Məhkəmə qərarları › İş №2-1(107)-423/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-423/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-423/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının üçüncü şəxs X4 mülkiyyətində olan ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(116)-665/2021 nömrəli qərarından iş üzrə üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı onun üçüncü şəxs X4 mülkiyyətində olan ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, üçüncü şəxs X9 iddiaçının sabiq baldızıdır. Yevlax Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli 2(039)-449/2020 saylı qətnaməsi ilə iddiaçının Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması və onun övladı 30.03.2011-ci il təvəllüdlü X6 ilə birlikdə həmin yaşayış evinə köçürülməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli 2(039)- 449/2020 saylı Qərardadı ilə qətnamədə yol verilmiş yanlışlıq aradan qaldırılmış və həmin qətnamənin qət etdi hissəsində yazılmış "Nərmin" sözünün “Nərminə” kimi oxunması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icra olunmuşdur. Yetkinlik yaşına çatmamış qızı Fəridə Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında qeydiyyatda olsa da, iddiaçı həmin ünvanda qeydiyyatda deyildir. Eyni zamanda həmin ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə 27.11.2020-ci il tarixdə rəsmi müraciət etmiş, cavabdeh rəsmi müraciəti 30.11.2020-ci il tarixdə almış, lakin cavablandırmamışdır. Üçüncü şəxs iddiaya qarşı 18.03.2021-ci il tarixli etirazında bildirmişdir ki, iddia tələbində mübahisələndirilən yaşayış evinin mülkiyyətçisidir və o, mülkiyyətçi olaraq iddiaçı X1 onun mülkiyyətində olan evə qeydiyyata alınmasına razı deyildir. İddia tələbinə qarşı etirazı bildirməklə, həmin iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(116)-665/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı üçüncü şəxs X4 mülkiyyətində olan ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X9 həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri, Abbasqulu Ağa Bakıxanov döngəsində yerləşən 20 saylı evə dair ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Çıxarış onun adınadır. Qeyd edilən ev onun xüsusi mülkiyyətindədir. Onun iştirakı təmin edilmədən, ona məlum olmaayan səbəblərdən iddiaçı mübahisəli evdə yaşamadığı halda onun evinə Yevlax rayon Məhkəməsinin 19.05.2020-ci il tarixli qətnaməsi ilə köçürülmə hüququ almışdır. O həmin şəxsin xüsusi mülkiyyətimdə olan evdən çıxarılması ilə bağlı Yevlax rayon Məhkəməsinə müraciət etmişdir. Mülki məsələ məhkəmənin icraatındadır. Məhkəmə günü təyin olunan zaman Şəki İnzibati Məhkəməsinin Mülki Kollegiyasına məlumat verəcəkdir. Sonuncunun təqsiri üzündən qanuni mülkiyyətçi kimi mübahisələndirilən fərdi yaşayış evinə o istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarımı tam həyata keçirə bilmir. Bu isə onun dövlət tərəfindən tanınan və qorunan hüquqlarımın ciddi surətdə pozulması deməkdir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(116)-665/2021 nömrəli qərarının ləğv edilməsini və iş üzrə iddiaçının iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(116)-665/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: İddia ərizəsinə əlavə edilmiş poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış müraciət 30.11.2020ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Həmçinin, iddiaçı tərəfindən poçt göndərişinin göndərilməsini təsdiq edən qəbz iddia ərizəsinə əlavə olunmuşdur. Cavabdeh məhkəmənin sərəncamına 03.05.2021-ci il tarixli 195-9517-1221 nömrəli cavab məktubunda göstərmişdir ki, vətəndaş X1 Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında pasport qeydiyyatına düşməsinin Yevlax RPŞ tərəfindən təmin edilməsi mümkün olmadığı vətəndaş İddiaçı izah edilmiş və rəsmi olaraq cavab verilmişdir. Nikahın pozulması haqqında AZ-İ 339779 nömrəli 12.12.2019-cu il tarixli şəhadətnaməyə əsasən müəyyən edilir ki, X5 X7 ilə olan nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 12.12.2019-cu il tarixdə 305 nömrəsi ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Hacıyeva soyadı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-449/2020 nömrəli mülki iş üzrə 19.05.2020-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 Yevlax şəhəri Bakıxanov döngəsi 20 ünvanında yerləşən mənzildən istifadə hüququ tanınmış və onun övladı 30.03.2011-ci il təvəllüdlü X6 ilə birlikdə həmin yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmənin iş üzrə 26.11.2020-ci il tarixli qərardadı ilə 19.05.2020-ci il tarixli qətnamədə yol verilmiş yalnışlıq aradan qaldırılmış, qətnamənin qət etdi hissəsində yazılmış “Nərmin” sözünün “Nərminə” sözü kimi oxunması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsi məhkəmənin 10.03.2021-ci il tarixli sorğusuna cavab olaraq bildirmişdir ki, 19.05.2020-ci il tarixli 2(039)-449/2020 saylı qətnamə 22.06.2020-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinin 16.06.2021-ci il tarixli **********50 nömrəli məktubuna əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərinə əsasən müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən mənzil 28.12.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında 29.12.2019-cu il tarixdə X2 vərəsələri X10 və X8 adına ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Daha sonra mülkiyyətçilərin X9 ilə aralarında bağlanmış 22.01.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən üçüncü şəxs A.Əsədovaya bağışlanmış, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən sonuncunun adına verilmiş Çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə 28.01.2020-ci il tarixdə tam pay hüququ əsasında üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mənzil hazırda da üçüncü şəxsin xüsusi mülkiyyətindədir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, artıq Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş 19.05.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ tanınmaqla cavabdehin imtinasını istisna edən şərt öz təsdiqini tapmış, cavabdehin məhkəməyə təqdim etdiyi 03.05.2021-ci il tarixli məktubda göstərilən əsaslardan ibarət imtinası əsassız olmuşdur. İddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etdiyi mübahisəli mənzilə münasibətdə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanındığından və icraya yönəldildiyindən onun tələbi əsaslı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)-3309/2019 nömrəli analoji iş üzrə 27.11.2019-cu il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd dedikdə, eyni zamanda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri nəzərdə tutulur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, üçüncü Şəki İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(116)-665/2021 nömrəli qərarının qanunazid olduğunu və həqiqəti əks etdirmədiyini sübut və bunun təsdiq edən mötəbər sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X9 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29.07.2021-ci il tarixli, 2-1(116)-665/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar