Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-422/2024 23.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə, əlillik səbəbinin isə "ümumi xəstəlik"dən - "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar" səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(116)-718/2024 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Reabilitasiya Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “əlillik müddətinin uzadılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Daha sonra İddiaçı cavabdeh orqanı dəqiqləşdirərək cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-ni göstərmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-3106/2023 nömrəli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
3. Məhkəmə iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə, əlillik səbəbinin isə “ümumi xəstəlik”dən – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1993-cü ildə hərbi xidmətə çağrılmışdır. xx.xx.1994-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin sirkələnməsi, sol baldırın ön yuxarı 1/3-nin qəlpə yarası alaraq hərbi hissədən təxris olunmuşdur. Belə ki, o, 1-ci Qarabağ döyüşçüsü olaraq 2-ci qrup əlildir. Uzun illərdir ki, xəstəxanada stasionar və ambulator müalicə alır. Bu barədə bütün sənədləri vardır. Uzun illər Qarabağda döyüş zamanı aldığı xəsarətdən bu günkü günə kimi əziyyət çəkir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 2-1(81)-3109/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı əlilliyə görə pensiya təminatının ödənilməsi Azərbaycan Respublikası Əmək və ƏSMN yanınında DSMF-nun Hərbi quluqçuları və xüsusi Rütbəli şəxslərlə iş idarəsinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2021-ci il tarixdə onu ümumi əlil kimi, əmək qabiliyətsizlik kimi qiymətləndirmişdir. Məhz buna görə də o, narazı qaldığı üçün məhkəməyə müraciət edir.
5. Cavabdeh orqanın iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Salyan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu dekompensasiya halında", Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: “Göndərişin natamam doldurulması - Səbəb: xx.xx.2021 -ci il tarixli Qərar qüvvədə saxlanılır.” əsası ilə Mərkəzə geri göndərilmişdir. Bundan əlavə İsmayıllı rayon sakini xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə'’nin 2.3.9 bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir (ESDAS:**********6). Lakin verilmiş qərarın səbəb əlaqəsindən narazı qaldığı üçün növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 452 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın yuxarı 1/3-nin qəlpə yaraları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respubikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol orta 1/3-də çapıq izlənilmiş, nevroloji ocaqlı əlamətlər və ətraflarda hərəki məhdudluq müəyyən edilməmişdir. Yüngül dərəcəli generalize olunmuş tremor, Romberqdə səndəlləmə, astenik-qıcıqlı vəziyyət, vegetativ labillik, tərləmə, nitqində müfəssəllik qeyd olunmuş, ünsiyyətə daxil olarkən sualları ləng cavablandırmışdır. Anamnezə əsasən, son illər hər gün 1 litrdən çox spirtli içki qəbul etdiyini bildirmişdir. Hazırkı klinik əlamətlər xroniki alkoqolizm əlamətləri kimi qiymətləndirilmişdir. Təqdim olunmuş Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli EEQ müayinəsinin nəticəsi “Orta strukturların disfunksiyası, beta alışqanlıqlar qeyd edilir” kimi müəyyənləşdirilmişdir. ƏƏSMN tabeliyində DTSERA rəsmi göndərişi əsasında vətəndaş xx.xx.2022-ci il tarixdə X5 Kəllənin nativ KT müayinəsi olunmuş, nəticəsi “Diffuz serebral atrofiya” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışda diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu. Dekompensasiya halında” kimi qeyd olunmuşdur. Xəstənin anamnestik, klinik məlumatlarına və instrumental müayinə nəticələrinə əsaslanaraq, hazırki sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır.
6. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubu, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri: xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0006, xxxxxxx0008, xxxxxxx0009), Tibbi-Sosial ekspert komissiyasının xx.xx.2022ci il tarixli **********1 nömrəli qərarı, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 47 nömrəli məktubu və ona əlavə olunmuş xx.xx.2016-cı il tarixli 452 nömrəli Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı və digər sənədlər, “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli 838 nömrəli ekspert rəyi.
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli 2- 1(116)-718/2024 qərarı ilə iddia qismən təmin edilərək cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyinin qoyulması, iddia tələbinin “xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə dəyişdirilməsi” hissəsində təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının cavabdeh orqana qarşı tələbləri aşağıdakılardan ibarətdir: xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin 3-cü dərəcədən 2-ci dərəcəyə keçirilməsi, həmçinin əlilliyin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi. İddiaçıya təyin edilmiş əlilliyin “3-cü dərəcədən 2-ci dərəcəyə keçirilməsi” hissəsində məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmənin 2-1(116)-3106/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilərək iddiaçıya qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozğunluğu, Orta strukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofiya” diaqnozunun düzgünlüyü yoxlanılmışdır. “Məhkəmə- Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli 838 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəki Rayon Psixiatriya Xəstəxanasının tərtib etdiyi xx.xx.2022-ci il tarixli Y00007021MNP nömrəli Forma 088 göndərişində qeyd edilmiş sözügedən diaqnoza münasibətdə iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli N« 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3.9. bəndinə müvafiq olaraq üçüncü dərəcəli əlilliyin təyini düzgün olmuşdur. İstinad olunan normaya görə (Əsasnamənin 2.3.9cu bəndi) uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9, F45-F45.9, F48-F48.9) üçüncü dərəcə əlilliyin təyin edilməsinə əsas olan xəstəliklərin siyahısında qeyd edilmişdir. - İddia tələbinin “əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin hissədə tələb əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Əlilliyin təyin edilməsinə əsas olmuş diaqnoz “üzvi mənşəli şəxsiyyət pozğunluğu, Orta strukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofiya” olmuşdur. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 nömrəli qərarında iddiaçıya qoyulmuş diaqnoz “Qapalı kəllə beyin travması yüngül dərəcəli beyin silkələnməsi” göstərilmiş, “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeydi icra edilmişdir. Məhkəmə tərəfindən canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilərək iddiaçıya qoyulmuş “üzvi mənşəli şəxsiyyət pozğunluğu, Orta strukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofiya” diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 №-li qərarında müəyyən edilmiş “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın yuxarı 1/3-nin qəlpə yaraları” diaqnozu arasında səbəbli-əlaqənin olub-olmaması, hazırkı diaqnozun MHHK-nın qərarında qeyd edilmiş diaqnozun fəsadı (ağırlaşması) olub-olmaması, habelə sözügedən xəstəliyin xroniki alkoqolizmdən yaranmasının mümkün olub-olmaması ilə bağlı suallar ekspert qarşısında qoyulmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli 838 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı müəyyən edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta stukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofıya” diaqnozunun Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 Ns-li qərarında qeyd edilən “Qapalı kəllə beyin travması yüngül dərəcəli beyin silkələnməsi” diaqnozunun fəsadı (ağırlaşması) olmasını inkar etmək olmaz. Belə ki, hər iki diaqnoz baş beyin ilə əlaqədardır. İddiaçı qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta stukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofıya” diaqnozu xroniki alkoqolizmdən əziyyət çəkməsi barədə hər hansı tibbi sənəd olmadığından qeyd edilən xəstəliyin alkoqolizmlə əlaqələndirilməsi tibbi baxımdan düzgün deyildir. İstinad olunan ekspert rəyinə iş materiallarında olan digər sənədlərlə ziddiyyət təşkil etmədiyindən məhkəmə hesab edir ki, həmin rəy sübut qismində qəbul edilməlidir. Beləliklə, iddiaçıya qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta stukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofıya” diaqnozu ilə xx.xx.2016-cı il tarixli 452 №-li qərarında müəyyən edilmiş “Qapalı kəllə beyin travması, yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın yuxarı 1/3-nin qəlpə yaraları” diaqnozu arasında səbəbli-əlaqənin mövcudluğu müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, cavabdeh orqan özü də, iddiaçıya xx.xx.2016-xx.xx.2021-ci illərdə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edərkən əlillik səbəbini – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd etmişdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(116)-718/2024 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətini etiraz məktubu ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, hazırda iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün olmamışdır. Eyni zamanda məhkəmə tərəfindən icraat zamanı yalnız məhkəmə tibbi ekspertizası təyin edilmiş, müvafiq ekspert rəyi ilə iddiaçıya əlillik dərəcəsi verilməsi üçün əsas olmuş xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsinin müdafiəsi ilə əlaqədar yaranması təsdiqlənməmiş, məhkəmə işin hərtərəfli araşdırılmasının təmini məqsədilə iddiaçının əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş, bununla da diaqnoz xüsusi səbəblə əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası xx.xx.2022-xx.xx.2022ci il tarixli Çıxarışda diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Kəskin ifadəli şəxsiyyət və davranış pozuntusu. Dekompensasiya halında” kimi qeyd olunmuşdur. Xəstənin anamnestik, klinik məlumatlarına və instrumental müayinə nəticələrinə əsaslanaraq, hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir. Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, Şəki İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-718/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
15. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-).
1. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliiyinin və kostitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1.Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1.əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2.göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2.Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3.Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7.Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
19. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3 Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əməkfəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. - 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır.
20. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.
Apellyasiya şikayətinin mümkünlüyü
21. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
26. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyətinin hərbi travma ilə səbəb-əlaqəsi təsdiqlənməmişdir.
27. Apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2024-cü il tarixli 838 nömrəli ekspert rəyindən görünür ki, ...İddiaçı müəyyən edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta stukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofıya” diaqnozunun Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 №-li qərarında qeyd edilən “Qapalı kəllə beyin travması yüngül dərəcəli beyin silkələnməsi” diaqnozunun fəsadı (ağırlaşması) olmasını inkar etmək olmaz. Belə ki, hər iki diaqnoz baş beyin ilə əlaqədardır. İddiaçı qoyulmuş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu, orta strukturların disfunksiyası, beta alışqanlıqlar. Diffuz serebral atrofiya” diaqnozu xroniki alkoqolizmdən əziyyət çəkməsi barədə hər hansı tibbi sənəd olmadığından qeyd edilən xəstəliyin alkoqolizmlə əlaqələndirilməsi düzgün deyildir.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, hazırkı qərarın 20-ci bəndində qeyd olunan Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
29. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 452 nömrəli qərarından da görünür ki, 1994-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N saylı hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə olunduğu travma və yaralanma - diaqnoz “Qapalı kəllə beyin travması yüngül dərəcəli beyin silkələnməsi, sol baldırın ön yuxarı 1/3-nin qəlpə yaraları” (Azərbaycan Respublikası SHXÇDX-ni İsmayıllı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 516 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 157 nömrəli arayışı, N saylı hərbi hissənin tibb məntəqəsindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin və nevropotoloqunun rəyləri ilə təsdiq edilir) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
30. Göründüyü kimi şəxsdə mövcud olan xəstəlik barədə diaqnoz onda hərbi xidmət zamanı yaranmış xəsarət ilə səbəb-əlaqəlidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlillərini əsassız hesab edir və qeyd edir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri HHK tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən, cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuşdur.
31. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən digəri ondan ibarətdir ki, iddiaçının əyani müayinə edilməsi üçün qərardad qəbul edilməmişdir.
32. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbləri nəzərə alınmadan, müalicə müddəti ilə bağlı şərtin ödənib-ödənilməməsi yoxlanılmadan diaqnozun əlilliyə əsas verib-verməməsi istiqamətində araşdırma aparılmamalıdır, qanunvericiliyin tələbindən də görünür ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani müayinə olunması barədə qərardad qəbul edilir. Halbuki, həmin Qaydanın 1.5.1-ci bəndində təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmadığı hallarda, diaqnozun dəqiqləşdirilməsi ilə bağlı araşdırma zərurəti aradan qalxır.
33. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
34. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən, eləcə də səbəb əlaqəsinin dəyişdirilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
35. Bu mənada apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
36. Bundan əlavə, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
37. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinin də birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
38. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
40. Belə ki, nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. 41 Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
42. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
43. Göründüyü kimi, İddiaçı xx.xx.2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəbəlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb-əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmənin gəldiyi nəticə əsaslı və qanunidir. Cavabdeh orqan tərəfindən ona təyin edilmiş əlilliyin səbəb-əlaqəsinin ümümi xəstəliyə dəyişilməsi barədə gəldiyi nəticə ilə iddiaçının qanunla qorunan hüquqları pozulmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
44. Məhkəmə kollegiyası ekspert rəyində və tibbi göstərişdə təsbit olunan həmin məlumatları həqiqi və mötəbər məlumatlar kimi qiymətləndirir. Cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının tələbləri pozulmuş, iddiaçının xeyrinə olan hallar əsassız olaraq nəzərə alınmamışdır. Göstərilən nəticələr onu deməyə əsas verir ki, iddiaçı, əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, iş üzrə hərtərəfli araşdırma aparılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, bütün bunların nəticəsi olaraq da, məhkəmə, iddianın mübahisələndirilən hissədə təmin olunması barədə düzgün nəticəyə gəlmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını mübahisələndirilən hissədə təmin etməkdə haqlı olmuşdur.
46. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(116)-718/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.