Məhkəmə qərarları › İş №2-1(107)-418/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-418/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-418/2025 08.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “02 fevral 2024-cü il tarixdə ona təyin edilmiş müddətsiz 1-ci qrup əlillik dərəcəsinin səbəbli-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1840/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “02 fevral 2024-cü il tarixdə ona təyin edilmiş müddətsiz 1-ci qrup əlillik dərəcəsinin səbəbinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-4049/2024 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxxxx 1973-cü ildə Kəlbəcər rayonu Quzeyçirkin kəndində anadan olmuşdur. Hazırda da, həmin kənddə qeydiyyatdadır. Məcburi köçkündür. Müvəqqəti olaraq Yevlax şəhəri 32-ci məhəllə bina 9 ev 58-də yaşayır. O, 1991-ci ilin dekabr ayından 1994-cü ilin may ayına kimi birinci Qarabağ Müharibəsində iştirak etmişdir. Əsasən Kəlbəcər, Laçın, Ağdərə, Murov və Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin aprel ayının 17-də Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Ona 2005-ci ildə 2-ci qrup əlillik təyin edilmiş və pensiya ödənilməyə başlanılmışdır. Bundan sonra o, hər il yenidən komissiyadan keçmiş və əlillik dərəcəsi yerində saxlanılmışdır. Sonuncu dəfə 2016-cı ildə o, yenidən komissiyadan keçmiş və yenə də 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Bu zaman ona aşağıdakı diaqnoz qoyulmuşdur: «Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin travması nəticəsində əmələ gələn kəskin ifadə olunan psixopata bənzər davranış». Bu zaman əlilliyin səbəbi kimi də «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» kimi göstərilmişdir. Həmçinin 2005-ci ildə ona ilk dəfə əlillik təyin edilən zaman və bundan sonra bütün illərdə də əlilliyin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» kimi göstərilmişdir. 2016-cı ildə ona əlillik təyin edildikdən sonra növbəti komissiya 5 il sonraya, yəni 2021-ci ilin may ayının 5-nə təyin edilmişdir. Lakin həmin tarixdə yəni 2021-ci ilin may ayında ona verilən əlillik dərəcəsi ləğv edilmiş, ona verilən pensiya dayandırılmışdır. - Bundan sonra onun dəfələrlə rəsmi müraciətlərindən sonra 2024-cü ilin fevral ayının 2-də ona müddətsiz 1-ci dərəcəli əlillik təyin edilmişdir. Bu zaman ona aşağıdakı diaqnoz qoyulmuşdur: «Prostat vəzinin xərçəngi, 4-cü mərhələ. Üzvi mənşəli (baş beyin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixopatabənzər davranış». Əlilliyin səbəbi kimi isə «ümumi xəstəlik» göstərilmişdir. Onun hazırkı şikayəti və tələbi məhz bu hissə ilə bağlıdır. Yəni yuxarıda da qeyd etdiyi kimi ona 2005-ci ildə əlillik təyin ediləndən 2021-ci ilə kimi (16 il) onun əlilliyinin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» kimi göstərilsə də, birdən birə səbəb dəyişərək ümumi xəstəlik kimi göstərilmişdir. 16 il ərzində qoyulan diaqnoz («Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyin travması nəticəsində əmələ gələn kəskin ifadə olunan psixopata bənzər davranış) bu təyinat zamanı da ona qoyulmuşdur. Və həmin xəstəlik də məhz müharibə vaxtı - döyüş bölgəsində əmələ gəlmişdir. O, həmin xəstəlikdən sağalmadığı halda - həmin xəstəliyin hələ də, ona təyin edilmiş əlilliyin əsası olduğu halda necə olur ki, onun əlilliyinin səbəbi dəyişir.

4. Cavabdeh orqanın iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Mingəçevir PNDnın xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Prostat vəzin xərçəngi, İV mərhələ. Ümumi xəstəlik səbəbi ilə əlaqədar xx.xx.2021-ci il tarixindən müddətsiz 3-cü dərəcə əlillik təyinatı aparılmışdır. Yevlax şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0300003AACKY nömrəli xx.xx.2021-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2004-cü il tarixli 416 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Zəif kliniki əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. - Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, stressdən şikayətlənmişdir. Həmçinin yanaşı olaraq prostat vəzin onkologiyasından əziyyət çəkdiyini qeyd etmişdir. Psixi baxış: Somatik xəstəliyə bağlı astenik vəziyyətdə olmuşdur. İnstrumental olaraq travmadan sonra psixi pozuntuya səbəb ola biləcək patoloji sahəni təsdiqləyən sənəd təqdim edilməmişdir. Hal-hazırda somatik vəziyyətə bağlı astenonevrotik sindrom qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1730 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12440/23 nömrəli Çıxarışında diaqnoz “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” kimi qeyd edilmiş, əlillik təyinatına əsas verməmişdir. - Milli Onkologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli Ambulator kartdan Arayışında diaqnoz “Prostat vəzinin bədxassəli yeni törəməsi cT3bN1M1 mərhələ İV. Prostat vəzin xərçəngi, limfa düyünlərə, sümüklərə mts. cT3bN1M1 mərhələ İV.” kimi qeyd edilmiş, əlillik təyinatına əsas vermişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən onkoloji xəstəliyin xüsusi səbəb əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması barədə qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 23 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2016-cı il tarixli xxxxxxx0007 nömrəli sistemdən çıxarış, - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair sistemdən çıxarış, - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2023- cü il tarixli rəyi, - AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 416 nömrəli qərarı, - Tibbi-Sosial Ekspert Komissiyasının qiymətləndirmə nəticələri (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0006, xxxxxxx0007, xxxxxxx0008, xxxxxxx0010).

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 mart 2025-ci il tarixli 2- 1(116)-1840/2025 qərarı ilə iddia təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı 02 fevral 2024-cü il tarixdə təyin edilmiş müddətsiz 1-ci dərəcəli əlillik dərəcəsinin səbəbli-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbli əlaqəsinə dəyişdirilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan iddiaçıya xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcəli əlillik təyin etmişdir. Cavabdeh orqan iddiaçının sağlamlıq vəziyyətini Mingəçevir PND-nin E00163705ZPL №-li tibbi göndərişi əsasında qiymətləndirmişdir. Sözügedən tibbi göndərişdə iddiaçıya qoyulmuş əsas diaqnoz F07.0 XBT kodunda (üzvi mənşəli şəxsiyyət pozuntusu), yanaşı xəstəlik C61 XBT kodunda (prostat vəzinin bədxassəli yenitörəməsi, prostat vəzin xərçəngi, İV mərhələ) qeyd edilmişdir. Cavabdeh orqan ilkin olaraq əlillik təyinatı aparan zaman “prostat vəzinin xərçəngi, İV mərhələ. Üzvi mənşəli (baş-beynin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixopatabənzər davranış” diaqnozlarını əlilliyin təyini ilə bağlı sonuncu müayinəyə dair məlumatda qeyd etmişdir. Sözügedən sənəd iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Daha sonra isə cavabdeh orqan bu diaqnozlardan birini (F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu) səbəbi izah olunmadan sənədin məzmunundan çıxarmaqla qərarın məzmununu dəyişdirmiş və “prostat vəzinin xərçəngi, İV mərhələ” diaqnozuna münasibətdə 1-ci dərəcəli müddətsiz əlillik təyinatını aparmışdır. - Hazırkı işdə də, iddiaçıya təqdim edilmiş sonuncu müayinəyə dair məlumatda ona qoyulmuş “Üzvi mənşəli (baş-beynin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixopatabənzər davranış” diaqnozu öz əksini tapsa da, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş məlumatda həmin diaqnoz öz əksini tapmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazda “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun əlillik təyinatına əsas vermədiyini qeyd etsə də, faktiki olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş həmin diaqnoza münasibətdə gəldiyi qənaətini, yəni həmin diaqnoza münasibətdə xüsusi səbəbdən əlilliyin təyin edilməsindən imtina edilməsini göstərməmişdir. Məhkəmə qeyd etmişdir ki, əgər cavabdeh orqan göndərişdə əsas diaqnoz kimi göstərilmiş “üzvi mənşəli şəxsiyyət pozuntusu”nun əlillik təyinatına əsas vermədiyi qənaətinə gəlmişdirsə, bu qənaətini qəbul etdiyi inzibati aktda açıq və əsaslandırılmış şəkildə göstərməli idi. Hazırkı vəziyyətdə isə cavabdeh orqanın həmin diaqnoza münasibətdə hansı hüquqi və tibbi nəticəyə gəldiyi barədə inzibati aktda hər hansı qeyd yoxdur. Bu isə həmin diaqnoz üzrə əlilliyin təyin edilib-edilmədiyi və ya niyə təyin edilmədiyi məsələsində qeyri-müəyyənlik yaradır. - Belə ki, səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə “üzvi mənşəli şəxsiyyət pozuntusu” əsas diaqnoz kimi göstərilmiş, həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş sonuncu müayinəyə dair məlumatda da həmin diaqnoz öz əksini tapmışdır. Bu hal iddiaçıda obyektiv surətdə həmin diaqnoza əsasən əlilliyin təyin edilməsi barədə qənaət yaratmışdır. Lakin cavabdeh orqan daha sonra qəbul etdiyi qərarın məzmununu dəyişmiş və “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunu sənədlərdən çıxarmışdır. Bununla belə, cavabdeh orqan nəzərə almamışdır ki, bu halda tibbi göndərişdə əsas diaqnoz kimi göstərilən həmin diaqnoza münasibətdə faktiki olaraq heç bir qərarın qəbul edilməməsi kimi hüquqi vəziyyət formalaşdırmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 416 nömrəli Qərarında iddiaçıya “Zəif kliniki əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2023cü il tarixli rəyi ilə iddiaçıya üzvi şəxsiyyət pozuntusu diaqnozu qoyulmuş və həmin diaqnozun 1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində yaranması qeyd edilmişdir. İddiaçıya ilk dəfə əlilliyin təyin edildiyi 2005-ci ildən - 2021-ci ilə kimi (16 il) onun əlilliyinin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» qeyd edilmişdir. Sözügedən diaqnoz F07.0 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə 7.6.2-ci bənddə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.6.2.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35- 60 % (əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.6.2.2-ci bəndə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir. Cavabdeh orqan sözügedən diaqnozun əlillik təyinatına əsas vermədiyini qeyd etsə də, iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş anamnez məlumatları əsasında onun sağlamlıq vəziyyətinin “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndinə uyğun olması müəyyən edilir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1840/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini etiraz məktubu ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar müddətsiz orqanizmin funksiyalarının 100 faiz pozulması barədə qərar qəbul edilmişdir. Məhkəmə öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, vətəndaşın tibbi müayinə sənədlərində və Hərbi Həkim Komissiyasının qərarındakı diaqnoza uyğun olaraq cavabdeh orqan əlillik təyinatı zamanı xətaya yol vermişdir. Lakin iddiaçıya xx.xx.2024-cü ildə təyin edilmiş əlillik üçün əsas olan xəstəlik prostat xərçəngi və üzvi şəxsiyyət pozuntusu olmuşdur. İddiaçıya məxsus Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 416 nömrəli Qərarında “Zəif kliniki əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Təqdim olunmuş qərardakı diaqnozun forma 88-dəki diaqnozlarla tamamilə əlaqəsiz olduğu üçün iddiaçıya əlillik təyin edərkən həmin qərara istinadən ona xüsusi əsaslarla əlillik təyinatı aparıla bilməz. Belə ki, zəif əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi diaqnozunu üzvi şəxsiyyət pozuntusu diaqnozu ilə eyniləşdirmək və bu səbəbdən xüsusi əsaslarla əlillik təyin etmək məhkəmə tərəfindən iddiaçının maraqlarına uyğunlaşdırmaqla qəbul edilmiş qərar kimi başa düşülməlidir. Belə ki, üzvi şəxsiyyət pozuntusu diaqnozu ərazi bütövlüyünün müdafiəsi zamanı iddiaçıda meydana gəlmişdirsə bu hal da müvafiq qərarda öz əksini tapmalı idi. Əgər hal hazırda vətəndaşda olan diaqnozun hərbi əməliyyatlar zamanı, yoxsa dinc dövrdə qazanıldığını müəyyənləşdirmək diaqnozun yalnız MHHK qərarında öz əksini tapdığı halda mümkündür. Hər bir baş beyin silkələnməsinin hər zaman üzvi şəxsiyyət pozuntusuna səbəb olmadığı halını nəzərə alarsaq Şəki İnzibati Məhkəməsinin çıxardığı qərarın nə üçün əsassız olduğunu aşkar etmiş olarıq.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1840/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)- 1840/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-).

1. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliiyinin və kostitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1.Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1.əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2.göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2.Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3.Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7.Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.

Apellyasiya şikayətinin mümkünlüyü

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

21. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

22. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

24. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir.

25. Belə ki, iddiaçıya xx.xx.2024-cü ildə təyin edilmiş əlillik üçün əsas olan xəstəlik prostat xərçəngi və üzvi şəxsiyyət pozuntusu olmuşdur. İddiaçıya məxsus Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 416 nömrəli Qərarında “Zəif kliniki əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Təqdim olunmuş qərardakı diaqnozun forma 88-dəki diaqnozlarla tamamilə əlaqəsiz olduğu üçün iddiaçıya əlillik təyin edərkən həmin qərara istinadən ona xüsusi əsaslarla əlillik təyinatı aparıla bilməz. Belə ki, zəif əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi diaqnozunu üzvi şəxsiyyət pozuntusu diaqnozu ilə eyniləşdirmək və bu səbəbdən xüsusi əsaslarla əlillik təyin etmək məhkəmə tərəfindən iddiaçının maraqlarına uyğunlaşdırmaqla qəbul edilmiş qərar kimi başa düşülməlidir. Belə ki, üzvi şəxsiyyət pozuntusu diaqnozu ərazi bütövlüyünün müdafiəsi zamanı iddiaçıda meydana gəlmişdirsə bu hal da müvafiq qərarda öz əksini tapmalı idi.

26. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş Mingəçevir PND-nin E00163705ZPL №-li tibbi göndərişdən görünür ki, iddiaçıya qoyulmuş əsas diaqnoz F07.0 XBT kodunda (üzvi mənşəli şəxsiyyət pozuntusu), yanaşı xəstəlik C61 XBT kodunda (prostat vəzinin bədxassəli yenitörəməsi, prostat vəzin xərçəngi, İV mərhələ) qeyd edilmişdir.

27. Cavabdeh orqan ilkin olaraq əlillik təyinatı aparan zaman “prostat vəzinin xərçəngi, İV mərhələ. Üzvi mənşəli (baş-beynin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixopatabənzər davranış” diaqnozlarını əlilliyin təyini ilə bağlı sonuncu müayinəyə dair məlumatda qeyd etmişdir. Sözügedən sənəd iddiaçı tərəfindən iş materiallarına əlavə edilmişdir. Daha sonra isə cavabdeh orqan bu diaqnozlardan birini (F07.0 – üzvi mənşəli şəxsiyyət pozuntusu) səbəbi izah olunmadan sənədin məzmunundan çıxarmaqla qərarın məzmununu dəyişdirmiş və “prostat vəzinin xərçəngi, İV mərhələ” diaqnozuna münasibətdə 1-ci dərəcəli müddətsiz əlillik təyinatını aparmışdır.

28. Hazırkı işdə də, iddiaçıya təqdim edilmiş sonuncu müayinəyə dair məlumatda ona qoyulmuş “Üzvi mənşəli (baş-beynin travması nəticəsində) şəxsiyyət pozğunluğu, kəskin ifadə olunan psixopatabənzər davranış” diaqnozu öz əksini tapsa da, cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş məlumatda həmin diaqnoz öz əksini tapmamışdır. Cavabdeh orqan dəlillərində “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun əlillik təyinatına əsas vermədiyini qeyd etsə də, faktiki olaraq səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə qeyd edilmiş həmin diaqnoza münasibətdə gəldiyi qənaətini, yəni həmin diaqnoza münasibətdə xüsusi səbəbdən əlilliyin təyin edilməsindən imtina edilməsini göstərməmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdeh orqan göndərişdə əsas diaqnoz kimi göstərilmiş “üzvi mənşəli şəxsiyyət pozuntusu”nun əlillik təyinatına əsas vermədiyi qənaətinə gəlmişdirsə, bu qənaətini qəbul etdiyi inzibati aktda açıq və əsaslandırılmış şəkildə göstərməli idi. Hazırkı vəziyyətdə isə cavabdeh orqanın həmin diaqnoza münasibətdə hansı hüquqi və tibbi nəticəyə gəldiyi barədə inzibati aktda hər hansı qeyd yoxdur. Bu isə həmin diaqnoz üzrə əlilliyin təyin edilib-edilmədiyi və ya niyə təyin edilmədiyi məsələsində qeyri-müəyyənlik yaradır.

30. Belə ki, səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş tibbi göndərişdə “üzvi mənşəli şəxsiyyət pozuntusu” əsas diaqnoz kimi göstərilmiş, həmçinin cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş sonuncu müayinəyə dair məlumatda da həmin diaqnoz öz əksini tapmışdır. Bu hal iddiaçıda obyektiv surətdə həmin diaqnoza əsasən əlilliyin təyin edilməsi barədə qənaət yaratmışdır. Lakin cavabdeh orqan daha sonra qəbul etdiyi qərarın məzmununu dəyişmiş və “üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozunu sənədlərdən çıxarmışdır. Bununla belə, cavabdeh orqan nəzərə almamışdır ki, bu halda tibbi göndərişdə əsas diaqnoz kimi göstərilən həmin diaqnoza münasibətdə faktiki olaraq heç bir qərarın qəbul edilməməsi kimi hüquqi vəziyyət formalaşdırmışdır.

31. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırmaq vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-cü maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.

33. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində qeyd olunan Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

34. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2004-cü il tarixli 416 nömrəli Qərarından görünür ki, Kəlbəcər RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, 1994-cü ildə fərarilik etdiyi üçün barəsində Tərtər qarnizonu hərbi prokurorluğu tərəfindən amnistiya qərarı tətbiq edilmiş İddiaçı Hümbət oğlunun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissədə müalicə olunduğu travma və diaqnoz: “Zəif kliniki əlamətlərlə təzahür olunan baş beyin silkələnməsi”, diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.

35. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi ilə iddiaçıya üzvi şəxsiyyət pozuntusu diaqnozu qoyulmuş və həmin diaqnozun 1-ci Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində yaranması qeyd edilmişdir. İddiaçıya ilk dəfə əlilliyin təyin edildiyi 2005-ci ildən - 2021-ci ilə kimi (16 il) onun əlilliyinin səbəbi «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar» qeyd edilmişdir.

36. Göründüyü kimi şəxsdə mövcud olan xəstəlik barədə diaqnoz onda hərbi xidmət zamanı yaranmış xəsarət ilə səbəb-əlaqəlidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir və qeyd edir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır

37. Məhkəmə kollegiyası onu qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən, eləcə də səbəb əlaqəsinin dəyişdirilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

38. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

39. Məhkəmə kollegiyası cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

40. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.

42. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.

43. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).

44. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.

45. Göründüyü kimi, İddiaçı 02 fevral 2024-cü il tarixdə təyin edilmiş əlilliyin səbəbəlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmənin gəldiyi nəticə əsaslı və qanunidir. Cavabdeh orqan tərəfindən ona təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin ümümi xəstəliyə dəyişilməsi barədə gəldiyi nəticə ilə iddiaçının qanunla qorunan hüquqları pozulmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.

46. Məhkəmə kollegiyası iddianın təmin olunmasına münasibətdə təsbit olunan həmin məlumatları həqiqi və mötəbər məlumatlar kimi qiymətləndirir. Cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələbləri pozulmuş, iddiaçının xeyrinə olan hallar əsassız olaraq nəzərə alınmamışdır. Göstərilən nəticələr onu deməyə əsas verir ki, iddiaçı, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, bütün bunların nəticəsi olaraq da, məhkəmə, iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.

48. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 mart 2025-ci il tarixli 2-1(116)-1840/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar