Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-420/2024 20.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2054/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, DTXK-nin Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddiaçıya və onun nümayəndəsi və vəkilinə xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlanaraq, nəzərlərinə çatdırılmışdır ki, mübahisələndirilən JN-150F kod 40107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998ci il tarixli 05 nömrəli qərarına əsasən 0,07 ha həyətyanı torpaq sahəsinin İddiaçı və onun ailə üzvləri olmuş X7, X8 və X3 ayrılması ilə əlaqədar tərtib olunmuşdur. Lakin şəhadətnamə iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən mübahisələndirilməmiş, bu məsələ ilə bağlı mübahisə açılmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı əsasında 2004-cü ildə tərtib edilməsinə baxmayaraq, iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəhadətnamənin ləğv edilməsi istiqamətində hər-hansı hərəkət edilməmişdir. Bununla da torpaq sahəsinin ayrıldığı dövrdə qüvvədə olmuş MPM-in 298-ci maddəsi ilə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda iddiaçıya və onun nümayəndəsi və vəkilinə iddia müddəti bağlı qanunvericiliyin tələbləri izah edilmiş və məktuba münasibət bildirilməsi təklif olunmuşdur.
4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iş materiallarına ərizə əlavə etməklə məhkəmənin xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubunda qeyd olunanlara münasibətini bildirmişdir. Nümayəndə ərizəsində qeyd etmişdir ki, iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Belə ki, iddia ərizəsində də qeyd edildiyi kimi ünvan 1 “H.Nəsibov” adına kolxozun 25 mart 1988-ci il tarixli 2 №-li Ümumi Yığıncağının qərarı ilə İddiaçı 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsində iddiaçı tərəfindən 1991-ci il tarixdə fərdi yaşayış evi tikilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışa əsasən ünvan 1indəki 0,07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Bir müddət əvvəl iddiaçının keçmiş arvadı və övladları tərəfindən ona qarşı “torpaq sahələri üzrə payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən yalnız sonuncu məhkəmə iclası barədə məlumat əldə etdiklərindən iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli şəhadətnamənin hansı əsasla verilməsi məsələsinin aydınlaşdırılması mümkün olmamışdır. Şəki Apellyasiya Məhkəməsinin MKnın 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavab və işin halları müzakirə edilmişdir. Məhz 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında iddiaçıya məlum olmuşdur ki, ona məxsus ünvan 1i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli şəhadətnamənin verilməsi üçün hər hansı bir hüquqi əsas mövcud olmamış, həmin Şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçının nümayəndəsi və vəkili MPM-in 298-ci və İPM-in 38.1-ci maddələrinə əsasən hesab etmişdir ki, iddia tələbi üzrə prosessual müddət ötürülməmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-2054/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “DTXKnın Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.
6. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı ünvan 1ində yerləşən 0,07 ha torpaq sahəsinə dair İddiaçı, X7, X8 və X2 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ləğv edilməsindən ibarətdir. Mübahisələndirilən JN-150F nömrəli kod 40107018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə nəzər etdikdə görünür ki, şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən 0,07 ha həyətyanı torpaq sahəsinin iddiaçı və onun ailə üzvləri olmuş şəxslərə ayrılması ilə əlaqədar 2004-cü ildə tərtib olunmuşdur. Lakin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən şəhadətnamə ötən müddət ərzində mübahisələndirilməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin iddia müddəti ilə bağlı hüquqi yardım məktubuna yazılı münasibət bildirərək, şəhadətnamənin verilməsinə hüquqi əsasın olmadığının 2024-cü ilin aprel ayında mülki mühakimə icraatı qaydasında keçirilmiş məhkəmə iclasında onlara məlum olduğunu qeyd etsə də, məhkəmə bu mövqe ilə razılaşmamaqla yanaşı hesab edir ki, şəhadətnamənin verildiyi vaxt eyni hüquqi əsaslar mövcud olmuş, şəhadətnamə iddiaçıya təqdim edildiyi vaxtdan iddiaçı şəhadətnamənin mövcudluğu barədə, həmçinin həmin şəhadətnamədə qeyd olunmuş torpaq sahəsinin aqrar islahat komissiyasının müvafiq qərarı ilə hansı şəxslərə ayrıldığı barədə məlumatlı olmuş, lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq iddiaçı bu məsələ ilə bağlı mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.
7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2054/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasının təmin edilməsi üçün işin Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən istinad etdiyi qanunvericilik normalarının tələblərini pozmaqla gəldiyi nəticəni düzgün əsaslandırmamışdır. Məhkəmənin gəldiyi qənaət tamamilə əsassızdır. Belə ki, istər iddia ərizəsində, istərsə də məhkəməyə göndərdikləri 18 may 2024-cü il tarixli ərizədə də qeyd etdikləri kimi ünvan 1 H.Nəsibov adına kolxozun 25 mart 1988-ci il tarixli 2 №-li Ümumi Yığıncağının qərarı ilə İddiaçı (mənə) 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsində onun tərəfindən 1991-ci il tarixdə fərdi yaşayış evi tikilmişdir. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışa əsasən ünvan 1indəki 0.07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli. 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi onun (İddiaçı) mülkiyyətindədir. Bir müddət əvvəl keçmiş arvadı və övladları tərəfindən ona qarşı “'torpaq sahələri üzrə payların müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddiaçılar X4, X5 və X2 və cavabdeh X6 ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən iddiaçı X4 1/4 hissə, X5 1/4 hissə və X2 1/4 hissə olmaqla, ümumilikdə 3/4 hissə paylarının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən yalnız sonuncu məhkəmə iclası barədə məlumat əldə etdiklərindən iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli şəhadətnamənin hansı əsasla verilməsi məsələsinin aydınlaşdırılması mümkün olmamışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən onun tərəfindən apelyasiya şikayəti verilmişdir. Həmçinin vəkili tərəfindən müvafiq sorğu ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğu verilərək ünvan 1indəki 0,07 ha torpaq sahəsinin, eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin kimin (kimlərin) mülkiyyətində olması barədə məlumat verilməsinin, eləcə də həmin torpaq sahəsi və torpaq sahəsi üzərindəki evə dair ilkin və sonrakı hüquqmüəyyənedici sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin onlara təqdim edilməsinin təmin edilməsi xahiş edilmişdir. Müvafiq sorğunun 18 saylı Zaqatala Ərazi İdarəsinə 04 dekabr 2023-cü il tarixdə çatdırılmasına baxmayaraq, sorğuya hər hansı bir cavab verilməmişdir. Bundan sonra müvafiq vəsatətlə Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinə istinad edilərək, Şəki Apellyasiya Məhkəməsinin MK-na müraciət edilərək, ünvan 1indəki 0.07 ha torpaq sahəsinin, eləcə də həmin torpaq sahəsinin üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin kimin (kimlərin) mülkiyyətində olması barədə məlumat verilməsinin, eləcə də həmin torpaq sahəsi və torpaq sahəsi üzərindəki evə dair ilkin və sonrakı hüquqmüəyyənedici sənədlərin müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğu verilməsi xahiş edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK tərəfindən vəsatəti təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sorğuya cavab və işin halları müzakirə edilmişdir. Məhz 04 aprel 2024-cü il tarixli məhkəmə iclasında onlara məlum olmuşdur ki, ona (İddiaçı) məxsus ünvan 1i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə dair verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli şəhadətnamənin verilməsi üçün hər hansı bir hüquqi əsas mövcud olmamış, həmin Şəhadətnamə verilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan başqa göndərilmiş məktubda mübahisələndirilən Şəhadətnamənin Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarı əsasında 2004-cü ildə tərtib edilməsi qeyd edilsə də, hesab edir ki, müvafiq Şəhadətnamənin tərtib edilməsi üçün hər hansı bir hüquqi əsas mövcud olmamışdır. X15 Komissiyasının 1998-ci il tarixli qərarı əsasında qeyd olunan torpaq sahəsi adıçəkilən şəxslərə verilməmişdir. Fikri dəqiqləşdirsələr, inzibati orqan müvafiq Şəhadətnaməni verərkən Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarına istinad etsə də, Aqrar İslahat Komissiyasının müvafiq qərarı mövcud olmamışdır. Yəni onlar hazırda Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli qərarını deyil, inzibati orqanın hər hansı bir hüquqi əsas olmadan verdiyi “saxta” Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli şəhadətnaməni mübahisələndirirlər. Belə olan halda inzibati məhkəmə tərəfindən qeyd olunan dəlilləri hər bir halda araşdırılaraq, işə mahiyyəti üzrə baxılmalı idi. Lakin məhkəmə hər hansı bir araşdırma aparmadan, qərəzli şəkildə verdiyi iddianı qeyri-mümkün hesab etmişdir. Bundan başqa Azərbaycan Respublikası MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmçinin Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi hər 2 halda qanunvericilik müəyyən edir ki, hər hansı bir inzibati akt müvafiq inzibati aktın mövcudluğu onu mübahisələndirən şəxsə məlum olduğu gündən 1 ay müddətində həyata keçirilə bilər. Bu baxımdan hesab edir ki, hər hansı bir prosessual müddətin buraxılmasından söhbət belə gedə bilməz. Göstərilənlərə əsasən hesab edir ki, verdiyi iddia ərizəsi mümkün hesab edilərək, tələbinə mahiyyəti üzrə baxılmalı idi. Göründüyü kimi, işə baxan məhkəmə tərəfindən qeyd olunan hallara düzgün hüquqi qiymət verilməmiş və əsassız olaraq iddia tələbim qeyri-mümkün sayılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı vəkili Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2054/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinə mahiyyəti üzrə baxılmasının təmin edilməsi üçün işin Şəki İnzibati Məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəisi məhkəməyə məktub göndərərək nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq
12. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.
13. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 14 İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
15. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
17. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
18. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
19. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
20. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
22. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
23. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.
24. İddiaçının hazırki tələbi “DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğvindən ibarətdir.
25. Qeyd olunmalıdır ki, mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsüsi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
26. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
28. Bundan başqa, iş materiallarından və apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC tərəfindən verilmiş 01 avqust 2024-cü tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair JN150F nömrəli KOD:40107018 Şəhadətnamə üzrə elektron kadastr baza məlumatları mövcuddur.
29. ünvan 1ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldə və Balakən rayonu İcra Hakimiyyəti Başçısının Qullar kənd inzibati ərazi nümayəndəliyi H.Nəsibov kolxozunun islahatı ilə əlaqədar Qullar kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında İddiaçı, X7, X8 və X2 adları qeyd olunmuşdur.
30. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilən 24 iyul 2024-cü il tarixli məktubdan da görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN150F nömrəli KOD:40107018 şəhadətnamə sənədi elektron baza məlumatlarında qeyd edilmiş və ərazi idarəsinin arxiv qovluğunda mövcuddur. O cümlədən, İddiaçı, X7, X8 və X2 adlarının qeyd olunduğu subyektlərin siyahısından çıxarışdan görünür ki, sonuncuların adları JN150F nömrəli KOD:40107018 nömrəli şəhadətnamə verilməsi üçün qeyd edilmişdir.
31. Mübahisələndirilən Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş torpaq sahəsinin hansı subyektlərə verilməsi məsələsini həll edən və mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas rolunu oynayan inzibati akt da Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarıdır.
32. Bundan başqa, iddia tələbinin ““DTXK-nın Balakən rayon şöbəsi tərəfindən verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi”” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, tələbin həmin hissəsinin mümkünsüzlüyü də, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarının hüquqi qüvvəsinə bağlıdır.
33. Bundan əlavə, məhkəmə kolegiyası onu da qeyd edir ki, hazırki mübahisəni iddiaçı tərəfin apellyasiya şikayətində qeyd etdiyi kimi öhdəliyin icrası haqqında iddia növünə aid etmiş olsaq belə, bununla bağlı qeyd olunmalıdır ki, işdən görünür ki, JN150F nömrəli KOD:40107018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına, torpaq sahəsinə aid cədvələ, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına və subyektlər siyahısından çıxarışa uyğun tərtib olunmuşdur. Əgər şəhadətnamənin Aqrar İslahat Komissiyasının qərarına uyğun tərtib edilməməsi müəyyən edilərdisə iddianın digər mümkünlük şərtləri mövcud olduğu halda hazırki mübahisəyə mahiyyəti üzrə baxıla bilərdi. Göründüyü kimi, apellyasiya şikayətinin bu hissədə də dəlilləri əsassızdır. Belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi hər bir halda düzgün nəticəyə gəlmişdir.
34. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır.
35. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə aşağıda qeyd olunmuş səbəblərdən də iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.
36. Belə ki, sözügedən şəhadətnamənin Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı əsasında tərtib edilməsi məhkəmə tərəfindən işdə olan subyektlər siyahısı, torpaq sahəsinə aid cədvəl, torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı və həmin ünvana dair mötəbər sübutlar əsasında yoxlanılmış və müəyyən edilmişdir ki, həqiqətən də sözügedən ünvan üzrə təsərrüfat üzvləri- İddiaçı, X7, X8 və X2 Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında adları qeyd edilmiş şəxslər olmuş və Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarına istinad edilməklə ümumibirgə mülkiyyətçilər olan iddiaçının keçmiş arvadı, oğlu və qızı olmaqla həmin tarixə münasibətdə ailə üzvlərinin adları həmin şəhadətnaməyə daxil edilmişdir.
37. Bundan başqa, iddiaçı apellyasiya şikayətində israrla Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarını mübahisələndirmədiyini qeyd edir, həmçinin tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv olunmasını tələb edir, eyni zamanda iddiasında əsas kimi isə həmin şəhadətnamənin qanunsuz olaraq heç bir sənədlərə əsaslandırılmadan verilməsini göstərir.
38. Məhkəmə kollegiyası da bununla bağlı qeyd edir ki, həmin şəxslərin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin verilməsinə əsas olmuş ünvan 1ində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl, Balakən rayonu İcra Hakimiyyəti Başçısının Qullar kənd inzibati ərazi nümayəndəliyi H.Nəsibov kolxozunun islahatı ilə əlaqədar Qullar kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı işə əlavə edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, mübahisələndirilən şəhadətnamənin verilməsi üçün mötəbər hüquqmüəyyənedici sənədlər mövcud olmuş və Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı qüvvədə olduğundan həmin qərar ləğv edilmədən onun əsasında verilmiş şəhadətnamənin düzgün olmaması əsası ilə mübahisələndirilən şəhadətnamənin ləğvi məsələsinə (iddiaçının tələb etdiyi qaydada) mahiyyəti üzrə baxılması mümkün deyildir.
39. Daha sonra iddiaçı apellyasiya şikayətində iddia tələbinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş edir.
40. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
41. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2054/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2-1(116)-2054/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.