Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-423/2023 10.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X4 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1593/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1975-ci ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuşdur. O, hazırda Şəki şəhəri E.Sabitoğlu küçəsi ev 12-də yaşayır və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Texniki dəstək bölməsinin sürücüsü işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2243 nömrəli əmri ilə iddiaçı Lətifov X2 Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə şəhərinə ezam olunmuşdur. Bundan sonra "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2288 nömrəli əmri ilə o, Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur. Həmin əmrlərə əsasən, ezamiyyə vərəqələri tərtib edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "X7 Mərkəzi" publik hüquqi şəxsi İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X7 Mərkəzinə daşınmasında iştirak etməsi barədə xx.xx.2021-ci il tarixli 176 nömrəli arayış vermişdir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli 409/1 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sına müraciət edərək, İİ Qarabağ Müharibəsi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişinə əsasən, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təcili tibbi yardım avtomaşınlarının sürücülərlə birlikdə "Ağdam Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə və "X7 Mərkəzi" publik hüquqi şəxsinə yaralı əsgər, zabit və şəhidlərin daşınması üçün ezam olunduğunu, müharibənin sonunadək yerdəyişmə üsulu ilə növbəlik əsasında 20 nəfər sürücünün göstərilən işlərdə iştirak etdiyini, müharibə bitdikdən sonra sürücülərin avtomaşınları ilə birlikdə öz iş yerlərinə qayıtdıqlarını bildirmiş və sürücülərin müraciəti əsasında onlara veteran adlarının verilməsinin qanunauyğunluğu barədə məlumat verilməsini xahiş etmişdir. Məktuba əlavə olunmuş siyahıda İddiaçı da adı vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sı xx.xx.2022-ci il tarixli ***-**** nömrəli cavab məktubunda bildirmişdir ki, qeyd olunan 20 nəfərin xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrində xidmət etməmələrini (işləməmələrini) nəzərə alaraq, onlara "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 20 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1593/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08 dekabr 2022-ci il tarixli, 2- 1(107)-369/2022 nömrəli qərarı ilə (sədrlik edən hakim V.Məlikov, hakimlər R.Rəfiyev və G.Cavadova) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərardan narazı qalan İddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(102)-850/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(107)- 369/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyаsiyа şikаyətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin əsaslandırması əsaslı olmamaqla yanaşı hüquq normalarımın əleyhinə təfsir olunması ilə nəticələndirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası PrezidentininTəhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən verilir. “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına və “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin 26 fevral tarixli sərəncamına əsasən cavabdehin imtinasını əsassız sayır. Çünki həmin orqan üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona verilmiş arayışdan görünür ki, o, ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X7 Mərkəzinə daşınmasında iştirak etmişdir. Hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra İPM-in) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: İşdə olan, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2243 nömrəli əmrindən görünür ki, Texniki dəstək bölməsinin sürücüsü Lətifov X2 Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə şəhərinə ezam olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 291 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Ağcabədiyə, xx.xx.2020-ci ildə Ağcabədidən Füzuliyə, xx.xx.2020-ci ildə Füzulidən Şamaxıya, xx.xx.2020-ci ildə Şamaxıdan Şəkiyə getmişdir. İşdə olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2288 nömrəli əmrindən görünür ki, İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli 307 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Füzuliyə, xx.xx.2020-ci ildə isə Füzulidən Şəkiyə getmişdir. İşdə olan "X7 Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 176 nömrəli arayışından görünür ki, İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X7 Mərkəzinə daşınmasında iştirak etmişdir. Əsaslandırma hissəsi: İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli, 2-1(102)-850/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(107)- 369/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir. Belə ki, hazırkı inzibati mübahisə iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etməsi olmuşdur. Cavabdeh həm imtina məktubunda həm də iddia ərizəsinə etirazda qeyd etmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Daha sonra Ali Məhkəmənin İnzibati Kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası ümumilikdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunaraq müharibə veteranı verilir. Həmçinin müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə mahiyyəti üzrə tam və obyektiv baxılması üçün iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının ezamiyyətinin əsaslarını araşdırmadan yəni onun döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi barədə ezamiyyə vərəqələrinin verilməsi üçün əsas olan halları araşdırmalı, iddiaçının həmin bölgədə fəaliyyətinin müvafiq Əsasnamədə qeyd olunan təminatın növlərinə uyğunluğu müəyyən edilməli və hazırkı qərarın 21-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından işin hallarına qiymət verməlidir. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Lakin, işdə olan ezamiyyə vərəqələrindən və əmrlərdən çıxarışlardan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam olunması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmur. Ona görə də birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27- dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. X9 Məhkəməsində baxılarkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinə sorğu göndərilərək İİ Qarabağ Müharibəsi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişinə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "Ağdam Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "X7 Mərkəzi" publik hüquqi şəxsinə hansı məqsədlə göndərilməsi və hansı tapşırıqların yerinə yetirilməsi barədə məlumatın verilməsi xahiş olunmuşdur. Eyni zamanda "Füzuli Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə sorğu göndərilərək İİ Qarabağ Müharibəsi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişinə əsasən, İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərinə hansı məqsədlə göndərilməsi və hansı tapşırıqların yerinə yetirilməsi barədə məlumatın verilməsi xahiş olunmuşdur. İşdə olan "Füzuli Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsindən məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, İddiaçı" 44 günlük Vətən müharibəsi zamanı Şəki rayon Mərkəzi Xəstəxanasından ezam olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut əraziləri uğrunda gedən döyüşlər zamanı yaralı hərbiçiləri Füzuli Mərkəzi rayon Xəstəxanasına (keçmiş X7 Mərkəzinə) təxliyyə edilməsində iştirak etmişdir. İşdə olan “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsindən məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, İddiaçı Fizuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən 2288 nömrəli ezamiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam edilmişdir. Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən 2243 nömrəli ezamiyyə vərəqəsi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ezam edilmişdir. Göründüyü kimi, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Texniki dəstək bölməsinin sürücüsü işləyir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020ci il tarixli, 2243 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına - Ağdərə şəhərinə ezam olunmuş, daha sonra xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Bundan əlavə, X7 Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli, 176 nömrəli arayışında da qeyd olunur ki, iddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X7 Mərkəzinə daşınmasında iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. İşə yenidən baxan apellyasiya məhkəməsinin inzibati kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yuxarıda iqtibas edilmiş məlum Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdusa ona müharibə veteranı verilir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verərək inzibati iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olduğundan təmin edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-423/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-423/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver