Məhkəmə qərarları › İş №2-1(107)-418/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-418/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-418/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qax rayonu Qaxbaş bələdiyyəsinə qarşı “X2 publik hüquqi şəxsin verdiyi HTM seriyalı 002631 saylı şəhadətnamədə qeyd edilmiş Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan 743 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-1344/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qax rayonu Qaxbaş Bələdiyyəsinə qarşı “X2 publik hüquqi şəxsin verdiyi HTM seriyalı 002631 saylı şəhadətnamədə qeyd edilmiş Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan 743 kv.metr torpaq sahəsinin alqı-satqı yolu ilə ona 4348 manata satılmasına dair alqı-satqı müqaviləsinin notariusda bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

3. İddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 (on) gün müddətində vaxt təyin edilmişdir. İddiaçı, məhkəmənin hüquqi yardımına cavab olaraq təqdim etdiyi ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

4. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 may 2023-cü il tarixli 2- 1(116)-1344/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-1344/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-1344/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 may 2023cü il tarixli 2-1(116)-1344/2023 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

10. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının: 5.2. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. 6.2. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

11. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamə;

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.

10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir.

22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir.

12. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” Qaydaları:

3. Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının (özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri istisna olmaqla) torpaq müsabiqələri və ya hərracları vasitəsilə mülkiyyət və ya icarəyə verilməsi müvafiq rayon (şəhər) icra hakimiyyəti orqanlarının qərarı ilə həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Vİ. Müqavilələrin bağlanması və hüququn verilməsi.

18. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. Hərracın və ya müsabiqənin keçirilməsi ilə bağlı bütün mübahisələr məhkəmə qaydasında həll edilir.

13. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

18. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).

19. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardımın gösətərilməsinə dair” məktub ünvanlanmış və izah olunmuşdur ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 6.2-ci bəndində qeyd edilmişdir ki, ...torpaqla bağlı müqavilələrdən (alğısatqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İddiaçı isə məhkəmənin hüquqi yardımına cavab olaraq təqdim etdiyi ərizəsində məhkəmənin hüquqi mövqeyi ilə razılaşmadığını bildirmişdir.

20. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iş materiallarında olan “X2” PHŞ-nin Şəki ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqəsinin nəticələri barədə xx.xx.2023-cü il tarixli iclasının 27 nömrəli protokolunun surətindən görünür ki, Qaxbaş bələdiyyəsinin mülkiyyətinə aid 743.0 kv.m və ya 0.0743 ha torpaq sahəsinin satılması, icarəyə verilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə keçirilən müsabiqədə ən yüksək təklif vermiş İddiaçı, eyni zamanda bildirişdə və müsabiqənin gedişində müsabiqə komissiyasının qanunamüvafiq şərtlərinin yerinə yetirilməsini öhdəsinə götürdüyünə görə müsabiqənin qalibi hesab olunmuşdur.

21. Hazırkı qərarın 11 və 12-ci bəndlərində istinad olunan “Əsasnamə”nin və “Qaydalar”ın tələbindən göründüyü kimi bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə inzibati akt - qərar qəbul edir.

22. Əsasnamənin 10-cu bəndində isə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 16.3 və 16.4-cü maddələrinə, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə və hərrac və ya müsabiqə keçirilmədən torpaq sahəsinin satıldığı hallara münasibətdə torpaq sahəsinin bilavasitə bələdiyyə qərarı ilə ayrılması nəzərdə tutulur. Əsasnamənin 23-cü bəndi də məhz birbaşa torpaq sahəsinin ayrılması nəzərdə tutulan hallarda (10-cu bənddə göstərilən) bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul etməli olduğunu müəyyən edir.

23. İstinad olunan Əsasnamənin 22-ci bəndində bələdiyyənin hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra növbəti dəfə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməli olduğu qeyd olunur.

24. Yəni, hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsinə münasibətdə bələdiyyə ilkin olaraq hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə, daha sonra isə üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etməklə inzibati fəaliyyəti həyata keçirir və müvafiq sənədləri hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərməklə inzibati fəaliyyətini başa çatdırmış olur.

25. Bundan sonrakı prosedurda isə müsabiqə və ya hərrac vasitəsilə torpaq sahəsi mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən şəhadətnamə verilir ki, həmin şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.

26. Göründüyü kimi müsabiqədə qalib gəlmiş şəxsə təqdim edilmiş şəhadətnamə həmin subyektlə bələdiyyə arasında mülki qanunvericiliyə uyğun müqavilə bağlanması üçün yetərli olduğundan bələdiyyənin yenidən inzibati fəaliyyət həyata keçirməsi və bunun nəticəsində inzibati akt qəbul etməsinə lüzum yoxdur. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi qanunvericilikdə də bununla bağlı bələdiyyənin inzibati fəaliyyət həyata keçirməsi proseduru müəyyənləşməmişdir.

27. Yəni, bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmış torpaq sahəsinə dair hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul etdikdən sonrakı fəaliyyəti inzibati hüquq münasibətləri ilə deyil, keçirilmiş hərracın və ya müsabiqənin nəticəsindən asılı olaraq mülki hüquq münasibətləri ilə tənzimlənir.

28. Hazırkı qərarın 9 və 13 cü bəndlərində göstərilən hüquq normalarından göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir.

30. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir.

31. İPM-in 35.1-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki qanunvericilik müqavilənin təbiətini azad xarakterli müəyyən etmişdir.

33. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyəti bələdiyyə mülkiyyətində olan torpağın satılması ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə yekunlaşmışdır. Başqa sözlə, hazırkı halda cavabdeh inzibati orqan inzibati münasibətlərin (publik hüquq münasibətlərin) tərəfi (subyekti) kimi deyil, xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış edir. Bu səbəbdən də hazırki mübahisə inzibati məhkəmə icraatının predmeti deyildir. Bundan başqa, məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi mülki xarakterli olduğundan bu tələblər üzrə iddialara ümumi, yəni rayon (şəhər) məhkəmələrində baxılaraq hüquqi qiymət verilir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, hazırkı iddia tələbində qaldırılan mülki hüquq münasibətlərindən yaranan məsələlər barədə ümumi rayon məhkəməsinə müraciət edilməlidir. Belə ki, Mülki Məcəllənin 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Normaların məzmunundan göründüyü kimi, müqavilə bağlamağa məcburetməyə yol verilməməsində istisnalar nəzərdə tutulmuşdu

35. Yuxarıda qeyd olunan işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

36. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)- 1344/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli 2-1(116)-1344/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar