Məhkəmə qərarları › İş №2-1(107)-421/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-421/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-421/2021 19.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarış qərarı ilə ayrılan 35 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 аvqust 2021-ci il tаrixli, 2-1(116)-1090/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı 2005-ci ildə ərizə ilə Şəki Bələdiyyəsinə müraciət edərək, Şəki şəhəri S.Rəhman küçəsi ərazisindən mağaza tikmək məqsədi ilə torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 01.12.2005-ci il tarixli 13/1565 nömrəli məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər şöbəsinə müraciət edərək, İddiaçı 35 kv.m torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi də Şəki Bələdiyyəsinə rəy verərək, İddiaçı ayrılmış torpaq sahəsinin qanunauyğun satılmasına və hüquqi sənəd, şəhadətnamə alınaraq dövlət qeydiyyatından keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Şəki şəhərinin baş memarı tərəfindən "Mağaza tikintisi üçün İddiaçı ayrılması nəzərdə tutulmuş torpaq sahəsi yerləşən ərazinin sxematik planı" adlı sənəd tərtib olunmuş və baş memar tərəfindən təsdiq edilmişdir. İddiaçı da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq Şəki şəhəri S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsindən və memarlıq xidmətinin təsdiq etdiyi ərazidən 35 kv.m torpaq sahəsi seçilmiş, bu barədə "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarı ilə şəhərin S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişdiyi ərazinin şimal qərbindən 35 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün İddiaçı satılması, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanılmasına icazə verilməsi qərara alınmışdır. Eyni zamanda, torpağın dəyəri ödənildikdən sonra "Torpaqların alqı-satqısına dair tərtib edilmiş akt"ın qeydiyyata alınması və torpaq sahəsinə müvafiq hüquqi sənədin hazırlanıb İddiaçı verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. İddiaçı X2 bank hesabına 11.01.2006-cı ildə 21 manat pul ödənilmişdir. İddiaçı sözügedən 35 kv.m torpaq sahəsinə çıxarışın və plan-ölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 17.05.2021-ci il tarixli **********04 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydaları"na əlavədə göstərilmiş "Torpaqların alqısatqısına dair akt" ərizəyə əlavə edilməmişdir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatından imtinası qanunsuz olmaqla mülkiyyət hüquqlarını pozur. Cavabdeh iddiaya 14.07.2021-ci il tarixli **********66 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Üçüncü şəxs Şəki Bələdiyyəsi 14.07.2021-ci il tarixli 631 nömrəli məktubunda bildirmişdir ki, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. Eyni zamanda, üçüncü şəxs işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hаkim Vidadi Qasımov) 17 аvqust 2021-ci il tаrixli, 2- 1(116)-1090/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarış qərarına əsasən, ayrılan 35 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi" barədə iddiası təmin edilməmişdir. Şəki İnzibаti Məhkəməsinin 17 аvqust 2021-ci il tаrixli, 2-1(116)-1090/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, cavabdeh orqan onun ərizəsinə obyektiv baxmamaqla, qanunla üzərlərinə vəzifə qoyulan öhdəlikləri yerinə yetirməməklə qanunvericiliyin bir çox tələblərini pozmuşdur. İşin faktiki hallarını nəzərə alaraq hesab edir ki, o, torpaq sahəsinin ayrılması üçün 2005-ci ildə ərizə ilə Şəki Bələdiyyəsinə müraciət edərək, Şəki şəhəri S.Rəhman küçəsi ərazisindən mağaza tikmək məqsədi ilə torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi 01.12.2005-ci il tarixli 13/1565 nömrəli məktubla Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki şəhər şöbəsinə müraciət edərək, ona 35 kv.m torpaq sahəsinin satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi də Şəki Bələdiyyəsinə rəy verərək, ona ayrılmış torpaq sahəsinin qanunauyğun satılmasına və hüquqi sənəd, şəhadətnamə alınaraq dövlət qeydiyyatından keçdikdən sonra təyinatı üzrə istifadə olunmasına etiraz etmədiyini bildirmişdir. Bundan sonra Şəki şəhərinin baş memarı tərəfindən "Mağaza tikintisi üçün ona ayrılması nəzərdə tutulmuş torpaq sahəsi yerləşən ərazinin sxematik planı" adlı sənəd tərtib olunmuş və baş memar tərəfindən təsdiq edilmişdir. O da daxil olmaqla müvafiq komissiya təşkil olunaraq Şəki şəhəri S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsindən və memarlıq xidmətinin təsdiq etdiyi ərazidən 35 kv.m torpaq sahəsi seçilmiş, bu barədə "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Torpağın dəyəri ödənildikdən sonra "Torpaqların alqı-satqısına dair tərtib edilmiş akt"ın qeydiyyata alınması və torpaq sahəsinə müvafiq hüquqi sənədin hazırlanıb ona verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. X2 bank hesabına 11.01,2006-cı ildə 21 manat pul ödənilmişdir. Bundan sonra ona ayrılmış torpaq sahəsində mağaza tikintisinə başlamış və həmin torpaq sahəsində mağaza inşa etdirmişdir. Hesab edir ki, qeyd edilən torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı onunla alqı-satqı müqaviləsinin bağlanmaması onun günahı deyil. O, vətəndaş olaraq həmin alqı-satqı müqaviləsinin bağlanmasının məcburi olmasını bilməmişdir. Həmin müqavilənin bağlanması ilə bağlı ona hər hansı orqan tərəfindən, yəni Bələdiyyə və yaxud İcra hakimiyyəti tərəfindən hər hansı göstəriş və yaxud məcburilik tələb edilməmişdir. Göstərilənlərə əsasən Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli, 2-1(84)- 1027/2017 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsi bbarəıdə yeni qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini və Şəki İnzibаti Məhkəməsinin 17 аvqust 2021-ci il tаrixli, 2-1(116)-1090/2021 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X3 oğlu apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibаti Məhkəməsinin 17 аvqust 2021-ci il tаrixli, 2-1(116)-1090/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-in 2.2.3 və 34.1-ci maddələrinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırkı tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddiaçının tələbi 35 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədinin və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddiaçı həmin tələbini göstərilən torpaq sahəsinin Şəki Bələdiyyəsi tərəfindən ona satılması ilə əsaslandırır. Cavabdeh 17.05.2021-ci il tarixli **********04 nömrəli məktubla imtina edərək bildirmişdir ki Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydaları"na əlavədə göstərilmiş "Torpaqların alqısatqısına dair akt" ərizəyə əlavə edilməmişdir. İddia, mahiyyət etibarı ilə əsaslıdır. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə, yəni inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara aiddir ki, bu iddia növləri üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür (İPMin 14.2-maddəsi). Kollegiyanın iclasında işə əlvə edilmiş və tədqiq edilmiş: - Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarından görünür ki, şəhərin S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişdiyi ərazinin şimal qərbindən 35 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün İddiaçı satılması, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanılmasına icazə verilməsi qərara alınmışdır. - 11.01.2006-cı il tarixli 11 nömrəli qəbzdən görünür ki, İddiaçı X2 bank hesabına Bələdiyyə torpagın alınması ilə baglı 21 manat pul ödənilmişdir. - Cavabdehin 17.05.2021-ci il tarixli **********04 nömrəli imtina məktubundan görünür ki, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydaları"na əlavədə göstərilmiş "Torpaqların alqı-satqısına dair akt" ərizəyə əlavə edilməmişdir. - Şəki Bələdiyyəsinin 14.07.2021-ci il tarixli 631 nömrəli məktubundan görünür ki, həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. Lakin İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. Eyni zamanda, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, torpaq sahəsi Şəki Bələdiyyəsi tərəfindən İddiaçı satıldığı zaman qüvvədə olmuş maddi hüquq normalarına görə, Şəki Bələdiyyəsi və İddiaçı tərəfindən torpaqların alqı-satqısına dair akt tərtib edilməli idi. Lakin iddiaçı nə cavabdehə, nə də məhkəməyə belə bir akt təqdim edə bilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur və hazırda torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas yoxdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, kollegiyanın iclasında iddiaçı izahatında bildirmişdir ki, Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarı ilə şəhərin S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişdiyi ərazinin şimal qərbindən 35 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün ona satılması, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanılmasına icazə verilməsi qərara alınmışdır. Eyni zamanda, torpağın dəyəri ödənildikdən sonra "Torpaqların alqı-satqısına dair tərtib edilmiş akt"ın qeydiyyata alınması və torpaq sahəsinə müvafiq hüquqi sənədin hazırlanıb ona verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. X2 bank hesabına 11.01,2006-cı ildə torpağın dəyəri olan 21 manat pul ödənilmişdir. Bundan sonra ona ayrılmış torpaq sahəsində mağaza tikintisinə başlamış və həmin torpaq sahəsində mağaza inşa etdirmişdir. Hesab edir ki, qeyd edilən torpaq sahəsi ona qanuni əsaslarla ayrılmışdır. Həmin torpaq sahəsi ilə bağlı onunla alqısatqı müqaviləsinin bağlanmaması onun günahı deyil. O, vətəndaş olaraq həmin alqı-satqı müqaviləsinin bağlanmasının məcburi olmasını bilməmişdir. Həmin müqavilənin bağlanması ilə bağlı ona hər hansı orqan tərəfindən, yəni Bələdiyyə və yaxud İcra hakimiyyəti tərəfindən hər hansı göstəriş və yaxud məcburilik tələb edilməmişdir. Dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinə aid olan sənədləri cavabdeh orqana təqdim etmiş, lakin cavabdeh sənədlərin tam təqdim edilməməsi səbəbli torpaq sahəsini qeydiyyata alınması ilə baglı məsələyə baxmaqdan imtina etmişdir. Məhkəmə kollegiyası ilk öncə torpaq sahəsinin alqı-satqısı ilə bağlı qeyd edir ki, Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarında 35 kv.m torpaq sahəsinin dəyəri ödənilməklə mağaza tikmək üçün İddiaçı satılması, şəhərin baş memarı tərəfindən razılaşdırılmış layihə sənədləri olduqdan sonra ayrılmış torpaq sahəsində tikinti işlərinə başlanılmasına icazə verilməsi ilə yanaşı eyni zamanda, torpağın dəyəri ödənildikdən sonra "Torpaqların alqı-satqısına dair tərtib edilmiş akt"ın qeydiyyata alınması və torpaq sahəsinə müvafiq hüquqi sənədin hazırlanıb İddiaçı verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. Şəki Bələdiyyəsinin iddiaçıya torpaq sahəsinin ayrılması barədə 24.12.2005-ci il tarixli 13 nömrəli qərarına əsasən Şəki şəhərinin baş memarı tərəfindən "Mağaza tikintisi üçün ona ayrılması nəzərdə tutulmuş torpaq sahəsi yerləşən ərazinin sxematik planı" adlı sənəd tərtib olunaraq təsdiq edilməklə, təşkil olunmuş müvafiq komissiya tərəfindən Şəki şəhəri S.Rəhman küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsindən və memarlıq xidmətinin təsdiq etdiyi ərazidən 35 kv.m torpaq sahəsi seçilmiş, bu barədə "Torpaq sahəsinin ayrılmasına dair sahəni seçmə aktı" tərtib edilmişdir. Göründüyü kimi, iddiaçıya torpaq satılmasına dair Şəki Bələdiyyəsinin sözügedən qərarında göstərilən bütün proseduaralara (ilkin torpaq ayırma sənədləri –ərazinin sxematik planı tərtib olunaraq təsdiq olunmuş, həmin sxemdə göstərilən ərazidən 35 kv.m torpaq sahəsi seçilərək sahəni seçmə aktı tərtib edilmiş, torpaq sahəsinin dəyəri ödənilmiş) əməl olunmuş, yalnız tərəflər arasında torpaq sahəsinin alqı-satqı aktı bağlanmamışdır. Həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən, bələdiyyənin qərarından sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsi tərəfindən alqı-satqı aktı tərtib edilməli idi. İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki rayon şöbəsinə müraciət olunmadığından alqı-satqı aktı tərtib edilməmişdir. Lakin iddiaçı həmin torpaq sahəsinə 2005-ci ildən sahiblik edərək orada təyinatına uyğun olaraq mağaza binası tikərək ondan istifadə etmişdir. Ötən müddət ərzində nə bələdiyyə, nə də başqaları iddiaçıya qeyd olunan çatışmazlığın aradan qaldırılmasını təklif etmiş, eləcə də həmin torpaq sahəsinə hər hansı tələbləri olmuşdur. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin: - 18-ci bəndinıə görə, müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. - 23-cü bəndində göstərilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Göründüyü kimi, bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul etməklə bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmaqla torpağın dəyəri ödənilməlidir. Qeyd olunan müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Şəki Bələdiyyəsi özünün 24.12.2005-ci il tarixli 13 nömrəli qərarı ilə mağaza tikmək üçün mülkiyyətə verilmiş 35 kv.m torpaq sahəsinə iddiaçı ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmadığına görə həmin qərarın ləgvi ilə baglı hər hansı bir sənəd işə baxan məhkəmələrə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: - 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Belə olan halda, iddiaçıya ayrılmış torpaq sahəsinə sonuncu ilə arasında alqı-satqı aktının (müqavilənin) bağlanmaması iddiaçının təqsiri üzündən baş verməmiş və bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qərar verilmişdir ki, həmin qərar iddiaçının hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. - 6.2-ci maddəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya qanunla müəyyən edilmiş qaydada ayrıldığından və torpaq sahəsinə dair qərar hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edildiyindən iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. Belə ki, yuxarıda şərh olunan qanunvericiliyin tələbi baxımından mübahisə predmeti olan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmuşdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından cavabdehin imtinası əsassız olduğundan və iddiaçı tərəfindən torpaq sahəsi ilə bağlı təqdim edilmiş sənədlər onun hüquqlarının dövlət qeydiyyatı üçün əsas olduğundan iddia təmin edilərək cavabdehin üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq bir daha cavabdeh inzibati orqanın diqqətinə çatdırır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyаsı yuxarıda sadalanan maddi hüquq normalarını müqayisəli təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası, iddiaçının mülkiyyət hüququnun pozuntusudur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Həmin əsaslardan biri də 8.0.5-ci maddədə qeyd edilən “2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri”dir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, mübahisə predmeti olan torpaq sahəsi barədə alqı-satqı müqaviəsi olmasa da, Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarında iddiaçıya satılması nəzərdə tutulan mübahisələndirilən torpaq sahəsinin yerini göstərməklə torpaq sahəsinin dəyəri ödənilməsi müəyyən edilmişdir, həmin qərara əsasən 11.01.2006-cı il tarixdəi İddiaçı X2 bank hesabına Bələdiyyə torpagın alınması ilə baglı 21 manat pul ödənilmişdir. Bu da onu bir daha təsdiq edir ki, tərəflər arasında baflanmış bələdiyyə toprpagın alqı-satqısına dair müqaviləsi üzrə ödəniş edilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh İddiaçı Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli qərarı ilə ayrılmış 35 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb, çıxarış verilməsindən imtina etməklə düzgün nəticəyə gəlməmişdir. Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən iddiaçının apellyasiya şikayəti təmin edilərək, birinci instаnsiyа məhkəməsinin qərаrı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 аvqust 2021-ci il tаrixli, 2-1(116)-1090/2021 saylı qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinəin üzərinə Şəki Bələdiyyəsinin 24.12.2005-ci il tarixli 13 nömrəli iclas protokolundan çıxarış qərarı ilə ayrılan 35 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. Qərardan 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ- 1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar