Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-419/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 03.02.2021-ci il tarixli **********239800 nömrəli qərarının ləğv edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-721/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin 03.02.2021-ci il tarixli **********239800 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 19.03.2021-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırmışdır ki, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsi 11 saylı Ərazi Vergilər Departamentinin **********239800 nömrəli, 03.02.2021-ci il tarixli icra sənədi əsasında iddiaçı haqqında Qərar çıxarmışdır. İddiaçı hesab edir ki, 11 saylı Ərazi Vergilər Departamentinin **********239800 nömrəli, 03.02.2021-ci il tarixli icra sənədi qismən yanlışlıqla hazırlanaraq ona vergi pulu faktiki borcundan çox hesablanmışdır. Belə ki, iddiaçı 30 sentyabr 2019-cu ildə Çin Xalq Respublikasının qanunvericiliyinə görə hüquqi şəxs olan və hesabı Honqkonqda yerləşən "xxxx" şirkətilə Şəki şəhərində açmağı nəzərdə tutduğu əyləncə mərkəzi üçün almaq istədiyi malların alışı ilə bağlı müvafiq kontrakt və proforma qaiməsi tərtib edərək, tərtib edilmiş bu kontrakta uyğun "xxxx" şirkətinin Honqkonqda yerləşən hesabına Azərbaycan Beynəlxalq Bank ASC-nin Şəki filialındakı hesabından 22.10.2019cu il tarixdə 3522 ABŞ dolları, 21.10.2019-cu il tarixdə isə 8320 ABŞ dolları, cəmi 11842 ABŞ dolları pul köçürmüşdür. Köçürülmüş pula uyğun mallar göndərilərkən proforma qaiməsində göstərilmiş malların hamısı bir konteynerə sığışmadığından "xxxx" şirkətilə iddiaçı razılaşmış ki,konteynerə sığışmayan malların pulu 1030.75 ABŞ dollar pulu göndərmə xərci iddiaçıdan tutulmaq şərtilə iddiaçının hesabına geri qaytarılsın və bu razılaşmaya uyğun olaraq "xxxx" şirkəti 1030.75 ABŞ dollar pulu Azərbaycan Beynəlxalq Bank ASC-nin Şəki filialındakı iddiaçının hesabına köçürmüşdür. Bununla da məlum olur ki, iddiaçının "xxxx" şirkətinə ödədiyi pulun məbləği faktiki olaraq 10811.25 ABŞ dolları olmuşdur. Bu məbləğin də Azərbaycan manatına ekvivalenti pulu göndərdiyi tarix üçün 18379 AZN olmuşdur. İddiaçının ödədiyi pula uyğun mallar gəldikdən sonra 06.02.2020-ci il tarixdə onun ünvanına 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktub daxil olmuşdur. Həmin məktuba görə iddiaçının mal aldığı şirkətin hesabı güzəştli vergi tutulan ölkələr siyahısına daxil olduğundan "xxxx" şirkətinə ödəmələrdən 10% dərəcəsi ilə ödəmə mənbəyindən vergi tutulması iddiaçının nəzərinə çatdırılaraq həmin pulun iddiaçı tərəfindən ödənilməsi nəzərinə çatdırılırdı. İddiaçı bildirir ki, əvvəla onun bundan bu məktubu alana kimi xəbəri olmamışdır. Azərbaycanda kifayət qədər bank olduğu halda iddiaçı Azərbaycan Beynəlxalq Bank ASC-ni daha imicli bank hesab edərək, orada hesab açmış və hesab etmiş ki, bank etdiyi köçürmələrdə hər daim ona yardımçı olacaqdır. Belə ki, iddiaçı "xxxx" şirkətinə pul köçürərkən bank onu xəbərdar etməli idi ki, onun pul köçürdüyü ölkə güzəştli vergi tutulan ölkələr siyahısına daxildir və o, ödədiyi bu köçürmə ilə gələcəkdə ödədiyi məbləğin 10 faizi miqdarında vergi ödəməli olacdır. Lakin bank bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Bundan başqa 11 saylı Ərazi Vergilər İdarəsi "xxxx" şirkətinə iddiaçının köçürdüyü puldan qaytarılmış pulu çıxmayaraq ona faktiki olaraq aldığı mala uyğun 1837.91 AZN vergi pulu hesablamaq əvəzinə 2013.14 AZN vergi pulu hesablamışdır. İddiaçı dəfələrlə vergi idarəsinə müraciət edərək ona hesablanan vergi pulunun düzgün hesablanmasını xahiş etsə də, bu günə kimi vergi idarəsi bunu etməyərək bu azmış kimi iddiaçıya əlavə faiz pulu da hesablamışdır və bu səbəbdən də bu günə kimi həmin pulu iddiaçı ödəməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 02.06.2021-ci il tarixli vəsatətində qeyd etmişdir ki, İddiaçı 03.05.2021-ci il tarixində 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş 03.02.2021-ci il tarixli **********239800 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ilə bağlı bildiririk ki, iddiaçının ləğv edilməsini tələb etdiyi 03.02.2021-ci il tarixli **********239800 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında" Qərarın məhkəmədə mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb vergi ödəyicisinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi olmuşdur. Belə ki, vergi ödəyicisində kameral vergi yoxlamaları keçirilmiş və həmin yoxlamaların nəticəsinə dair qəbul edilmiş 28.02.2020-ci il tarixli **********628800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarla vergi ödəyicisinə ümumilikdə 2013,14 manat məbləğində vergilər hesablanmışdır. Sözügedən qərar, 06.02.2020-ci il tarixli **********037600 nömrəli kameral uyğunsuzluq məktubu, tələbin icraya yönəldilməsinə dair 12.01.2021-ci il tarixli xəbərdarlıq məktubu və hazırda mübahisələndirilən qərar vergi ödəyicisinə elektron formada və poçt xidməti vasitəsi ilə göndərilmişdir. Vergi ödəyicisinə vergilərin hesablanmasına səbəb isə İddiaçı tərəfindən 2019-cu ilin 4-cü rübü üzrə güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə alınmış mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 20131,40 manat məbləğində vəsait köçürdüyü, lakin Vergi Məcəlləsinin 13.2.16.14-1-ci maddəsinə əsasən Vergi Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və qeyrirezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərə görə Azərbaycan mənbəyindən əldə olunan gəlirlərə aid oduğuna baxmyaraq, Vergi Məcəlləsinin 125.1.9-cu maddəsinə müvafiq olaraq belə ödəmələrdən 10 % dərəcəsi ilə ödəmə mənbəyində vergi tutulmalı olduğu halda 20131,40 manat ödəmədən 2013,14 manat ödəmə mənbəyində verginin tutularaq dövlət büdcəsinə köçürülməsinin və bəyannamənin vergi orqanına təqdim olunmasının təmin edilməmi olmuşdur. Bundan sonrada borc məbləği ödənmədiyi üçün həmin məbləğin dövlət büdcəsinə tutulması məqsədi ilə növbəti prosedur olaraq vergi orqanı təfindən 03.02.2021-ci il tarixli **********239800 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilərək icra olunması üçün Şəki rayonu İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı iddia ərizəsində hesablanmış məbləğin vergi orqanı tərəfindən düzgün hesablanmadığını və həmin hesablamalarla bağlı dəfələrlə vergi orqanına müraciət etməsinə baxmayaraq, köçürlümüş vəsaitdən ona geri qaytarılmış məbləğ nəzərə alınmadan hesablama aparıldığını bildirmişdir. Bununla bağlı bildiririk ki, vergi ödəyicisinin 26.02.2020-ci il tarixli ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində inzibati icraat başlanılmış, həmin müraciətlə bağlı “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə 10.03.2020-ci il tarixli **********340600 nömrəli məktub göndərilmiş və 16.03.2020-ci il tarixə araşdırmada iştirak üçün dəvət edilməsinə baxmayaraq, vergi ödəyicisi araşdırmada iştirak etməmiş və iş üçün əhəmiyyətli olan sənədləri araşdırmaya təqdim etməmişdir. Bu səbəbdən Müddət axımının dayandırılması haqqında” 22.05.2020ci il tarixli **********524500 nömrəli məktubla vergi ödəyicisinə məlumat verilmişdir. Qeyd olunanlardan və vergi ödəyicisinin müraciətlərindən də, göründüyü kimi iddiaçı geri qaytarılmış vəsait barəsində vergi orqanına hər hansı məlumat verməmiş və bu barədə hər hansı sənəd təqdim etməmişdir. Ancaq onu da qeyd etmək lazımdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi məsələlərin mövcüd olması və həqiqətən geri qaytarılmış məbləğin köçürlümüş vəsaitin bir hissəsi olması araşdırılmalı hallar olduğundan, hesablamaların vergi orqanı tərəfindən düzgün aparılmadığı qənaətinə gəlməyə əsas vermir. Vergi Məcəlləsinin 94-cü maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 63.2-ci maddəsinə əsasən Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Qanunvericiliyin tələbindən də, göründüyü kimi iddiaçı onun barəsində qəbul olunmuş ilkin inzibati akt qüvvədə olduğu halda, məhkəməyə qədər ona verilmiş hüquqlardan istifadə etməklə nizama salınması mümükün məsələləri həll etmədən ilkin inzibati akt əsasında hesablanmış vergilərin dövlət büdcəsinə alınması üçün qəbul edilmiş qərarı mübahisələdirməklə məcburi icra tədbirlərindən yayınmaq və dövlət büdcəsinə ödəməli olduğu 2013,14 manat vergilərin 1837,91 manat məbləğini etiraf etiyi halda (fərq 175,23) ödənilməsini yubatmaq niyyətini ortaya qoymuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 27 avqust 2021-ci il tarixli, 2- 1(116)-721/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "cavabdehin 03.02.2021-ci il tarixli **********239800 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-721/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-721/2021 saylı qərardadını ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-721/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş. İddiaçı məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədər məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Mübahisələndirilən qərarlarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onların təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə yuxarı vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1 -ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Hazırkı mübahisələndirilən qərarın vergi ödəyicisinə rəsmi olaraq təqdim edilməsi barədə aidiyyəti üzrə sorğu edilmiş və "xxxx" MMC-nin X5 filialının 24.05.2021-ci il tarixli teleqramı ilə sözügedən qərarın rəsmi poçt vasitəsi ilə 17.02.2021 -ci il tarixdə iddiaçının qeydiyyat ünvanına təqdim edildiyi məlum olmuşdur, (əlavə olunur). Qeyd olunanlara baxmayaraq, iddiaçı 30 gündən çox müddət keçdikdən sonra yəni mübahisələndirilən qərar onun hüquqi ünvanına təqdim edildikdən göndərildildikdən 74 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı 03.05.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşdə olan sənədlərdən görünür ki, hazırkı iddia üzrə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olan 28.02.2020-ci il tarixli **********628800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar iddiaçı tərəfindən mübahisələndirilmədiyindən hazırki qərarın mübahisələndirilməsi ilə iddiaçı istədiyi məqsədə çata bilməyəcəkdir. İddiaçı ilk növbədə mübahisəli qərarın verilməsinə əsas olan qərarı mübahisələndirməlidir. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçının hüquqi marağı baxımından aparılan qiymətləndirmə isə onu tələb edir ki, məhkəmə tərəfindən xidməti vəzifəsinə uyğun olaraq tərəflərin bu barədə bildirməsindən asılı olmayaraq şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli qərarının 6-cı bəndində də məhkəmələrə bu məzmunda tövsiyələr verilmişdir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə, inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Yuxarıda qeyd olunan “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən məhkəmə bildirir ki, iddiaçının hazırda mübahisələndirdiyi “tələbin icraya yönəldilməsi haqqında” qərar ləğv edilsə belə mahiyyət etibarilə iddiaçının xeyrinə dəyişikliklər baş verməyəcək. Belə ki, mübahisələndirilən qərarın verilməsinə səbəb iddiaçının vergi orqanına olan borc məbləği olmuşdur ki, həmin borc məbləğinin vergi orqanı tərəfindən tələb olunan müddət ərzində iddiaçı tərəfindən ödənilməsi təmin edilmədiyi üçün İcra şöbəsinə yönəldilmiş və bu səbəblə də borc məbləğinin ödənilməsi iddiaçı tərəfindən tərəfindən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-721/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2-1(116)-721/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-419/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-419/2021
14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver