Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-421/2025 25.11.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Həsənova Səbinə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(116)- 860/2025 nömrəli qərarından cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlilliyin təyin edilməsi və ödənilməmiş müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin ikinci dərəcəli məhdudlaşma halının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 02 iyul 2014-cü il tarixli qərarla Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) tərəfindən ümumi səbəbdən müddətli 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Əlillik dərəcəsinin növbəti qiymətləndirilməsi üçün o, 2015– 2021-ci illər ərzində TSEK-də bir neçə dəfə müayinədən keçmişdir. 2021-ci ildə Qax Rayon Mərkəzi Xəstəxanası tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) vasitəsilə Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilmişdir. - Bu göndəriş əsasında 25 avqust 2021-ci il tarixdə qeyd olunan institutda müayinədən keçmiş və aşağıdakı diaqnozlar müəyyən edilmişdir: Sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığı, varus deformasiyası, sol aşağı ətrafın 4 sm qısalığı, yeriş funksiyasının pozulması, Sol bazu sümüyünün kondiluslardan keçən yalançı oynağı, Sol dirsək sümüyünün yuxarı 1/3-nin bitişməmiş sınığı, Sol dirsək oynağının kəskin bükücü kontrakturası, daimi ağrı sindromu. Tibbi nəticələr əsasında xx.xx.2021-ci il tarixli tibbi arayış tərtib olunmuşdur. Daha sonra Qax Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına təqdim edilmiş sənədlər elektron sistemə yüklənmişdir. Lakin TSEK tərəfindən 10 noyabr 2021-ci il tarixdə cavab olaraq məlumatların natamam doldurulması barədə bildiriş göndərilmişdir. Bu səbəbdən, sənədlərin yenidən təqdim olunması zərurəti yaranmışdır. Tələb olunan sənədlər yenidən təqdim edildikdən sonra TSEK tərəfindən xx.xx.2022-ci il tarixə müayinə vaxtı təyin edilmiş, lakin həmin gün keçirilmiş müayinə nəticəsində əlillik dərəcəsinin təyin olunmasından imtina edilmişdir. İddiaçının bildirdiyinə görə, bu qərar əyani müayinə və əvvəlki tibbi sənədlər nəzərə alınmadan, əsaslandırılmamış şəkildə verilmişdir. - Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, iş aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-724/2024 saylı xx.xx.2024 tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdehnin xx.xx.2023cü il tarixli göndərişə əsasən yenidən müayinə aparması barədə öhdəlik müəyyən edilmişdir. - Lakin Agentlik xx.xx.2024-cü il tarixli qərarı ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Tibbi Rəyində qeyd olunmuş diaqnozların əyani müayinədə təsdiqini tapmadığını əsas gətirərək yenidən əlillik təyin etməkdən imtina etmişdir. İddiaçı hesab edir ki, TSEK-in xx.xx.2024-cü il tarixli qərarı qanunvericiliyin tələblərinə uyğun deyildir və təqdim olunmuş tibbi sənədlərin məzmunu obyektiv qiymətləndirilməmişdir. Bu səbəbdən də, hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir.
5. Cavabdeh orqanın iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı, sol bazu sümüyünün kondiluslardan keçən qeyri-düzgün bitişmiş sınığı və Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir olmuşdur. - O cümlədən qeyd edilmişdir ki, vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Qax rayon sakini, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik təyinatının müddəti tamamlandıqdan sonra müraciəti əsasında 3 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış və qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Məhkəmənin qərardadı ilə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı əyani müayinənin aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. - Bununla bağlı V. Qurbanova əyani müayinə aparılaraq, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla tibbi-sosial ekspertizası həyata keçirildi. Əlillik AS-də olan məlumatlara əsasən müəyyən olundu ki, İddiaçı sağlamlıq vəziyyəti ilk dəfə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0256003AANS8 nömrəli rəsmiləşdirilmiş (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Bud sınığının nəticələri”) göndərişi əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, 2013-cü ildən xəstə olduğu göstərilsə də, göndərişin natamam doldurulması (səbəb: TSERAS-a göndərilən zaman göndəriş (Forma 88) səthi tərtib edilmişdir. Xəstənin hazırkı vəziyyəti, anamnestik məlumatlar, mütəxəssislərin rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilib, ətraflı qeyd edilsin.) səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. - Yenidən, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli A00046083AGK nömrəli rəsmiləşdirilmiş növbəti göndərişi əsasında (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Bazu sümüyünün aşağı ucunun sınığı”) Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması (səbəb: əsas diaqnozun ağırlaşmaları, ağırlıq dərəcəsi və instrumental müayinə nəticələri qeyd edilməmişdir) səbəbindən tibb müəssisəsinə geri qaytarılmışdır. - Növbəti dəfə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli N00086618FUP nömrəli rəsmiləşdirilmiş göndərişi (rəsmiləşdirilmiş göndərişdə göstərilmiş əsas diaqnoz: “Bazu sümüyünün aşağı ucunun sınığı”) əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilmiş, göndərişin natamam doldurulması səbəbindən tibb müəssisəsinə geri göndərilmişdir. - Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır. - xx.xx.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri baş ağrıları, baş gicəllənməsi, burun qanaxması, fiziki gərginlik zamanı təngnəfəslik, tez yorulma, ümumi zəiflik və halsızlıqdan ibarət olmuş, anamnestik olaraq uzun müddətdir ki, xəstə olduğunu və mütəmadi olaraq həkim nəzarətində olduğunu bildirmişdir. - Təqdim etdiyi sənədlər arasında X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Tibbi Rəyində diaqnoz “Sol bazu sümüyünün kondiluslardan keçən qeyridüzgün bitişmiş sınığı. Valqus deformasiyası, sol dirsək oynağının İİİ, İV dərəcəli artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 110 dərəcə, bükmə 100 dərəcə). Əzələ atrofiyası. Sol yuxarı ətrafın funksiyasının pozulması. Sol bud sümüyünün burmalardan keçən qeyridüzgün bitişmiş sınığı, boyun-diafiz bucağının azalması, sol bud-çanaq oynağının travmadan sonra koksartrozu, açıcı-bükücüyaxınlaşdırıcı kəskin kontrakturası (açma 10 dərəcə, bükmə 145 dərəcə, uzaqlaşma 20 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. - Xəstənin hazırkı vəziyyətinin müayinəsi zamanı sol yuxarı və sol aşağı ətrafda hərəkət məhdudluğundan şikayətlənmiş, özünü 2013-cü ildən xəstə hesab etdiyini bildirmişdir. Müayinə zamanı düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi normal, tük örtüyü seyrəkləşməmiş, periferik ödem izlənilməmiş, hər iki yuxarı və aşağı ətrafda əzələlər simmetrik yerləşmiş, atrofiya izlənilməmiş, əllərində əmək fəaliyyətilə məşğul olmasını göstərən əmək qabarları müşahidə edilmiş, hərəkətlərində artroz və qeyri-düzgün bitişmiş sınıq səbəbilə mülayim hərəkət pozğunluğu izlənilmişdir. - Beləliklə, anamnestik, həmçinin obyektiv müayinələrin nəticələrinə əsasən halhazırda əlillik təyinatına əsas verə biləcək heç bir patofunksional pozuntu aşkar edilməmişdir. Nəticədə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qərara alınmışdır ki, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı, - Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0005, xxxxxxx0007), - Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli məktubu, - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, - Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarı.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 mart 2025-ci il tarixli 2- 1(116)-860/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilərək Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə OFP-nin birinci dərəcəli məhdudlaşma halının (40%) müəyyən edilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, cavabdeh orqan xx.xx.2023-cü il tarixli tibbi göndərişə “göndərişin natamam doldurulması” əsası ilə imtina cavabı vermişdir. İddiaçı, cavabdehin həmin qərarını mübahisələndirmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-724/2024 saylı xx.xx.2024 tarixli qərarı ilə cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin üzərinə iddiaçı barəsində səhiyyə müəssisəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tibbi göndərişə məhkəmənin bu qərarda ifadə olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla yenidən baxılması öhdəliyi qoyulmuşdur. - Cavabdeh orqan iddiaçı barəsində tərtib edilmiş tibbi göndərişə xx.xx.2024-cü il tarixdə mahiyyəti üzrə baxaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul etmişdir. - İddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi — Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ — xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na dair Əlavəyə əsasən aşağıdakı bəndlərin əhatə dairəsinə düşür: - R26.2 (Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi) — 6.1.10 (sinir və sümük-əzələ sisteminə aid simptomlar), - M16.4 (Soltərəfli posttravmatik koksartroz) — 13.3 (artrozlar), - M21 (Sol bazu sümüyünün kondiluslardan keçən yalançı oynağı) — 13.3.8-ci bənd. - Eyni zamanda M24.5 (Oynaqların kontrakturası), M62.5 (Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası), S72.1 (Bud sümüyünün burmadan keçən sınığı), S42.4 (Bazu sümüyünün sınığı, sol dirsək sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı), M84.0 (Sümük sınığının pis bitişməsi) XBT kodlarında nəzərdə tutulmuş diaqnozların “Meyar”lara Əlavədə öz əksini tapmadığı qeyd olunmuşdur. - Cavabdeh orqan iddiaçıya qoyulmuş diaqnozların bir qisminin öz təsdiqini tapmamasını, bir qisminin isə əlilliyin təyin olunmasına əsas vermədiyini bildirmişdir. - Məhkəmə qeyd etmişdir ki, faktiki olaraq cavabdeh orqan iddiaçıya “diaqnozun öz təsdiqini tapmaması” əsası ilə deyil, “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina cavabı vermişdir. - “Diaqnoz əlillik əlaməti təyin etmir” dedikdə isə diaqnozun mövcudluğu qəbul olunur, lakin həmin diaqnozun səbəb olduğu funksional pozuntular və həyat fəaliyyətinə təsir səviyyəsi əlilliyin müəyyən edilməsi üçün tələb olunan həddə olmaması başa düşülür. Yəni şəxsə diaqnoz düzgün qoyulsa da, bu xəstəlik nəticəsində orqanizmin funksiyalarının əlilliyin təyin edilməsi üçün zəruri olan həcmdə pozulması müəyyən edilmirsə, hərəkət, ünsiyyət, özünə qulluq və s. sahələrdə daimi və əhəmiyyətli məhdudiyyətlər yaranmamışdırsa, o zaman bu diaqnoz əlillik əlaməti hesab edilmir. - Məhkəmə tərəfindən cavabdeh orqana aşağıdakı halların aydınlaşdırılması məqsədilə sorğu göndərilmişdir: - İddiaçıya qoyulmuş diaqnozda hansı funksional məhdudiyyətlərin və ya tibbi göstəricilərin mövcud olmaması həmin diaqnozun əlillik əlaməti kimi qiymətləndirilməməsinə əsas vermişdir? Həmçinin bu diaqnozun iddiaçının həyat fəaliyyətinin əsas kateqoriyalarına — özünə qulluq, hərəkətetmə, ünsiyyət və sairə — təsir etməməsi hansı meyarlarla və necə qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən olunması üçün müvafiq meyarlara uyğun olub-olmaması hansı əsaslarla qiymətləndirilmişdir? - İddiaçıya qoyulmuş diaqnozun əlillik əlaməti hesab edilməməsi barədə qənaət formalaşdırılarkən, həmin diaqnozun şəxsin gündəlik həyatına təsiri necə qiymətləndirilmişdir? Cavabdeh orqan xx.xx.2025-ci il tarixdə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli, ********** nömrəli tibbi rəyində qeyd edilənlər (revmatoid poliartrit, çoxsaylı oynaqların zədələnməsi ilə, hər iki əl və hər iki pəncənin daraq-falanga oynaqlarının deformasiyalı artrozu, bütün ətraflarda barmaqların bükücü kontrakturası, bilateral koksartroz İİ dərəcəli, hər iki mil-bilək oynaqlarının artrozu, yerişin pozulması, funksiya pozğunluğu, yayılmış formalı osteoporoz, daimi ağrı sindromu ilə) əyani müayinədə öz təsdiqini tapmamışdır. Baxmayaraq ki, həmin rəyə daxil edilmiş patofunksional pozuntular (bazı oynağında açma 110°, bükmə 100°, dirsək oynağında valgus deformasiyası, İİİ–İV dərəcəli artroz, bud-çanaq oynağında hərəkət məhdudluğu – açma 10°, bükmə 145°) da əlillik təyin olunmasına əsas vermir. - Əvvəlki göndərişdə qeyd olunan sol aşağı ətrafın 4 sm qısalığı isə nə xx.xx.2022-ci il tarixli, ********** nömrəli tibbi rəydə, nə də əyani müayinədə təsdiqlənməmişdir. - Bundan irəli gələrək, ətraflarda müşahidə olunan və qeyd edilən ağırlaşmalar funksional cəhətdən əlverişli vəziyyət kimi dəyərləndirilmişdir və həyat fəaliyyəti kateqoriyalarını (orqanizmin funksiyalarının 35 faizdən çox pozulmasının üzərində) məhdudlaşdırmır. Bu səbəbdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, əlillik təyinatının aparılması mümkün olmamışdır. - Göndərişi tərtib etmiş tibb müəssisəsinin istinad etdiyi “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1.10-cu (sinir və sümük-əzələ sisteminə aid simptomlar) bəndinə münasibətdə məhkəmə qeyd edir ki, R25-R29 XBT kodlarında qeyd edilmiş (sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr) xəstəliklərin qiymətləndirmə halları 6.1.10.1-6.1.10.3-cü yarım bəndlərdə nəzərdə tutulmuşdur. Bununla belə göndərişi vermiş tibb müəssisəsi qoyulmuş diaqnozun qeyd olunan yarımbəndlərdən hansının əhatə dairəsinə düşməsini əsaslandıra bilmir. - M21 XBT kodunda qeyd edilmiş (Ətrafların digər qazanılma deformasiyaları) diaqnozu isə istinad olunan “Meyar”lara Əlavənin 13.3.8-ci (bazu sümüyünün psevdoartrozu: qeyri-stabil) bəndinə nəzərdə tutulmuşdur ki, sözügedən diaqnoza münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 1 il müddətinə 40 % həddində müəyyən edilmişdir. - Odur ki, iddia qismən təmin edilməli cavabdeh orqanın üzərində iddiaçıya xx.xx.2024-cü il tarixdən müddətsiz OFP-nin birinci dərəcəli məhdudlaşma halının (40%) müəyyən edilməsi öhdəliyi qoyulmalıdır.
9. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(116)-860/2025 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. - Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. - Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. - Belə ki, göndərişdəki əsas diaqnoz Bazu sümüyünün aşağı ucunun sınığı, Sol bazu sümüyünün kondiluslardan keçən q/düzgün bitişmiş sınığı S42.4 XBT kodlu xəstəlik həmçinin digər ağırlaşmalar M19.1, M84.0, R26.2 “Əlilliyin meyarlarının təsdiqlənməsi’’ barədə Nazirlər Kabinetinin 187 saylı qərarında öz əksini tapmamışdır. - Məhkəmə iddianı təmin edərkən göndərişdə olan diaqnozlardan yalnız “Digər rubrikalarda təsnif olunmayan valqus deformasiya, Valqus deformasiyası" M21.0XBT kodlu diaqnozun 187 saylı qərarda mövcud olmasına istinad edir. - Lakin M21.0 XBT kodlu diaqnoz heç bir halda müstəqil olaraq əlillik təyinatı üçün yetərli ola bilməz. Çünki Nazirlər Kabinetinin müvafiq qərarının Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərinə aid olan bölməsinin Qeyd hissəsində yazılmışdır ki: Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkət etmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. - Valqus deformasiyası diaqnozu göndərişin əsas diaqnozu olmadığı üçün onun özünün ağırlaşmaları, həmçinin həmin diaqnozun özünü təsdiq edən instrumental müayinələr olmadığı üçün Agentlik əsaslı olaraq imtina verərək diaqnozun əlillik əlaməti təyin etmədiyini bildirmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsi iddiaçının maraqlarına uyğunlaşdırmaqla iddia tələbini təmin etmişdir. - Həmçinin bildirmək istəyirik ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16.01 2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirlilməsı Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. - Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2- 1(116)-860/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
4. Əlilliyin müddətləri … 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra - Meyarlar) "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 19.1. inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsində orqanizmin funksiyalarının 40 faiz pozulmasının müəyyən edilməsi ilə yanaşı, “birinci dərəcə məhdudlaşma” halının müəyyən edilməsi öhdəliyi də cavabdehin üzərinə qoymuşdur.
27. Bununla bağlı qeyd edilməlidir ki, “birinci dərəcə məhdudlaşma” halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına zərurət yoxdur. Lakin, hazırki halda orqanizmin funksiyalarının 40 faiz pozulmasının müəyyən edilməsi öhdəlik kimi cavabdehin üzərinə qoyulduğundan və Əlilliyin müəyyən olunması meyarları”nın qiymətləndirməsində faiz dərəcəsi konkret göstərildiyindən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə (“birinci dərəcə məhdudlaşma” halının müəyyən edilməsinin qərarın nəticə hissəsindən çıxarılmasına) zərurət yoxdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 3-cü bəndində Orqanizmin funksiyalarının pozulması faizləri əks edilmişdir. Qeyd edilmişdir ki, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
29. Məhkəmə kollegiyası bildirir ki, adı çəkilən Meyarlarda orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10 kodları ilə yanaşı, orqanizmin funksiyalarının pozulmasının faizlərlə göstərilməli olduğu qeyd edilmişdir. Birinci instansiya məhkəməsi də cavabdehin üzərinə OFP-nın 40 faiz pozulması halının müəyyən olunması öhdəliyinin qoyulması qənaətinə gəlmişdir.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları da qeyd etməyi zəruri hesab edir.
31. Cavabdeh orqan apellyasiya şikayətində göstərmişdir ki, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud deyil, həmçinin məhkəmə ekspertiza rəyinə əsaslanaraq səhv nəticəyə gəlmişdir.
32. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iş materiallarından görünür ki, “Zaqatala rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, N00086618FUP nömrəli Forma TQS №-088 göndərişdən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən göndəriş verən müəssisədə qeydiyyatdadır. Xəstəliyi xx.xx.2013-cü il tarixdə başlamış, xəstəliyin gedişi xronikidir, dərəcəsi orta ağırdır. Xəstə son bir il ərzində xəstəliyi ilə əlaqədar ambulator müraciət etmiş və stasionar müalicələr almışdır. TSEK-ə göndərilən zaman diaqnoz: XBT 10 kodu: Əsas diaqnoz: S42.4-bazu sümüyünün aşağı ucunun sınığı, kondiluslardan keçən qeyri-düzgün bitişmiş sınığı. Ağırlaşmalar: M19.1-digər oynaqların posttravmatik ağır dərəcəli artrozu, M24.5-oynaqların kontrakturası, M62.5əzələlərin başqa rubrikalarda təsnif olunmayan üzülməsi, əzələ atrofiyası, daimi ağrı sindromu, M84.0-sümük sınığının pis bitişməsi, R26.2-başqa rubrikalarda təsnif olunmayan ətraf funksiyasının pozulması.
33. İddiaçı adına tərtib edilmiş qiymətləndirmə nəticələrində qeyd edilmişdir: Müayinə tarixi: xx.xx.2024-cü il. Akt nömrəsi: xxxxxxx0007; Müvəqqəti əmək qabiliyyəti itirilməmişdir. Əmək qabiliyyətinin itirilməsi-0%; Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunun sınığı. Sol bazu sümüyünün kondiluslardan keçən qeyri-düzgün bitişmiş; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
34. Eyni zamanda, iddiaçı barəsində tibbi göndəriş tərtib etmiş səhiyyə müəssisəsi — Zaqatala Rayon Mərkəzi Xəstəxanası PHŞ xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na dair Əlavəyə əsasən aşağıdakı bəndlərin əhatə dairəsinə düşür:- R26.2 (Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi) — 6.1.10 (sinir və sümük-əzələ sisteminə aid simptomlar), - M16.4 (Soltərəfli posttravmatik koksartroz) — 13.3 (artrozlar), - M21 (Sol bazu sümüyünün kondiluslardan keçən yalançı oynağı) — 13.3.8-ci bənd.
35. Eyni zamanda M24.5 (Oynaqların kontrakturası), M62.5 (Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası), S72.1 (Bud sümüyünün burmadan keçən sınığı), S42.4 (Bazu sümüyünün sınığı, sol dirsək sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı), M84.0 (Sümük sınığının pis bitişməsi) XBT kodlarında nəzərdə tutulmuş diaqnozların “Meyar”lara Əlavədə öz əksini tapmadığı qeyd olunmuşdur.
36. İş materiallarında olan cavabdeh orqan tərəfindən xx.xx.2025-ci il tarixdə birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli, ********** nömrəli tibbi rəyində qeyd edilənlər (revmatoid poliartrit, çoxsaylı oynaqların zədələnməsi ilə, hər iki əl və hər iki pəncənin daraq-falanga oynaqlarının deformasiyalı artrozu, bütün ətraflarda barmaqların bükücü kontrakturası, bilateral koksartroz İİ dərəcəli, hər iki mil-bilək oynaqlarının artrozu, yerişin pozulması, funksiya pozğunluğu, yayılmış formalı osteoporoz, daimi ağrı sindromu ilə) əyani müayinədə öz təsdiqini tapmamışdır. Baxmayaraq ki, həmin rəyə daxil edilmiş patofunksional pozuntular (bazı oynağında açma 110°, bükmə 100°, dirsək oynağında valgus deformasiyası, İİİ–İV dərəcəli artroz, bud-çanaq oynağında hərəkət məhdudluğu – açma 10°, bükmə 145°) da əlillik təyin olunmasına əsas vermir.
37. Apellyasiya araşdırması zamanı məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 4674 nömrəli məktubuna qoşma kimi əlavə edilmiş ekspert rəyindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: - 1,4. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən xx.xx.2025-ci il tarixdə “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu”na müayinəyə göndərilmiş və həmin tarixdə orada aparılmış müayinələrdən sonra “Sol bazu sümüyünün kondiluslardan keçən qeyri-düzgün bitişmiş sınığı, valqus deformasiyası, sol dirsək oynağının fıbroz ankilozu, əzələ atrofiyası, sol yuxarı ətrafın funksiyasının pozulması, sol bud sümüyünün burmalardan keçən qeyri-düzgün bitişmiş sınığı, boyun-diafız bucağının azalması, koxa yarası, sol bud-çanaq oynağının travmadan sonra İİ dərəcəli koksartrozu, açıcı-bükücü-yaxınlaşdırıcı kəskin kontrakturası (açma 10 dərəcə, bükmə 149 dərəcə, uzaqlaşma 20 dərəcə), əzələ atrofiyası, daimi ağrı sindromu və dayaq-hərəkət funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. - Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına “Zaqatala rayon mərkəzi xəstəxanası” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, N00086618FUP nömrəli Forma TQS №-088 göndərişindən görünür ki, o həmin tarixdə xəstəxanada müayinədə olmuş və ona XBT 10 kodu üzrə “Əsas diaqnoz: S42.4-bazu sümüyünün aşağı ucunun sınığı, kondiluslardan keçən qeyridüzgün bitişmiş sınığı. Ağırlaşmalar: M19.1-digər oynaqların posttravmatik ağır dərəcəli artrozu, M24.5-oynaqların kontrakturası, M62.5-əzələlərin başqa rubrikalarda təsnif olunmayan üzülməsi, əzələ atrofiyası, daimi ağrı sindromu, M84.0-sümük sınığının pis bitişməsi, R26.2-başqa rubrikalarda təsnif olunmayan ətraf funksiyasının pozulması diaqnoz ona stasionarda müalicədə olarkən anamnestik, klinik və laborator-instrumental müayinələri əsasında təyin edilmişdir. - Qeyd edilən əsas xəstəlik xroniki hala keçdiyindən çoxsaylı ağırlaşmalarla nəticələnmiş və müalicə olunacağı təqdirdə də onların sağalma ehtimalı yoxdur, yalnız uzun müddətli idman reabilitasiya müalicəsindən sonra onun səhhətində müvəqqəti irəliləyiş ola bilər.
38. Kollegiyanın qənaətinə görə, iddiaçıya münasibətdə müvafiq tibb müəssisəsi tərəfindən göndərişin rəsmiləşdirilməsi və verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmuşdur. Belə ki, buna hüququ olan tibb müəssisələri tərəfindən müvafiq göndəriş yalnız həmin əsaslar olduğu halda verilir və əlilliyin qiymətləndirilməsi də həmin göndəriş əsasında həyata keçirilir. Hazırki halda da göndərişin verilməsinə əsas olan hallar müəyyən edilmişdir.
39. Göründüyü kimi, iddiaçıya münasibətdə qeyd edilən əsas xəstəlik xroniki hala keçdiyindən çoxsaylı ağırlaşmalarla nəticələnmiş və müalicə olunacağı təqdirdə də onların sağalma ehtimalı yoxdur. Bu xüsusat isə cavabdehin orqanın apellyasiya şikayətinin dəlillərini təkzib edir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, göründüyü kimi, iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş tibb müəssisəsi tərəfindən əlavə müayinə və müalicə aparılacağı təqdirdə belə, diaqnozda göstərilən xəstəliklərin aradan qalxması mümkün deyil və ya onların sağalma ehtimalı yoxdur.
41. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə cavabdeh orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
42. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
43. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
44. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin müəyyən olunmasından imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
45. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması, diaqnozun təsdiq edilməklə əlillik əlaməti təyin etmədiyi halda (diaqnoz əsasında) şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu nöqteyi-nəzərdən qiymət verilməlidir.
46. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
47. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
48. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
49. İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Hazırkı halda, həmin normaların tələblərinin cavabdeh tərəfindən təmin olunmadığı işin yuxarıda qeyd olunan və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən halları ilə təsdiq olunmuşdur.
50. Həmçinin cavabdeh orqan imtinasında diaqnozun əlillik əlaməti təyin etməməsinə istinad etsə də, bununla bağlı mötəbər sübutlar təqdim edilməmişdir.
51. Odur ki, cavabdeh tərəfindən “hazırkı mübahisəyə münasibətdə iddiaçıya tibb müəssisəsinin sonuncu göndərişi əsasında əlilliyin müəyyən olunmasından imtina haqqında cavabdeh tərəfindən qəbul olunmuş sonuncu qərarın tarixindən, yəni xx.xx.2024-cü il tarixdən 1 il müddətinə OFP-nın 40 faiz pozulmasının müəyyən olunmasından imtina olunması” qanunsuz və əsassız sayılmalıdır.
52. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
53. Göründüyü kimi, İddiaçı bugünə qədər mütəmadi olaraq stasionar və ambulator müalicə alması, müvafiq xəstəliklərdən bugün də əziyyət çəkməsi iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnoz əlilliyin müəyyən edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
54. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
55. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
56. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2025-ci il tarixli 2-1(116)-860/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.