Məhkəmə qərarları › İş №2-1(107)-424/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-424/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-424/2024 25.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X6 (sədrlik edən və məruzəçi), X24 və X16 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı1, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X18 iştirakları ilə, İddiaçılar İddiaçı1 və digərlərinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X5 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X9 və İddiaçı8 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin İddiaçı1 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır.

2. ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsi İddiaçı1, X10, X17 və İddiaçı7 paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır.

3. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsinə əsasən Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 saylı qərarı ilə verilmiş JN 915B, kod 40216018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədə qeyd olunmuş 0.32 ha torpaq sahəsinin mərhumlar X10 və X14 məxsus hissəsi üzərində X3 qanun üzrə vərəsəlik huququ müəyyən edilmiş, Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən mərhumlar X10 və X14 məxsus miras əmlaka dair üçüncü şəxs İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 19 dekabr 2013-cü il tarixli 2V-543 və 2V-544 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmçinin İddiaçı7 və İddiaçı1 adına Zaqatala rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 24 iyul 2019-cu il tarixli 2V-855 və 2V-856 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmiş, şəhadətnamələr əsasında X4, X11, İddiaçı7 və İddiaçı1 adına 27 avqust 2018- ci il tarixdə verilmiş Seriya RX ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və İddiaçı7 və İddiaçı1 adına 26 iyul 2019-cu il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış ləğv edilmişdir.

4. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)- 1852/2020 nömrəli qətanməsinə əsasən üçüncü şəxslər İddiaçı1 və İddiaçı7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(033)-294/2020 nömrəli qətanməsi dəyişdirilmədən saxlanılmışdır.

5. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Zaqatala rayonu Tala kəndində yerləşən 0,32 ha torpaq sahəsinin X12 (2/3 hissə) və İddiaçı7 (1/3 hissə) paylı mülkiyyətində olması ilə bağlı qeydiyyat aparılmışdır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X9, İddiaçı8 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək "Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X11, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

7. Daha sonra İddiaçı1 2-1(116)-926/2023 nömrəli inzibati iş üzrə tələbini dəqiqləşdirərək “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X5 aid hissədə ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərarddadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, ümumibirgə mülkiyyətlərinə Zaqatala rayonu Yuxarı Tala kəndində 2,7016 ha kənd təsərrüfatı və 0,32 ha həyətyanı torpaq sahəsi verilmişdir. Onların Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 2,7016 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Lakin, 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yalnız mərhumlar X10 və X13, o cümlədən İddiaçı7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. X2 və X7 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 vərəsəlik hüququ müəyyən edilmişdir. Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e- 2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən, Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusu tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr və dövlət reyestrindən çıxarışlar ləğv edilmişdir. Həmçinin, qeyd olunan məhkəmə qərarı ilə həmin əmlaklar üzərində X3 da qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. Lakin, buna baxmayaraq iddiaçıda olan məlumata əsasən, qeyd olunan məhkəmə qətnaməsi əsas götürülərək iş üzrə cavabdeh inzibati orqan, X2 və X7 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində yanlız X3 hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e- 2(033)-294/2020 iş nömrəli qətnaməsinə əsasən qardaşı X3 mübahisə predmeti olan torpaq sahəsinə qanun üzrə vərəsəlik hüququ müəyyən edilsə də, orada ona çatacaq pay qeyd edilməmişdir. Belə ki, X1 Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən Zaqatala rayon 2 saylı Notariat Ofisinin notariusuna müraciət etməli və bundan sonra o, qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli idi. Yalnız bundan sonra X3 X2 və X8 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatı mümkün idi. Göründüyü kimi, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Zaqatala Rayon Məhkəməsinin 6 iyul 2020-ci il tarixli, e-2(033)- 294/2020 iş nömrəli qətnaməsinə əsasən X2 və X7 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi üzərində tam pay hüququ ilə X3 hüquqlarını dövlət qeydiyyatına alması qanunsuz və əsassız olmuşdur. Buna görə də hazırkı tələblə bağlı cavabdeh orqana müraciət edilmiş, lakin müraciət təmin edilməmişdir.

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 13 mart 2023-cü il tarixli 2- 1(116)-926/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

10. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il, 2- 1(107)-347/2023 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X9 və İddiaçı8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. İddiaçı1 və onun vəkili Vəkil həmin qərardan kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il, 2-1(107)-347/2023 nömrəli qərarının ləğv edilərək işin təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsindəki icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024cü il tarixli, 2-1(102)-152/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 2-1(107)- 347/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, əlavə olaraq göstərmişlər ki, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)- 294/2020 nömrəli qətnaməsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamələr və çıxarış ləğv edilmişdir. Həmçinin, qeyd olunan məhkəmə qətnaməsi ilə həmin əmlaklar üzərində X3 da qanun üzrə vərəsəlik hüququ müəyyən edilmişdir. Buna baxmayaraq, həmin qətnamə əsasında cavabdeh inzibati orqan tərəfindən üçüncü şəxsin hüquqları qeydiyyata alınaraq çıxarış verilmişdir. Eyni zamanda, mübahisə predmeti olan torpaq sahəsi Zaqatala rayon AİK 25 sentyabr 2003-cü il tarixli 110 nömrəli qərarı ilə X10 və X11 birgə mülkiyyətinə verilmişdir. Şəki inzibati məhkəməsi iddianın mübahisəli torpaq sahəsinin iddiaçıların birgə mülkiyyətinə verilməsi hissəsinə ümumiyyətlə münasibət bildirməmişdir. Bundan başqa, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə yalnız İddiaçı1 tərəfindən verilməsinə baxmayaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə icraata qəbul edilmişdir. Göründüyü kimi, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarı maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmaqla qəbul olunmuşdur ki, bu da həmin qərarın ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

16. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər.

17. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X25 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası da digər tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddən 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.3. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati məhkəmə icraatında prosessual həmiştirakçılardan hər biri digər tərəfə qarşı müstəqil şəkildə çıxış edir. Prosessual həmiştirakçılardan hər hansı birinin hərəkəti digərinin nə xeyrinə, nə də zərərinə təfsir oluna bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

20. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. - 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

21. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarından təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin qismən əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarı ləğv edilməlidir.

23. Belə ki, iş materiallarından görünür ki, iş üzrə birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X9 və İddiaçı8 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək “Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən 0.32 ha həyətyanı torpaq sahəsi üzərində X2nun və X11, o cümlədən İddiaçı7 adına, bundan sonra isə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsas götürülməklə X3 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüquqları ilə bağlı qeydiyyatların və həmin qeydiyyatların rəsmiləşdirilməsinə dair çıxarışların ləğv edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlarda düzəliş edərək, qeyd olunan torpaq sahəsi üzərində onların da hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişlər.

24. Daha sonra birgə iddiaçılardan biri - İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli e-2(033)-294/2020 nömrəli qətnaməsi əsasında verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın X5 aid hissədə ləğv edilməsi” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə xx.xx.2023-cü il tarixli məhkəmə hazırlıq iclasının protokol qərarı ilə icraata qəbul edilməklə, iddia tələbinə dəyişdirilmiş məzmunda mahiyyəti üzrə baxılıb qərar qəbul edilmişdir.

25. Hazırki qərarın 13-cü bəndindən də görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2-1(102)-152/2024 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 iyul 2023-cü il tarixli, 21(107)-347/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilərkən işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

26. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi hazırkı iş üzrə 25 aprel 2024-cü il tarixli, 2-1(102)-152/2024 nömrəli qərarında qeyd etmişdir ki, iş üzrə 11 nəfər birgə iddiaçı olduğu halda, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə iddiaçılardan yalnız biri (İddiaçı1) tərəfindən imzalanmış və həmin şəxsin digər iddiaçıları təmsil etmək səlahiyyəti olmamışdır (iş materiallarında bu barədə müvafiq sübut yoxdur). Buna baxmayaraq, məhkəmə digər birgə iddiaçıların iddianın dəyişdirilməsinə münasibətini də aydınlaşdırmamış, beləliklə də dəyişdirilmiş iddianın mümkünlüyünü yoxlamadan birgə iddiaçıların iddia tələbinə yeni məzmunda mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 digər iddiaçıları təmsil etməklə bağlı səlahiyyəti (etibarnamə) olmadığından qanunvericiliyin tələbi baxımından, onun iddianın dəqiqləşdirilməsi (dəyişdirilməsi) ilə bağlı hərəkəti digərlərinin xeyrinə və ya ziyanına təfsir oluna və onların iradəsini ifadə edə bilməz. Odur ki, məhkəmə digər birgə iddiaçıların da ərizəyə münasibətini aydınlaşdırmaqla iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbul edilib - edilməməsi, yəni dəyişdirilmiş məzmunda iddianın mümkünlüyünü yoxlamalı, yalnız bundan sonra iddiaya mahiyyəti üzrə baxılıb qərar qəbul edilməli olduğu halda bunu etməmişdir.

28. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

29. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

30. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyü yoxlanılmalı, iddianın mümkünlük şərtləri ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalıdır.

31. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

32. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

33. Birinci instansiya məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

34. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn işə mahiyyəti üzrə baxmaqla düzgün nəticəyə gəlməmiş, məhkəmə tərəfindən baxılan iddianın mümkünlüyü yoxlanılmadan, prosessual pozuntuya yol verilməklə işin mahiyyəti üzrə qərar qəbul edilmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, X9 və İddiaçı8 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli 2-1(116)-926/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apelyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar