Məhkəmə qərarları › İş №2-1(107)-423/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-423/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-423/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi bələdiyyəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2- 1(116)-359/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Yevlax rayonu Malbinəsi kəndində yerləşən daşınmaz əmlaka dair X2 adına qeydə alınmış **********85 nömrəli çıxarışın ləğv edilməsi və Yevlax rayon Malbinəsi kənd Kommunist kolxozu İdarə heyəti iclasının üzvlərinin ümumi yığıncağının 03 mart 1992-ci il tarixli 03 saylı iclas protokoluna əsasən verilmiş, 0,10 ha torpaq sahəsinə dair onun adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-359/2022 nömrəli qərardadı ilə inzibati iş üzrə X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Daha sonra iddiaçı tələbini dəyişərək, cavabdehlər Yevlax rayonu Malbinəsi və DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0,10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi və Yevlax rayonu Malbinəsi kəndində yerləşən daşınmaz əmlaka dair X2 adına qeydə alınmış **********85 nömrəli mülkiyyət hüququ təsdiq edən çıxarışın ləğv edilməsi və Yevlax rayon Malbinəsi kənd Kommunist kolxozu İdarə heyəti iclasının üzvlərinin ümumi yığıncağının 03 mart 1992-ci il tarixli 03 saylı iclas protokoluna əsasən verilmiş (adlı siyahıda 25-ci sırada olmuşdur), Yevlax rayonu Malbinəsi kəndində ona verilmiş 0,10 ha torpaq sahəsinə dair onun adına Dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2-1(116)-359/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsini və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 9 saylı Qəbələ Ərazi İdarəsinin cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, mübahisələndiridiyi bələdiyyə qərarı ilə üçüncü şəxsə satılmış torpaq sahəsi əslində iddiaçıya məxsus torpaq sahəsidir. Belə ki, həmin torpaq sahəsi ayrıldıqdan sonra iddiaçı tərəfindən tikinti məqsədilə daş tökülmüş və hal-hazırda da həmin daşlar qeyd olunan ərazidədir. Torpaq sahəsinin yerləşmə sxemi olmasa da, iddiaçıya məhz həmin torpaq sahəsi bələdiyyə tərəfindən göstərilmişdir. Mübahisəli torpaq sahəsinin bələdiyyə tərəfindən üçüncü şəxsə satıldığını 2019-cu ildə, daha dəqiq 2020-ci ilin aprel ayında öyrəndikdən sonra üçüncü şəxslə aralarında mübahisə yaranmışdır. Mübahisə ilə bağlı prokurorluqda araşdırma aparıldıqdan sonra 6 iyul 2021-ci ildə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar qəbul olunduqdan sonra müstəntiq ona torpaq sahəsinin bələdiyyə qərarı əsasında üçüncü şəxsə satılmasını bildirmiş və artıq həmin vaxt torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə qərarı əsasında satılmasından məlumatlı idi. Göstərdiklərini nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında göstərmişdir ki, mübahisələndirilən qərardan ilk dəfə xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında məlumatı olmuşdur. Həmin qərarın ləğvi ilə bağlı bələdiyyəyə müraciət etdiyinə görə qərarın ləğvi ilə bağlı iddia ərizəsini xx.xx.2022-ci ildə məhkəməyə təqdim etmişdir. Bundan başqa müvafiq qərarının gec mübahisələndirilməsinə səbəb, bələdiyyənin verdiyi vədlər olmuşdur. Belə ki, bələdiyyə torpaq sahəsinin digər ərazidən ayrılmasına köməklik edəcəyini bildirdiyinə görə üçüncü şəxsə satılmış torpaq sahəsi ilə bağlı qərarı mübahisələndirməmişdir. Sonradan bələdiyyə tərəfindən mübahisə həll edilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etmişdir. Üçüncü şəxsin vəkili birinci instansiya məhkəməsinin iclasında izahat verərək iddia tələbinin qeyri-mümkün hesab edilməsini xahiş etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 21 sentyabr 2022-ci il tarixli 2- 1(116)-359/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Yevlax rayonu Malbinəsi bələdiyyəsinə qarşı “Yevlax rayonu Malbinəsi kəndində 0.10 ha həyətyanı torpaq sahəsinin üçüncü şəxs X1 ilə bağlı Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-359/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyəti verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ona məxsus Yevlax rayonu Malbinəsi kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin qərarı əsasında X1 barədə məlumat əldə etmişlər. Bununla bağlı vəkili Vəkil1 tərəfindən cavabdeh inzibati orqana sorğu edilmiş və xx.xx.2022-ci il tarixdə sorğuya cavab əldə edilmişdir. Həmin məktubda göstərilmişdir ki, X3 həmin torpaq sahəsi Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarı ilə satılmışdır. Yevlax rayonu Malbinəsi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğv edilməsi üçün Yevlax rayonu Malbinəsi Bələdiyyəsinə ərizə ilə müraciət etmişlər. Hal-hazıradək həmin müraciətə cavab əldə etməmişlər. Müraciətin Yevlax rayonu Malbinəsi Bələdiyyəsi tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində cavablandırılması ilə bağlı müddəti gözlədikdən sonra Şəki İnzibati Məhkəməsində iş üzrə iddia tələbinin həcmini artıraraq qeyd edilən bələdiyyə qərarını mübahisələndirmişdir. Hesab edir ki, həmin qərarın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməmişdir. Həmin qərar barəsində məlumatı xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında əldə etmişdir və bununla bağlı məhkəmə iclasının protokolunda qedy edilmişdir. İddiaçı tərəf olaraq mübahisələndirilən inzibati qərarın ləğv edilməsi üçün ilk öncə bələdiyyəyə müraciət edilməsi və cavabın əldə edilməsi zəruri olduğundan iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. Bununla bağlı poçt sənədlərini məhkəməyə təqdim etmişdir. Həmin sənədlər xronoloji ardıcıllıqla izlənilərsə, tərəfindən müddətin ötürülməməsi təsdiq olunar. Odur ki, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-359/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2- 1(116)-359/2022 nömrəli qərardadının ləğv edilməsi xahiş etdi. Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İşdə olan Yevlax rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, iddia olunan torpaq sahəsinin Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə X1 qeyd edilmişdir. İşdə olan Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarından görünür ki, X3 həyətyanı məqsədilə 0.11 ha torpaq sahəsi satılmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia tələbi inzibati orqanın xx.xx.2007-ci il tarixli 24 saylı qərarının ləğvi barədədir. Yəni, iddia “mübahisələndirmə haqqında” iddiadır. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Ləğv edilməsi tələb edilən inzibati akt xx.xx.2007-ci il tarixində qəbul edilmişdir. İş materiallarından və iddiaçının nümayəndəsinin və vəkilinin izahatından görünür ki, mübahisələndirilən qərarda qeyd olunmuş 0.11 ha torpaq sahəsi iddiaçının istifadəsində olmamışdır və iddiaçının nümayəndəsi həmin torpaq sahəsinin iddiaçıya məxsusluğunu - uzun illər əvvəl həmin torpaq sahəsinə daş tökülməsi və bələdiyyə tərəfindən həmin torpaq sahəsinin iddiaçıya göstərilməsi ilə izah edir. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan 2019-cu ilədək məlumatlı olmadıqlarını bildirsələr də, nəzərə alınmalıdır ki, iddiaçı həmin qərarla bağlı məlumat əldə etdikdən sonra da, İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət ərzində sözügedən qərarı mübahisələndirməmişdir. İnzibatı Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati aktın təqdim edilməsi və ya elan edilməsi ilə bağlı mübahisə yarandığı halda hər bir halda maraqlı şəxsin hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. Yevlax rayon prokurorluğunda iddiaçının müraciəti əsasında araşdırma aparıldıqdan sonra mübahisəli torpaq sahəsinin Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarı ilə üçüncü şəxs satılması, iş üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda qeyd edilmiş, iddiaçının nümayəndəsi özü də həmin qərarın qəbulundan sonra, hazırda mübahisələndirdiyi qərarın məzmunundan məlumatlı olmasını etiraf etmişdir. Həmçinin qərarın qəbulundan 2020-ci ilin aprel ayında məlumatlı olması ilə bağlı fikrini dəqiqləşdirmişdir. İddiaçının vəkili isə məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, müvafiq qərarın mövcudluğundan xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məlumatlı olmuşdur. lakin, bələdiyyənin digər ərazidən torpaq sahəsinin ayrılması ilə bağlı vədlərinə inandıqları üçün və həmin qərarın ləğvini bələdiyyədən tələb etdiyinə görə məhkəməyə müvafiq iddia ərizəsini xx.xx.2022-ci ildə təqdim etmişdir. Beləliklə, müəyyən olunur ki, Nofəl Qaraşova torpaq sahəsinin satılması ilə bağlı Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarından iddiaçının 2020-ci ilin aprel ayından məlumatlı olmasını onun nümayəndəsi etiraf etmiş, Yevlax rayon prokurorluğunun xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında hazırda mübahisələndirilən qərarın məzmunu ilə bağlı məlumatlar ətraflı qeyd edilmiş, eyni zamanda xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mübahisələndirilən çıxarışın Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarı ilə üçüncü şəxsə satılması izah edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, hər bir halda Yevlax rayon Malbinəsi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 24 saylı qərarının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük iddia müddəti heç bir üzürlü səbəb olmadan buraxılmışdır. Bu isə iddianın mümkün sayılmaması üçün əsasdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini... yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-359/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-359/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar