Məhkəmə qərarları › İş №2-1(107)-418/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-418/2024

23.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-418/2024 23.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyi nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-521/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyi nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1978-cı ildən etibarən əmək fəaliyyəti ilə məşğul olur. Bu barədə əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Belə ki, xx.xx.1979-cu ildən xx.xx.1980-cı ilə kimi Şəki istehsal ipək birliyində barama açan kimi, xx.xx.1989-cu ildən 56 nömrəli SMD üzrə qaynaqçı vəzifəsinə keçmişdir. xx.xx.1998-ci ilə kimi həmin vəzifədə çalışmışdır. xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi “Afqan Holding'’ MMC-də qaynaqçı kimi işləmişdir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi Körpü-Bina Tikinti MMC-də qaynaqçı kimi işləmişdir. xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi "xxxx" QSC-də qaynaqçı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2022-ci ildən bu günə kimi "xxxx" MMC-də qaynaqçı vəzifəsində çalışmışdır. Qaynaqçı peşəsi ağır iş sayıldığı üçün güzəştli müddətlərə daxildir. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina gəlmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün qanunvericilikdə nəzərədə tutulan yaş həddinə (60 yaş) çatdığı və 12 il 6 aydan çox güzəştli iş stajının olduğu üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, iddiaçı daha öncə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmiş və iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli 3-17-1/2-C-171644/2023 nömrəli cavab məktub ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsasları kimi iddiaçının ümumi iş stajının 25 ildən az (16 il 5 ay 18 gün), güzəştli iş stajının 12 il 6 aydan (9 il 2 ay 16 gün) az olması çıxış edir. Həmçinin, iddiaçıya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. Bundan narazı qalan iddiaçı S.X2 Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd etmək istəyirik ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 60 yaşına çatmışdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun mübahisəsiz qəbul edilən ümumi iş stajı 25 ildən az 16 il 5 ay 18 gün olmaqla aşağıdakı dövrlərdən ibarətdir: >xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər, >xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər, >xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.1992-xx.xx.1995-cu il tarixləri arasındakı dövrlər və >2017-2023-cü illər üzrə cəmi 3 il 5 ay. Həmçinin “Səki-İpək" ASC-nin iddiaçıya dair arayışında 1991-ci ildə 5 ay, 1995-ci ildə 9 ay, xx.xx.1996-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində əmək haqqı ödənilmədiyi göstərilib. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən iddiaçıya əmək haqqı ödənilməyən, işləmədiyi ayları iş stajına daxil etmək mümkün deyil. Qeyd edirik ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun mübahisəsiz qəbul edilən güzəştli iş stajı 12 il 6 aydan az 9 il 2 ay 16 gün olmaqla aşağıdakı dövrlərdən ibarətdir: >xx.xx.1979-xx.xx.1980-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.1983-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövrlər, >xx.xx.1991-xx.xx.1991-cı il tarixləri arasındakı dövrlər, >xx.xx.1991-xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.2017-xx.xx.2019-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər, >xx.xx.2023-xx.xx.2023-ci il tarixləri arasındakı dövrlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1985xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC 96 N-li SMD-də və xx.xx.2020xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində "Körpü-Bina-Tikinti” MMC-də qaynaqçı peşəsində işlədiyi qeyd olunub. Lakin sözügedən sənədlərdə qaynaqçı vəzifəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-aparmamağı barəsində hər-hansı məlumat göstərilməyib. Bu səbəbdən də həmin dövrlərin iddiaçının güzəştli iş stajına aid olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin qeyd edək ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17817,48 manat təşkil edir. Göründüyü kimi, İddiaçı ümumi iş stajı 16 il 5 ay 18 gün, güzəştli iş stajı 9 il 2 ay 16 gün olmaqla qanunvericilikdə nəzərdə tutulan müddətdən azdır. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər ümumi və güzəştli sosial sığorta stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu; - İddiaçıya məxsus ИT ******* seriya nömrəli əmək kitabçası; - Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışlar, - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 03 nömrəli arayışı, - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 128 nömrəli arayışı, - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş sənədlər

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 may 2024-cü il tarixli 2- 1(116)-521/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyi nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasından görünür ki o, 1978-ci ildən 1998-ci ilə kimi əmək fəaliyyətini davam etdirmiş (hərbi xidmət dövrü daxil olmaqla), xx.xx.1998-ci il tarixindən xx.xx.2017-ci ilə kimi əmək fəaliyyətini dayandırmışdır. Qeyd olunan dövrə münasibətdə iddiaçının ümumi sosial sığorta stajı 20 ildən az olmuşdur. İddiaçının yenidən əmək fəaliyyətini davam etdirdiyi xx.xx.2017-ci ildən cavabdehə müraciət etdiyi 10 iyul 2023-cü il tarixinə qədər olan sosial sığorta stajı 4 il 11 ay 14 gün təşkil edir. İddiaçının ümumi sosial sığorta stajı tələb olunan 25 ildən az olduğundan hər bir halda iddia tələbi uğursuzdur. Buna görə də iddiaçının əlavə olaraq xüsusi iş stajının yoxlanılmasına və iddia tələbinin pensiya kapitalı tələbinin aradan qalxdığı dövrə uyğunlaşdırılmasına dair hüquqi yardım edilməsinə zərurət yoxdur. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-521/2024 nömrəli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarla razı deyil. Belə ki, Şəki İnzibati Məhkəməsi öz qərarında qeyd etmişdir ki, onun ümumi iş stajı hesablanarkən 25 il bitmir. Lakin bildirmək istəyir ki, iddia ərizəsində də qeyd etdiyi kimi 1978-ci ildən etibarən əmək fəaliyyəti ilə məşğul olur. xx.xx.1979-xx.xx.1980-cı illərdə Şəki istehsal ipək birliyində barama açan kimi işləmiş, xx.xx.1989-cu ildən 56 nömrəli SMD üzrə qaynaqçı vəzifəsinə keçmiş və xx.xx.1998-ci ilə kimi həmin vəzifədə çalışmışdır. Daha sonra isə xx.xx.2017-ci ildən xx.xx.2019-cu ilə kimi “Afqan Holding'’ MMC-də qaynaqçı, xx.xx.2022ci ildən xx.xx.2022-ci ilə kimi Körpü-Bina Tikinti MMC-də qaynaqçı, xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilə kimi "xxxx" QSC-də qaynaqçı vəzifəsində işləmişdir. xx.xx.2022-ci ildən bu günə kimi "xxxx" MMC-də qaynaqçı vəzifəsində çalışır. Qaynaqçı peşəsi ağır iş sayıldığı üçün güzəştli müddətlərə daxildir. Onun ümumi iş stajı 25 ildən çoxdur və bunun 12 il 6 aydan çoxu ağır və zərərli sahədir. Şəki İnzibati Məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, qanunsuz qərar çıxarmışdır. İş illəri düzgün hesablanmamış, hərbi xidməti, peşə məktəbi illəri iş stajına uyğun hesablanmamışdır. İş illəri məhkəmə tərəfindən üzdən hesablanmış, sənədlər üzrə tam və hərtərəfli araşdırma aparılmamışdır. 1996-1998-ci illər üzrə X5 sorğu edilərək əmək haqqı cədvəlləri tələb edilməmiş, iş illəri düzgün hesablanmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə vermiş olduğu etiraz ərizəsini birinci instansiya məhkəməsi zamanı iddia ərizəsinə vermiş olduğu etiraz ərizəsinin məzmunu ilə əsaslandıraraq apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərilmişdir ki, qeyd edirik ki, İddiaçı güzəştli pensiya təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulan 3 şərt ödənilməli idi. 1. Göründüyü kimi iddiaçının ümumi stajı 25 ildən azdır. Belə ki, iddiaçının əməkhaqqı almadığı dövrlər də onun stajına daxil edilsə belə ümumi staj 25 ildən az olacaqdır. 2. Güzəştli stajı 12 il 6 aydan azdır. 3. İddiaçının yaşının tamam olduğu tarixdə qüvvədə olan qanunvericilik pensiya təyinatı üçün PSK da tələb edir, lakin iddiaçının fərdi hesabında qeyd etdiyimiz kimi kifayət qədər pensiya kapitalı yoxdur. Şəki İnzibati Məhkəməsi ilk növbədə iddiaçının ümumi sığorta stajını araşdırmış, sığorta stajı tamamlanmadığından digər məsələrə hüquqi qiymət vermək zərurəti görməmişdir. Bildiririk ki, iddiaçı apellyasiya şikayətində ümumi stajının 25 ildən artıq olduğunu qeyd etsə də, əsaslı dəlillər göstərməmiş, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-521/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(116)-521/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri 87.1 İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.

15. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. İnzibati icraat haqqında Qanun Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır.

Apellyasiya şikayətinin mümkünlüyü

19. İddiaçı tərəfindən apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ümumi iş stajını, o cümlədən 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyi nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

28. İddiaçının mübahisələndirdiyi hal və apellyasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmə tərəfindən onun 1996-1998-ci illər üzrə işlədiyi X5 sorğu edilərək əmək haqqı cədvəlləri tələb edilməmiş, onun hərbi xidməti, peşə məktəbi illəri iş stajına uyğun hesablanmamışdır. Onun ümumi iş stajı 25 ildən çoxdur və bunun 12 il 6 aydan çoxu ağır və zərərli sahədir.

29. Apellyasiya məhkəməsi araşdırması zamanı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ИT ******* seriya nömrəli əmək kitabçasından iddiaçının iş stajı aşağıdakı kimi müəyyən edilir:

1. 23.11.1978- xx.xx.1979 1 il 1 ay 2 gün

2. xx.xx.1979- xx.xx.1980 10 ay 11 gün

3. xx.xx.1985-xx.xx.1986 11 ay 22 gün

4. xx.xx.1986-xx.xx.1990 4 il 4 ay 19 gün

5. xx.xx.1990-xx.xx.1991 10 ay 17 gün

6. xx.xx.1991-xx.xx.1998 6 il 9 ay 23 gün

7. xx.xx.2017-xx.xx.2018 1 il 23 gün

8. xx.xx.2018-xx.xx.2019 6 ay 23 gün

9. xx.xx.2020-xx.xx.2020 5 ay 13 gün

10. xx.xx.2020-xx.xx.2022 2 il 1 ay 17 gün

11. xx.xx.2022-xx.xx.2023 8 ay 28 gün Cəmi 19 il 11 ay 18 gün.

30. Surəti iş materialarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli hərbi biletdən görünür ki, o, 17 noyabr 1980-cı il tarixdə hərbi xidmətə getmiş, 10 dekabr 1982-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. Əmək Pensiyaları haqqında qanunun 21.1-ci bəndinə əsasən iddiaçının hərbi xidmətdə olduğu 2 il 23 gün müddət onun sığorta stajına daxil edilməsi də nəzərə alındıqda şəxsin ümumi sığorta stajı (19 il 11 ay 18 gün + 2 il 23 gün) 22 il 11 gün təşkil edəcəkdir.

31. Bundan başqa, məhkəmə tərəfindən araşdırılıb uğurlu nəticə əldə ediləcəyi təqdirdə iddiaçının peşə məktəbi ilə bağlı təhsil aldığı (10 yanvar 1983 – 26 avqust 1983cü il) illər, iş stajı ilə bağlı isə işlədiyi (02 sentyabr 1983 – 15 aprel 1985-ci il) illər də sığorta stajına daxil edilsə belə, yəni 7 ay 16 gün + 1 il 7 ay 13 gün = 2 il 2 ay 29 gün də nəzərə alınsa ümumi sığorta stajı 24 il 3 ay 10 gün təşkil edəcəkdir.

32. Eyni zamanda iddiaçının 1996-1998-ci illər üzrə işlədiyi X5 sorğu verilməsinə də zərurət yoxdur. Ona görə ki, həmin müddət iddiaçıya məxsus əmək kitabçasında qeyd edilmiş, hazırki qərarın 29-cu bəndində göstərilən müddətlərin daxilində hesablanmışdır.

33. Həmçinin, İPM-in 13-cü maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ümumi siğorta stajı 25 il təşkil etməsi üçün iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı iddiaçıya hüquqi yardım göstərilməsi də hər hansı hüquqi nəticə doğurmayacaqdır. Belə ki, xx.xx.2023-cü il tarixinədək olan sosial sığorta stajı ümumilikdə 25 ildən az təşkil edəcəkdir. Eyni zamanda iddiaçı da təkidlə 12 il 6 aydan çox qaynaqçı kimi işlədiyi nəzərə alınaraq xx.xx.2021-ci ildən hesablanmaqla, yəni 60 yaşı tamam olduğu (hüququ yarandığı vaxtdan) vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Hazırda isə hətta iddiaçının cavabdehə müraciət etdiyi 10 iyul 2023-cü il tarixə qədər hər bir halda iddiaçının ümumi sosial sığorta stajı tələb olunan 25 ildən az olduğundan iddia tələbi uğursuzdur. (ən azı 12 il 6 ay güzəştli iş stajına malik olması və zəruri pensiya kapitalına malik olması yoxlanılmamışdır). Buna görə də əlavə olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün digər elementlərin mövcudluğunun yoxlanılmasına zərurət yoxdur. İddiaçının isə yenidən sığorta stajının bitəcəyi tarixdə və pensiyasının hesablanma tarixini dəyişdirməklə cavabdehə müraciət etməklə imtina məktubu alaraq iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi istisna deyil.

34. Yuxarıda göstərilənlərin hüquqi əsası kimi qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 element mövcud olmalıdır: - azı 25 il sığorta stajına malik olmalıdır. - ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. - iddia olunan xx.xx.2021-ci il tarixində qüvvədə olan normaların tələbinə əsasən zəruri pensiya kapitalı tələbi mövcud olmuşdur.

35. İş materialları ilə də müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Odur ki, iddiaçının ən azı 25 il ümumi sosial sığorta stajı olmalıdır. Yekunda isə iddia ərizəsindən və iddiaçının təqdim etdiyi sənədlərdən də görünür ki, onun ümumi sosial sığorta stajı müddəti 25 ildən azdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də cavabdehin etiraz ərizəsindən irəli gələn və hazırda iddiaçının iddia ərizəsi ilə apellyasiya şikayətində təkrarlanan dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edildiyindən, işin faktiki halları ilə bağlı məhkəmənin araşdırmaları yetərli hesab olunur.

37. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət hazırki tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın (hazırki iş üzrə araşdırma həddində) əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçının tələbi ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə tam cavab vermir. Cavabdehin imtinası iddiaçının hazırki tələbinə münasibətdə əsaslıdır.

38. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

39. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası iddiaçının hazırki tələbinə münasibətdə qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli 2-1(116)-521/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar