Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-427/2023 18.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli imtinası əsassız hesab edilərək, ona həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)-246/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ona təyin edilmiş İİ dərəcə əlilliyin ləğv edilməsi barədə cavabdehin qərarının ləğv edilməsini xahiş etmişdir.
2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1974-cü il tarixdə Ucar rayonunda anadan olmuş, daimi yaşayış yeri Göyçay şəhəri olmuşdur. xx.xx.1992-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.1996-cı tarixdə N saylı hərbi hissədə xidmətini başa vuraraq tərxis olunmuşdur. Xidmətdə olduğu müddət İ Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən, torpaqların ərazi bütövlüyünün qorunması məqsədi ilə döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə sağ budun orta 1/3nin yumşaq toxumalarını dəlib keçən güllə yarası almışdır. Sonradan ölkə ərazisində bir neçə xəstəxanada müayinə və müalicələrdə olmuşdur. İddiaçının səhhəti daha da pisləşərək güllə yarasının ətrafında varikoz xəstəliyi yaranmışdır. Bu günə kimi də iddiaçı həmin xəstəlikdən əziyyət çəkir. Sonuncu dəfə hərbi həkim komissiyası tərəfindən ona “aşağı ətraf venalarının xora, iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi” diaqnozu qoyulmuş, əsas xəstəliyi ilə yanaşı digər xəstəliklərinin sürətli davam etməsi iddiaçının əmək qabiliyyətini daha da pisləşdirdiyi üçün tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, müvafiq qərarla iddiaçıya İİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nin Göyçay rayon şöbəsinə göndərilmişdir. 2020-ci ilin sonlarında cavabdeh inzibati orqan iddiaçının məlumatı olmadan onun İİ qrup əlillik dərəcəsinin ləğv olunması barədə qərar qəbul etmiş, sonradan həmin inzibati orqanla əlaqə saxladıqda ona təkrar həkim müayinəsindən keçməsinin zəruriliyi bildirilmişdir. Bu səbəbdən iddiaçı tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edilmiş, xəstəxananın göndərişi əsasında “Abbas Səhət” adına 1 nömrəli şəhər xəstəxanasında və “M.A.Topçubaşov” xəstəxanada müayinə olunmuş, lakin ona əlillik təyin olunmasından imtina edilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Hər iki aşağı ətraf venalarının varikoz xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => digər: Varikoz xəstəliyi” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; Gözdən əlilliyi olan şəxs; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri => İ83 - Aşağı ətraf venalarının varikoz gen...; Diaqnozun mətni: Hər iki aşağı ətraf venalarının varikoz xəstəliyi; Meyar: 2.2. İkinci dərəcə əlillik => digər: Varikoz xəstəliyi” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: S71.1 Budun açıq yarası, Sağ budun orta 1/3-nin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Sağ aşağı ətrafın üçüncü dərəcəli xroniki venoz çatmamazlığı, trofiki pozuntularla. Ağırlaşma İ83.2 Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Sağ aşağı ətrafın tez-tez tromboflebit və trofiki xoralarla fəsadlaşan varikoz genişlənməsi. Ağırlaşma R52.2 Digər daimi ağrı, Daimi ağrı sindromu. Yanaşı xəstəliklər M71.2 Dizaltı nahiyənin sinovial [Beyker] kistası, Sol dizaltı nahiyyənin Beyker kistası. Yanaşı xəstəliklər M17.3 Digər posttravmatik qonartrozlar, Sol diz oynağının qonartrozu İİ dərəcəli.; Meyar: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin ağırlıq dərəcəsi, funksional pozğunluğu və ekspertiza üçün əhəmiyyətli olan digər xüsusiyyətləri qeyd edilməmişdir.” səbəbi ilə imtina verilmişdir.
6. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; “X1: XİX sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 – Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: Budun açıq yarası, Sağ budun orta 1/3-nin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə mtina verilmişdir.
7. Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: S71.1 Budun açıq yarası, Sağ budun orta 1/3-nin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Sağ aşağı ətrafın üçüncü dərəcəli xroniki venoz çatışmazlığı.trofiki pozuntularla. Ağırlaşma İ83.2 Aşağı ətraf venalarının xora və iltihabı proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Sağ aşağı ətrafın tez-tez tromboflebiti və trofiki xoralarla fəsadlaşan varikoz genəlməsi. Ağırlaşma R52.2 Digər daimi ağrı. Daimi ağrı sindromu. Yanaşı xəstəliklər M17.2 İkitərəfli posttravmatik qonartroz. Sol dizaltı nahiyyənin Beyker kistası. Yanaşı xəstəliklər M17.3 Digər posttravmatik qonartrozlar, Sol diz oynağının qonartrozu İİ dərəcəli.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin” səbəbi ilə imtina verilmişdir.
8. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi “Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur.
9. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
10. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.
11. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, “cavabdehin xx.xx.2021-ci il tarixli imtinası əsassız hesab edilərək, ona həmin tarixdən ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 may 2023-cü il tarixli 2- 1(116)-246/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Cavabdeh apellyasiya şikayətini etirazın dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 24 may 2023-cü il tarixli 2-1(116)- 246/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 24 may 2023-cü il tarixli 2- 1(116)-246/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. İddiaçının cavabdehə ilkin müraciət etdiyi zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin: 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunurdu. 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
23. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71 -ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)-246/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən eyni diaqnoz əsasında 2014-2021-ci illər aralığında İİ dərəcə əlillik təyin edilmiş, iddiaçının səhhətində yaxşılaşma və ya sağalma olmamasına, həmçinin müayinələr nəticəsində göstərilən diaqnozun öz təsdiqini tapmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
31. İş materiallarından gprünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya təyin edilmiş diaqnozun doğruluğunun yoxlanılması və diaqnozun əlillik təyin edilməsinə əsas verib-verməməsinin araşdırılması məqsədilə ekspertiza təyin edilmişdir.
32. Məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə- Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 579/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlmişdir:
33. İddiaçı əlillik vəziyyəti “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70- S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S71 - Bud-çanaq oynağı və bud nahiyəsinin açı...; Diaqnozun mətni: S71.1 Budun açıq yarası, Sağ budun orta 1/3-nin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşma İ87.2 (Xroniki) (periferik) venoz çatmamazlıq, Sağ aşağı ətrafın üçüncü dərəcəli xroniki venoz çatışmazlığı.trofik pozuntularla. Ağırlaşma İ83.2 Aşağı ətraf venalarının xora və iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi, Sağ aşağı ətrafın tez-tez tromboflebiti və trofik xoralarla fəsadlaşan varikoz genəlməsi. Ağırlaşma R52.2 Digər daimi ağrı. Daimi ağrı sindromu. Yanaşı xəstəliklər M17.2 İkitərəfli posttravmatik qonartroz. Sol dizaltı nahiyyənin Beyker kistası. Yanaşı xəstəliklər M17.3 Digər posttravmatik qonartrozlar, Sol diz oynağının qonartrozu İİ dərəcəli” diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələr əsasında düzgün müəyyən edilmişdir. Qeyd edilənlərdən əsas xəstəliyin ağırlaşmaları (venalarda iltihabi proses, xora, trofiki yaralar) məhkəmə-tibbi müayinədə aşkar olunmadı
34. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə sorğu ünvanlanaraq aşağıda qeyd olunan sualların cavablandırılması xahiş olunmuşdur: Ekspert rəyinə əsasən komissiya tərəfindən gəlinmiş nəticədə göstərilən diaqnoz əlillik təyin edilməsi üçün əsas verirmi? Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur?
35. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-4/2-5968/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildirilir ki, İddiaçı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” səbəbindən əlillik vəziyyəti Göyçay Rayon Mərkəzi Xəstəxanasının 0276003AAJYA nömrəli göndərişi və müraciəti əsasında X3-sosial ekspert komissiyasında xx.xx.2021-ci ildə əyani müayinədə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul eilmişdir. Belə ki, müayinə zamanı məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2011ci il tarixli Qərar verilmişdir. Həmin Qərarda “Sağ budun orta 1/3-nin yumşaq toxumalaranı dəlib keçən güllə yarası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin sağlamlıq vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Budun açıq yarası, sağ budun orta 1/3-nin yumşaq toxumalarını dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ aşağı ətrafın üçüncü dərəcəli xroniki venoz çatışmazlığı, trofiki pozuntularla” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqi tapmamışdır. Hər iki aşağı ətrafda səthi venalarda gözlə görünən, mülayim dərəcədə genəlmələr qeyd olunmuş, xroniki qan dövranı çatışmazlığı əlamətləri və trofiki xoralar aşkar edilməmişdir. Bildirilir ki, Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin T579/2022 nömrəli ekspert rəyində və tibbi sənədlərində göstərilən “Sağ budun orta 1/3- nin dəlib keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sağ aşağı ətrafın tez-tez tromboflebiti və trofiki xoralarla fəsadlaşan varikoz genəlməsi. Sağ diz oynağının qonartrozu 2-ci dərəcəli” diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"yə uyğun olaraq əlillik təyinatına əsas vermir. Nəzərə çatdırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.7.1. bəndinə əsasən, şəxsdə bir ətrafda əhəmiyyətli trofik xora olan xroniki venoz xəstəliyi klinik, instrumental, laborator və digər səciyyəvi müayinələr zamanı təsdiqini taparsa, əlillik təyinatı aparıla bilər.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi, iddiaçıya qoyulmuş İ83.2 kodlu diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci bəndində göstərilən (2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9) xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Bununla yanaşı birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya münasibətdə cavabdeh tərəfindən eyni diaqnoz əsasında 2014-2021-ci illər aralığında İİ dərəcə əlillik təyin edilmiş, iddiaçının səhhətində yaxşılaşma və ya sağalma olmamasına, həmçinin müayinələr nəticəsində göstərilən diaqnozun öz təsdiqini tapmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
37. Məhkəmə kollegiyasının qənaətinə görə belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.
38. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2023-cü il tarixli 2-1(116)-246/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.