Məhkəmə qərarları › İş №2-1(107)-42/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-42/2023

19.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-42/2023 19.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin X2rşı “tələbdə qeyd edilən illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)- 1145/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin X2rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əyani təhsil müddətinin, hərbi xidmət müddətinin və işlədiyi müddətin sığorta stajına daxil edilməsi və xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddətlərini nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı ildən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmamasını, iddiaçının tələb olunan sosial sığorta stajının 25 ildən az olmasını, əmək kitabçasının surətində qeyd olunmuş iddiaçının xx.xx.1983-xx.xx.1999cu illərdə Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi”nin əmək haqqı sənədlərinin arxivə verilmədiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını ilkin imtina məktubunun dəlillərinə uyğun əsaslandırmışdır. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022 və xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - H3 ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 11 ay 12 gün) hərbi xidmətdə olmuşdur. - 1542 nömrəli attstatdan görünür ki, iddiaçı xx.xx.1971-xx.xx.1972-ci illərdə (11 ay 24 gün) peşə təhsili almışdır. - X8 Filialının xx.xx.2007-ci il tarixli 711 nömrəli arayışından və ona əlavə edilmiş əmək haqqı cədvəlindən görünür ki, Şəki rayon Kolxozlarası cins malqara birliyinin işçi və qulluqçularının əmr kitablarına əsasən xx.xx.1972-ci il əmr №213 №2-də İddiaçı xx.xx.1972-ci il tarixdən birlikdə işləyir. Lakin əmrə düşməyib. Ona görə də yedəkçi təyin edilib. xx.xx.1983-cü il tarixli 182№-li əmrin 6cı paraqrafında İddiaçı işdən azad edilməsi qeyd edilmişdir. Həmçinin 19741983-cü illər üzrə əmək haqqı ödənilmişdir. - iddiaçıya məxsus, ******* nömrəli xx.xx.2007-ci ildə tərtib edilmiş əmək kitabçasına əsasən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu müddət aşağıdakı kimi qeyd edilmişdir: xx.xx.1972 – xx.xx.1975 (2 il 9 ay), xx.xx.1977 – xx.xx.1983 (6 il 5 ay 23 gün). xx.xx.1983 – xx.xx.1999 (15 il, 10 ay 22 gün) - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1956-cı ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin X9 Filialının üzərinə İddiaçı - əyani təhsil, hərbi xidmət və xx.xx.1972-xx.xx.1983-cü illərdə Şəki rayonu Kolxozlararası cins malqara birliyində işlədiyi illərin və xx.xx.1983-xx.xx.1999-cu illərdə Şəki rayonu Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. O, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yasda, yəni, 11 oktyabr 2021-ci il tarixdə pensiya yaşına çatmışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq imtina cavabı verilmişdir. Həmçinin iddiaçının müraciətinə verilmiş imtina cavabında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2007-ci il tarixli ИT-l № ******* saylı əmək kitabçasının surətinə əsasən onun sığorta stajı 8 il 10 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq xx.xx.2007-ci il tarixdə İddiaçı adına tərtib olunmuş ИT-l № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Şəki rayon “Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi” əmək haqqı cədvəlləri və arxiv arayışlarının Şəki rayon Dövlət Arxivinə təhvil verilmədiyi məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun fəaliyyəti dövrləri ümumilikdə 8 il 10 ay təşkil etməklə cavabdeh inzibati orqan tərəfindən həmin müddət mübahisələndirilməmişdir. İşin mübahisələndirilən halı iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1999-cu il tarixədək Şəki rayon “Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi”ndə işləməsinə dair əmək kitabçasında edilmiş qeydlərdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi İddiaçı adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli, ИT-l № ******* nömrəli əmək kitabçasında edilmiş qeydlərin qarşılıqlı yoxlanılması aparılmış və qeyd olunan dövrlərə dair sənədlərin arxivə təhvil verilmədiyi məlum olmuşdur. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şəki-Zaqatala regional filialının xx.xx.2022-ci il tarixli aktı mövcuddur. Bildiririk ki, iddiaçının öz ərizəsində qeyd etdiyi kimi onun əmək kitabçası xx.xx.2007-ci il tarixdə sonradan yazılmışdır. İddiaçı ilkin sənədlərin yandırıldığını, sonradan arxiv sənədləri əsasında əmək kitabçasının yazıldığını iddia edir. Belə ki, iddiaçının Şəki rayon Kolxozlararası cins mal-qara birliyində işləməsinə (xx.xx.1972 - xx.xx.1983) dair əmək kitabçasında olan qeydlər arxivdəki sənədlərlə təsdiqlənir. Həmçinin iddiaçının əmək kitabçasında xx.xx.1983-cü ildə №182 nömrəli əmrlə Şəki rayon “Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi’’nə işə qəbul olunduğu № 126 nömrəli əmrlə işdən azad olduğuna dair qeydlər mövcuddur. Lakin qeydlər arxiv məlumatları ilə təsdiqlənmir, iddiaçı isə əmək kitabçasının sonradan arxivdəki qeydlər əsasında yazıldığını iddia edir. İddiaçının öz iddia ərizəsində qeyd etdiyi kimi xx.xx.2007-ci il tarixli əmək kitabçasının arxiv məlumatları əsasında yazıldığını iddia etməsini, lakin həmin qeydlərin qarşılıqlı yoxlanılması zamanı sənədlərin arxivə təhvil verilmədiyinin müəyyən edilməsini nəzərə alaraq mübahisələndirilən qeydlərin hansı sənədlərdəki məlumatlar əsasında yazılmasına və dolayısı ilə iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyinə şübhə doğurur. Beləliklə iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun sosial sığorta stajı 8 il 10 ay təşkil edir. Bu müddət qanunvericiliklə müəyyən olunan 25 il sığorta stajından azdır. İddiaçı öz tələbini müvafiq sənədlərlə sübuta yetirə bilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı iştirak etməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ qanunvericilikdə nəzərdə tutulmuş şərtlər ödənildiyi halda “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2021-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1956-cı ildə doğulub). Cavabdehin iddia tələbinə etirazını iddiaçının əmək kitabçasında olan qeydlərin mötəbər olması ilə əsaslndırır və bildirir ki, həmin qeydlər 2007-ci ildə əmək kitabçasına əlavə edilmişdir. İddiaçının işlədiyi müəssisənin sənədləri arxivdə olmadığından cavabdeh orqan 2007-ci ildə arxiv məlumatları əsasında həmin qeydlərin əmək kitabçasına qeyd edilməsini düzgün hesab etmir. Birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş, onun həyat yoldaşı X4 “uşaqlar üçün çörək pulu təmin edilməsi üzrə komissiyanın protokolları” və arayışları ilə müəyyən edilir ki, iddiaçı Şəki rayon Təsərrüfatlararası heyvandarlıq fermalar təmir və texniki xidmət müəssisəsi”ndə işləmiş və həyat yoldaşı Nəhayət Qasımovanın razılığı ilə ona ödənilməli olan uşaq pulu iddiaçıya verilmişdir. Yəni təqdim edilmiş həmin sənədlərlə iddiaçının 1990-1995-ci illərdə həqiqətən sözügedən müəssisədə işləməsi öz təsdiqini tapdığından, əmək kitabçasının 2007-ci ildə tərtib edilməsi və müəssisənin sənədlərinin arxivdə mövcud olmaması əsası ilə bötövlükdə iddiaçının həmin müəssisədə işlədiyi dövrün sosial sığorta stajı kimi qəbul edilməməsini məhkəmə düzgün hesab etmir. İddiaçının hərbi xidmət, təhsil və əmək fəaliyyəti müddəti 27 il 9 ay 27 günə bərabər olduğundan və həmin müddət tələb olunan 25 ildən çox olduğundan cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Sözügedən müəssisənin sənədlərinin arxivdə saxlanılmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq kitabların saxlanılmasının təmin edilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur”. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə kollegiyası araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1145/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar