Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-428/2021 28.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X2 Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün ayrılmış, 25.12.1990-cı ildə X12 ilə müvafiq mənzil kommunal qurumunun nümayəndəsi arasında torpaqdan müddətsiz istifadə hüququna dair imzalanmış və notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən 500 kv.m. torpaq sahəsinin (124 saylı yer) üzərində onun mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi qeydə alınması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(116)-537/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X2 Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün ayrılmış, 25.12.1990-cı ildə X12 ilə müvafiq mənzil kommunal qurumunun nümayəndəsi arasında torpaqdan müddətsiz istifadə hüququna dair imzalanmış və notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən 500 kv.m. torpaq sahəsinin (124 saylı yer) üzərində onun mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 27.01.2021-ci il tarixdə daxil olmuş və həmin taridən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının X2 Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün 500 kv.m torpaq sahəsi (124 saylı yer) ayrılıb verilmişdir. Həmin qərara uyğun olaraq 25.12.1990-cı ildə iddiaçının atası ilə müvafiq mənzil kommunal qurumunun nümayəndəsi arasında torpaqdan müddətsiz istifadə hüququna dair müqavilə imzalanmış və notarial qaydada təsdiq olunmuşdur. İddiaçının atası “Torpaq İslahatı haqqında" Qanunun qüvvəyə mindiyi vaxt AR vətəndaşı olmasına, Ağdaş şəhərində yaşamasına və qanuni ayrılmış həyətyanı torpaq sahəsinə malik olmasına baxmayaraq torpaq islahatını aparan qurumların təqsiri üzündən iddiaçının atasının torpaq sahəsi müvafiq Şəhadətnamə verilməklə rəsmiləşdirilməmiş qalmışdır. İddiaçının anası X6 ilə iddiaçının X4nun birgə nikahının pozulması 04.12.2002-ci ildə Ağdaş rayon qeydiyyat şöbəsində 44 nömrə ilə qeydə alınmış və bu 29.03.2006-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan sonra iddiaçının atası çıxıb Rusiyaya getmiş və 18.09.2017-ci ildə Rusiyanın Vladimir vilayətində ölmüşdür. İddiaçının atasının ölümündən sonra Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün ayrılmış 600 kv.m. torpaq sahəsi (124 saylı yer) ondan miras qalmışdır. İddiaçı atasının 18.09.2017-ci ildə ölümündən sonra da əvvəllər olduğu kimi həmin torpaq sahəsinə baxmış, oraya sahiblik etmiş, torpaq sahəsinə görə vergi və rüsumları ödəmişdir. İddiaçı nümayəndəsi vasitəsilə cavabdeh orqana ərizə ilə marciət edərək, 0.05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 18.06.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, Ağdaş şəhəri, 42-ci məhəllədə yerləşən 0.05 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2 və 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq qanunvericiliklə müəyyən edilmiş qaydada və sənədlərin əsli əlavə edilməklə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və yaxud Ağdaş rayon şöbəsinə iddiaçının müraciət etməyi məqsədəuyğundur. Cavabdeh orqanın birinci instansiya məhkəməsinə ünvanladığı 25.05.2021-ci il tarixli etiraz məktubunda 18.06.2020-ci il tarixli imtina məktubunda qeyd edilənlər göstərilməklə iddia tələbinə münasibət bildirilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli, 12 saylı qərarından görünür ki, həmin qərarla şəhərin 28 Aprel küçəsi 4/11 ünvanında yaşayan X8 yaşayış evi tikdirmək üçün 42 nömrəli məhəllədəki torpaq sahəsindən 25 metr uzunluğunda, 20 metr enində olmaqla (124 nömrəli yer) 500 kv.m torpaq sahəsi verilmişdir. İş materiallarında olan 042860 nömrəli “Nikahın polzulması haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X12 ilə X6 arasında bağlanmış nikah müqaviləsi 04.12.2002-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsinin 19.02.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikasının vətəndaşı 01.02.1961-ci il tarixdə Ağdaş rayon Qarağan Sədi kəndində anadan olmuş mərhum X7 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 19.02.2021-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir:
1. Atası: X5-vəfat edib
2. Anası: X9-vəfat edib
3. Oğlu: X14
4. Oğlu: İddiaçı Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikası qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumat daxildir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 31 avqust 2021-ci il tarixli, 2- 1(116)-537/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “X2 Ağdaş şəhəri XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün ayrılmış, 25.12.1990-cı ildə X12 ilə müvafiq mənzil kommunal qurumunun nümayəndəsi arasında torpaqdan müddətsiz istifadə hüququna dair imzalanmış və notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən 500 kv.m. torpaq sahəsinin (124 saylı yer) üzərində onun mülkiyyət hüququnun tanınması və daşınmaz əmlak kimi qeydə alınması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(116)-537/2021 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, AR ƏMDK-nin yanında DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “torpağın mülkiyyət hüququ əsasında qeydə alınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş və məhkəmədə X2 Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün ayrılmış, 25.12.1990-cı ildə atamla müvafiq mənzil kommunal qurumunun nümayəndəsi arasında torpaqdan müddətsiz istifadə hüququna dair imzalanmış və notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən məxsus olan 500 kv.m. torpaq sahəsinin (124 saylı yer) üzərində atasının mülkiyyət hüququnun tanınmasına və daşınmaz əmlak kimi adına qeydə alınmasına dair qətnamə çıxarması xahiş olunmuşdur. Şəki İnzibati Məhkəməsi 31.08.2021-ci il tarixdə qərara almışdır ki, qeyd olunan tələbə dair iddia mümkün sayılmır. Məhkəmənin qərardadı ona poçt vasitəsilə göndərilmiş və 10.09.2021-ci il tarixdə Ağdaş şəhər poçt şöbəsinə daxil olduqdan sonra 11.09.2021-ci il tarixdə ona təqdim olunmaqla rəsmi qaydada verilmişdir. Qeyd olunan tələb üzrə məhkəmənin qərardadını qanunsuz və əsassız hesab edir. Odur ki, həmin qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi üçün hazırkı apellyasiya şikayəti ilə müraciət edir. X2 Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün 500 kv.m. torpaq sahəsi (124 saylı yer) ayrılıb verilmişdir. Həmin qərara uyğun olaraq 25.12.1990-cı ildə atası ilə müvafiq mənzil kommunal qurumunun nümayəndəsi arasında toıpaqdan müddətsiz istifadə hüququna dair müqavilə imzalanmış və notarial qaydada təsdiq olunmuşdur. Atası 18.09.2017-ci ildə Rusiyanın Vladimir vilayətində ölmüş, onun ölümündən sonra Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün ayrılmış 600 kv.m. torpaq sahəsi (124 saylı yer) ondan miras qalmışdır. O, atası öldükdən sonra da əvvəllər olduğu kimi həmin torpaq sahəsinə baxmış, oraya faktiki sahiblik etmiş, torpaq sahəsinə görə vergi və rüsumları ödəmişdir. Atasından miras qalmış həmin torpaqla əlaqədar cavabdeh quruma müraciət etdikdə atasının ölümünə dair 19.09.2017-ci il tarixli ölüm haqqında şəhadətnamədə onun RF-nin vətəndaşı olduğu əsas tutularaq atasının adına həmin torpağa reyestr çıxarışı verilməsindən imtina olunmuş və məhkəməyə müraciət etməyimiz tövsiyyə olunmuşdur. Odur ki, hazırkı iddia ərizəsi ilə müraciət edir. X4 “Torpaq İslahatı haqqında” AR Qanununun qüvvəyə mindiyi vaxt AR vətəndaşı olmuş, Ağdaş şəhərində yaşamışdır. Məhkəmənin qərardadında göstərilənlərin əksinə olaraq tərəfindən atasının vərəsələrinin dairəsinə dair AR ƏN-nin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən aşkar edilmiş məlumatlara dair arayışın əsli məhkəməyə təqdim olunmuş və həmin arayışdakı 4-cü şəxs o göstərilir. Məhkəmə özü də qərardadında (səh.3, abzas 4-də) həmin arayışa istinad etmişdir. Tərəfindən doğum haqqında şəhadətnaməmin surəti və şəxsiyyət vəsiqəmin surəti əvvəlcə iddia ərizəsinə əlavə olunmuş, daha sonra isə məhkəmənin sərəncamı əsasında doğum haqqında şəhadətnaməmin surəti və şəxsiyyət vəsiqəmin surəti notarial təsdiq olunmuş qaydada məhkəmənin ünvanına göndərilmişdir. Bütün bunlara baxmayaraq məhkəmənin qərardadında onun mərhumun vərəsəsi olduğuna dair sənədi məhkəməyə təqdim etmədiyini iddia olunması anlaşılan və başadüşülən deyildir. Məhkəmənin qərardadında onun ilkin olaraq atasının qeydə alınmamış əmlakı üzərində hüququn ona məxsus olması barədə arayış almaq üçün qeydiyyat orqanına müraciə etməli olduğu, lakin bunu etmədiyi qeyd olunsa da bu da anlaşılan deyil. Ona görə ki, ən azı 2019-cu və 2020-ci illərdə atamdan qalmış miras torpaq (qərardadda iddia olunduğu kimi orada yaşayış evi yoxdur, söhbət boş torpaq sahəsindən gedir) sahəsi ilə əlaqədar 3 dəfə qeydiyyat orqanına müraciət olunmuş, müxtəklif əsassız səbəblərlə arayış (yaxud çıxarış) verilməsindən imtina olunmuşdur. Cavabdeh qurumun iddia tələbinə qarşı verdiyi 25.05.2021-ci il tarixli etiraz ərizəsində də yuxarıda qeyd olunanlar, onun çıxarış verilməsi üçün müraciət etdiyi qeyd olunmuşdur. Odur ki, X2 Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03.09.1990-cı il tarixli 3 saylı qərarı ilə Ağdaş şəhərinin 42-ci məhəlləsində yaşayış evi tikdirmək üçün ayrılmış, 25.12.1990-cı ildə atamla müvafiq mənzil kommunal qurumunun nümayəndəsi arasında torpaqdan müddətsiz istifadə hüququna dair imzalanmış və notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən məxsus olan 500 kv.m. torpaq sahəsinin (124 saylı yer) üzərində atamın mülkiyyət hüququnun tanınmasına və daşınmaz əmlak kimi adına qeydə alınması tələbinə dair iddiasının mümkün sayılmamasına dair Şəki inzibati Məhkəməsinin 31.08.2021 -ci il tarixli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(116)- 537/2021 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikasının mülki qanunvericiliyində mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mülki Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Mülki Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunvericiliyinin birmənalı tələbi ondan ibarətdir ki, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, mərhumun hüquqlarının ona keçdiyini irəli sürən vərəsəsi hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi üçün daşınmaz əmlakın qeydiyyatını aparan orqana müraciət etməli, bu arayış əsasında vərəsəlik sənədləri onu təqdim edən vərəsənin adına rəsmiləşdirilməli, yəni, sonuncuya bu barədə vərəsəlik şəhadətnaməsi verilməli, bundan sonra həmin vərəsə vərəsəlik şəhadətnaməsini qeydiyyat orqanına təqdim etməli və daşınmaz əmlak üzərində hüquq onun adına dövlət qeydiyyatına alınmalıdır. Lakin işdən görünür ki, iddiaçı, mərhumun miras əmlakına dair vərəsəlik şəhadətnaməsinə malik olmadığı üçün, vəfat etmişin ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun öz adına dövlət qeydiyyatına alınması üçün əvvəlcə sözügedən arayışın verilməsindən ötrü cavabdehə müraciət etməli olduğu halda, bunu etməmişdir. Digər tərəfdən, o, yalnız bu arayış, ondan sonra vərəsəlik şəhadətnaməsini əldə etdikdən sonra hazırkı iddianı irəli sürə bilərdi. Bununla belə inzibati orqan mərhumun mülkiyyət hüququnun qeydə alınmasından imtina etdiyi üçün hazırki məzmunda iddianın verilməsi qəbulediləndir və mümkündür. Lakin yuxarıda sadalananlardan göründüyü kimi iddiaçı vərəsə olması barədə sübutu məhkəməyə təqdim etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırkı iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçıya bununla bağlı yardım edilmiş, məhkəmə sərəncamı ilə mərhumun vərəsəsi olması barədə sənədi məhkəməyə təqdim etmək təklif olunmuşdur. Onun tərəfindən tələb olunan sənəd məhkəmə təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründyü kimi, iddiaçının iddia qaldırılması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(116)-537/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 2-1(116)-537/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.