Məhkəmə qərarları › İş №2-1(107)-418/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-418/2021

11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-418/2021 11.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Məlikov Vəzirxan İsgəndər oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinədаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2- 1(116)-179/2021 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 08.12.2015-ci il tarixli 1/Ə-9953 nömrəli imtinasının qanunsuz hesab edilməsi və ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 26.08.2020-ci il tarixdə daxil olmuş və həmin vaxtdan icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, 01 aprel 1992-ci ildən 01 sentyabr 1992-ci ilədək N saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni Goranboy özünümüdafiə taborunun tərkibində Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. İddiaçı N №-li hərbi hissə komandirinin 01.04.1992-ci il tarixli N №-li əmri ilə hərbi hissəyə qəbul edilərək, tağım komandirinin müavini vəzifəsinə təyin edilmişdir. Həmin döyüşlərdə aldığı xəsarətə görə iddiaçı 03 sentyabr 1992-ci ildən 25 sentyabr 1992-ci ilədək X3 stasionar müalicədə olmuşdur. Xəstəxanada müalicə olunduqdan sonra yararsız olduğundan evə qayıtmışdır. Lakin o, həmin dövrdə müharibə şəraiti olduğundan və Müdafiə Nazirliyində müəyyən problemlər olduğundan Müdafiə Nazirliyinin Hərbi-Həkim komissiyasından keçməmişdir. İddiaçının hərbi xidmətlə bağlı məsələsinə əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən 08.01.2009-cu il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı xidmət etdiyi 5 ay ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi əməliyyatlardan 28 il keçməsinə baxmayaraq o, müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə edə bilmir. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın iddiaçıya ünvanladığı imtina məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 21.10.2015-ci il tarixli 9/2-7307 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə (GƏÖMB-da) 30.06.1992-ci il tarixdən sonra iddiaçının hərbi xidməti təsdiqlənmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh orqanın birinci instansiya məhkəməsinə ünvanladığı 02.06.2021-ci il tarixli, 11/2659 nömrəli etiraz məktubunda qeyd edilr ki, “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteram” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin 17.10.1997-ci il tarixli, 383-İ QR Qərarının 9-cu bəndinə əsasən: “... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır”. Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün e'zam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı e'zamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İddiaçı Goranboy ərazi özünümüdafiə batalyonu Müdafiə Nazirliyinin tərkibinə keçdiyindən İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə ərizəsinə Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyası tərəfindən baxılmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun 03.09.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Tərtər hərbi prokurorluğu tərəfindən 08.01.2009-cu il tarixdə, 1968-ci il təvəllüdlü İddiaçı barəsində cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin 2001-2013-cü illərə aid sənədlər və qeydiyyat kitabları (cinayət işlərinin kitabları istisna olmaqla) Tərtər Hərbi Prokurorluğunda müvafiq surətdə məhv edildiyindən İddiaçı barədə qəbul edilmiş qərarın surətinin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Şəki Şəhər (Rayon) Polis Şöbəsinin 03.10.2020-ci il tarixli məktubuna əlavə edilən 9 nömrəli əlavədən görünür ki, əməliyyat-sorğu kartotekasında iddiaçı barədə heç bir məlumat yoxdur. İş materiallarında olan 09.02.2021-ci il tarixli arxiv arayışında qeyd edilir ki, Goranboy ƏÖMB-nun komandirinin 01 aprel 1992-ci il tarixli N №-li əmrilə sıravi İddiaçı (əsas: § 1, səh 3) tağım komandirinin müavini vəzifəsinə təyin olunmuşdur. Goranboy ƏÖMB-nun komandirinin 01 may 1992-ci il tarixli 2 №-li əmrilə 1967-ci il təvəllüdlü, sıravi İddiaçı (əsas: § 1, səh 20) aşbaz vəzifəsinə təyin olunmuşdur. Goranboy ƏÖMB-nun komandirinin 30 iyun 1992-ci il tarixli 6 №-li əmrilə sürücü, sıravi İddiaçı (əsas: səh 31) iyun ayı üçün əmək haqqı verilmişdir. Qeyd edirik ki, Goranboy ƏÖMB-nun komandirinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan iyul-avqust 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Bildiririk ki, Goranboy ƏÖMB-nun komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Şəhid Ailələri Əlillər və X1 X5 şəhər şöbəsinin məhkəməyə ünvanladığı 13.07.2021-ci il tarixli məktubda qeyd edilir ki, İddiaçı oğlu 01 07.1986-cı il tarixdən 30.05.1998-ci il tarixədək müddətli hərbi xidmət keçmiş, qanuni əsaslarla ordu sıralarından təxris olunmuşdur (əsas: İddiaçı hərbi bileti, səh 4). İddiaçı oğlu 01.04.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək GƏÖMB-da hərbi xidmət keçmişdir (əsas: İddiaçı hərbi bilet, səh 5). İddiaçı oğlu 01.04.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək Goranboy- Ağdərə istiqamətində gedən döyüşlərdə GƏÖMB-nun tərkibində iştirak etmişdir (əsas: İddiaçı hərbi bilet, səh 7). AR Müdafiə Nazirliyi İ.İ.Mərkəzi Arxivinin 09.02.2021-ci il tarixli, 912-946 saylı arayışında İddiaçıA oğlunun 01.04.1992-ci il tarixdən 30.08.1992-ci tarixədək GƏÖMT-da xidməti göstərilmiş, iyul-avqust 1992-ci il tarixlərdə GƏOMB-da xidməti barədə məlumatın aşkar olunmadığı qeyd edilmişdir. GƏOMB komandirinin sentyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərinin MN-nin Mərkəzi Arxivinə daxil olmadığı göstərilmişdir. İddiaçıA oğlunun AR MN-nin nəznində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası”na ünvanladığı məktuba cavab olaraq Komissiya qeyd edir ki, İddiaçıA oğlunun sənədlərinə 17.02.2021-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmiş, GƏÖMB komandirinin nizami hissə üzrə əmrlərində iyulavqust 1992-ci il tarixlərdə İddiaçı oğlunun xidməti barədə məlumat aşkar olunmadığından, ona “Veteran adı və müvafiq vəsiqənin verilməsindən imtina edilmişdir. MN-nin aparatı nəznində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi komissiyası” Mərkəzi Arxiv arayışında GƏÖMB-nun 1992-ci il iyul-avqust ayları üzrə məlumatlarda İddiaçı oğlunun xidməti barədə məlumat aşkar olunmamasını qabartsa da, nədənsə, İddiaçı oğlunun hərbi bilütinin 5, 7-ci səhifələrində 1992-ci il iyul-avqust ayları üzrə xidmətinin və döyüşlərdə iştirakının elə həmin GƏÖMB komandirinin imzası və möhürü ilə təsdiqlənməsi faktını göstərməmişdir. Bu hal komissiyanın öz vəzifə səlahiyyətlərini düzgün tətbiq etməməsi, vəzifəli şəxslərin hərəkətsizliyi və qərəzililiyi anlamına gəlir. Bununla da Komissiya İddiaçı oğlunu haqq etdiyi “Veteran adı”na layiq görülməsi hüququndan bilərəkdən məhrum edilmişdir. Azərbaycan Respublikasının Müstəqilliyinin bərpasından sonra 09.10.1991-ci iİ tarixdə Azərbaycan Ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin Qərarı qəbul edilmişdi. Həmin dövrdə Ölkəmiz işğalçı Ermənistan Respublikası millətçi qüvvələri ilə yanaşı separatçı Dağlıq Qarabağın erməni silahlı quldur dəstələrinin təcavüzü qarşısında qalmışdı. İlk dəfə idi ki, çağırışçı gənclər Orduya cəlb edilirdi, bu isə Ölkə ərazisinin cüzi hissəsinin müdafiəsinə yetirdi. Ordunun tam komplektləşdirilməsinə bir neçə il lazım gələcəkdi. Belə ağır bir vəziyyətdə Müdafiə Nazirliyi yeganə düzgün qərar qəbul edərək, könüllülərin hesabına Ordunu komplektləşdirilməsinə qərar verdi və təcavüzkar Ermənistan Respublikası ilə həmsərhəd ərazilərimizdə, keçmiş DQMV ərazisi ilə bitişik bölgələrimizdə özünümüdafiə dəstələri, batalyonları yaradılmağa başlandı. Goranboy rayonunda da özünümüdafiə batalyonu yaradılmışdı. İddiaçı oğlu Konstitusion borcunu yerinə yetirərək, ərazi bütövlüyümüzü qorumaq üçün könüllü olaraq GƏÖMB-na qoşulmuşdu. 18.03.1992-ci il tarixdən düşmənlə üzbəüz mövqelərə dislokasiya edilən GƏÖMBnu, 01.04.1992-ci il tarixdə Müdafiə Nazirliyində rəsmi qeydiyyata alınmışdı. GƏÖMB 01.04.1992-ci ii tarixdən 12.07.1992-ci il tarixədək müdafiə mövqelərində xidmət etmiş, 12.07.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək erməni quldur silahlı dəstələrinin işğalı altında olan ərazilərimizin azad edilməsi döyüşlərini aparmışdır. GƏÖMB 12.07.1992-ci il tarixdən 01.09.1992-ci il tarixədək keçmiş Şaumyan(kənd) rayonunun Buzluq, Mənəşid, Başkənd, Şaumyan (aşağı Ağcakənd), Xarxaput (Meşəli), Qaxtut, Qaraçinar, Manas, Gülüstan, Ağdərə rayonunun Talış, Madagiz (Suqovuşan), Maqavuz, Metşen, Moxrataq, Nerkin Orataq, Akop Kəməri, Drmbon (Heyvalı), Paqosamer 1, Paqosamer 2 kəndlərini, Karyer, Çıldıran Yüksəkliklərini, Sərsəng su anbarını, Kasapet dağ silsilə yüksəkliklərini digər özünümüdafiə batanyonları ilə birlikdə düşmən işğalından azad etmişdir. Göstərilən dövrlərdə İddiaçı oğlu GƏÖMB-nun tərkibində xidmət etmiş və bu hal onun 90481 saylı hərbi biletinin 5,7-ci səhifələrində qanuna müvafiq qaydada təsdiqlənmişdir. GƏÖMB 01.09.1992-ci tarixdə Müdafiə Nazirliyinin müvafiq əmri ilə ləğv edilmişdir. Bu hal o deməkdir ki, İddiaçı GƏÖMB-nun ləğv edildiyi ana, yəni 01.09.1992-ci tl tarixədək hərbi qulluqçu statusunu daşımışdır və iddiaçının hərbi qulluqçu statusunu itirməsi səbəbi GƏÖMB-nun ləğvinə görədir. Komissiyanın “01.09.1992-ci il tarixdən sonra GƏÖMB-na dair məlumatların Mərkəzi Arxivə daxil olmamışdır” ifadəsi müxtəlif qənaətlərə yol açır, qeyri-müəyyən halların ola biləcəyinə rəvac verir ki, bu da Mərkəzi Arxiv və Komissiyanın qərəzli mövqeyinin olmasına əsaslar yaradır. Əslində isə Mərkəzi Arxiv GƏÖMB-nun 01.09.1992-ci il tarixdə ləğv olunduğunu, Batalyonun bu tarixdən sonra fəaliyyəti və ona dair arxiv məlumatlarının mövcud olmadığını dəqiq bilir. Daha bir vacib məqam Komissiyanın İddiaçı oğluna Veteran adı və müvafiq vəsiqəsinin verilməsindən imtina edilməsinin səbəbi ilə bağlıdır. Belə ki, Komissiya Arxiv arayışına istinad edərək İddiaçıA-nın 1992-ci il aprel-may-iyun ayları üzrə xidməti barədə məlumatların Mərkəzi Arxində olduğunu, iyul-avqust ayları üzrə olmadığını əsas gətirərək, ərizəçinin xahişindən imtina etdiyini göstərmiş, amma ərizəçinin hərbi biletində qeyd edilmiş (090481 saylı h/bilet, 5, 7-ci səhifələr) iyul-avqust ayları üzrə xidməti və döyüşlərdə iştirakı barədə təsdiqlənmiş məlumatların olduğunu göstərməmişdir. Qeyd edirik ki, döyüşlərdə iştirak edən döyüşçünün vəzifəsi komandirlərinin əmr və tapşırıqlarını yerinə yetirməkdən ibarətdir. Döyüşçünün öz hərbi xidməti barədə məlumatların səlahiyyətli şəxslər tərəfindən düzgün qeydiyyata alınmasına nəzarət etməsi kimi öhdəliyi yoxdur. İddiaçı Aftandil oğlu müddətli hərbi xidmətini keçməsinə baxmayaraq, 01.04.1992-ci il tarixdə GƏÖMB-da təkrar hərbi xidmətə könüllü olaraq qoşulmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmışdır. Onun təkrar hərbi xidmətə getməsi, vətəninə məhəbbət hissindən, Konstitusiya borcunu vermək, torpaqlarımızın bütövlüyünü təmin etmək istəyindən qaynaqlanmışdı. İş materiallarında olan Goranboy ƏÖMB komandirinin 01.04.1992-ci il tarixli 1 nömrəli əmrinin 01.04.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı tərkibinə daxil olduğu Göranboy şəhərində özünümüdafiə 2-ci atıcı batalyonu yaradılmış və iddiaçı tağım komandiri vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan Goranboy ƏÖMB komandirinin 01.05.1992-ci il tarixli 2 nömrəli əmrinin 01.04.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.03.1992-ci il tarixli əmrinə uyğun olaraq Goranboy şəhərində yaradılmış ərazi özünümüdafiə 2-ci batalyonu N nömrəli hərbi hissə adlandırılmış və İddiaçı təsərrüfat şöbəsinə aşbaz təyin edilmişdir. İş materiallarında olan Goranboy ƏÖMB komandirinin 30.06.1992-ci il tarixli 6 nömrəli əmrinin 01.04.2021-ci il tarixli arxiv çıxarışından görünür ki, İddiaçı 1992-ci ilin iyun ayında batalyonun şəxsi heyətinin tərkibində olmuş və ona əmək haqqı ödənilmişdir. iş materiallarında olan iddiaçının 090481 nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, həmin hərbi biletdə iddiaçının 01.04.1992-ci ildən 01.09.1992-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Goranboy ərazi özünümüdafiə taborunda hərbi xidmət keçdiyi qeyd edilmişdir. İddiaçının hərbi biletində həmçinin onun 01.04.1992ci il tarixdən 01.09.1992-ci il tarixədək Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə Goranboy ərazi özünümüdafiə taborunun tərkibində iştirak etdiyi qeyd edilmişdir. İş materiallarında olan X4 “ambulator, stasionar xəstənin tibbi kartasından çıxarış”ın surətindən görünür ki, iddiaçı X3 03.09.1992-ci il tarixdən 25.09.1992-ci il tarixədək stasionar müalicə almışdır. Şəki İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(116)-179/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəki İnzibаti Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(116)-179/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 19.08.2021 -ci il tarixli 2-1 (116)-179/202N №-li qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmişdir. Qərar əsassız, qanunsuz olduğundan ləğv olunmalıdır. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2- 1(116)-179/2021 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(116)-179/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məkhəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılr. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. İddia məcburetmə haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmir. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir" (Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 saylı Fərmanı ilə belə siyahıların təsdiqi səlahiyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinə verilmişdir). "Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidməti yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir". Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara, 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonalarında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, Dövlət Sərhəd Xidməti orqanları və hərbi hissələr tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Beləliklə, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsi müharibə veteranı adı və vəsiqəsinin verilməsini Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə, qüvvədə olan Əsasnamə isə 1991-ci il oktyabrın 9-dan sonrakı dövr üçün bunun verilməsini belə əməliyyatlarda iştirak etmiş şəxslərdən hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, hərbi qulluqçulara, o cümlədən yaralanmış, xəsarət və ya kontuziya almış hərbi qulluqçulara şamil etmişdir. "X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırkı mübahisədə cavabdeh inzibati orqan iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması barədə sənəd olmaması səbəbindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. Kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata və istefaya buraxıldığına dair sübut yoxdur. Sadalananlardan göründüyü kimi, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi işin faktiki halları ilə təsdiqini tapsa da, ehtiyata və ya istefaya buraxılmasını təsdiq edən sübut mövcud deyildir. Həmin hallar iddiaçının tələbinin təmin edilməməsi üçün əsaslardandır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 06.06.2018ci il tarixli 2-1(102)-1224/2018 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunauyğun olmuşdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhvə yol vermiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(116)-179/2021 saylı qərarı ləğv edilməli, yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(116)-179/2021 saylı qərarı ləğv edilsin və iş üzrə qərar qəbul edilməklə iddia tələbi təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar