Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-424/2023 13.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər X5 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının” üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 1995-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunmuş, fərdi qaydada fəaliyyət göstərmişdir. Vəkil statusundadır. Son 9 ildir ki, strateji məhkəmə çəkişmələri ilə məşğul olur. Fəaliyyət göstərdiyi müddət ərzində, eləcə də Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməzdən əvvəl milli məhkəmələrdə və ibtidai araşdırma orqanlarında siyasi səbəblərdən həbs olunmuş şəxslərin, media nümayəndələrinin müdafiəsində iştirak etmiş, buna görə təqiblərə məruz qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmü ilə siyasi səbəblərdən həbs edilmiş X3 müdafiəsində iştirakı ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş və 240 saat ictimai işlər cəzasına məhkum edilmişdir. Həmin cəzanı çəkmiş və cəza çəkdiyi müddətdə haqqı ödənilmədən fiziki işlər görməyə məcbur edilmişdir. Müdafiə etdiyi şəxslər Milli və Beynəlxalq hüquq müdafiə təşkilatları tərəfindən siyasi və vicdan məhbusu olaraq tanınmışlar. Bundan əlavə iddiaçı Avropa Şurası tərəfindən dəstəklənən "Help" proqramı üzrə təlimlər aparmışdır. 2010-cu ildə Azərbaycan Respublikasının qanunverici orqanı olan Milli Məclisinə keçirilən seçkilərdə iştirakına imkan verilmədiyindən daxili şikayət instansiyalarını tükəndirdikdən sonra, Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmiş və şikayəti üzrə son qərar qəbul edilərək milli məhkəmələrin qanun pozuntularına yol verdiyi tanınmış, 10.000 Avro kompensasiya təyin edilmiş, qərar icra edilmişdir.
3. Vəkillər X1 3 iyul 2015-ci il tarixli qərarı ilə iddiaçı Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilərək vəkillik fəaliyyətinə xitam verilmişdir. Qərar qəbul edilərkən iddiaçıdan hər-hansı izahat alınmamış və ümumiyyətlə barəsində aparılan müzakirələr haqqında xəbərdar edilməmişdir. İddiaçı qərardan sayt vasitəsi ilə xəbərdar olmuşdur. Qərarın surəti iddiaçıya göndərilmədiyinə görə 10 iyul 2015-ci il tarixdə sorğu ilə cavabdehə müraciət etmişdir. Vəkillər Kollegiyasının 265 saylı, 16 iyul 2015-ci il tarixli məktubu ilə qərarın surəti iddiaçıya göndərilmişdir. Qərardan iddiaçının verdiyi şikayətlər məhkəmə qaydasında rədd edilib, hazırda şikayət Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.
4. “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq Vəkillər Kollegiyasına üzvlük üçün 2017-ci ilin dekabr ayının 16-da təkrar müraciət etmişdir.
5. Müraciət etdikdən sonra dəfələrlə cavabdeh təşkilatın rəhbər vəzifəli şəxsləri ilə görüşmüş, ərizəsinin taleyinə aydınlıq gətirilməsini istəmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının sədri, aparat rəhbəri, sədr müavinləri ilə görüşləri nəticəsiz qalmışdır. Ərizəsi baxılması üçün İxtisas Komissiyasına göndərilməmiş, səbəbləri barədə yazılı məlumat verməkdən imtina edilmişdir. 2019-cu ilin iyul ayında sosial şəbəkə üzərindən cavabdehə etdiyi müraciətdən sonra cavabdeh təşkilat Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 4 avqust 2019-cu il tarixli, 1114 saylı məktubla bildirilmişdir ki, şifahi müsahibə mərhələsinə dəvət olunacaqdır. Vaxt və yer haqqında heç bir məlumat verilməmişdir. Cavab başdansovdu olduğundan 30 avqust 2019-cu il tarixdə cavabdehə sorğu ilə müraciət etmiş, 2017-ci ilin dekabr ayının 16-dan etibarən Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının keçirilən iclasları barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçının müraciəti cavablandırılmamışdır.
6. Bakı İnzibati Məhkəməsində cavabdehə qarşı "öhdəlik qoyulması tələbinə dair" iddia qaldırdıqdan sonra cavabdeh 11 yanvar 2020-ci il tarixdə mesaj və 12 yanvar 2020-ci il tarixdə teleqramla iddiaçını 14 yanvar 2020-ci il tarixdə keçirilən şifahi müsabiqəyə çağırmış, istifadəsində olan sosial şəbəkədə yerləşdirdiyi məlumatda şifahi müsahibədən keçən şəxslər siyahısına iddiaçının adını daxil etməmişdir. İddiaçı sorğu ilə tələb etsə də, İxtisas Komissiyasının 2020-ci il tarixli iclas protokolu ona göndərilməmişdir. İnternet resurslarında cavabdehin yerləşdirdiyi məlumat əsasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası İxtisas Komissiyasının inzibati akt kimi qəbul edilə biləcək protokolundan cavabdehə şikayət vermişdir. İddiaçı şikayətinə baxılmasının vaxtı və yeri barədə heç bir məlumat almamış, təkrar sorğulardan sonra cavabdeh Azərbaycan Respublikası Vəkillər X2 sədr müavininin imzası ilə 317 nömrəli 04 mart 2020-ci il tarixli məktubla ona bildirilmişdir ki, İxtisas Komissiyasının qərarından verdiyi şikayət cavabdehin xx.xx.2020-ci il tarixli iclasında baxılaraq müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, siyasi səbəblərdən təqib olunan şəxsləri və təşkilatları müdafiə etdiyinə görə təqib olunmuş, ayrı-seçkiliyə məruz qalmışdır ki, bu da həm ölkə daxili qanunvericiliyə, həm də Azərbaycan Respublikasının tərəfdar çıxdığı, qoşulduğu beynəlxalq müqavilə və Konvensiyalara ziddir.
7. Bundan başqa məktubda iddiaçının müraciətinə hansı qaydada baxıldığı, İxtisas Komissiyasının üzvlərinin dəvət edilib-edilmədiyi göstərilməmişdir. Yuxarıda göstərdiyi kimi iddiaçı həmin iclas barədə məlumatlandırılmamış, iclasın protokolu, qəbul edilmiş qərarın surəti ona göndərilməmişdir.
8. Həmin iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 oktyabr 2021ci il tarixli qərarı ilə başa çatmış, iddianın təmin edilməməsi barədə Şəki Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. İş üzrə məhkəmə aktlarından Avropa Məhkəməsinə şikayət vermişdir.
9. İddiaçı sənədlərini təkrarən Vəkillər Kollegiyasının rəyasət Heyətinə təqdim edərək şifahi müsahibə mərhələsinə buraxılmağını xahiş etmişdir. Sənədlər 08 fevral 2021-ci il tarixdə rəsmi poçtla daxil olsa da, uzun müddət baxılmamış, baxılmamasının səbəb və əsasları barədə məlumat verilməmişdir. İddiaçı 2021-ci ilin sentyabrında İxtisas Komissiyasına çağrılmış, Komissiya üzvlərinin verdiyi beş sualın beşini də müvəffəqiyyətlə cavablandırmışdır. 21 oktyabr 2021-ci il tarixdə Vəkillər Kollegiyası İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli məlumatı dərc edilmiş, lakin iddiaçının adı İxtisas Komissiyasının şifahi müsahibəsindən keçmiş namizədlər siyahısına daxil edilməmişdir. Qərardan verdiyi şikayət Azərbaycan Respublikası Vəkillər X2 4 noyabr 2021-ci il tarixli qərarı ilə rədd edilmişdir. İddiaçı israr etməsinə baxmayaraq Azərbaycan Respublikası Vəkillər X2 4 noyabr 2021-ci il tarixli iclasına çağırılmamışdır. İddiaçının teleqramla müraciətindən sonra Azərbaycan Respublikası Vəkillər X4 sədrinin müavini iddiaçıya 11 noyabr 2021-ci il tarixli, 1267 saylı məktub göndərmiş, ərizəsinin təmin edilməməsini bildirmişdir. Məktuba qərar əlavə edilməmişdir.
10. İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası Vəkillər X2 3 iyul 2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmış və vəkillik fəaliyyətinə xitam verilmişdir. Əsas olaraq iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunması göstərilmişdir. İddiaçı məhkəmə hökmü ilə müəyyən edilmiş cəzasını çəkmiş və hazırda məhkumluğu yoxdur.
11. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə görə məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir.
12. Cavabdehin xx.xx.2022-ci il tarixli 243 nömrəli imtina məktubundan görünür ki, iddiaçı cavabdehə müraciət edərək ixtisas imtahanının şifahi müsahibə mərhələsini vermədən Vəkillər Kollegiyası üzvlüyünə bərpa olunmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, müraciətin təmin edilməsi üçün hüquqi əsas yoxdur.
13. Cavabdeh elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı əvvəllər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmuşdur. Azərbaycan Respublikası Vəkillər X1 xx.xx.2015-ci il tarixli 8 saylı iclas qərarı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2015-ci il tarixli qərarını nəzərə alaraq, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikalı Qanununun 23-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən Zərdab rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil İddiaçı xx.xx.2015-ci il tarixdən Vəkillər Kollegiyası üzvlüyündən xaric edilərək, vəkillik fəaliyyətinə xitam verilmişdir.
14. İddiaçı məhkumluğu ödənildikdən sonra Azərbaycan Republikası Vəkillər Kollegiyasına ərizə ilə müraciət edərək artıq məhkumluğunun ödənildiyini və buna görə də vəkillik fəaliyyətinə bərpa edilməsini xahiş etmişdir.
15. İddiaçının müraciətinə baxılmış, xx.xx.2022-ci il tarixli, 243 nömrəli məktubla ona qanunvericiliyin tələbləri izah edilərək tələbinin təmin olunması üçün hüquqi əsasın olmadığı bildirilmişdir. Bundan sonra vətəndaş məhkəməyə müraciət etmişdir.
16. İddiaçı qanunvericiliyin tələblərini şəxsi olaraq mülahizə etmiş və gəldiyi nəticəyə uyğun olaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
17. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda vəkilin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xilam verilir, bu maddənin 1-ci hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
18. Həmin qanunun 8-ci maddəsinin 1-ci hissəsinə əsasən əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.
19. Qanunvericiliyin tələblərindən aydın görünür ki, iddiaçının fəaliyyətinə məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmünə əsasən xitam verildiyinə görə o, əvvəllər vəkil olmuş şəxs kimi yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsində uğur qazanmaqla vəkilliyə qəbul edilə bilər. Belə olan halda, iddiaçının tələbi qanunsuz və əsassızdır.
20. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
21. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
22. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
23. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
24. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-385/2022 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(102)-840/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-385/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
26. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək həmin ərizəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 04 oktyabr 2021-ci il tarixli protokolunda düzəliş aparılmasını, adının şifahi imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər siyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, iddiaçının qeyd etdiyi dəqiqləşdirmə ərizəsindəki tələblər əvvəlki iddia tələbinə uyğundur. Hesab edir ki, iş materiallarında ixtisas komissiyasının rəyi var. Bu barədə qərar da qəbul edilmişdir. Təbii olaraq belə olan halda iddia tələbini qəbul etmirlər.
TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
30. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, Ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajı olan və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərən, İxtisas Komissiyasında peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirmiş şəxs bu maddənin İİ hissəsində göstərilən hallara zidd olmamaq şərti ilə vəkil ola bilər. Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər. Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər. 11-ci maddəsinin 3-cü hissəsinə görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahılarını tərtib edir və müvəqqəti saxlama yerlərinə təqdim edir; İxtisas Komissiyasına üzvlər təyin edir; ixtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; vəkillik fəaliyyətinin həyata keçirilməsi məsələlərinə dair metodik tövsiyələr hazırlayır; vəkillər haqqında intizam icraatı başlayır; vəkillər arasında qanunvericilik və məhkəmə təcrübəsi sahəsində məlumatlandırma işinin aparılmasını təşkil edir; Rəyasət Heyəti aparatının strukturunu, ştat cədvəlini, xərclər smetasını və işçilərin əmək haqqını təsdiq edir və bu Qanunda nəzərdə tutulmuş digər məsələləri həll edir. 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. İİ. Vəkillərin fəaliyyətinə Vəkillər X1 qərarı ilə xitam verilir. Bu maddənin İ hissəsinin 7-ci və 9-cu abzaslarında nəzərdə tutulmuş hallarda vəkillərin fəaliyyətinə xitam verilməsi yalnız vəkilin Kollegiyadan xaric olunması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
31. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qismən əsaslı olduğundan Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati 19 aprel 2023-cü il tarixli, 2- 1(102)-840/2023 saylı qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 dekabr 2022-ci il tarixli, 2-1(107)-385/2022 nömrəli qərarını ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. İnzibati Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə hazırkı iş üzrə 19 aprel 2023-cü il tarixli, 2-1(102)-840/2023 saylı nömrəli qərarında qeyd edir ki, iddiaçının iddia ərizəsində sadaladığı yuxarıda göstərilmiş Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli şifahi müsahibədən keçmiş namizədlərin siyahısı, Vəkillər X2 04 noyabr 2021-ci il tarixli qərarı, eyni zamanda 2021-ci ilin sentyabrında Vəkillər Kollegiyasının İxtisas Komissiyasında keçirilmiş iclas protokolu və iddiaçının sözügedən məsələyə dair qərarı iş materiallarında mövcud deyildir və nəzərə alaraq ki, məhkəmə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə hüquqşünasların qəbul edilməsinə qərar verən orqan deyildir, məhkəmə kollegiyası hesab edir ki, adıçəkilən sənədlər tələb edilməklə İPM-nin 13-cü maddəsinin tələbləri baxımından onlarla iddiaçıya tanış olmaq imkanı yaradılmalı və iddiaçıya sözügedən sənədlərin mübahisələndirilməsi və buna görə də iddia tələblərinin dəqiqləşdirilməsi halında iddianın mümkünlüyü məsələsi baxımdan iddiaçıya apellyasiya məhkəməsi tərəfindən yardım edilməlidir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və ətraflı şəkildə araşdırmayaraq qanunvericiliyin tələblərinə uyğun olmayan qərar qəbul etmişdir.
35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarında da göstərildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən İPM-in 13-cü maddəsinə əsasən, iddiaçıya yardım göstərilməli, Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli şifahi müsahibədən keçmiş namizədlərin siyahısı, Vəkillər X2 04 noyabr 2021-ci il tarixli qərarı, eyni zamanda 2021-ci ilin sentyabrında Vəkillər Kollegiyasının İxtisas Komissiyasında keçirilmiş iclas protokolu və iddiaçının sözügedən məsələyə dair qərarı tələb edilməklə əldə edilməli və iddiaçıya həmin sənədlərlə tanış olmaq imkanı yaradılmalıdır.
36. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə yardım göstərilmiş və İddiaçı 13 sentyabr 2023-cü il tarixli məhkəmə kollegiyasının iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək göstərmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 04 oktyabr 2021-ci il tarixli protokolunda düzəliş aparılmasını, adının şifahi imtahan mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər siyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
37. Həmin tarixli iclasda ərizə icraata qəbul edilmişdir.
38. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbi dəyişdirilməklə inzibati iş üzrə irəli sürülə tələbin əsası və predmeti dəyişdirilmişdir. Belə olan halda işin birinci instansiya məhkəməsi tərəfindən yenidən baxılması üçün əsas yaranmışdır. Belə ki, həmin ərizə ilə iddianın əsası və predmeti dəyişdiyindən birinci instansiya məhkəməsi tərəfindən ilk öncə iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət verilməsi, iddianın mümkün sayılması üçün qanunvericiliklə müəyyən edilmiş ilkin şərtlərə cavab verib-verməməsi, iddiaçı tərəfindən iddianın mümkünlük şərtlərinə əməl edilməsi ilə bağlı prosessual hərəkətlərin edilməsi yoxlanılmalı, eyni zamanda Vəkillər Kollegiyasının İxtisas Komissiyasının 20 oktyabr 2021-ci il tarixli şifahi müsahibədən keçmiş namizədlərin siyahıssı, Vəkillər X2 04 noyabr 2021-ci il tarixli qərarı, eyni zamanda 2021-ci ilin sentyabrında Vəkillər Kollegiyasının İxtisas Komissiyasında keçirilmiş iclas protokolu və iddiaçının sözügedən məsələyə dair qərarının tələb edilərək iddiaçıya həmin sənədlərlə tanış olmaq imkanının yaradılması zərurəti yarandığından yenidən birinci instansiya məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əhəmiyyətli sayda və ya geniş həcmdə sübutları araşdırmadan yekun qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2-1(116)-1060/2022 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.