Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-426/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2-1(116)-200/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1587/2022 nömrəli qərardadı ilə Göyçay rayonu Çayarxı bələdiyyəsi adi qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-200/2023 nömrəli qərardadı ilə Göyçay rayonu Çayarxı bələdiyyəsi, hüquq varisi olan - Göyçay rayon Qarabaqqal bələdiyyəsi ilə əvəz edilmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi – hüquq varisi: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi ilə əvəz edilmişdir.
5. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı iclas protokolunun qərarı ilə İddiaçı bağçılığın inkişafı məqsədilə 0,60 hektar torpaq sahəsinin satılmış, sonuncu tərəfindən satılan torpaq sahəsinin dəyəri ödənilmiş və müvafiq torpaq sahəsinin sxemi hazırlanaraq Çayarxı bələdiyyəsi və DT və XK-nin Göyçay rayon şöbəsi tərəfindən təsdiqlənmişdir. İddiaçı müvafiq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
6. İddiaçı tələb hüququnu müvafiq torpaq sahəsinin ona Göyçay rayonu Çayarxı Bələdiyyəsinin qərarına əsasən satılması, satılan torpaq sahəsinin dəyərini ödəməsi ilə əsaslandırmışdır.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli iddia tələbinə etirazında göstərmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları qəsəbə və kəndlərdə 0.12 hektaradək nəzərdə tutulmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, ləğv edilmiş DT və XK-nin Göyçay rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Vətəndaşın ərizəsinə əlavə olunmuş bələdiyyə qərarında qərarın tarixi xx.xx.2004-cü il, nömrənin isə 12 qeyd olunmasına baxmayaraq, 13 mart 2004-cü il tarixli alqı-satqı aktında qərarın tarixi xx.xx.2004-cü il, qərarın nömrəsi isə 11 kimi qeyd olunmuşdur. Sözügedən torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin iclasında mütəxəssis Nümayəndə izahat verərək göstərdi ki, Elektron islahat xəritəsinin məlumatları mötəbər hesab edilir və həmin məlumatlarda iddia olunan 0.60 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 aprel 2023-cü il tarixli 2- 1(116)-200/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
12. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2-1(116)-200/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2-1(116)- 200/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.
15. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı iclas protokolundan çıxarışdan, xx.xx.2004-cü il tarixli qəbzdən görünür ki, İddiaçı alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən bağçılığın inkişafı məqsədi ilə 0,60 hektar torpaq sahəsi satılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına 455400 manat pul vəsaiti ödənmişdir. - Göyçay rayon Qarabaqqal bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 48 nömrəli məktubundan görünür ki, Göyçay rayon Çayarxı bələdiyyəsi 2010-cu ildə Qarabaqqal bələdiyyəsinə birləşdirilən zaman bələdiyyə sədri olmuş M.Şıxməmmədov Çayarxı bələdiyyəsinin sənədlərini Qarabaqqal bələdiyyəsinə təhvil verməmişdir. - xx.xx.2003-cü il tarixdə təsdiq edilmiş iddiaçıya satılmış torpaq sahəsinin yeruquruluşu sxemindən görünür ki, sözügedən torpaq sahəsi Nizami adına narçılıq sovxozunun istifadəsində olmuş əkin torpaq sahəsindən ayrılmış və DT və XK-si Göyçay rayon şöbəsi və Çayarxı bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-281/2023 nömrəli məktublarında qeyd edilmişdir ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin 20 fevral 2004-cü il tarixli 12 saylı qərarında göstərilən 0.60 ha torpaq sahəsinə ləğv edilmiş DTXKnın Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş sxematik planda koordinatlar mövcud olmadığı üçün 0.60 ha torpaq sahəsinin təyinatını, uqodiyasını, mülkiyyət növünü müəyyən etmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi 0.60 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı, “fərdi yaşayış” uqodiyalı, 0.60 ha torpaq sahəsinin 0.53 ha hissəsinin mülkiyyət növü xüsusi (JN-79F), 0.07 ha hissəsi isə bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Elektron bazada təqdim olunan Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat İayihəsi”ndə 0.60 ha torpaq sahəsi yerləşən ərazi bələdiyyə mülkiyyəti (994BB) kimi göstərilmişdir. Əlavə olaraq bildiririk ki, JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə 0.25 ha göstərilmişdir. Lakin AzCad məlumatlarında JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınaraq (ərazidə çoxillik əkmələr mövcuddur) 1.8277 ha göstərilmişdir. Hər iki halda 0.25 ha (JN- 79F) torpaq sahəsini çıxmaq şərtilə sözügedən 0.60 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsusdur.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
20. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İş materiallarından görünür ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin ərazisində yerləşən 0.60 ha torpaq sahəsi İddiaçı bələdiyyənin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarı ilə satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan, torpaq sahəsinin satılması barədə qərar, torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, torpaq sahəsinin yeruquruluşu planı ilə də təsdiq edilir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır.
29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı mübahisənin (bələdiyyə qərarının qəbul edildiyi vaxt) yarandığı zaman qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın 5-ci bəndinə əsasən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir.
30. Həmin bəndə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə edilən və 11 iyul 2014-cü il tarixdən qüvvəyə minən dəyişikliyə əsasən bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı və tərəflər arasında bağlanan müqavilə ilə həyata keçirilir.
31. Mübahisəli münasibətlərin yarandığı tarixin 2004-cü ildə olduğu nəzərə alındıqda görünür ki, bələdiyyə orqanı tərəfindən “Torpaqların alqı-satqısı Qaydaları”nın tələblərinə riayət edilmiş, torpaq sahəsi iddiaçının mülkiyyətinə həmin Qaydalarda nəzərdə tutulan bələdiyyə qərarı əsasında verilmişdir.
32. Beləliklə, torpaq sahəsi iddiaçının mülkiyyətinə verilən zaman qüvvədə olan maddi hüquq normalarına əsasən bələdiyyə torpaqlarının vətəndaşların mülkiyyətinə verilməsi ilə bağlı notarial qaydada müqavilənin bağlanması tələbi mövcud olmamış, torpaq sahəsi hüququn yarandığı zaman qüvvədə olan normaların tələblərinə uyğun olaraq iddiaçının mülkiyyətinə verilmişdir.
33. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.
34. Alqı-satqı aktının olmaması barədə qeyd edilməlidir ki, işdə olan sənədlərdən müəyyən olunur ki, iddiaçı torpaq sahəsini almış və dəyərini ödəmişdir. Əgər alqı-satqı aktı olmasa idi pulun ödənilməsi də mümkün olmazdı. Ümumiyyətlə qeyd olunmalıdır ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi qeydiyyat üçün əsas kimi alğı-satqı müqaviləsini deyil, qanunla müəyyən olunmuş qaydada bələdiyyə orqanı tərəfindən bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul edilmiş qərarın (inzibati aktın) olmasını müəyyən etmişdir. Qanunun bu yanaşması ondan irəli gəlir ki, torpağın özgəninkiləşdirilməsi barədə qərar – bələdiyyə tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan konkret məsələni həll etmək məqsədilə qəbul edilmiş, özgəninkiləşdirən şəxs üçün müəyyən hüquqi nəticələr yaradan inzibati aktdır. Həmin inzibati akt qanunla dəqiq müəyyən edilmiş, yəni “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” qanunun və «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnamənin tələblərinə uyğun inzibati icraat aparlmaqla qəbul olunur. Bu inzibati icraatda torpaq sahəsinin hüquqi statusu, məqsədli təyinatı, koordinatları müəyyən olunur, mavafiq orqanlararın rəyləri alınır, kollegial qərar qəbul olunur. Alqı-satqı müqaviləsi isə torpaqdan istifadə üzrə şərtləri, tərəflərin öhdəlk və vəzifələrini müəyyən edən əqddir. Göründüyü kimi qanun, bələdiyyə torpaqlarına mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi nəticə mənbəyi kimi alğı-satqı müqaviləsinə deyil, bələdiyyənin qərarına üstünlük verir.
35. Müvafiq alqı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
36. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.
37. Odur ki, müvafiq alqı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
38. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
39. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
40. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
41. İş materiallarında olan xx.xx.2004-cü il tarixdə tərtib edilmiş alqı-satqı aktında iddiaçıya müvafiq torpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin qəbul etdiyi qərarın tarixi fərqli qeyd edilsə də, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sözügedən sənəd iş materiallarında olan bələdiyyənin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarından çıxarışın mötəbərliyini şübhə altına almır. Belə ki, işdə olan satılacaq torpaq sahəsinin yerquruluşu planından görünür ki, müvafiq qərarın qəbul edilməsinədək artıq yeruquruluşu işlərinin həyata keçirilməsinə başlanılmış, həmin qərarın qəbulundan sonra iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmişdir.
43. Bununla yanaşı cavabdehin xx.xx.2022-ci il tarixli məktublarında qeyd edilmişdir ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin 20 fevral 2004-cü il tarixli 12 saylı qərarında göstərilən 0.60 ha torpaq sahəsinə ləğv edilmiş DTXK-nın Göyçay rayon şöbəsi tərəfindən tərtib edilmiş sxematik planda koordinatlar mövcud olmadığı üçün 0.60 ha torpaq sahəsinin təyinatını, uqodiyasını, mülkiyyət növünü müəyyən etmək mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi 0.60 ha torpaq sahəsi elektron bazada təqdim olunan AzCad məlumatlarına əsasən yaşayış məntəqələrinin torpaqları təyinatlı, “fərdi yaşayış” uqodiyalı, 0.60 ha torpaq sahəsinin 0.53 ha hissəsinin mülkiyyət növü xüsusi (JN-79F), 0.07 ha hissəsi isə bələdiyyə mülkiyyəti olaraq göstərilmişdir. Elektron bazada təqdim olunan Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat İayihəsi”ndə 0.60 ha torpaq sahəsi yerləşən ərazi bələdiyyə mülkiyyəti (994BB) kimi göstərilmişdir. Əlavə olaraq bildiririk ki, JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Göyçay rayonu Qarabaqqal kəndi Nizami adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi”ndə 0.25 ha göstərilmişdir. Lakin AzCad məlumatlarında JN-79F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınaraq (ərazidə çoxillik əkmələr mövcuddur) 1.8277 ha göstərilmişdir. Hər iki halda 0.25 ha (JN-79F) torpaq sahəsini çıxmaq şərtilə sözügedən 0.60 ha torpaq sahəsi təyinatı yaşayış məntəqələrinin torpaqları olmaqla bələdiyyə mülkiyyətinə məxsusdur.
44. Eyni zamanda işdə olan Qarabaqqal bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında iddiaçıya 0.60 ha torpaq sahəsinin satılması ilə bağlı qəbul edilmiş qərarın tarixi xx.xx.2004-cü il qeyd edilsə də, Qarabaqqal bələdiyyəsi xx.xx.2023-cü il tarixli 48 nömrəli məktubunda Göyçay rayon Çayarxı bələdiyyəsi 2010-cu ildə Qarabaqqal bələdiyyəsinə birləşdirilən zaman bələdiyyə sədri olmuş M.Şıxməmmədov Çayarxı bələdiyyəsinin sənədlərini Qarabaqqal bələdiyyəsinə təhvil vermədiyini bildirmişdir. Belə olan halda Qarabaqqal bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 07 nömrəli arayışında qeyd edilən məlumatların özlərinin də doğru olmadığı aydın olur və həmin məlumatların hansı sənədlər əsasında qeyd edilməsi aydın deyil.
45. İddiaçı isə hüquqmüəyyənedici sənəd qismində əsli iş materiallarına əlavə edilmiş Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarından çıxarışa istinad edir və həmin qərarın mötəbərliyini şübhə altına alacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir.
46. Yuxarıda məzmunu qeyd edilmiş sənədlər əsasında birinci instansiya məhkəməsi Göyçay rayonu Çayarxı Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli qərarından çıxarışa hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia olunan torpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin iclas protokolunu bütövlükdə əldə etmək mümkün olmasa da, hər bir halda iddiaçıya müvafiq torpaq sahəsinin satılması ilə bağlı icraatın aparılması (ilkin yeruquruluşu sənədinin tərtib edilməsi, torpaq sahəsinin dəyərinin ödənilməsi) iş materiallarından aşkar görünür. Digər tərəfdən nəzərə alınmalıdır ki, Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 nömrəli iclas protokolunun və ona əlavə edilmiş sənədlərin saxlanılmasını və tamlığını təmin etmək iddiaçının vəzifəsi olmadığından həmin sənədlərin olmamasının hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə bilməz.
47. Həmin torpaq sahəsi ilə bağlı verilmiş ziddiyyətli məlumatlara cavabdeh orqanın məhkəmə iclasında iştirak edən nümayəndəsi (mütəxəssis) aydınlıq gətirərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair elektron islahat xəritəsinin məlumatları mötəbər hesab edilir və həmin məlumatlarda iddia olunan 0.60 ha torpaq sahəsi bələdiyyə mülkiyyəti kimi qeyd edilmişdir.
48. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
49. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 12 saylı qərarı ilə satılmış 0.60 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2-1(116)-200/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.