Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-419/2025 12.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 748164 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin Balakən rayon Qazbinə Bələdiyyəsi tərəfindən 30 dekabr 2006-cı il tarixli, 07 saylı sərəncamla mərhum əri X7 adına alınmış 0.10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0.0560 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025 il tarixli, e-2-1(116)-2154/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. işin halları:
1. İddiaçı, cavabdeh orqana müraciət edərək xx.xx.2022-ci ildə X2 adına verilmiş reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi ********** olan çıxarışın 0,08979 ha həyətyanı torpaq sahəsinin 0.05660 ha hissəsinin İddiaçı Zeynəddin qızı və X9 torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qaldırılmış məsələnin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətində olmaması bildirilmişdir.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X2 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A748164 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin İddiaçı xx.xx.2007ci ildə Balakən rayonu Qazbinə bələdiyyəsinin sərəncamı ilə verilmiş 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0.0560 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsinin ümumiləşdirilmiş dəlilləri ondan ibarətdir ki, iddiaçı, 1998-ci ildən etibarən faktiki olaraq Qazbinə bələdiyyəsindən aldığı və 2007-ci ildə sərəncamla rəsmiləşdirilən həyətyanı torpaq sahəsində ailəsi ilə birlikdə daimi və maneəsiz yaşamış, həmin ərazidə yaşayış evi və yardımçı tikililər inşa etmişdir. Eyni ərazidə onun oğlu və gəlininə də, bələdiyyə tərəfindən torpaq sahələri ayrılmış, bu barədə müvafiq sərəncamlar, ayrıc aktları və digər hüquqi sənədlər mövcuddur. Torpaq sahələri bir cərgədə yerləşir. Lakin, xx.xx.2022-ci ildə qonşusu X5 öz torpaq sahəsini başqa qonşuya qeyri-rəsmi olaraq satmış və torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədində koordinatlar vurularkən səhvən onun həyətyanı torpaq sahəsin bir hissəsi onun aldığı hüquqların dövlət qeydiyyatı haqqında çıxarışa və torpaq sahəsinin planı və ölçüsü sənədinə işlənmişdir. İddiaçı hesab edir ki, həmin torpaq sahələrinə qonşu sahələrlə üst-üstə düşmə vardır. Belə ki, texniki səhv nəticəsində ona və oğluna, gəlininə ayrılan torpaq sahələri sürüşmə nəticəsində öz yerinə oturmur. Nəticədə iddiaçı və ailə üzvlərinin faktiki istifadə etdiyi torpaq sahəsinin bir hissəsi həmin sənədlərə daxil edilmişdir. Bu əsassız üst-üstə düşmə nəticəsində qonşusu X1 Rayon Məhkəməsinə “mülkiyyət hüququnun bərpası, DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş **********97 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış əsasında qeydiyyata alınan 0.08979 ha torpaq sahəsindən onun və digər ailə üzvlərinin çıxarılması, torpaq sahəsində tikilmiş tikililərin cavabdehlərin öz hesabına sökülməsi” tələbi ilə müraciət etmişdir. Balakən Rayon Məhkəməsinin e-2(019)-731/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı, cavabdehə müraciət edərək X2 adına xx.xx.2022-ci ildə verilmiş **********97reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin özünə məxsus torpaq sahəsilə üst-üstə düşən hissədə ləğv edilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur.
5. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir.
6. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025 il tarixli, e-2-1(116)-2154/2025 nömrəli qərardadı ilə (hakim Günel Şirinova-Əsədova) iş üzrə icraat Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(107)-183/2025 nömrəli iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin icraatında İddiaçı Zeynalabdin qızının cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı ünvan 1 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı 2-1(116)-82/2024 saylı inzibati iş olmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmişdir və iş hazırda Şəki apellyasiya məhkəməsinin icraatındadır. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddia tələbi sözügedən digər iddia tələbi ilə birbaşa əlaqəlidir və həmin iş üzrə qəbul ediləcək qərar hazırkı işə birbaşa təsir göstərə bilər. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-1 (116)-82/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X10 ayrılmış torpaq sahəsi də X3 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Ona görə də, həmin iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək hazırkı işin icraatı dayandırılmalıdır.
8. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılmasının davam edilməsi üçün Şəki İnzibati Məhkəməsinə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
a) apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayətinin dəlillərinə görə, İddiaçı Zeynalabdin qızının cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı ünvan 1 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması baradə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, qərardan verilmiş apellyasiya şikayətinə əsasən inzibati iş Şəki Apellyasiya Məhkəməsində 2-1(107)-183/2025 nömrə ilə icraatındadır. Həmin işdə apellyasiya şikayətinin verilməsinə əsas X4 adına (və ondan əvvəlki olan) daşınmaz əmlakın dövlət reyestrindən verilmiş reyestr nömrəli **********97 müvafiq çıxarışlara dair hazırlanmış A 664321 və A 748164 nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş 0,08979 ha torpaq sahəsinin 0,0560 ha hissəsi ilə üst-üstə düşməsi olmuşdur. Həmin iş üzrə məhkəmə üst-üstə düşmə ilə olan məsələni həll etmədən icrası əlverişsiz (mümkünsüz) qərar qəbul etmişdir. Bundan sonra, İddiaçı Zeynalabdin qızı hazırki iddia tələbi ilə əvvəlki məhkəmədən öz həllini tapmamış məsələnin həllinin təmin edilməsi məqsədilə Şəki İnzibati Məhkəməsinə müraciət etmək məcburiyyətinə düşmüşdür. Buna görə də hazırki işin dayandırılmasında məhkəmə səhvə yol vermişdir. Əslində bu iş yox, Şəki Apellyasiya Məhkəməsində 2-1(107)-183/2025 nömrə ilə icraatda olan işin dayandırılmasını gözləmək əvəzinə, iş üzrə zəruri olan digər prosessual (araşdırma) hərəkətləri edilmədən, tələm-tələsik işin hallarına uyğun gəlməyən (prosessual qanunveriyiliyə zidd olan) qərardad qəbul edilmişdir. Çünki, bu (hazırki) işin düzgün həllindən Şəki Apellyasiya Məhkəməsində 2-1(107)- 183/2025 nömrəli icraatda olan işin qanuni həlli birbaşa asılıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları:
11. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.
13. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
14. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək “X2 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 748164 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin Balakən rayon Qazbinə Bələdiyyəsi tərəfindən 30 dekabr 2006-cı il tarixli, 07 saylı sərəncamla mərhum əri X7 adına alınmış 0,10 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşən 0.0560 ha hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
15. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. ... Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir.
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4№-li Qərarı:
17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər — ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi — imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri:
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
apellyasiya instansiyasi məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, hazırkı mübahisəyə münasibətdə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı məsələ obyektiv araşdırma prinsipinin tələbləri baxımından hərtərəfli yoxlanılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
24. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
25. İş materiallarından görünür ki, Şəki İnzbati Məhkəməsinin icraatında olmuş əvvəlki inzibati mübahisə üzrə iddiaçının tələbi isə “Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə ayrılmış Balakən şəhəri, Beynəlmiləl küçəsi, ev 8 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması” ilə bağlı olmuşdur.
26. Hazırkı məhkəmə icraatında isə iddiaçının ilkin tələbi X2 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarışın, eləcə də həmin çıxarışa aid “Torpaq sahəsinin planı və ölçüsü sənədi”nin — xx.xx.2007-ci il tarixində Balakən rayonu Qazbinə bələdiyyəsinin sərəncamı əsasında ona ayrıldığı bildirilən 0,10 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşən 0,0560 ha hissədə — ləğv edilməsi ilə bağlı olmuşdur.
27. Lakin, iddiaçının xx.xx.2025-ci ildə təqdim etdiyi “tələbin dəqiqləşdirilməsi barədə” ərizəsindən görünür ki, irəli sürülmüş tələblə bağlı faktiki nail olmaq istənilən hüquqi nəticə - X2 adına verilmiş çıxarışın Balakən rayon Qazbinə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 7 saylı qərarı ilə iddiaçının mərhum ərinə ayrılmış 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0560 ha hissədə ləğvidir.
28. Bununla belə iddia ərizəsinə Balakən rayonu Qazbinə bələdiyyəsinin sərəncamı ilə xx.xx.2007-ci ildə iddiaçının özünə ayrılmış torpaq sahəsinə dair sənədlər əlavə edilmiş, iddia ərizəsi iddiaçının hüquqi marağına uyğun düzgün əsaslandırılmamışdır.
29. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının hüquqi marağına uyğun tərtib edilmiş “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
30. Məhkəmə kollegiyası İPM-nin 7.1-ci maddəsinin tələbləri baxımından qeyd edir ki, inzibati iş üzrə icraatın dayandırılması yalnız mahiyyəti üzrə baxılması mümkün olan iddia tələblərinə münasibətdə tətbiq edilə bilər. Belə ki, icraatın dayandırılması – artıq mahiyyəti üzrə baxılması mümkün hesab edilən iddia üzrə qərar qəbul edilməsinin müəyyən hüquqi və ya faktiki halların baş verməsindən asılı olduğu hallarda həmin halların aradan qalxmasının gözlənilməsidir. Əgər iddia tələbi mümkünlük şərtlərinə cavab vermirsə, bu halda iş üzrə icraatın dayandırılması İPM-nin 7.1-ci maddəsinin tələblərinə uyğun olmayacaqdır.
31. Qaldırılmış iddia tələbinin mümkünlük şərtlərinin yoxlanılmasına münasibətdə isə müəyyən edilir ki, iddiaçı tərəfindən mübahisələndirilən X2 adına verilmiş, 0,08979 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli və ********** qeydiyyat nömrəli çıxarış xx.xx.2022-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında verilmişdir.
32. Ondan əvvəl tərtib edilmiş sənəd isə X11 adına tərtib edilmiş xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarış olmuşdur.
33. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilərkən qeyd edilməlidir ki, X2 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışda göstərilən torpaq sahəsinə münasibətdə ilkin tərtib edilmiş sənəd Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı əsasında X11 adına tərtib edilmiş JN-176A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə olmuşdur.
34. Lakin, hazırkı iş üzrə mübahisəli məqam Şəhadətnamənin verilməsinə əsas olmuş Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 08 saylı qərarı yox, ondan irəli gələn qeydiyyatla bağlı elektron baza məlumatlarında konfiqurasiya səhvlərinə yol verilməsi və bu səhvlərin növbəti çıxarışlarda təkrarlanmasıdır.
35. Belə olan halda iddiaçı, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslanmasından asılı olmayaraq, inzibati orqanın faktiki xarakterli hərəkətlərini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməkdə haqlı sayılacaqdır. Faktiki olaraq iddiaçı, qonşu torpaq sahəsinə məxsus olan əmlak hüquqlarının düzgün olmayan koordinatlarda qeydə alınmasını və özünə məxsus torpaq sahəsinin bir hissəsinin həmin torpaq sahəsinə aid sənədə daxil edilməsini bildirir.
36. Odur ki, xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli çıxarış ondan əvvəlki xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış və JN-176A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verildiyindən mübahisələndirilən həmin qeydiyyatın 0,10 ha torpaq sahəsi ilə üst-üstə düşən 0,0560 ha hissədə ləğvinin iddiaçını arzuladığı hüquqi nəticəyə gətirib çıxarıb-çıxarmayacağı, ilkin hüquq müəyyənedici sənəd qüvvədə qalacağı halda sonrakı sənədin ləğvinin faktiki hüquqi vəziyyəti dəyişib-dəyişməyəcəyi məsələsi birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü baxımından yoxlanılmalıdır.
37. İş materiallarında olan mübahisəli torpaq sahəsinə dair elektron baza məlumatlarından və yerquruluşu planlarından görünür ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahələrinə dair Şəhadətnamələrin və o cümlədən, JN-176A nömrəli Şəhadətnamənin cizgisi iddia olunan torpaq sahəsinə sürüşdürülmüşdür.
38. Məhkəmə kollegiyası vurğulayır ki, o halda torpaq sahəsinə dair hüququn dövlət qeydiyyatının ləğvindən söhbət gedə bilər ki, həmin sənəd aid olduğu torpaq sahəsinə münasibətdə tərtib edilmiş olsun və həmin torpaq sahəsi üzərində əmlak hüququnu müəyyən etsin. İşin faktiki hallarından görünür ki, yaranmış mübahisə sırf texniki düzəlişlə - sənədin elektron xəritə bazasında coğrafi yerləşdirilməsi ilə bağlıdır.
39. İddiaçı ilə qonşu torpaq sahəsi arasında yaranmış mübahisə tərtib edilmiş sənədlərin iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürülməsi və qonşu torpaq sahəsinin mülkiyyətçisinin ona verilmiş sənəddə göstərilən koordinatlar daxilində göstərilən torpaq sahəsini iddia etməsindən yaranmışdır. Faktiki olaraq hər iki qonşu ayrı-ayrılıqda özlərinə məxsus torpaq sahəsindən istifadə edirlər. Belə olan halda JN-176A nömrəli Şəhadətnamənin iddiaçıya məxsus torpaq sahəsinə sürüşdürülməsi aradan qaldırılacağı halda (aid olduğu torpaq sahəsinə işlənəcəyi) mübahisə də, aradan qalxacaqdır.
40. Odur ki, məhz sənədin elektron bazaya yerləşdirilməsi zamanı koordinat sürüşməsindən yaranan hal mülkiyyət hüququnun dövlət qeydiyyatına dair sənədin ləğvinə səbəb olmamalıdır. Belə ki, qonşu torpaq sahəsinə aid sənədin texniki sürüşdürülməsinin aradan qaldırılması əvəzinə, həmin sənədin üst-üstə düşən hissədə ləğv edilməsi gələcəkdə qonşu torpaq sahəsinin mülkiyyətçisinin əmlak hüquqlarının pozulmasına (ləğv olunan hissədə torpaq sahəsinin ölçüsünün sənəd üzrə azalmasına) gətirib çıxaracaqdır.
41. İddiaçının cavabdeh orqana ilkin müraciəti - xx.xx.2022-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışın 0,0560 ha torpaq sahəsi ilə üst-üstə düşən hissəsinin ləğvi ilə bağlı olduğundan və yuxarıda qeyd edildiyi kimi, həmin qeydiyyatın aparılmasına əsas olmuş ilkin sənədlər mübahisələndirilmədiyindən, hazırkı mərhələdə irəli sürülmüş tələbin iddiaçının hüquqi müdafiə marağına və əldə etmək istədiyi hüquqi nəticəyə uyğun olubolmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Bu baxımdan, iddia tələbinin iddiaçının hüquqi marağına uyğun tərtib edilməsi üçün ona hüquqi yardım göstərilməli və dəqiqləşdirilmiş tələbə münasibətdə “öhdəliyin icrası haqqında” iddia növünə xas olan xüsusi mümkünlük şərtlərinin ödənilib-ödənilmədiyi ayrıca qiymətləndirilməlidir.
42. İddia tələbi mümkünlük şərtlərini ödədiyi halda isə mübahisənin həllinin tamamilə və ya qismən Şəki Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(107)-183/2025 nömrəli iş üzrə inzibati mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mövcud mövcud olmasından və ya olmamasından asılı olub-olmamasına hüquqi qiymət verilməli, bu zaman mübahisələndirilən sənəd üzrə hüquq subyekti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri qaydada cəlb edilməlidir.
43. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanında nəzərdə tutulmuş və torpaqların faktiki istifadəsinə uyğun tənzimləmə mexanizmi müəyyən edilmişdir.
44. Sözügedən Fərmanın qəbul edilməsinin başlıca məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək olmuşdur.
45. Belə ki, torpaq islahatından sonra belə ölçü uyğunsuzluqlarının sistemli şəkildə qalması dövlətə məlum idi və bu səbəbdən də müvafiq fərman verilməklə torpaqların real istifadə vəziyyətinə uyğun hüquqi mexanizm yaradılmış, torpaq islahatı prosesi zamanı yaranmış ölçü uyğunsuzluqlarının həlli məqsədilə istinad olunan Fərmanın müvafiq bəndlərində xüsusi tənzimləmə müəyyən edilmişdir.
46. Mübahisəli ərazinin son olaraq tərtib edilmiş TEKUİS-dən çıxarışından görünür ki, cavabdeh orqan JN-176A nömrəli Şəhadətnamədən başqa qalan bütün digər qonşu torpaq sahələrinə dair Şəhadətnamələrin iddia olunan torpaq sahəsinə sürüşdürülməsini aradan qaldırmışdır.
47. Məhkəmə kollegiyasının ümumi qənaəti ondan ibarətdir ki, cavabdeh orqanın mübahisənin həlli ilə bağlı səriştəsiz fəaliyyəti iddiaçını ardıcıl olaraq müxtəlif iddialarla məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Belə ki, digər qonşu torpaq sahələrinə dair sənədləri faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla sürüşməni aradan qaldırdığı halda, cavabdeh orqan məhz JN-176A nömrəli Şəhadətnaməyə münasibətdə mübahisəli vəziyyəti saxlamışdır.
48. Odur ki, iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həllini tapdıqdan sonra JN- 176A nömrəli Şəhadətnaməyə münasibətdə koordinat sürüşməsinin istinad olunan Fərmanın tələbləri baxımından aradan qaldırılmasının hansı səbəbdən mümkün olmaması cavabdeh orqanla dəqiqləşdirilməli, koordinat sürüşməsi aradan qalxmadan sözügedən torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatının mümkün olubolmamasından asılı olaraq icraatın dayandırılmasına lüzum olub-olmamasına hüquqi qiymət verməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025 il tarixli, e-2-1(116)-2154/2025 nömrəli qərardadı ləğv edilir. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.