quraşdırıcı-çilingər işləmişdir. 1995-1999-cu illərdə Rusiya Federasiyasında müxtəlif müəssisələrdə quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. Bu barədə əmək kitabçasında da qeydlər var. xx.xx.1999-xx.xx.2004-cü ilədək "xxxx" ASC-nin “Santexquraşdırma” İdarəsində çilingər-quraşdırıcı vəzifəsində işləmişdir. xx.xx.2004- xx.xx.2007-ci ilədək "xxxx" ASC-də quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2007-xx.xx.2010-cu ilədək "xxxx" MMC-də (indiki "xxxx" MMC) quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2010-xx.xx.2015-ci ilədək "xxxx" ASC-də quraşdırıcı-çilingər vəzifəsində işləmişdir. xx.xx.2016-xx.xx.2016-cı illərdə Dövlət Məşğulluq Xidmətinin Mingəçevir Şəhər Məşğulluq Mərkəzindən işsizlik müavinəti almışdır. xx.xx.2017xx.xx.2017-ci illərdə "xxxx" MMC-də çilingər vəzifəsində işləmişdir. xx.xx.2020-ci ildən "xxxx" MMC-də quraşdırıcı-çilingər vəzifəsinə işə qəbul edilmişdir və hal-hazırda da işləyir. 01 sentyabr 2020-ci ildə 60 yaşının tamam olması ilə yaşa görə pensiyaya çıxmışdır. Elə həmin vaxtlar DSMF-yə müraciət etmiş və bildirilmişdir ki, 40 ildən çox ümumi iş stajı var və onun ən azından 30 ili ona güzəştli şərtlərlə pensiya hesablanmalıdır. Bununla bağlı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin, cavabdeh tərəfindən iddiaçıya 13 oktyabr 2023-cü il tarixli imtina məktubu verilmişdir.

4. Cavabdeh orqanın məhkəməyə təqdim olunmuş iddia tələbinə etirazı: İddiaçı Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına "Mingəçevir Enerjiquraşdırma” ATSC-nin 27 avqust 2020-ci il tarixli 10 nömrəli arayışını, "xxxx" ASCnin 2 noyabr 2020-ci il tarixli 24 nömrəli arayışını, "xxxx" ASC-nin 3 noyabr 2020-ci il tarixli 45/20 nömrəli arayışını, “Azenco Group" MMC-nin 2 noyabr 2020-ci il tarixli AG/34 nömrəli arayışını və "xxxx" ASC-nin 30 oktyabr 2020-ci il tarixli 01-FA/814 nömrəli arayışını təqdim etmiş olsa da, bu arayışlar qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmədiyi üçün cavabdeh orqan sözügedən arayışları mötəbər sübut kimi qiymətləndirməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 1 may 2024-cü il tarixli 2- 1(116)-817/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən İddiaçı cavabdeh Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqanın imtina məktubunda iddiaçının təqdim etdiyi olduğu arayışlarda quraşdırıcı çilingər vəzifəsində işlədiyinin qeyd olunduğunu və quraşdırıcı çilingər vəzifəsinin isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) polad dəmir-beton konstruksiyalarının qurlaşdırılması üzrə qurlaşdırıcılar vəzifəsi ilə uyğun olmadığını bildirilmişdir. Birinci instansiya məhkəməsi araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan ümumi iş stajı isə 25 ildən çoxdur və bu səbəbdən də İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə bu mövqeyini iddiaçının təqdim etdiyi sübutlar və daxili inam ilə əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsi araşdırma zamanı iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixədək “Qafqazenerjiquraşdırma” trestində (hazırda Mingəçevir Enerjiquraşdırma ATSC) quraşdırıcı-çilingər, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC-nin “Santexquraşdırma” idarəsində çilingər-quraşdırıcı, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də (indiki "xxxx" MMC) quraçdırıcıçilingər, xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək "xxxx" ASC-də quraçdırıcı-çilingər vəzifəsində işlədiyini müəyyən etmişdir. Lakin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbəndində (a) polad dəmirbeton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Göründüyü kimi məhkəmə qərarında da iddiaçının işlədiyi peşə qurlaşdırıcı vəzifəsi olaraq yox, çilingər olaraq qeyd edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi işi araşdırarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısına da istinad etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdən (60 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının tələbi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə tənzimləndiyi halda məhkəmənin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısına istinad etməsi yanlışdır. Həmçinin, cavabdeh orqanın iddiaçıya ünvanlamış olduğu xx.xx.2023-cü il tarixli imtina məktubunda iddiaçının çalışmış olduğu sahəni mübahisələndirmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarında polad və dəmir-beton konstruksiyalarnın quraşdırılması üzrə quraşdırıcılar vəzifəsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunanlara əsasən bildirilmişdir ki, cavabdeh orqan tərəfindən İddiaçı güzəştli iş stajının olmadığı müəyyən edilmiş və bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 1 may 2024-cü il tarixli 2-1(116)-817/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 1 may 2024-cü il tarixli 2-1(116)-817/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 1 may 2024-cü il tarixli 2-1(116)-817/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.

1. ИТ-İ seriyalı ******* nömrəli Əmək kitabçasından görünür ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. Onun 1985-ci ildən sonrakı dövrdə işlədiyi müəssisələr aşağıdakı kimidir: a) xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixinədək “Qafqazenerjiquraşdırma” Trestində (hazırda Mingəçevir Enerjiquraşdırma ATSC) quraşdırıcı-çilingər; b) 1995-ci ildən 1999-cu ilədək Rusiya Federasiyasında müxtəlif müəssisələrdə quraşdırıcı-çilingər; c) xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək "xxxx" ASCnin “Santexquraşdırma” İdarəsində çilingər-quraçdırıcı; d) xx.xx.2004-cü ildən xx.xx.2007-ci ilədək "xxxx" ASC-də quraşdırıcı-çilingər; e) xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də (indiki "xxxx" MMC) quraşdırıcı-çilingər; f) xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək "xxxx" ASC-də quraşdırıcı-çilingər; g) xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək Dövlət Məşğulluq Xidmətinin Mingəçevir Şəhər Məşğulluq Mərkəzindən işsizlik müavinəti almışdır; h) xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək "xxxx" MMC-də çilingər; i) xx.xx.2020-ci ildən "xxxx" MMC-də quraçdırıcı-çilingər

2. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu;

3. БТ seriyalı 592702 nömrəli diplomun surəti;

4. НЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti;

5. ИТ seriyalı ******* nömrəli Əmək kitabçası;

6. AA seriyalı 255128 nömrəli Məcburi Köçkün vəsiqəsi;

7. "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli ag/34 nömrəli işin xarakteri haqqında arxiv arayışı;

8. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 45/20 nömrəli güzəştli arayışı;

9. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 24 nömrəli güzəştli arayışı; 10.“Mingəçevir Enerjiquraşdırma” ATSC-nin xx.xx.2020-ci il tarixli 10 nömrəli güzəştli arayışı.

11. Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayış;

12. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 01-FA/814 nömrəli işin xarakteri haqqında arxiv arayışı;

13. Yaşayış yerindən xx.xx.2023-cü il tarixli arayış və AA 255128 nömrəli məcburi köçkün vəsiqəsinin surəti.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətindəinzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

14. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir

15. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığortastajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). 29-cu maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğiildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. 29.1-1. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

16. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 1 may 2024-cü il tarixli 2-1(116)-817/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü ildən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: 1. iddiaçı 60 yaşına çatmalıdır. 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 3. ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.

25. İş materialları ilə müəyyən edilir ki, iddiaçının ümumilikdə iş stajı 25 ildən çoxdur. Cavabdeh tərəfindən də bu hal mübahisələndilməmişdir.

26. Lakin, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd olunan əmək fəaliyyəti üzrə çalışdığı peşələrdən heç biri güzəştli iş stajına daxil edilməmişdir.

27. İddiaçı xx.xx.1985-ci ildən xx.xx.1995-ci il tarixinədək “Qafqazenerjiquraşdırma” trestində (hazırda Mingəçevir Enerjiquraşdırma ATSC) quraşdırıcı-çilingər, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək "xxxx" ASC-nin “Santexquraşdırma” İdarəsində çilingərquraşdırıcı, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək "xxxx" MMC-də (indiki "xxxx" MMC) quraçdırıcı-çilingər, xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək "xxxx" ASC-də quraçdırıcıçilingər, vəzifəsində işləmişdir.

28. İddiaçının işlədiyi quraşdırıcı-çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının 2 nömrəli siyahısının Qərarının 2 nömrəli siyahısının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (2290000a—14612) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyaların quraşdırması üzrə quraşdırıcılar bölməsində əli ilə qazla kəsici quraşdırıcılar peşəsi bilavasitə nəzərdə tutulur və güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququna təminat verir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının 12 il 6 aydan artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddia etdiyi dövrdə (xx.xx.2023-cü ildən) “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1960-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.

30. Belə ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

31. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan dövrlər üzrə iddiaçının güzəştli şərtlərlə iş stajı tələb olunan minumum dövrdən artıq olduğundan cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı 01 sentyabr 2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 may 2024-cü il tarixli 2-1(116)-817/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar