Məhkəmə qərarları › İş №2-1(107)-421/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-421/2023

13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-421/2023 13.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli vergi borcunun tutulması haqqında qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)- 974/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli vergi borcunun tutulması haqqında Qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - "xxxx" MTK vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmış, dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir.

3. 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********879700 nömrəli vergi borcunun tutulması haqqında Qərarına əsasən "Qağayı” MTK-nın xx.xx.2022-ci il tarixə 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borcu yaranmışdır.

4. Vergi orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə qərar qəbul edilsə də, həmin qərar iddiaçıya xx.xx.2022-ci il tarixdə Yevlax rayon İcra Şöbəsi tərəfindən təqdim edilmişdir.

5. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli, 17 N-li “Özünəməxsus ərazidə yaşayış, kotec tipli və şadlıq evlərinin layihələşdirilməsi və tikintisinə icazə verilməsi" haqqında Sərəncamına əsasən Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2004-cü il tarixli 01-04/27 saylı razılıq məktubu, “Qağayı" MMC-nin xx.xx.2004-cü il tarixli, 11 saylı müraciəti, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin xx.xx.2003-cü il tarixli, 000109 saylı şəhadətnaməsi və fərdi yaşayış evlərinin müvafiq qaydada qeydiyyat vəsiqələri nəzərə alınaraq, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə "xxxx" MMC-yə məxsus ümumi sahəsi 1839 kv.m olan (özəlləşdirilmiş torpaq sahəsi 1006.2 kv.m) ərazidə yaşayış evinin layihələşdirilməsi və tikintisinə icazə verilmişdir.

6. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 17 N-li Sərəncamın 5.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası "Torpaq Məcəlləsinin” 66, 67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəzdindəki “İnterservis” müdriyyəti torpaq icarə müqaviləsini bağlanmasını təmin etsin və sifarişçi Bakı şəhəri Torpaq Şöbəsindən 832,8 kv.m torpaq sahəsi üzərində hüququnu təsdiq edən rəsmi sənədləri, dövlət aktını (şəhadətnamə) almalıdır.

7. Həmin sərəncam əsasında Bakı şəhər İcra Hakimiyyəti ("İcarəyəverən”) ‘’Qağayı” MMC (“İcarəçi’’) ilə arasında xx.xx.2004-cü il tarixli 0326 N-li torpaq icarə müqaviləsi imzalanmışdır.

8. Müqavilənin 1.1-ci və 1.3-cü bəndlərinə görə, "İcarəyəverən” Bakı şəhəri, Nəsimi rayonu. K.Səfərəliyeva küçəsi 694-cü məhəllədə sahəsi 832.8 kv.m olan torpaq sahəsini” 49 il müddətinə “İcarəçi”nin istifadəsinə verilmişdir.

9. Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərəliyeva küçəsindəki 832 kv.m torpaq sahəsinin “İcarəçinin” istifadəsinə verilməsi ilə bağlı Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən "xxxx" MMC-yə 04/85 nömrəli Ayrıc Aktı verilmişdir.

10. "Qarşılıqlı razılaşma əsasında sərəncamın addan-ada keçirilməsi haqqında" Bakı şəhər İcra Hakimiyyəti başçısının 99 №-li 18 mart 2010-cu il tarixli sərəncamına əsasən Bakı ŞİHB-nın xx.xx.2004-cü il tarixli 95 №-li sərəncamı ilə Nəsimi rayonu Nizami küçəsi ilə K.Səfərəliyeva küçəsinin kəsişməsindəki 694-cü məhəllədə "M.J.Group (UK) Marvel Lifescines Limited” Şirkətinə yaşayış evinin tikintisinin layihələndirilməsi üçün ayrılmış 0,1 ha torpaq sahəsi və tərtib olunmuş 11449 saylı inşaat pasportu "xxxx" MMC-nin adına keçirilmişdir. “M.J.Group (UK) Marvel Lifescines Limited” Şirkətinə dair BŞİB-nın xx.xx.2004-cü il tarixli 95 saylı sərəncamı ləğv edilmişdir.

11. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti başçısının 99 saylı, xx.xx.2010-cu il tarixli sərəncamı əsas götürülərək Bakı şəhər İcra Hakimiyyəti (“İcarəyəverən”) və "xxxx" MMC (“İcarəçi”) arasında xx.xx.2011-ci il tarixli 0942 №-li "Torpaq icarə müqaviləsi” imzalanmışdır.

12. Müqavilənin 1.1-ci və 1.3-cü bəndlərinə görə, icarənin mahiyyəti və məqsədi dövlət fonduna aid 682 kv.m torpaq sahəsinin 49 il müddətinə "Qağayı” MMC-nin icarəsinə verilməsi və həmin torpaq sahəsində çoxmənzilli yaşayış binasının tikintisi təşkil edir. Müqavilədə göstərilmiş məqsəd üçün torpaq sahəsinin istifadə olunması qətidir.

13. Müqavilənin 7.4-cü maddəsinə görə "İcarəçi" olan "Qağayı” MMC Bakı şəhər İcra Hakimiyyətinin hesabına hər il 660.34 manat icarə haqqı ödəməlidir.

14. Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilələr bağlandıqdan sonra "xxxx" MTK Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən 694-cü məhəllədə çoxmənzilli yaşayış binalarının inşasını başa çatdırmışdır.

15. Həmin binalar Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmiş, bu barədə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda Dövlət Qəbul Komissiyasının Aktı tərtib edilmiş. Akt Bakı şəhər İcra Hakimiyyəti başçısının 377 №-li. xx.xx.2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir.

16. "xxxx" MTK-nın icarəyə götürdüyü torpaq sahəsində inşa etdiyi çoxmənzili yaşayış binasında yerləşən mənzillər MTK tərəfindən üçüncü şəxslərə satılmış, bununla bağlı müvafiq alqı-satqı müqavilələri bağlanmış, alıcılar mənzillərin dəyərini ödəmiş, bir çoxları hətta mənzillər üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakların dövət reyestrində qeydə aldıraraq çıxarışlar almışlar.

17. Yuxarıda qeyd olunan maddi hüquq normalarından və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən də göründüyü kimi "Qağayı” MTK-nın Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən 694-cü məhəllədə inşasını başa çatdırdığı çoxmənzilli yaşayış binasında yerləşən mənzillər üçüncü şəxslər tərəfindən MTK-dan alındığı və mənzillərin dəyəri ödənildiyi andan, həmin şəxslər bu mənzillərin mülkiyyətçisinə çevrilmişlər.

18. Göründüyü kimi, "xxxx" MTK onunla Bakı şəhər İcra Hakimiyyəti arasında bağlanmış İcarə müqaviləsində göstərilmiş məqsədə çatmışdır. İcarə müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi ilə K.Səfərəliyeva küçələrinin kəsişməsində yerləşən 694-cü məhəllədə ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binası inşa etmiş və binada yerləşən mənzilləri üçüncü şəxslərə özgəninkiləşdirmişdir. Mənzillərin özgəninkiləşdirilməsi ilə bağlı son müqavilə bağlanmışdır. Həmin vaxtdan da "Qağayı” MTK icarəyə verilmiş torpaq sahəsindən istifadə etmir, istifadə edə də bilməz. Çünki, həmin sahədə artıq çoxmənzili yaşayış binası inşa edilmiş, binada yerləşən mənzillər isə başqa şəxslərə satılmışdır.

19. Sözügedən torpaq sahəsindən "xxxx" MTK faktiki olaraq istifadə etmir, həmin sahədən bəhər götürmür.

20. Müəyyən edilir ki, icarə müqaviləsinin şərtlərinə əsasən "xxxx" MTK-ya torpaq sahəsi çoxmənzilli yaşayış binasının tikintisi üçün verilmişdir və müqavilədə torpaq sahəsinin qəti olaraq göstərilmiş məqsəd üçün istifadə olunması nəzərdə tutulmuşdur. Müqavilədə göstərilmiş məqsədə çatılmış, yaşayış binası tikilib, sakinlərin mülkiyyətinə verilmişdir. İddiaçı artıq icarə müqavilələrində nəzərdə tutulmuş torpaq sahəsindən icarə müqaviləsi ilə müəyyən edilmiş həddə istifadə etmək hüququnu həyata keçirmiş, eləcə də icarəyə götürülmüş torpaq sahəsindən təyinatı üzrə istifadə etmək vəzifəsini yerinə yetirmişdir.

21. Belə ki, o, icarə haqqının ödənilmədiyi mübahisələndirilən torpaq icarəsi müqaviləsinin tərəfi deyil, müqavilə üçüncü şəxs kimi onun xeyrinə bağlanmamışdır. Bunun nəticəsi olaraq iddiaçı “Qağayı’’ MTK-nın müqavilə üzrə icarə haqqının ödənilməsi ilə əlaqədar vergi orqanı qarşısında hər hansı öhdəliyi yaranmamışdır.

22. Bundan başqa, dövlət büdcəsinə daxilolmalara nəzarət etmək ona aidiyyatı olmayan torpağa görə torpaq icarə haqqını tələb etmək hüququnu inkar edir.

23. Vergi orqanının torpaq sahələrinin icarəsi üzrə yaranmış borcu hesablamaq və ya həmin borcun vergi ödəyicisindən tutmaq hüququ olmadığına görə, həmçinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli Vergi borcunun tutulması haqqında Qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.

24. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsi haqda qərar qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: - "xxxx" MTK-nın şəxsi hesab vərəqəsində dövlət torpaq səhəsinin icarəsi üzrə Bakı şəhər İcra Hakimiyyəti ilə Kooperativ arasında Nəsimi rayonu, Nizami və K.Səfərəliyeva küçələrinin kəsişməsi 694-cü məhəllə ünvanında yerləşən 682 kv.m torpaq sahəsinə görə xx.xx.2011-ci il tarixdə bağlanılmış 0942 nömrəli icarə müqaviləsi əsasında (müqavilənin başlanma tarixi xx.xx.2011-ci il olmaqla) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən müvafiq hesablama aparılmışdır.

26. "xxxx" MTK ilə bağlanılmış qeyd olunan icarə müqaviləsinə xitam verilməsi barədə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən vergi orqanına hər hansı məlumat daxil olmamışdır.

27. İddiaçı isə Torpaq Məcəlləsinin 73.1-ci, 75.2-ci, Mənzil Məcəlləsinin 35.1-ci və Mülki Məcəllənin 178.8-ci, 113-cü maddələrinin tələblərini xx.xx.2011-ci il tarixdə bağlanılmış 0942 nömrəli icarə müqaviləsinə xitam verilməsinin əsasları kimi şərh etməyə çalışmışdır.

28. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 719-cu maddəsində torpaq icarə müqaviləsinə xitam verilməsinin və ləğv edilməsinin əsasları göstərilmişdir. Hazırkı iş üzrə isə iddiaçının iddia ərizəsindən də göründüyü kimi belə əsaslar mövcud deyildir.

29. İddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı onun şəxsi hesab vərəqəsinə işlənmiş torpaq icarə haqları məbləğinin qanunsuz olmasının əsaslandırılmasına yönəlmiş fikirlər göstərsə də, yekunda hesablanmış icarə haqqı məbləğlərinin ləğv edilməsini deyil, həmin icarə haqlarının icarəçidən tələb edilməsini nəzərdə tutan “Vergi borcunun tutulması haqqında” xx.xx.2022-ci il tarixli **********879700 nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

30. Göründüyü kimi, iddiaçının tələbi uğurlu iddia deyil və 1816,57 manat dövlət torpaq sahələrinin icarə haqqı üzrə borcunun yaranmasına səbəb olan xx.xx.2011-ci il tarixli 0942 nömrəli torpaq sahəsinin icarə müqaviləsi qüvvədə olduğu halda həmin iddianın vergi ödəyicisinin çatmaq istədiyi nəticə baxımından perspektivi yoxdur.

31. Belə ki, iddiaçının xx.xx.2022-ci il tarixli **********879700 nömrəli “Vergi borcunun tutulması haqqında” Qərarın ləğv edilməsini məhkəmədən xahiş etməsi əsaslı iddia olsa belə, bu halda iddiaçının iddiasının uğurlu alınacağı və sözügedən qərarın ləğv ediləcəyi təqdirdə cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin gələcəkdə yenidən həmin borc məbləğinin dövlət büdcəsinə alınmasını təmin etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulan hüquqlarından istifadə etməsi istisna edilmir.

32. Ona görə də iddiaçının hazırkı xx.xx.2022-ci il tarixli **********879700 nömrəli “Vergi borcunun tutulması haqqında” Qərarı mübahisələndirməsi uğursuz və qeyd olunan qərarın qəbul edilməsinə və icarə haqqının hesablanması üçün əsas olan xx.xx.2011-ci il tarixli 0942 nömrəli müqavilə qüvvədə oduğu halda qaldırılmış lüzumsuz bir iddia olmaqla hazırkı iddia icra sənədinin icrasından yayınmaq məqsədi daşıyır.

33. Ancaq göründüyü kimi iddiaçı müqavilə və müqavilə tərəfi ilə bağlı hər hansı hərəkətlər etmədən müqavilə üzrə icarə haqqının ödənilməsi ilə bağlı öhdəliyinə görə icra sənədinin icrasından yayınmaq məqsədini açıq aydın ortaya qoymuşdur.

34. Qeyd olunan müqavilə əsasında vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə illər üzrə müvafiq hesablamalar aparılmış və iddiaçı tərəfindən sonuncu ödəniş 2019-cu il olmaqla icarə haqqı məbləğləri üzrə ödənişlər edilmiş, lakin sonrakı dövrdə ödənişlər edilmədiyi üçün yaranmış borc məbləğinin ödənilməməsinə görə xx.xx.2022-ci il tarixli **********879700 nömrəli “Vergi borcunun tutulması haqqında” Qərar qəbul edilərək icra edilməsi üçün Yevlax şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir.

35. Yuxarıda göstərilənləri nəzərə alaraq, “QAĞAYİ Mənzil Tikinti Kooperativinin iddiası əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğundan onun iddia tələbinin rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş edilmişdir.

36. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

37. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 8 may 2023-cü il tarixli 2- 1(116)-974/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

38. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

39. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddianı təmin etmiş birinci instansiya məhkəməsi qeyd etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı sözügedən qərarın xx.xx.2022-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilməsini və buna görə də hazırkı iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməməsini bildirir. Cavabdeh orqan mübahisələndirilən qərarın iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərilməsi ilə bağlı SS802354878AZ göndəriş nömrəli poçt qəbzinin surətini təqdim etsə də, məhz həmin qərarın iddiaçıya göndərilməsinə və iddiaçı tərəfindən qəbul edilməsinə (çatdırılmasına) dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İPMin 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmaması qənaətinə gəlir. Göründüyü kimi, məhkəmə inzibati aktın vergi ödəyicisinə göndərilməsini təsdiq edən sübutu düzgün qiymətləndirməmişdir. Belə ki, istər sənədin göndərilməsini təsdiq edən poçt qəbzi, istərsə də sənədin çatdırılmasını təsdiq edən xəbərnamə olsun, bunların heç biri ilə konkret hansı sənədin göndərilməsi müəyyən olunmur və yalnız sənədi alan şəxs əgər həmin poçt göndərişi ilə ona məhz hansı sənədin göndərilməsini həmin sənədi təqdim etməklə iddia edə bilər. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdə qərarın poçtla göndərildiyini təsdiq edən sənəd qəbz cavabdeh tərəfindən məhkəməyə təqdim edildiyindən iddiaçını məhkəmə prosesinə cəlb etməklə iddia müddətinin buraxılması məsələsi araşdırılmalı idi. Lakin, məhkəmənin mövqeyindən göründüyü kimi həmin məsələ araşdırılmamışdır. Bundan başqa məhkəmə qərarında qeyd etmişdir ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan 832.8 kv.m torpaq sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli 0326 nömrəli icarə müqaviləsinə istinad edərək 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc məbləğinin məcburi qaydada ödənilməsini təmin etmək üçün xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli "tələbin icraya yönəldilməsi haqqında" qərar qəbul etmişdir. Bununla belə cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamış və ümumiyyətlə iddiaçını qəbul etdiyi qərarla bağlı məlumatlandırmamışdır. Bununla bağlı bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli "tələbin icraya yönəldilməsi haqqında" qərarla tələb olunan məbləğ dövlət torpaq sahəsinin icarə haqlarından yaranan borc məbləğinin alınması üçün qəbul edilmişdir və məhkəməyə təqdim edilmiş SS802354878AZ göndəriş nömrəli poçt qəbzinin surətindən də görünür ki, iddiaçıya qəbul edilmiş qərar poçt vasitəsilə xx.xx.2022ci il tarixdə göndərilərək məlumatlandırılmışdır. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə "1816,57 manat pul məbləğinin ödənilməsi haqqında" inzibati akt - qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi. Göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt - ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırkı iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Yəni, işin hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm "real mövcud" olmalı, həm də "hüquqa uyğun" olmalıdır. Mübahisələndirilən xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından məhkəmə sözügedən qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlir. Bununla bağlı bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli "tələbin icraya yönəldilməsi haqqında" qərarla tələb olunan məbləğ dövlət torpaq sahəsinin icarə haqlarından yaranan borc məbləğinin alınmasını təmin etmək məqsədilə qəbul edilmişdir. Vergi ödəyicisinin borcu vergi orqanı tərəfindən vergi yoxlamalarının nəticələri üzrə qəbul edilmiş qərarlar (hansı ki inzibati akt hesab olunur) əsasında, həmçinin, vergi ödəyicisinin özünün bəyan etdiyi məlumatlar əsasında yarana bilər. Hazırkı iş üzrə isə dövlət torpaq sahələrinin icarə haqlarından yaranan borcun mənbəyi isə mülki-hüquqi müqavilə olan icarə müqaviləsidir. Birinci instansiya məhkəməsinin yanaşmasından belə müəyyən olunur ki, vergi orqanı yalnız özünün vergi yoxlamaları üzrə qəbul etdiyi qərarlar (inzibati aktlar) əsasında yaranmış borc məbləğini "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə əsasən tutulması üçün icra orqanlarına icra sənədi olan "Tələbin icraya yönəldilməsi haqqında" qərar verə bilər. Lakin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin bir sıra qərarlarındakı (məsələn: xx.xx.2020-ci il tarixli 2-1(102)-659/2020 nömrəli, xx.xx.2019-cu il tarixli 2-2(102)-439/2019 nömrəli, xx.xx.2019-cu il tarixli 2-2(102)-455/2019 nömrəli qərarlar) hüquqi mövqedən də göründüyü kimi, borcun yaranma mənbəyindən asılı olmayaraq borcun məhkəmə qaydasında alınması üçün vergi orqanları tərəfindən mülki qaydada qaldırılmış iddialar üzrə məhkəmələr tərəfindən icraata xitam verilməsi barədə qərarlar qəbul edilmiş, cavabdeh tərəfindən birinci instansiya məhkəmələrinin və apellyasiya instansiyası məhkəmələrinin analoji mövqedən çıxış qərarlarından verilmiş şikayətlər qüvvədə saxlanmışdır. Ali Məhkəmənin qərarlarında formalaşdırılmış hüquqi mövqeyə görə vergi orqanlarının icra orqanlarına pul tələblərinin ödənilməsi ilə bağlı icra sənədi sayılan qərar qəbul etmək səlahiyyəti vardır və məhkəmə qərarı olmadan həmin icra sənədi əsasında pul tələblərinin ödənilməsini təmin edə bilər. Belə ki, vergi orqanı tərəfindən vergi ödəyicisi barədə hesablanmış və tələb olunan məbləğ vergi ödəyicisi tərəfindən mübahisələndirilmir. Vergi ödəyicisi ondan tələb olunan məbləği inzibati və ya məhkəmə qaydasında mübahisələndirmirsə vergi orqanının tələbin icraya yönəldilməsi barədə qərarı mübahisələndirilməyən borcun vergi ödəyicisindən tutulması ilə bağlıdır ki, həmin borcun tutulması ilə bağlı ən səmərəli vasitə vergi orqanı tərəfindən icra orqanına borcun tutulması ilə bağlı icra sənədinin verilməsidir. Beləliklə, göründüyü kimi birinci instansiya məhkəməsi qanunvericilik normalarını düzgün şərh etməməklə, iddiaçı tərəfindən iddia müddətinin buraxılmasını nəzərə almamış, inzibati orqanın vergi ödəyicisinin dövlət büdcəsinə olan borcunun alınmasını təmin etmək üçün ən səmərəli vasitə olan borcun tutulması barədə qərarını ləğv etməklə iş üzrə obyektiv və ədalətli olmayan və işin faktiki hallarına uyğun gəlməyən qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarının yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia müddətinin buraxılması məhkəmə tərəfindən nəzərə alınmamışdır .Ona görə də Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-974/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-974/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

41. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir.

42. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

43. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********879700 nömrəli qərar və onun qəbul edilməsinə əsas olmuş inzibati icraat materialları (ilkin inzibati akt və digər sənədlər) cavabdeh orqanda sorğu edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, kommersiya qurumunun adı "xxxx" Mənzil Tikinti Kooperativi, VÖEN-ni **********, hüquqi ünvanı- Yevlax rayonu Nizami ev 02, dövlət qeydiyyatına alındığı tarix isə xx.xx.2004-cü ildir. - Torpaq sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2004-cü il tarixli 0326 nömrəli müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 832.8 kv.m torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmişdir. - xx.xx.2022-ci il tarixli **********879700 nömrəli tələbin icraya yönəldilməsi haqqında qərardan görünür ki, “QAĞAYİ" Mənzil Tikinti Kooperativi (VÖEN:**********) ünvan: AZ6632, Yevlax rayonu, Nizami ev 02, tel: **********, **********, **********) tərəfindən 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı xx.xx.2022-ci il tarixdən icraya yönəldilməsi, 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc “QAĞAYİ" Mənzil Tikinti Kooperativindən məcburi qaydada tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

46. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-974/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

47. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

48. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

49. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

50. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

51. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi, cavabdeh orqanın qərarı ilə onun subyektiv hüquqlarına birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. İddiaçı sözügedən qərarın xx.xx.2022-ci il tarixdə Yevlax rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilməsini və buna görə də hazırkı iddia tələbinin irəli sürülməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməməsini bildirir.

52. Cavabdeh orqan mübahisələndirilən qərarın iddiaçıya xx.xx.2022-ci il tarixdə göndərilməsi ilə bağlı SS802354878AZ göndəriş nömrəli poçt qəbzinin surətini təqdim etsə də, məhz həmin qərarın iddiaçıya göndərilməsinə və iddiaçı tərəfindən qəbul edilməsinə (çatdırılmasına) dair hər hansı sübut təqdim etməmişdir.

53. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmaması qənaətinə gəlmişdir.

54. İş materialları ilə müəyyən edilir ki, cavabdeh orqan 832.8 kv.m torpaq sahəsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2004-cü il tarixli 0326 nömrəli icarə müqaviləsinə istinad edərək 1816,57 manat məbləğində dövlət torpaq sahələrinin icarəsi üzrə borc məbləğinin məcburi qaydada ödənilməsini təmin etmək üçün xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul etmişdir. Bununla belə cavabdeh orqan sözügedən qərarı qəbul edərkən inzibati icraatı düzgün aparmamış və ümumiyyətlə iddiaçını qəbul etdiyi qərarla bağlı məlumatlandırmamışdır.

55. Göründüyü kimi qanunvericiliyin tələbinə görə cavabdeh tərəfindən ilk növbədə “1816,57 manat pul məbləğinin ödənilməsi haqqında” inzibati akt – qərar qəbul edilməli, daha sonra isə 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan bildiriş iddiaçıya göndərilməli idi. Verilmiş müddət ərzində iddiaçı tərəfindən pul məbləği ödənilmədiyi halda isə xəbərdarlıq edilməli və müəyyən olunmuş icra müddəti bitdikdən sonra isə tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edilməli idi.

56. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsinin də tələblərindən göründüyü kimi tələbin icraya yönəldilməsi barədə qərarın qəbul edilməsi üçün zəruri şərt ilkin inzibati aktın mövcudluğudur. Yəni, inzibati orqan əvvəlcə pul məbləğlərinin tutulması barədə inzibati akt qəbul etməli idi. Hazırkı iş üzrə isə belə bir inzibati aktın mövcudluğu müəyyən edilmir. Yəni, işin hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarı qəbul etməyə sövq edən və ondan daha əvvəl qəbul edilməklə həmin qərarın qəbulu üçün hüquqi əsas yaradan, tələbin qeyd olunduğu ilkin inzibati akt qəbul edilməmişdir. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün isə əlverişli və yetərli bir səbəb olmalıdır. İnzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Beləlik, mübahisələndirilən xx.xx.2022ci il tarixdə **********879700 nömrəli qərarın qəbul edilməsinə səbəb olan ilkin inzibati akt mövcud olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq sözügedən qərarın qanunsuz əlverişsiz inzibati akt olması qənaətinə gəlmişdir.

57. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

58. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh orqan xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarlar qəbul edərkən eyni nömrəli eyni tarixli bir qərarını “vergi borcunun tutulması haqqında”, digər qərarını isə “tələbin icraya yönəldilməsi” haqqında qeyd etmişdir. Əslində isə hər iki qərar faktiki olaraq “tələbin icraya yönəldilməsi” haqqında olmuş və yuxarıda qeyd edildiyi kimi ümumiyyətlə “vergi borcunun tutulması haqqında” qərar mövcud olmamışdır.

59. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın xx.xx.2022-ci il tarixdə **********879700 nömrəli qərarı qanunsuz əlverişsiz inzibati akt olduğundan iddiaçı həmin qərarın ləğvini tələb etməkdə haqlı olmuşdur.

60. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

61. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 may 2023-cü il tarixli 2-1(116)-974/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar