Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-426/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsinə qarşı "Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-517/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2- 2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkdən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən xx.xx.2004-cü ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında qeydə alınan hüquqi şəxs bina tikintisi ilə məşğul olmuş və həmin dönəmdə vergi öhdəlikləri yaranmışdır. Təsisçilərinin xx.xx.2022-ci il tarixli qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi-təşkilatı formasının dəyişdirilərək "xxxx" Mənzil Tikinti Kooperativinə (MTK) çevrilmiş və MTK-nın sədri vəzifəsinə İddiaçı təyin olunmuşdur. Bununla bağlı, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən verilmiş **********411200 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış təqdim edilmişdir. "xxxx" MTK-nın davam etməkdə olan vergi öhdəlikləri səbəbilə Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 nömrəli qətnaməsi ilə İddiaçı ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin qeydiyyat idarəsi tərəfindən verilmiş **********418800 nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən, "xxxx" MTK-nın yeni sədri vəzifəsinə X2 təyin edilmişdir. Məlum olduğu kimi, vergi borcunun "xxxx" MTK-ya məxsus olmasına və MTK-nın sədri vəzifəsini başqa şəxs icra etməsinə baxmayaraq. "xxxx" MTK-nın vergi borcuna görə İddiaçı ölkədən getmək hüququna qoyulmuş müvəqqəti məhdudlaşdırma hələ də götürülməmişdir. İddiaçı bütün bunlarla əlaqədar cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən müvafiq dəyişikliyin edilməsindən imtina edilmişdir.
3. Cavabdeh vəsatət göndərərək, iddia müddəti keçdiyindən İddiaçı hazırkı iddia tələbi ilə bağlı iddianın mümkün sayılmaması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 aprel 2024-cü il tarixli 2- 1(116)-517/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
6. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına da ərizə ilə Şəki Kommersiya Məhkəməsinə müraciət edərək vergi ödəyicisi "xxxx" MTK-nın (VÖEN: **********) 230661,89 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün iddiaçı barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, "xxxx" MTK-nın vergi borcu tam ödənilənədək iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və qərar qanuni qüvvəsin almışdır. Bu günə qədər 230661,89 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MTK tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən 2 ilə yaxın müddət keçdikdən sonra, başqa bir məhkəmədə iddianın qaldırılması və özünün hazırda direktor olmamasını göstərməsi və məhkəmənin də iddiaçının mövqeyini təsdiqləyərək onun lehinə qərar çıxaracağı təqdirdə qərarlar arasında uyğunsuzluq yaranacaqdır. Belə ki, Şəki Kommersiya Məhkəməsinin qərarında qeyd edilən 230661,89 manat məbləğində vergi borcu məhz iddiaçının direktor olduğu ərəfədə yaranmış və bu hissədə də təmin olunmuşdur. Şəki İnzibati Məhkəməsi iddianın təmin olunma əsası kimi yeganə olaraq, iddiaçının hazırda "xxxx" MTK -nın rəhbəri olmamasını göstərmişdir. Qeyd olunan əsasla bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı verg ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludurlar. Bügünə qədər, 230661,89 manat məbləğində borc iddiaçının rəhbəri olduğu "xxxx" MTK tərəfindən ödənilməmişdir. Yəni, iddiaçının ölkədən getmək hüququnun məhdudlaşdırılmasına səbəb olmuş əsas hazırda aradan qalxmamışdır. Hazırda ölkədən getmə hüququ məhdudlaşdırılan şəxsin rəhbəri olduğu müəssisə tərəfindən dövlət büdcəsinə olan vergi borcu ödənilmədiyi üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxmamışdır. İddiaçının Cəmiyyətin vergi öhdəliyindən, habelə məsuliyyətdən yayınmaq üçün məqsədli şəkildə icra orqanının rəhbəri vəzifəsindən azad olunması heç də əsasların aradan qalxması demək deyildir. Məlum olduğu kimi, MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasında məqsəd müəssisənin dövlət büdcəsinə olan borcunun ödənilməsini təmin etməkdir. Qeyd olunan məqsədə nail olunması həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxması anlamına gəlir. Lakin MMC-nin şəxsi hesab vərəqəsindən aydın olduğu kimi belə bir hal baş verməmişdir. Həmçinin, xüsusi mülkiyyətli hüquqi şəxsin icra orqanının rəhbəri dəyişdikdə borcun alınması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər (bildiriş, sərəncam, əmlakın siyahıya alınması, yeni təyin olunmuş rəhbərə məhdudiyyətin tətbiqi, cinayət xarakterli materialların aidiyyəti üzrə göndərilməsi və s.) görüldükdən sonra əvvəlki rəhbərin məhdudiyyəti aradan qaldırılır (əsas vergi borcu 50000 manatdan yuxarı olan, barəsində vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət işi başlanan və riskli vergi ödəyiciləri istisna). Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 30 aprel 2024-cü il tarixli 2-1(116)-517/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 30 aprel 2024-cü il tarixli 2- 1(116)-517/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
11. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktuna əlavə edilmiş çıxarışdan görünür ki, "xxxx" Mənzil Tikinti Kooperativinin sədri hazırda X1r. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativinin sədri olmuşdur.
2. "xxxx" Mənzil Tikinti Kooperativinin vergi öhdəliyinə dair şəxsi hesab vərəqəsi;
3. Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 nömrəli qətnaməsi. TƏTBİQ EDİLƏN HÜQUQ
12. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. 24.1.2-1-ci maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanın vəzifəsidir.
14. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin maddənin məzmunundan aşağıdakılar müəyyən edilir : 1) Vergi ödəyicisinin dövlət büdcəsinə vaxtı ötməmiş vergi borcu olmalıdır; 2) Vergi borcu vaxtında ödənilməməlidir; 3) Hüquqi şəxsə münasibətdə çıxışına məhdudiyyət qoyulacaq şəxs - icra orqanının rəhbəri (qanuni təmsilçisi) olmalıdır.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
17. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-517/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
18. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Belə ki, İddiaçı ölkədən getmək hüququ onun hüquqi şəxsin icra orqanının rəhbəri kimi vergi öhdəilklərini yerinə yetirmədiyi üçün Şəki Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(117)-1844/2022 saylı qətnaməsinə əsasən iddiaçının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" Mənzil Tikinti Kooperativinin sədri olmuşdur. O, hazırda "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri deyildir. Təqdim edilən şəxsi hesab vərəqəsindən görünür ki, hüquqi şəxsin borcu iddiaçının rəhbər olduğu dövrə deyil, daha əvvəlki dövrə aiddir.
21. Göründüyü kimi iddiaçı hazırda "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbəri deyildir. Şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri vəzifəsindən azad olunması halında isə qanunvericiliyin qeyd olunan imperativ tələblərindən biri aradan qalxdığına görə məhdudlaşdırılmaya səbəb olmuş əsas da aradan qalxır.
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.
23. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
24. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X4 Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 2-1(116)-517/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.