Məhkəmə qərarları › İş №2-1(107)-425/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-425/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-425/2024 11.12.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X10 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “A 279171, A 279232 və A 279169 №-li “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunan torpaq sahələri, o cümlədən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(116)-6/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X16, X7 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi; A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı və A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatlı torpaq sahələri, o cümlədən, 600 kv.metr həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1047/2022 nömrəli qərardadı ilə X16, X7 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-95/2023 nömrəli qərardadı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-1047/2022 qərardadı ilə 2-1(116)-95/2023 nömrəli inzibati iş üzrə üçüncü şəxs qismində zəruri cəlb edilmiş X4 inzibati məhkəmə icraatında iştirakına xitam verilmişdir.

4. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: - Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarına əsasən Zaqatala rayonu, Əliabad qəsəbəsində A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 600 kv.m həyətyanı, A seriyalı 279232 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 600 kv.m həyətyanı, A seriyalı 279169 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 100 kv.m kənd təsərrüfatı təyinatlı və A seriyalı 279227 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan 2200 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçının mülkiyyətinə verilmişdir.

5. İddiaçı Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarına əsasən mülkiyyətinə verilmiş yuxarıda qeyd olunan torpaq sahələri, o cümlədən, 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının dövlət qeydiyyatı məqsədi ilə iş üzrə cavabdehə müraciət etmiş, lakin sonuncu 30 iyun 2021-ci il tarixli **********43 nömrəli və 01 oktyabr 2021-ci il tarixli, **********62 nömrəli məktubları ilə hüquqların dövlət qeydiyyatından imtina etmişdir.

6. İş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 30 iyun 2021-ci il tarixli, **********43 nömrəli məktubdan məlum olur ki, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarına əsasən sonuncunun mülkiyyətinə verilmiş 600 kv.m həyətyanı torpaq sahəsi elektron baza xəritələrində tam fərqli qeyd edilmişdir. Həmçinin, "Torpaq sahəsinin planı və ölçüsü" sənədində qeyd olunan torpaq sahəsinin bir hissəsi üzərində X16 və digərlərinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı etibarnamə üzrə nümayəndəsi Şərifov X17 rayonu AİK-nın qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsi üzərində X11 adına aparılmış qeydiyyatın ləğv edilməsinə və onun ərizəsində qeyd olunan həyətyanı, fərdi yaşayış evi və k/t təyinatlı torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına köməklik göstərilməsi məqsədi ilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizələrlə müraciət etmişdir.

8. İddiaçının ərizələrinin icrası zamanı məlum olmuşdur ki, iddiaçının ərizəyə əlavə etdiyi torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən cizgilərlə ərazi idarəsinin xidməti istifadəsinə olan elektron uçot xəritələrində göstərilmiş cizgilər arasında uyğunsuzluq vardır. Belə ki, “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki cizgilərə əsasən torpaq sahəsi 0,06 ha qeyd edilmişdir. Lakin, ərazi idarəsinin xidməti istifadəsində olan elektron uçot xəritələrində qeyd olunan cizgilərə əsasən torpaq sahəsinin ölçüsü 0,12 ha təşkil edir. Bundan əlavə, həmin torpaq sahəsinin bir hissəsi daşınmaz əmlakın dövlət reyestrində elektron uçot xəritələrinə əsasən X11 adına qeydiyyata alınmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. Həmçinin, iddiaçının ərizəsinə əsasən başqa şəxsin adına aparılmış qeydiyyatın və qeydiyyata dair çıxarışın ləğvi ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizələrinin icrası tərəfimizdən mümkün olmamış və bu barədə xx.xx.2021-ci il tarixli, **********43 nömrəli və 01 oktyabr 2021-ci il tarixli, **********62 nömrəli məktublar göndərilmişdir.

9. İddia ərizəsi ilə bağlı aparılan araşdırmanın nəticəsi olaraq məlumat veririk ki, ləğv edilməsi iddia olunan Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iş üzrə 3-cü şəxslər X11, X2 və X4 adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı, "Zaqatala rayonu, Əliabad qəsəbəsində keçmiş "Qələbə” və "Əliabad” təsərrüfatında torpaq islahatı ilə əlaqədar görülmüş işlər haqqında” Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 62 nömrəli Sərəncamı və həmin sərəncama dair Zaqatala Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş 13 aprel 2018-ci il tarixli "Zaqatala rayonu, Əliabad qəsəbəsində "Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid” elektron siyahısı (sıra nömrəsi 608) və həmin siyahıda göstərilmiş torpaq sahələrinə, o cümlədən sözügedən 0,13 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair hazırlanmış elektron uçot xəritəsi olmuşdur.

10. Məlumat üçün bildiririk ki, yuxarıda qeyd olunan əsaslarla (həmin elektron siyahısının 640 sırasında göstərilmişdir) iddiaçıya və digərlərinə də Zaqatala rayonu, Əliabad qəsəbəsində 0,12 ha ölçüdə həyətyanı və cəmi 1,70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir.

11. Üçüncü şəxs iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - həyat yoldaşı X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İddiaçı mərhum X4 əmisi arvadıdır. İddiaçı bu halı bildiyi halda iddia ərizəsində mərhum X6 üçüncü şəxs qismində göstərmişdir.

12. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən X11, mərhum X4 və X1 adına Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.1291 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi reyestrdə ********** nömrə qeydiyyat alınaraq xx.xx.2021-ci il tarixdə çıxarışla rəsmiləşdirilmişdir.

13. Qeyd etmək istəyirik ki, mülkiyyətçi olduğumuz torpaq sahəsinin İddiaçı heç bir aidiyyəti yoxdur. İddia olunan torpaq sahəsi torpaq islahatı zamanı ailəsinin mülkiyyətinə verilmişdir.

14. Bundan başqa İddiaçı torpaq tələbi olmuş olsaydı, Zaqatala rayonu Aqrar İslahat Komissiyasına qarşı iddia qaldıra bilərdi.

15. Görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinin tələbi izah edilmişdir ki, hansı ki, məhkəmə təcrübəsində qeyd olunan iddia tələbləri üzrə 30 gün müddət şamil olunur. Bu səbəbdən də, iddiaçı mülkiyyətində olan torpaq sahəsini heç bir əsas olmadan tələb edir. Ona görə də, iddia ərizəsi ilə razı deyil. Hazırda iddiaçının Zaqatala Rayon Məhkəməsində ona qarşı torpaq iddiası barədə mülki işə baxılır. İddiaçının hüquqverici sənədləri olmadığından Şəki İnzibati Məhkəməsində mülkiyyət sənədini mübahisələndirir.

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məmzunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

18. Üçüncü şəxs birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən çıxarışda qeyd edilmiş torpaq sahəsində fındıq kolları mövcuddur və həmin torpaq sahəsindən sonuncu dəfə 1977-ci ildə istifadə etmişdir. Sözügedən torpaq sahəsi iddiaçıya məxsus yaşayış sahəsinin arxa tərəfində yerləşir və iddiaçı həmin torpaq sahəsindən istifadə etməyə ona imkan vermir. Həmin torpaq sahəsindən bir qədər kənarda özünə məxsus digər fındıq bağı da mövcuddur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 aprel 2024-cü il tarixli 2- 1(116)-6/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

20. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

21. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin üçüncü şəxslər X16 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi hissəsi mümkün sayılmamışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının iddia etdiyi məhkəməyə təqdim etdiyi müvafiq plan-ölçü sənədlərdəki bütün torpaq sahalərinin TEKUİS məlumat bazasına əsasən cizgiləri (sərhəd, yerləşmə və konfiqurasiyası) və aşağıda qeyd olunan sahələrin kateqoriyası həmin sənədlərdəki kateqoriyaya uyğun hazırlanmamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş mütəxəssis məlumatlarından (rəy, sxem, plan-cizgilər və sair) göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin bir hissəsi TEKUİS məlumat bazasında əsasən yaşayış məntəqələri təyinatlı torpaqlar kateqoriyasına aiddir. İddia olunan 0,06 ha həyətyanı torpaq sahələrindən biri, yəni **********1583 kadastr nömrəsi olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən bütövlükdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilmişdir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilə bilər. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan mövcud dövlət torpaq kadastrının məlumatlarının dəyişdirilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Digər tərəfdən, iddiaçının məhkəməyə təqdim etdiyi müvafiq plan-ölçü sənədlərinin bazasının (yəni, – arxiv nüsxələrinin, onların kitab qeydiyyatlarının və sair) ərazi idarəsində olmaması, həmçinin həmin sənədlərdə göstərilən məlumatlar əsasında TEKUİS məlumat bazası təqdim edildikdən sonra dövlət qeydiyyatının aparılmaması barədə məlumatın məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almamışdır. Bu barədə ətraflı məlumat məhkəməyə həm etiraz məktubu ilə təqdim edilmiş, həm də məhkəmə iclaslarında şifahi dinləmələr zamanı tərəfimizdən bildirilmişdir. Buna baxmayaraq, məhkəmə icrası tərəfimizdən mümkün olmayan qərar qəbul etmişdir. Fərdi yaşayış evinin dövlət qeydiyyatına alınmasında məhkəmə səhvə yol vermişdir. Belə ki, qanuvericilinin tələbinə görə həmin fərdi yaşayış evinin (əgər hündürlüyü 12 metrədəkdirsə və 2013-cü il yanvarın 1-dək inşa edilmişsə) dövlət qeydiyyatına alınması üçün ilk öncə həmin evin yerləşdiyi (məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş) torpaq sahəsinə dair – torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Əgər 2013-cü il yanvarın 1-dən sonra inşa edilmişdirsə, qeyd olunanlardan əlavə tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd olmalıdır. Məhkəmə fərdi yaşayış evinə münasibətə ümumiyyətlə xidməti vəzifəsinə görə araşdırma aparmamışdır. Məhkəmə nəzərə almamışdır ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; Daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqlarının dövlət qeydiyyatından imtina olunur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(116)-6/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2- 1(116)-6/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(116)-6/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, üçüncü şəxslər X16 və X5 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

26. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli, 17/97 №-li qərarı; - Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 113 nömrəli qərarı; - Zaqatala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı; - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçı tərəfindən analoji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Zaqatala rayonu Əliabad qəsəbəsi ünvanında yerləşən 0.1291 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 saylı sərəncamına və elektron uçot xəritəsindən çıxarışa əsasən ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində 209 nömrəli reyestr kitabının 68-ci vərəqində ümumbirgə mülkiyyət üzrə X11, X3 və X2 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən elektron uçot xəritələrində araşdırma apararkən müəyyən olunmuşdur ki, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən İddiaçı adına tərtib edilmiş **********1607 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən torpaq sahəsinin 0.1290 ha hissəsi X11 adına qeydiyyata alınmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. - A 279227 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 2200 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A 279171 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A 279232 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - A 279169 nömrəli plan-ölçü sənədindən görünür ki, sözügedən sənəd Zaqatala rayon AİK-nin xx.xx.2004-cü il tarixli, 113 nömrəli qərarı əsasında Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 100 kv.m həyətyanı torpaq sahəsinə münasibətdə iddiaçının adına tərtib edilmişdir. - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,1291 ha torpaq sahəsi üzərində X16, X7 və X2 ümumibirgə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. - Zaqatala Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli 4/1432 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə "Dövlət İslahat Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və "Azərbaycan Respublikası Dövlət Aqrar İslahatı Komissiyası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Bu Fərmanın icrası olaraq RİHB-nın 01 mart 2011-ci il tarixli S-44 saylı sərəncamı ilə Rayon Aqrar İslahat Komissiyası da ləğv edilmişdir. Zaqatala Rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə rayon Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarında hər hansı bir dəyişiklik edilməmişdir. - 16.06.2023-cü il tarixli “Yerli baxışın nəticələrinə dair” protokolla aşağıda qeyd edilənlər müəyyən edilmişdir: “Həyətyanı torpaq sahəsinə daxil olduqdan sonra fərdi yaşayış evinin (köhnə tikilinin) olması müəyyən edildi. Bundan sonra torpaq sahələrini bir-birindən ayıran metal arakəsmə iddiaçı tərəfindən açıldı və fındıq bağının yerləşdiyi torpaq sahəsi təqdim edildi. Fındıq bağına baxış keçirilərkən müəyyən olundu ki, dörd tərəfi bağlı qapalı həyət daxilində iddiaçı tərəfindən faktiki istifadə olunur. Fındıq bağının yerləşdiyi torpaq sahəsinin koordinatları mütəxəssis tərəfindən götürüldü. Daha sonra iddia tələbində qeyd olunan digər torpaq sahələrinin (600 kv.metr və 100 kv.metr) yerləşdiyi əraziyə baxış keçirildi. Əraziyə daxil olduqdan sonra iddiaçı bildirdi ki, plan-ölçü sənədində göstərilən 600 kv.metr və 100 kv.metr torpaq sahəsində ona məxsus 15 fındıq kolu var. Onunla üzbəüz, yəni fındıq bağına daxil olduqdan sonra sol tərəfdə yerləşən fındıq kolları isə faktiki olaraq üçüncü şəxslərin istifadəsindədir. İddiaçının naturada göstərdiyi həmin torpaq sahələrinin, eyni zamanda üçüncü şəxsin faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri götürüldü. Bununla da baxış yekunlaşdırıldı. Baxış zamanı müəyyən edildi ki, iddiaçının istifadəsində olan 2200 kv.metr torpaq sahəsindən uzun müddətdir ki, Azi yox iddiaçı istifadə edir. Faktiki olaraq 3-cü şəxsin istifadə etdiyi torpaq sahəsi iddiaçının digər 600 kv.metr və 100 kv.metr torpaq sahələrinin yerləşdiyi ərazidəki, həmin torpaq sahələri ilə üzbəüz olan fındıq kollarının yerləşdiyi ərazidir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı verilənədək X11 adına həyətyanı və pay torpaq sahələrinə dair hüquqmüəyyənedici və texniki sənədlərin olması ilə bağlı ərazi idarəsində məlumat aşkar edilməmişdir. - Zaqatala rayonu Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbə sakini X11 nümayəndəlikdəki 2018-2022-ci illərə dair 24 saylı ev təsərrüfatlarının uçotu kitabının 144cü səhifəsində şəxsi hesab nömrəsi 2308 olan təsərrüfatda 1,36 ha pay torpağı qeydə alınmışdır. Həmin təsərrüfatda X11 Əliabad qəsəbəsində fərdi yaşayış evi olmadığı üçün ev qeydə alınmamışdır. - Əliabad bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə 2015-2020-ci ilə aid X11 təsərrüfatına dair bələdiyyənin uçot kitabında qeyd edilmiş siyahıda X14 0,09 ha həyətyanı torpaq sahəsi, 0,13 ha bağ sahəsi və 1,36 ha əkin sahəsi verilmişdir. X11 Əliabad qəsəbə ərazisində yaşadığı fərdi yaşayış evi yoxdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən aşağıdakılar qeyd edilmişdir:

1. İddiaçı mübahisələndirdiyi A seriyalı 279227 saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsidir. Mübahisələndirilən A seriyalı 279227 saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla mülkiyyətçisi X16 və onun ailə üzvlərinin mülkiyyətinə işlənilmişdir.

2. İddia olunan torpaq sahələri Zaqatala RİHB-nin xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə təsdiq edilmiş, elektron uçotu işləri üzrə layihəyə əsasən İddiaçı adına ləğv edilmiş DTXK-si tərəfindən tərtib edilmiş A seriyalı 279227 saylı “Torpaq sahəsinin Planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsi TEKUİS məlumat bazasında 608/0.13 ha olmaqla X11 adına işlənilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, TEKUİS məlumat bazasına əsasən iddiaçının adına tərtib edilmiş A seriyalı 279227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2200 kv.metr torpaq sahəsinin hüdudları daxilində 608 cizgisində göstərilən 0.13 ha torpaq sahəsinin 0.1145 ha hissəsi X11 adına işlənilmişdir. Başqa bir ərazidə X11 adına 608Z cizgisində 0.01 ha torpaq sahəsi işlənilmişdir. Bundan başqa İddiaçı adına tərtib edilmiş A seriyalı 279227 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 2200 kv.m torpaq sahəsinin hüdudları daxilində İddiaçı və onun ailə üzvlərinin adına 640H cizgisində göstərilən 0.12 ha torpaq sahəsinin 0.0611 ha hissəsi, 640Z cigisində göstərilən 0.04 ha torpaq sahəsinin 0.038 ha hissəsi işlənilmişdir. Başqa bir ərazidə isə İddiaçı adına 640 F cizgisində 0.08 ha torpaq sahəsi işlənilmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusunda qoyulmuş suallar A279227 nömrəli planölçü sənədində qeyd edilmiş 2200 kv.m torpaq sahəsindən başqa İddiaçı Muxtar qızının adına DTXK-nin tərtib etdiyi “Torpaq sahəsinin Planı və ölçüsü" sənədlərinin cizgilərinə əsasən kadastr nömrəsi **********1607 olan 0,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, kadastr nömrəsi **********1583 olan 0,06 ha həyətyanı torpaq sahəsi, kadastr nömrəsi **********1585 olan 0.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və kadastr nömrəsi **********1602 olan 0.06 ha həyətyanı torpaq sahəsi işlənilmiş və həmin cizgilər daxilində yerləşən torpaq sahələri İddiaçı Muxtar qızı tərəfindən istifadə olunur. TEKUİS məlumat bazasına əsasən isə həmin ərazidə X11 adına 608 cizgisində 0.13 ha kənd təsərrüfatı təyinatlı topraq sahəsi və İddiaçı adına 640H cizgisində 0.12 ha həyətyanı torpaq sahəsi, 640F cizgisində 0.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, 640Z cizgisində 0.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi işlənilmişdir. - Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1996-2000-ci illərdə Əliabad kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: 1. İddiaçı; 2. Aytən Şaban qızı; 3. Elmar Şaban qızı, 4. Bahar Şaban qızı, 5. Yadigar Kamal qızı. Xüsusi mülkiyyətdə 0.12 ha, tikinti altı 0.02 ha. Ev: ümumi yararlı sahə 50 kv.m, o cümlədən yaşayış sahəsi 40 kv.m. - Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş Zaqatala rayonu Əliabad qəsəbəsində “Əliabad” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən pay torpaq sahələrinə aid cədvəldən görünür ki, X16, X5 və X3 adı 608-ci sırada qeyd edilmişdir. Adlarının qarşısında isə cəmi 1.36 ha torpaq sahəsi olması göstərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin ediləcəkdir.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, 1996-2000-ci illər üzrə Əliabad kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında iddiaçının istifadəsində olan torpaq sahəsində ümumi yararlı sahəsi 50 kv.m olan fərdi yaşayış evinin olması qeyd edilmişdir. Yerli baxış zamanı sözügedən fərdi yaşayış evinin iddia olunan torpaq sahəsində yerləşməsi və köhnə tikili olması müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

36. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının cavabdeh orqana qarşı yönəlmiş tələbləri aşağıdakılardan ibarətdir:

1. üçüncü şəxslər X16 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş, A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi;

2. A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması,

3. 600 kv.metr həyatyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışla rəsmiləşdirilməsi.

37. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2024-cü il tarixli qərardadı ilə iddia tələbinin üçüncü şəxslər X16 və digərlərinin adına daşınmaz əmlakın dövlət reyestrində 09 aprel 2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə, 209 nömrəli reyestr kitabının, 68-ci vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın A seriyalı 279227 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 2200 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşən 1290 kv.metr hissədə ləğv edilməsi hissəsi mümkün sayılmamışdır.

38. İddia tələbinin “A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyatyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması hissəsinə münasibətdə qeyd edilməlidir ki, həmin torpaq sahələrinə münasibətdə Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 22 may 2004-cü il tarixli 113 nömrəli qərarı hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Odur ki, cavabdeh orqan Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla sözügedən torpaq sahələri üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməlidir.

39. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

40. İddia tələbinin “600 kv.metr həyatyanı torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” tələbinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

41. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış hüquqların qeydə alınması üçün əsas olaraq müəyyən edilmişdir.

42. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, 1996-2000ci illər üzrə Əliabad kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitablarında iddiaçının istifadəsində olan torpaq sahəsində ümumi yararlı sahəsi 50 kv.m olan fərdi yaşayış evinin olması qeyd edilmişdir. Yerli baxış zamanı sözügedən fərdi yaşayış evinin iddia olunan torpaq sahəsində yerləşməsi və köhnə tikili olması müəyyən edilmişdir. Odur ki, iddiaçı həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur.

43. Lakin məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışından görünür ki, iddiaçı 1996-2000-ci illərdə Əliabad kənd İƏVN-nin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimi olmuşdur: 1. İddiaçı; 2. Aytən Şaban qızı; 3. Elmar Şaban qızı, 4. Bahar Şaban qızı, 5. Yadigar Kamal qızı. Xüsusi mülkiyyətdə 0.12 ha, tikinti altı 0.02 ha. Ev: ümumi yararlı sahə 50 kv.m, o cümlədən yaşayış sahəsi 40 kv.m. Birinci instansiya məhkəməsi tərəfindən yerli baxış zamanı sözügedən fərdi yaşayış evinin iddia olunan torpaq sahəsində yerləşməsi və köhnə tikili olması müəyyən edilmişdir.

44. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan məsələlər barədə hərtərəfli araşdırma aparılmamış, iş materiallarında olan sənədlər ətraflı tədqiq olunmamış, beləliklə də İPM-in 12-ci, 48-ci və 58-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin normalara görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

45. Belə ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən, mübahisə predmeti olan fərdi yaşayış evinin ölçüsünün 40 kv.m olduğu müəyyən edilməsinə baxmayaraq ümumi olaraq fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin qoyulması gələcəkdə qərarın icrası zamanı qeyri-müəyyənlik yarada biləcəyi ehtimalı olduğundan mübahisə predmeti olan fərdi yaşayış evinin 40 kv.m hissəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

46. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız və qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri, o cümlədən 40 kv.m fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulmalıdır.

48. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 aprel 2024-cü il tarixli 2-1(116)-6/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə A seriyalı 279171 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279232 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 600 kv.metr həyətyanı, A seriyalı 279169 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan 100 kv.metr kənd təsərrüfatı təyinatlı torpaq sahələri, o cümlədən 40 kv.m fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar