Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-425/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı “ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb “ərizə-bəyənnamə” ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müdətinə aztəminatlı ailəsinə təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmamasına dair Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1214/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb “ərizə bəyənnamə” ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müdətinə aztəminatlı ailəsinə təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin (bundan sonra - “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya 30.07.2021-ci il tarixli yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin struktur bölmələrinin fəaliyyətinin optimallaşdırılması, habelə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli 1077 nömrəli fərmanı ilə təsdiq edilmiş, “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin” 4.5.6-cı və 4.5.7-ci yarımbəndlərini rəhbər tutaraq Fond tərəfindən 23.11.2020-ci il tarixli ******* nömrəli qərar qəbul edilmiş, qərara əsasən Fondun keçmiş rayon şöbələri (filialları) üzrə regional ərazi filialları yaradılmış, onların əsasnamələri təsdiq edilmişdir. Mingəçevir şəhəri üzrə faktiki olaraq Fondun 17 saylı regional ərazi filialı fəaliyyət göstərir ki, həmin qurum tərəfindən pensiya təyinatı aparılmır. İPM-in 13-cü maddəsinə müvafiq olaraq, iddiaçıya cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi yerinə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qeyd edilməklə dəqiqləşdirilmiş iddia ərizəsini Məhkəməyə təqdim etmək təklif olunmuş, əks təqdirdə İPMin 35-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi bildirilmişdir. Eyni zamanda İPM-in 8.1.4-cü maddəsinə əsasən iddiaya cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalı olduğundan, nəzərinə çatdırılmışdır ki, iş üzrə cavabdeh dəyişdirildiyi halda iddia ərazi aidiyyəti üzrə əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi yer - ünvan 1 ünvanı nəzərə alınmaqla, baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmənin yardım məktubu iddaçı tərəfindən 15.08.2021-ci il tarixdə sifarişli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul olunmuşdur. İddiaçı məhkəmənin yardımına cavab olaraq 26.08.2021-ci il tarixdə məhkəməyə təkrar iddia ərizəsi təqdim edərək bu dəfə cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun 17 saylı Yevlax şəhər (rayon) ərazi regional idarəsini göstərmişdir. İddiaçı 30.08.2021-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə zəng vuraraq 30.07.2021-ci il tarixli yardım məktubunu aldığını, cavabdehi dəqiqləşdirdiyini, iddianın ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi məsələsinə etiraz etdiyini bildirmiş, məhkəmənin yardımına başqa münasibət bildirməyəcəyini qeyd etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1214/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı “ehtiyac meyarının məcmusu arasında yaranmış fərq məbləğinin, yəni 375 manat məbləğin hesablanıb “ərizə-bəyənnamə” ilə müraciət etdiyi 02.06.2021-ci il tarixdən hər ay üçün 1 il müdətinə aztəminatlı ailəsinə təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin hakimi əsl cavabdehi dəyişib Nazirliyi göstərməyini tələb edir və bu işi Bakı İnzibati Məhkəməsinə yönləndirmək istədiyini bildirmişdir. Hakim bunu onunla əsaslandırır ki, Mingəçevirin və ya Yevlaxın Şöbələri pensiya təyin etmir. O "Pensiya" yox, sosial yardım tələbinə dair iddia tələbi irəli sürmüşdür. Qaydaların 6.1-ci bəndinə əsasən Nazirlik özü Sosial yardım təyin etmir, yalnız Sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət həyata keçirilir və bu səbəbdən Nazirlik özü cavabdeh ola bilməz. Cənab Prezidentin 2016-cı il 24 iyun tarixli 976 nömrəli Fərmanı ilə Nazirlik yanında DSMF-du haqqında təsdiq etdiyi "Əsasnamə"nin 5.1-ci bəndinə və 3.1.20-ci yarımbəndinə əsasən Sosial yardım aztəminatlı ailələrə təyin etmək öhdəliyi Nazirlik yanında DSMF-nun şəhər, rayon Şöbələrinin üzərinə qoyulubdur. Göründüyü kimi, aztəminatlı ailələrə Sosial yardım VEMTAS vasitəsi ilə təyin etmək öhdəliyi Nazirliyin tabeliyində olan yeni yaradılmış DSMF-nun 17 saylı Yevlax Ərazi İdarəsinin Şöbəsinin ayda 1500 AZN maaş alan sosial yardım üzrə işçisinin üzərinə qoyulubdur. Nazirlik yanında VEMTAS tərəfindən aztəminatlı ailəmə imtina verilsəydi o cavabdeh qismində Nazirliyi göstərib cavabdehin yaşayış yeri üzrə Bakı inzibati Məhkəməsində iddia tələbi irəli sürməzdi. Əhəmiyyətli dərəcədə vəsait xərcləyib Mingəçevirdə 3 körpə uşağını ac qoyan, işini gücünü atan Təmsilçinin Bakıda nə işi var? Qanunvericiliyin əsas məqsədi aztəminatlı ailələrin maddi təminatı üçün dövlətin həyata keçirdiyi bir tədbir olması nəzərə almarsa ən azı aztəminatlı ailələrin Respublikanın ucqar rayonlarından əhəmiyyətli dərəcədə vəsait xərcləyib Bakı şəhərində iddia tələbi irəli sürməsi qanunvericiliyin ümumi prinsiplərinə uyğun hesab edilməməlidir. Əks təqdirdə bu hal aztəminatlı ailələrlə bağlı qeyd edilən tədbirin həyata keçirilməsinin səmərəsizliyinə xidmət edir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1214/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iclasda iştirak etməmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayətini vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 10 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1214/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddia düzgün cavabdehə qarşı yönəldilməmişdir. Belə ki, Mingəçevir şəhəri üzrə faktiki olaraq Fondun 17 saylı regional ərazi filialı fəaliyyət göstərir ki, həmin qurum tərəfindən isə pensiya təyinatı aparılmır. Hazırkı iddia tələbi üzrə nə iddiaçının cavabdeh qismində göstərdiyi DSMF Mİngəçevir şəhər şöbəsi, nə də ki, təkrar iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi DSMF 17 saylı Yevlax ərazi regional idarəsi adlı qurum faktiki olaraq mövcud deyildir. Məhkəmənin iddia tələbinin ifadə tərzi ilə bağlı olmadığı nəzərə alınaraq iddiaçının Fondun 17 saylı regional ərazi filialını cavabdeh qismində göstərmək niyyəti fərz olunsa belə, həmin qurum hazırkı iddia tələbi üzrə cavabdeh qismində qəbul oluna bilməz. Məhkəmənin iddiaçıya ünvanladığı yardım məktubunda da göstərildiyi kimi, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Həmin qanunun 6.3-cü maddəsinə görə sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü hissəsinə əsasən həmin Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. Qanunvericilikdə aşkar şəkildə təsbit edilmişdir ki, istər sosial yardımın təyin edilməsi, istərsə də onun məbləğinin dəyişdirilməsi və ya verilməsinin dayandırılması ilə bağlı səlahiyyət Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məxsusdur. Belə olan halda iddiaçı tərəfindən iş üzrə cavabdehin əsl cavabdehlə əvəz olunmalı olduğu halda, onun doğru olmayan subyektə qarşı yönəlmiş təkrar iddia ərizəsinin icraata qəbul olunması zərurəti də ortadan qalxır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, ərizəni təmin etməməklə prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərardad qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-1214/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1214/2021 nömrəli, 03.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-425/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-425/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver