Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-427/2020 19.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məmmədov Emin Nizami oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialına qarşı “müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2019-cu ildən geri 3 ilinin alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1143/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 085081 nömrəli müharibə veteranı vəsiqəsi verilmiş və xx.xx.2019-cu ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra İddiaçı həmin müavinətin xx.xx.2016-ci ildən xx.xx.2019-cu ilədək olan müddət üçün ona ödənilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla bildirmişdir ki, veteran vəsiqəsi təqdim edildiyi tarixdən, yəni xx.xx.2019-cu ildən ona qanunvericiliyə uyğun olaraq müavinət təyin olunmuş və indiyədək ödənilməkdədir. Əvvəlki dövr üçün müavinət ödənilə bilməz. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Cavabdehin etirazı: Cavabdeh iddiaya xx.xx.2020-ci il tarixli **********3 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmiş, bundan başqa, iddiaçının Dövlət Sosial Müdafiə Fondu publik şəxsin Mingəçevir şəhər filialından heç bir növ əmək pensiyası almadığını bildirmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-1143/2020 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək olan müddət üçün ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının üzərinə qoyulmuşdur. Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. “Veteranlar haqqında “ Azərabaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranları üçün qanunla müəyyən oiunmuş sosial müavinət almaq hüququnun yaranması üşün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri, yəni müharibə veteranı vəsiqəsi təqdim adilməlidir. İddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.2019- cu il tarixdə aldığından, ona qanunvericiliyə uyğun olaraq həmin tarixdən müavinət təyin olunmuş və xx.xx.2019-cu il tarixdən isə Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilmiş hal-hazıradək ödəniş davam etdirilir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yuxarıda qeyd olunanlar nəzərə alınmamış, iddia tələbi təmin edilməklə maddi hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməsi olan qanuni və ya digər normativ hüquqi aktı tətbiq etməsin yaxud qanunu səhv tətbiq etsin. Qeyd olunanların nəzərə alınaraq Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2l(116)-1143/2020 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 085081 nömrəli müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsin Mingəçevir şəhər filialının xx.xx.2020-ci il tarixli **********2 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik şəxsin Mingəçevir şəhər filialının xx.xx.2020-ci il tarixli **********3 nömrəli arayışı aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1143/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanında nəzərdə tutulur ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Bundan başqa “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla kollegiya hesab edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda, hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli 085081 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. O, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinəti almaq üçün Dövlət Sosial Müdafiə Fondu publik şəxsin Mingəçevir şəhər filialına müraciət etmiş, lakin Dövlət Sosial Müdafiə Fondu publik şəxsin Mingəçevir şəhər filialı xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla bundan imtina etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2019-cu il tarixli fərmanına əsasən “kommunal,nəqliyyat və digər xidmətlərə görə” müharibə veteranlarına təyin olunan sosial müavinət növü ləğv olunmuş və onun əvəzinə xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təsis edilmişdir . “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi (sosial müavinət hüququ yarandığı gündən ən çoxu üç il müddətinə müavinətin ödənilməsi) yalnız sosial müavinət növlərinə şamil olunur. Lakin hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, müavinətin verilməsi yalnız "müharibə veteranı" adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: ... 9.1.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya M/V seriyalı 085081 nömrəli müharibə veteranı vəsiqəsinin xx.xx.2019-cu il tarixdə verilməsi onun "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək müavinət ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialının iddiaçıya xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək tarixinədək ödənilməmiş müavinətin bir dəfəyə ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-1143/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-427/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-427/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver