Məhkəmə qərarları › İş №2-1(107)-417/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-417/2025

13.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-417/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-1371/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ““yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - İddiaçı 06 yanvar 1975-ci ildə əmək fəaliyyətinə başlamışdır və 06 oktyabr 2023-cü il tarixinədək işləmişdir. xx.xx.2023-cü il tarixdə onun 65 yaşı tamam olmuş və həmin tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməli idi.

3. O, yaşa görə əmək pensiyanın təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

4. Cavabdeh inzibati orqanın imtinasının əsası kimi guya onun iş stajımın 25 ildən az olması göstərilmişdir. Belə ki, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1982-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Yevlax Rayon Meyvə Tinglik Sovxozunda adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla ümumi sığorta stajının 23 il 3 ay 11 gün təşkil etdiyi göstərilmişdir.

5. Halbuki onun tərəfimdən təqdim edilmiş əmək kitabçasından da göründüyü kimi, o, xx.xx.1975-ci ildən əmək fəaliyyətinə başlamış və 27 aprel 1977-ci ildə hərbi xidmətəçağırıldığı üçün işdən azad edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan onun xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixinədək işlədiyi 2 il 3 ay 21 gün müddəti əmək stajına hesablamamışdır.

6. Azərbaycan Respublikası Dövlət X1 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kombinatın 23 yanvar 1975-ci il tarixli 17/k saylı əmrinə əsasən İddiaçı xx.xx.1975-ci il tarixdən toxucu istehsalatına yağlayıcı qəbul edilmişdir (F. № 192, siy. № 8, sax. vah. № 133, vərəq № 52).

7. Kombinatın 24 dekabr 1976-cı il tarixli 364/k saylı əmrinə əsasən toxucu istehsalatının yağlayıcısı İddiaçı xx.xx.1976-cı il tarixdən yükləyici vəzifəsinə keçirilmişdir (F. № 192, siy. № 8, sax. vah. № 153, vərəq № 240).

8. Kombinatın 27 aprel 1977-ci il tarixli 117/k saylı əmrinə əsasən yükləyici İddiaçı xx.xx.1977-ci il tarixdən hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir (F. № 192, siy. № 8, sax. vah. № 168, vərəq № 77).

9. Bundan əlavə, o, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək "xxxx" MMCdə fəhlə, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-nin İstehsalat, Aqrar və X6 üzüm sahəsində fəhlə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək "xxxx" MMC-də Yevlax üzüm sahəsində fəhlə vəzifəsində işləmişdir. Lakin cavabdeh inzibati orqan bu 4 il 10 ay 8 gün müddətini əmək stajına hesablamamışdır. Göründüyü kimi, ümumilikdə 7 il 1 ay 29 gün müddət cavabdeh inzibati orqan tərəfindən onun əmək stajına hesablanmamışdır.

10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı uzrə mərkəzi filialına (Mərkəzi Filial) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair 2-1(116)-3545/2024 nömrəli inzibati iş vardır.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xx.xx.2022-ci iİ tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi illər əmək stajına hesablanmamışdır.

12. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2024 cü il tarixli 3-17-1/2-M- 222402/2024 nömrəli məktubla yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir, imtinanın əsası kimi qeyd edilmişdir ki, İddiaçı sosial sığorta stajı (23 il 03 ay 11 gün) qanunvericiliklə tələb olunan (25 il) sığorta stajından azdır.

13. İddiaçı xx.xx.2023-cü il tarixdə Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır.

14. İddiaçı təqdim etdiyi sənədlərin surətinə əsasən onun xx.xx.1977-cı il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 1989- 1990-cı illər üzrə 1 ıl 8 ay. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-cı ıl tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997-cı il tarixədək, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) Pensiya" altsıstemində olan məlumata əsasən (xx.xx.2018-xx.xx.2023-cü illər üzrə) 2 il 7 ay əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla ümumilikdə 23 il 3 ay 11 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir.

15. İddiaçı iddia ərizəsində xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.2018-cı ıl tarixdən xx.xx.2021-ci il tarıxdək, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işlədiyi illərin Mərkəzi Filial tərəfindən ümumi iş stajına daxil edilmədiyini qeyd etsə də, göründüyü kimi həmin dövrlər onun sığorta stajına daxil edilmişdir.

16. İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır.

17. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının 23 oktyabr 2024-cü il tarixli 3-48-2-434/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1988-ci il üzrə 6 ay, 1989-cu il üzrə 1 ay, 1990-cı il üzrə 3 ay, 1995-cı il üzrə 2 ay əməkhaqqı ödənilməmişdir. Həmçinin arayışda Yevlax rayon Meyvə Tinglik sovxozunun 1988-ci ilin iyul dekabr və 1997-ci ilin əməkhaqqı sənədləri X9 təhvil verilmədiyi qeyd edilmişdir.

18. Qanunvericiliyə uyğun olaraq İddiaçı adına əməkhaqqı hesablanmayan dövrlər onun sığorta stajına daxil edilməmişdir.

19. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 ıl) az olduğu üçün ona yaşa gorə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

20. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

22. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 03 aprel 2025-ci il tarixli 2- 1(116)-1371/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

23. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

24. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmışdır. Bundan əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd edilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil irəli sürülməmişdir. Ümumiyyətlə mübahisələndirilən dövrlə bağlı əmək haqqı ödənilməyən ayların və əmək haqqı cədvəllərinin yoxlanılmasına dair lüzumsuz inzibati icraatın hansı məqsədlə aparılması aydın deyil. Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının 23 oktyabr 2024-cü il tarixli 3-48-2-434/2023 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1988-ci il üzrə 6 ay, 1989-cu il üzrə 1 ay, 1990-cı il üzrə 3 ay, 1995-cı il üzrə 2 ay əməkhaqqı ödənilməmişdir. Həmçinin arayışda Yevlax rayon Meyvə Tinglik sovxozunun 1988-ci ilin iyul dekabr və 1997-ci ilin əməkhaqqı sənədləri X9 təhvil verilmədiyi qeyd edilmişdir. Qanunvericiliyə uyğun olaraq İddiaçı adına əməkhaqqı hesablanmayan dövrlər onun sığorta stajına daxil edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(116)-1371/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)- 1371/2025 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-1371/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

27. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, X7 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışı, Н3 ******* nömrəli Hərbi bilet, Aqro-Azərinvest MMC-nin xx.xx.2024-cü il tarixli 127,126 və 15 nömrəli arayışları, ИT-İ ******* nömrəli əmək kitabçası.

TƏTBİQ EDİLƏN HÜQUQ

28. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

29. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

31. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

32. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

33. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

35. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-1371/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

36. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

37. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

38. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

39. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

41. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2023-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1958-ci ildə doğulub).

42. Cavabdeh orqan iddiaçının xx.xx.1977-cı il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrünü, əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək 1989-1990-cı illər üzrə 1 ıl 8 ay. xx.xx.1991-ci il tarixdən xx.xx.1995-cı ıl tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1997cı il tarixədək, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) Pensiya" altsıstemində olan məlumata əsasən (xx.xx.2018- xx.xx.2023-cü illər üzrə) 2 il 7 ay əmək fəaliyyəti dövrlərini nəzərə alınmaqla ümumilikdə 23 il 3 ay 11 gün sığorta stajını mübahisələndirmir.

43. Bununla belə cavabdeh orqan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X7 filialının 23 oktyabr 2024-cü il tarixli 3-48-2-434/2023 nömrəli arxiv arayışına istinad edərək iddiaçının 1988-ci il üzrə 6 ay, 1989-cu il üzrə 1 ay, 1990-cı il üzrə 3 ay, 1995-cı il üzrə 2 ay əmək haqqı ödənilməyən və Yevlax rayon Meyvə Tinglik sovxozunun 1988-ci ilin iyul dekabr və 1997-ci ilin əməkhaqqı sənədləri mövcud olmayan dövrləri onun sığorta stajına daxil edilməmişdir.

44. Kollegiya qeyd edir ki, oxşar inzibati mübahisələr üzrə dəfələrlə vurğulanmışdır ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-278/2019 №-li qərarında əks olunmuş hüquqi mövqe).

45. Hazırkı iş üzrə sənədlərlə iddiaçının ümumi sosial sığorta stajının 25 il, 2 ay, 17 gün olmaqla tələb olunan 25 ildən artıq olması müəyyən edilir. Cavabdeh orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd edilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı dəlil irəli sürülməmişdir. Ümumiyyətlə mübahisələndirilən dövrlə bağlı əmək haqqı ödənilməyən ayların və əmək haqqı cədvəllərinin yoxlanılmasına dair lüzumsuz inzibati icraatın hansı məqsədlə aparılması aydın deyil.

46. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə kollegiyası iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

47. Belə ki, əmək kitabçasının düzgün tərtib edilməsini təmin etmək və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin etmək iddiaçının vəzifəsi olmadığından göstərilən halların mənfi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz.

48. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.

49. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən ümumi sosial sığorta stajı 25 ildən artıq olduğundan, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

50. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin faktiki hallarını və istinad olunan qanunvericiliyin maddi və prosessual normalarının tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

51. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2-1(116)-1371/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar