Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-42/2025 05.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya hüququnun yarandığı, 57 yaşının tamam olduğu xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödənilməli olan fərqin (əmək pensiyası təyin edilən vaxtdan indiyədək) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024cü il tarixli 2-1(116)-1324/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraicət edərək “iddiaçıya hüququnun yarandığı, 57 yaşının tamam olduğu xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödənilməli olan fərqin (əmək pensiyası təyin edilən vaxtdan indiyədək) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir.
2. İddia ərizəsinə əsasən iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur, hazırda 68 yaşı var. O, əmək fəaliyyətinə 1976-cı ildə, hərbi xidmətdən qayıtdıqdan sonra 1977-ci ildə 10 saylı Yol Tikinti İdarəsində başlamışdır. Belə ki, o, xx.xx.1977-ci ildə həmin idarədə (asfalt zavodda) 5-ci dərəcəli operator-köməkçisi (asfalt-beton bişirən) olaraq işə qəbul edilmiş və 1994-cü ilədək orada asfalt-beton bişirən olaraq işləmiş və xx.xx.1994-cü ildə ərizəsi əsasında işdən azad edilmişdir. Həmin idarə xx.xx.2000-ci ildə "xxxx" MMC-yə və 15 saylı Yol İİ-yə keçirilmişdir. Lakin ona əmək pensiyası təyin edilərkən işlədiyi sahənin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ” verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında olması nəzərə alınmamış, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi əvəzinə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki 2017ci ilə qədər qüvvədə olan qanunvericiliyin tələbinə əsasən ona 57 yaşı və ya 60 yaşı bitdiyi o vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. İddiaçı məsələ ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina gəlmişdir.
3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********3 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
4. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
5. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahı üzrə müəyyən edilmiş işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.
6. Nəzərinizə çatdırırıq ki, iddiaçı H.X3 təqdim etdiyi 021539 nömrəli əmək kitabçasında və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2021-ci il tarixli 05 nömrəli arayışında qeyd olunan xx.xx.1977-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində Şəki 10 saylı Yol Tikinti İdarəsinin asfalt zavodunda işlədiyi operator köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li Siyahıda nəzərdə tutulmamışdır. Diqqətinizə çatdırırıq ki, qeyd edilən arayış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavədə göstərilən formada tərtib edilməmişdir. Belə ki, iddiaçının sadəcə operator köməkçisi vəzifəsində işlədiyi qeyd edilmiş, həmin vəzifənin adıçəkilən siyahıda hansı koda uyğun olduğu göstərilməmişdir.
7. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
8. Göründüyü kimi, iddiaçının güzəştli iş stajı yoxdur. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.
9. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 27 iyun 2024-cü il tarixli 2- 1(116)-1324/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-1324/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-1324/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-1324/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir.
1. Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubu;
2. НЗ seriyalı ******* nömrəli Hərbi biletin təsdiqlənmiş surəti;
3. Ю seriyalı 006293 nömrəli Diplomun surəti;
4. 1803195501517 Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surəti;
5. İddiaçıya məxsus ИT 021539 seriya nömrəli əmək kitabçası;
6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 05 nömrəli və xx.xx.2024-cü il tarixli arayışları.
7. "xxxx" MMC-nin xx.xx.2024-ci il tarixli məktubu;
8. "xxxx" MMC-nin xx.xx.2024-ci il tarixli məktubu;
9. "xxxx" MMC-nin xx.xx.2024-ci il tarixli məktubu;
10. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, asfalt-beton zavodu operatoru istifadə olunan materialın növü, keyfiyyəti və keyfiyyətindəki dəyişiklikləri müşahidə etmək, əməliyyatdan əvvəl yanacaq tədarükünü təmin etmək, yanar sürtkü materiallarının və elektrik sərfiyyat normalarını bilmək, istifadə olunan avadanlığın müntəzəm təmizlənməsini və təmirini təmin etmək- eyni zamanda operator köməkçisinin vəzifəsi operatorun verdiyi tapşırıqların icrasını vaxtında və operativn şəkildə təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında operator köməkçisi ifadəsi öz əksini tapmamışdır. Vətəndaşın avtomobil nəqliyyatı və şosse yolları fəhlələri həmkarlar ittifaqlarının Azərbaycan Respublikası Komitəsindən əldə etdiyi iddia olunan 13 iyun 1985-ci il tarixli 109/8 nömrəli məktubu Azərbaycan Avtomobil Nəqliyyatı və X2 Həmkarlar İttifaqı Komitəsi tərəfindən şifahi sorğuya əsasən araşdırılmış, həmin dövr sənədlərinn kiril əlifbası ilə yazıldığını bildirməklə yanaşı, adı çəkilən məktubun arxiv sənədləri içərisindən əldə etmək mümkün olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
19. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
21. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
24. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-1324/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı 57 yaşının tamam olduğu xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.
29. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq yaş həddinə çatdıqdan sonra iki element mövcud olmalıdır: azı 25 il sığorta stajına malik olmalıdır, ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
30. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. Lakin, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə işləməsinə dair hər hansı sübut mövcud deyildir. İddiaçı iddia ərizəsində xx.xx.1977-ci ildən 10 saylı Yol Tikinti İdarəsində (asfalt zavodda) 5-ci dərəcəli operatorköməkçisi (asfalt-beton bişirən) olaraq işə qəbul edildiyini və 1994-cü ilədək orada asfaltbeton bişirən olaraq işlədiyini bildirmişdir. Həmin dövrün güzəştli dövr olmasına dair arayış təqdim edilməmişdir.
31. Bundan başqa birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2024-ci il tarixli məktubunda iddiaçının çalışmış olduğu “operator köməkçisi” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahılarda qeyd olunmuş peşələrdə nəzərdə tutulmadığı bildirilmişdir.
32. Bununla yanaşı, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, asfalt-beton zavodu operatoru istifadə olunan materialın növü, keyfiyyəti və keyfiyyətindəki dəyişiklikləri müşahidə etmək, əməliyyatdan əvvəl yanacaq tədarükünü təmin etmək, yanar sürtkü materiallarının və elektrik sərfiyyat normalarını bilmək, istifadə olunan avadanlığın müntəzəm təmizlənməsini və təmirini təmin etmək- eyni zamanda operator köməkçisinin vəzifəsi operatorun verdiyi tapşırıqların icrasını vaxtında və operativn şəkildə təmin etməkdən ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahıda və xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısında operator köməkçisi ifadəsi öz əksini tapmamışdır. Vətəndaşın avtomobil nəqliyyatı və şosse yolları fəhlələri həmkarlar ittifaqlarının Azərbaycan Respublikası Komitəsindən əldə etdiyi iddia olunan 13 iyun 1985-ci il tarixli 109/8 nömrəli məktubu Azərbaycan Avtomobil Nəqliyyatı və X2 Həmkarlar İttifaqı Komitəsi tərəfindən təqdim edilmiş şifahi sorğuya əsasən araşdırılmış, həmin dövr sənədlərinn kiril əlifbası ilə yazıldığını bildirməklə yanaşı, adı çəkilən məktubun arxiv sənədləri içərisindən əldə etmək mümkün olmamışdır.
33. Göründüyü kimi sözügedən siyahılarda “operator köməkçisi” vəzifəsi nəzərdə tutulmadığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə aparılan araşdırma nəticəsində cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona münasibətdə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.
34. Belə olan halda məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.
35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya hüququnun yarandığı, 57 yaşının tamam olduğu xx.xx.2012-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödənilməli olan fərqin (əmək pensiyası təyin edilən vaxtdan indiyədək) ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 iyun 2024-cü il tarixli 2-1(116)-1324/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.